Türkiyə İlham Əliyevi ən yaxın dost, ən
etibarlı müttəfiq kimi qəbul edir
Türk mediası prezidentlərin müzakirələrini
böyük güclərin görüşü və
qardaşlıq nümunəsi kimi təqdim etdi
Artıq bir çox beynəlxalq əhəmiyyətli iqtisadi təşəbbüslərin həyata keçirilməsi ilə dünya gündəminə gəlməyi bacaran Azərbaycan müəllifi olduğu daha bir möhtəşəm layihəni uğurla tamamladı. Məhz ölkəmizin strateji təşəbbüsünün nəticəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verildi. Bu yeni beynəlxalq nəqliyyat dəhlizi həm də Azərbaycan və Türkiyə arasında qardaşlıq bağlarını daha da gücləndirəcək.
Bütün bunların kontekstində prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası da ölkələrimiz arasında qardaşlıq bağlarının daha da möhkəmlənməsinin növbəti ifadəsi oldu.
Aydındır ki, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası iki ölkə arasında bütün sahələrdə münasibətləri daha da gücləndirəcək. İclas və burada imzalanan sənədlər, müzakirə edilən məsələlər Azərbaycan-Türkiyə strateji əməkdaşlığının nə qədər möhkəm olduğunu bir daha sübut edir.
Siyasi, təhlükəsizlik,
iqtisadi cəhətdən bu münasibətlərin yüksələn
xətlə inkişaf etməsi gələcəkdə
sülhün, əmin-amanlığın da qorunub
saxlanmasına imkan verəcək. Məsələyə bu
fonda türk mediası da xüsusi diqqət ayırıb.
İki ölkənin liderlərinin Bakı
görüşü Türkiyədə bir neçə
yüzminlik qəzetlərin manşet mövzusu olub. Aparıcı
televiziya şirkətləri, internet portalları bu mövzu ətrafında
materiallar təqdim ediblər. Onlardan bəzilərini
diqqətinizə çatdırırıq.
“Hürriyyət”:
İnşallah, o
günləri görəcəyik
Türkiyənin ən
çox oxunan qəzetlərindən “Hürriyət” qəzeti
“İnşallah, o günləri görəcəyik” adlı xəbəri
manşetdə başlığa çıxarıb. Qeyd edilir ki,
prezidentlər İlham Əliyev və Rəcəb Tayyib
Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının altıncı iclası keçirilib.
Azərbaycan və Türkiyə
prezidentlərinin fikrinə yer verən qəzetdə bildirilib
ki, Azərbaycandan Türkiyəyə 10 milyard, Türkiyədən
Azərbaycana isə 11 milyard dollar sərmayə qoyulub: “Bu sərmayələrin
həcmi artacaq və Azərbaycandan Türkiyəyə
yatırılacaq sərmayə 20 milyard dollara
çatdırılacaq. Hazırda TANAP ilə
bağlı işlər intensiv şəkildə davam edir.
İnşallah, çox davam etməyəcək,
qısa müddətdən sonra Azərbaycan qazı buradan
Avropaya nəql olunacaq”.
“Milliyyət”:
TANAP
razılaşması
“Milliyyət” qəzeti “TANAP
razılaşması” adlı xəbəri manşetə
çıxarıb. Bildirilib ki, enerji xətləri məsələsində
də davamlı olaraq belə bağlantıların
qurulması Türkiyə ilə Azərbaycan arasındakı
bu əlaqələrin, bu həmrəyliyin nə qədər
güclü olduğunu göstərir: “TANAP bunun ən gözəl
nümunəsidir. Hazırda TANAP ilə
bağlı işlər intensiv şəkildə davam edir.
Qısa müddətdən sonra Azərbaycan
qazı buradan Avropaya nəql olunacaq”.
“Sabah”:
TANAP bəzilərini
narahat edib
“Sabah” qəzeti “TANAP bəzilərini
narahat edib” başlıqlı xəbər verib. İlham Əliyevin
çıxışına yer ayıran qəzet Azərbaycan
Prezidentindən sitat gətirib: “TANAP layihəsi yaxın
zamanlarda başa çatacaq. Bu layihənin
icrası ilə bağlı heç bir problem yoxdur. Bu tarixi günü biz qardaşımla birlikdə,
bizim Türkiyədən gəlmiş
qardaş-bacılarımızla birlikdə qeyd etdik. Bu, bizim böyük uğurumuzdur, böyük qələbəmizdir”.
Daha sonra yazılıb ki, İlham
Əliyevlə R.T.Ərdoğanın təkbətək
görüşdən sonra hər iki liderin səmimi söhbəti
sosial şəbəkədə paylaşılan fotoda əks
olunub: “Türkiyə-Azərbaycan dostluğu,
qardaşlığı, birliyi bu gün ən yüksək
zirvədədir. Bu gün iqtisadi sahədə
imzalanmış sənəd böyük əhəmiyyət kəsb
edir. Preferensial, yəni imtiyazlı ticarət
sazişi böyük məna daşıyır”.
