Azərbaycan, İran və Rusiya prezidentlərinin mətbuata
bəyanatları
Xüsusi müxbirimiz xəbər
verir ki, noyabrın 1-də Tehranda Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin, İran İslam
Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya
Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli
Zirvə görüşü başa çatdıqdan sonra
dövlət başçıları mətbuata bəyanatlarla
çıxış ediblər.
İran Prezidenti Həsən Ruhaninin bəyanatı
-Hörmətli qonaqlar.
Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinə və Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevə təşəkkürümü bildirirəm. Mənim dəvətimi qəbul edib Tehrana gəliblər ki, ikinci üçtərəfli görüşümüzü keçirə bilək. Bu görüş üç ölkənin dostluğuna və qonşuluğuna əsaslanır. Bu dostluq, səmimiyyət və coğrafi qonşuluğumuz, mədəni əlaqələr bu üç ölkə arasında səbəb olub ki, biz əlaqələrin genişləndirilməsi üçün daha əzmkar olaq və mövcud imkanlardan istifadə edək.
Həm Bakı, həm də Tehran görüşündə çox mühüm məsələləri müzakirə etdik. Biz o məsələləri bundan sonra da həll etməyə çalışacağıq.
Birinci məsələ üç ölkə arasında tranzit məsələsidir. Eləcə də Asiya regionu ilə Avropa regionu arasında tranzitin yaradılmasıdır. Əslində bu iki qitəni “Şimal-Cənub” nəqliyyat dəhlizi birləşdirəcək. Biz qərar qəbul etmişik ki, Bəndər-Abbas limanı Helsinkiyə birləşsin və Asiyanı Avropaya birləşdirək. Bu tranzit marşrutu Azərbaycan, Rusiya, Şərqi və Şimali Avropadan keçir. Eləcə də avtomobil yolları və dəniz nəqliyyatı sahəsində də əməkdaşlığın genişləndirilməsini istəyirik. Biz Xəzərin sahilində yerləşən üç ölkə bu dənizin regionda sülh dənizi olaraq imkanlarından istifadə edib ölkələrimizin inkişafına nail olmalıyıq.
Eləcə də qərar qəbul etmişik ki, iqtisadi sahədə üç ölkənin əlaqələrini daha da gücləndirək. Biz bu sahədə çox önəmli bir addım atmışıq. Avrasiya İttifaqına birləşmək üçün biz mühüm bir addım atmışıq. Bu, İran ilə Avrasiya İttifaqı arasında əlaqələrin genişləndirilməsi üçün çox mühüm bir addımdır.
Həmçinin biz üç ölkə arasında yaşıl gömrük zonasının yaradılmasını və vahid gömrük standartlarının tətbiq edilməsini istəyirik.
Bankçılıq sahəsində də əməkdaşlığın genişləndirilməsi, milli valyutadan istifadə olunması məsələsinə toxunduq. Biz İran ilə Azərbaycan, İran ilə Rusiya, eləcə də üç ölkənin bir-biri ilə ikitərəfli və üçtərəfli ticari mübadilələrdə özlərinin milli valyutalarından istifadə imkanlarını müzakirə etdik.
Enerji sahəsində əməkdaşlıq üçün çox yaxşı imkanlar var. Hər üç ölkə neft və qaz ehtiyatlarına, regionda çox imtiyazlı bir mövqeyə malikdir. Bizim bir-birimizlə texnoloji sahədə, neft-qaz istehsalı və ixracı sahələrində əməkdaşlığımız və bu sahələrə müştərək investisiyaların yatırılması çox önəmlidir. Biz üç ölkənin elektrik enerjisi şəbəkələrinin bir-birinə birləşdirilməsini çox vacib hesab edirik. Biz üç ölkənin elektrik enerjisindən qarşılıqlı olaraq istifadə etməliyik. Biz Xəzər dənizində ekoloji sahədə əməkdaşlığı da çox istəyirik. Xəzər dənizinin üç sahil ölkəsi olaraq biz əməkdaşlığı genişləndirməliyik. Eləcə də Xəzər dənizinin hüquqi statusunun təyin olunmasını tezliklə sona çatdırmalıyıq ki, bu dənizin imkanlarından istifadə edək.
Cənab Vladimir Putin təklif etdi ki, növbəti görüş Rusiyada keçirilsin və biz bunu qəbul etdik. Biz cənab Putinin bu təklifinə görə təşəkkür edirik. Bizim növbəti görüşümüz gələn il Rusiyada keçiriləcək.
Biz üç ölkə arasında əməkdaşlıqdan əlavə regional əməkdaşlıq, regional təhlükəsizlik sahəsində əməkdaşlıq barədə də danışdıq. Hər üç ölkənin regionun təhlükəsizliyində, xüsusən də terrorizm və radikalizmlə mübarizədə rolu çox önəmlidir. Xüsusilə də Rusiya ilə bizim əməkdaşlığımız çox səmərəli olub. İranın, Türkiyənin və Rusiyanın Astanada keçirilən müzakirələri Suriyada sülhün bərqərar olması üçün çox önəmli idi. Bu görüşümüzdə də hər üç ölkənin regional təhlükəsizlik, terrorizmlə, radikalizmlə, narkotik qaçaqmalçılığı ilə mübarizə sahələrində əməkdaşlığı ilə bağlı müzakirələr apardıq.