“Axşam”:
Yalnız deyilsən,
Naxçıvan
“Axşam” qəzetinin
manşetində isə “Yalnız deyilsən, Naxçıvan”
başlıqlı xəbər yer alıb. Qeyd olunub ki,
Naxçıvandan Türkiyəyə ildə 120 milyon
dollarlıq idxal həcmi hədəfi qoyulub. Beləliklə, Naxçıvanı daha da
inkişaf etdirmək, canlandırmaq üçün “Sən
yalnız deyilsən, qardaş” deməyin, inşallah,
addımı atılacaq. O da bildirilib ki, Bakıda Azərbaycan
və Türkiyə prezidentləri mətbuata bəyanatlarla
çıxış ediblər.
Azərbaycan Prezidenti
İlham Əliyevin fikirlərinə yer verən xəbərdə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinə də diqqət yetirilib. Qeyd edilib ki, Dağlıq
Qarabağ münaqişəsi beynəlxalq hüququn normaları
əsasında, Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində öz
həllini tapmalıdır: “İlham Əliyev Prezident
R.T.Ərdoğana Türkiyənin bu məsələ ilə
bağlı Azərbaycana verdiyi dəstəyə görə
bir daha öz minnətdarlığını bildirib. Türkiyə
bütün zamanlarda Azərbaycanın haqq işini dost kimi,
qardaş kimi dəstəkləyir”.
“Vətən”:
Yalnız deyilsiniz
“Vətən” qəzeti də
liderlərin Bakıdakı görüşünü
“Yalnız deyilsiniz” başlıqlı xəbərlə
oxuculara çatdırıb. Prezident İlham Əliyevin
“Türkiyə dünya miqyasında böyük bir gücə
çevrilib” fikrinə yer ayıran qəzet yazır:
“Türkiyə-Azərbaycan dostluğu,
qardaşlığı, birliyi bölgə üçün
önəmli amildir, bölgədə sabitləşdirici rol
oynayır”.
“Yeni Şəfəq”:
Türkiyə
gücləndikcə biz də güclənirik
“Yeni Şəfəq” qəzeti
manşetə “Türkiyə gücləndikcə biz də
güclənirik” başlıqlı xəbər
çıxarıb. Prezident İlham Əliyevin fikirlərinə yer verilən
xəbərdə bildirilib: “Türkiyə-Azərbaycan əlaqələri
ən yüksək səviyyədədir. Dünyada
bir-birinə yaxın olan, bir-birinə bu qədər dəstək
verən ikinci ölkələr yoxdur. Türkiyə-Azərbaycan
dostluğu, qardaşlığı, birliyi bu gün ən
yüksək zirvədədir. Bütün
beynəlxalq təşkilatlarda Türkiyə-Azərbaycan həmişə
bir-birinin yanındadır”.
“Star”:
Dünya lideri
qardaşım
“Star” qəzetində isə “Dünya
lideri qardaşım” başlıqlı xəbərə yer
ayrılıb. Hər iki dövlət
başçısının fikirlərinin yer
aldığı yazıda bildirilib ki, Bakıda Azərbaycan-Türkiyə
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının altıncı iclası keçirilib.
Türkiyə ilə Azərbaycan
arasındakı qardaşlığın, dostluğun necə
yüksək səviyyəyə
çatdırıldığı sevinc içərisində
müşahidə edildi.
“Türkiyə”:
Azərbaycanla
böyük ortaqlıq
“Türkiyə” qəzeti “Azərbaycanla
böyük ortaqlıq” başlıqlı xəbərə
yer ayırıb. Yazılıb ki, İlham Əliyevlə
R.T.Ərdoğan Bakıda görüşdülər. TANAP və ikili münasibətlər haqqında fikir
mübadiləsi aparıldı. Xəbərdə həmçinin
R.T.Ərdoğanın “Türkiyə və Azərbaycan
arasında 1,6 milyard dollarlıq ticarət
dövriyyəsinin həcmidir ki, - neftin qiymətlərinin
aşağı düşməsi ilə əlaqədar bir qədər
çətinlik oldu, ancaq indi yenidən vəziyyət düzəldi,
- əminəm, bunu qısa müddətdə 5 milyard dollara
çatdıra bilərik. İnşallah, buna
nail olacağıq. Türkiyə və Azərbaycan
hər sahədə bu addımları atacaq” -fikri verilib.
“Təqvim”:
Dünya
gücü
“Təqvim” qəzeti də Azərbaycan
və Türkiyə prezidentlərinin Bakı
görüşünü “Dünya gücü”
başlıqlı xəbərlə manşetdə verib. Hər iki dövlət
başçısının fikirlərinin yer
aldığı xəbərdə yazılır ki, rəsmi
qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti
İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan ilə təkbətək görüşündə
iki liderin səmimi söhbəti maraqlı fotolarda əks
edilib: “Türkiyə Prezidenti R.T.Ərdoğanın sosial
şəbəkədə İlham Əliyevlə birlikdə
şəklini paylaşıb və yazıb: “Səmimi və
xoş qonaqpərvərliyinə görə dost və
qardaş Azərbaycanın Prezidenti cənab İlham Əliyev
qardaşıma təşəkkür edirəm”.
Türkiyənin rəsmi
“Anadolu” xəbər agentliyi isə Azərbaycan Prezidenti
İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanın fikirlərini əsas xəbər
başlığı kimi verib. “İlham Əliyev: İki ölkənin
əlaqələrini ən yüksək səviyyədə
görməkdən məmnunluq duyuram” başlıqlı xəbərdə
Azərbaycan Prezidentinin “Həm təkbətək
görüşdə, həm nümayəndə heyətlərinin
iştirakı ilə keçirilmiş görüşdə
bir daha biz gördük ki, Türkiyə-Azərbaycan əlaqələri
ən yüksək səviyyədədir” fikrinə yer
ayırıb.
“TRT”:
BTQ-nin həyata
keçməsi bizi həyəcanlandırır
Qardaş ölkənin TRT
Haber kanalı isə “Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin
həyata keçməsi bizi həyəcanlandırır”
başlıqlı xəbər paylaşıb. Qeyd olunub ki,
Türkiyə ilə Azərbaycan arasındakı
qardaşlığın, dostluğun necə yüksək səviyyəyə
çatdırıldığı böyük sevinc
yaradıb. Prezident İlham Əliyev və
R.T.Ərdoğanın fikirlərinə yer verilən xəbərdə
deyilir: “Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsini,
atdığımız addımın nəticəsini görmək
bizi çox qürurlandırır. Dünən
15 dəqiqəlik dəmir yolu səyahətimizi vətəndaşlarımız,
xalqlarımız gördülər. İnşallah,
onların tezliklə təkcə Qarsdan Bakıya deyil, Pekinə,
Londona getdikləri günləri də hamımız birlikdə
görəcəyik və dualarını eşidəcəyik.”
“A Haber”:
R.T.Ərdoğan
Bakıda rəsmi mərasimlə qarşılandı
Türkiyənin “A Haber”
kanalı isə “Prezident R.T.Ərdoğan İlham Əliyev tərəfindən
rəsmi mərasimlə qarşılandı”
başlıqlı xəbərə yer verib. Qeyd olunub ki,
Azərbaycanın və Türkiyənin dövlət və
hökumət nümayəndələri prezidentlərlə
görüşdülər. Daha sonra iki
dövlət başçısının təkbətək
görüşü olub. Azərbaycan-Türkiyə
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının altıncı iclası keçirilib.
Yekunda sənədlərin imzalanması mərasimindən
sonra Azərbaycan və Türkiyə prezidentləri mətbuata
bəyanatlarla çıxış ediblər.
“NTV”:
Bakıda pencəksiz
diplomatiya
“NTV” kanalı isə
yayımladığı xəbərə “Bakıda pencəksiz
diplomatiya” başlığı qoyub. Bildirilib ki, Yüksək
Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının toplantısı çox uğurlu nəticə
verib. İclas əlaqələrin
perspektivlərinin müəyyənləşdirilməsi
baxımından önəmli olub.
“TGRT Haber”:
Dostlar sevinir,
düşmənlər məyus olur
“TGRT Haber” kanalı da “Prezident R.T.Ərdoğana Bakıda rəsmi qarşılanma mərasimi keçirildi” başlıqlı xəbər paylaşıb. Bildirilib ki, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının növbəti toplantısı keçirilib. İki ölkənin başçısı təkbətək görüşüb, mətbuata birgə bəyanatla çıxış ediblər. Qeyd olunub ki, Türkiyə bu gün dünya miqyasında böyük gücə çevrilibdir. Dostlar sevinir, düşmənlər isə məyus olur.
Bundan başqa, “Posta”, “Akit” qəzetləri, “İhlas Xəbər Agentliyi”, “beyazgazete.com.tr”, “memleket.com”, “haberaktuel.com”, “medyatrabzon.com”, “haberler.com”, “dunya.com”, “habervaktim.com”, “aydın24haber.com”, “sondakika.com” və s. xəbər agentliklərində və bir sıra televiziya qurumlarında Azərbaycan və Türkiyə prezidentlərinin çıxışlarından sitat gətirərək ölkələrimizin bir-birini hər zaman dəstəklədiyi qeyd olunub.
Beləliklə, bunlar həm də onun göstəricisidir ki, Türkiyə-Azərbaycan qardaşlığı səmimi əməkdaşlığa söykənir. Bu, əsl qardaşlıq, real əməkdaşlıq nümunəsi olmaqla yanaşı, həm də qarşılıqlı münasibətləri daha da möhkəmləndirir, dünya miqyasında dövlətlərimizin nüfuzunun daha da yüksəlməsinə əlavə zəmin yaradır.
Elçin CƏFƏROV
Azərbaycan.-
2017.-2 noyabr.- S.1; 6.