Biz mehriban qonşuluq siyasətimizlə, öz imkanlarımızdan istifadə etməklə ölkələrimizin və xalqlarımızın inkişafı üçün bir-birimizə kömək etməliyik. Sağ olun.
Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı
-Hörmətli Prezident Ruhani.
Hörmətli Prezident Putin.
Hörmətli xanımlar və
cənablar.
İlk növbədə, cənab
Prezident Ruhaniyə dəvətə və göstərilən
qonaqpərvərliyə görə təşəkkürümü
bildirmək istəyirəm. Yenidən qardaş
ölkədə olmağımdan çox məmnunam.
Bu gün biz Azərbaycan-İran
və Azərbaycan-Rusiya əlaqələrinin gələcək
inkişafı ilə bağlı Prezident Ruhani və Prezident
Putin ilə görüşlər keçirdik. Bir daha
gördük ki, bizim əlaqələrimiz çox uğurla,
sürətlə inkişaf edir və əlaqələrimiz
yüksək səviyyədədir.
Üçtərəfli əməkdaşlıq
formatına gəldikdə, bildiyiniz kimi, birinci Zirvə
görüşü ötən ilin avqust ayında Azərbaycanın
təşəbbüsü ilə Bakıda
keçirilmişdir. Bugünkü Zirvə
görüşü isə onu göstərir ki, bu formatın
çox böyük əhəmiyyəti və gözəl gələcəyi
vardır. Üçtərəfli əməkdaşlığımız
tam təbiidir. Çünki
xalqlarımızı ortaq tarix, eyni zamanda, coğrafiya birləşdirir.
Əsrlər boyu xalqlarımız bir-biri ilə
sıx əlaqədə olmuşlar.
Üçtərəfli əməkdaşlıq
formatının regional təhlükəsizlik
üçün böyük əhəmiyyəti var. Hesab edirəm
ki, bizim uğurlu əməkdaşlığımız
regionda sabitliyin, təhlükəsizliyin təmin edilməsində
çox mühüm rol oynayır. Əlbəttə, bizi
birləşdirən bir çox iqtisadi infrastruktur layihələridir
ki, Prezident Ruhani bu barədə öz
çıxışında söylədi. Azərbaycan dünyada yeganə ölkədir ki, onun
həm Rusiya ilə, həm İranla quru sərhədi var və
bu coğrafi yerləşmə, əlbəttə, diktə
edir ki, biz bütün sahələrdə çox uğurlu əməkdaşlıq
edək.
Keçən Zirvə
görüşündən ötən dövr ərzində
çox önəmli hadisələr baş vermişdir. Cəmi bir ildən bir qədər
çox vaxt keçməsinə baxmayaraq, ötən il əldə edilmiş razılaşmalar bu
gün həyatda öz əksini tapır. Xüsusilə
iqtisadi sahədə əməkdaşlığı qeyd etməliyəm.
Bu gün də Zirvə görüşü zamanı rəqəmlər
səsləndi, bizim Rusiya ilə bu il ticarət dövriyyəmiz
60 faizdən çox artmışdır, İranla 30 faizdən
çox artmışdır. Keçən il
İran-Azərbaycan ticarət dövriyyəsi isə 70 faiz
artmışdır. Bu, ilk növbədə, onu
göstərir ki, üç ölkə arasında çox səmimi
dostluq münasibətləri var. Təbii ki, iqtisadi sektor,
biznes dairələri bunu görür və bundan faydalanır.
Eyni zamanda, artan ticarət dövriyyəsi
göstərir ki, bizim iqtisadiyyatımız uğurla
inkişaf edir və dünyada neftin qiymətinin kəskin
şəkildə aşağı düşməsi bizim
iqtisadiyyatımıza ciddi təsir göstərməmişdir.
Eyni zamanda, keçən Zirvə
görüşündən ötən dövrdə Azərbaycan
öz dəmir yolu infrastrukturunu təkmilləşdirib və
İran sərhədinə qədər qalan hissəni inşa
edib. Həmçinin
Astaraçay üzərində körpü də tikilib və
birinci qatar Azərbaycan-İran sərhədini
bu ilin mart ayında keçmişdir. Hazırda
“Şimal-Cənub” nəqliyyat dəhlizinin Azərbaycan ərazisində
olan hissəsi tam istismara hazırdır. Eyni zamanda, mən
bunu da Zirvə görüşü zamanı söylədim, mətbuat
da bunu bilsin, İran ilə Azərbaycan arasında Astara-Rəşt
dəmir yolunun maliyyələşdirilməsi ilə
bağlı razılaşmalar əldə edilib, sənəd
paraflanıb və indi daxili prosedurlar təşkil ediləndən,
o prosedurlardan keçəndən sonra bu məsələ də
öz həllini tapacaqdır.
Neft-qaz sahəsində əməkdaşlığımızın
tarixi var. Bu əməkdaşlıq da təbiidir. Çünki
üç ölkə dünya enerji təhlükəsizliyi məsələlərinə
öz töhfəsini verir. Eyni zamanda,
neftin qiymətinin sabitləşməsində ölkələrimizin
çox böyük rolu olmuşdur. Bu
gün biz görürük ki, OPEK və qeyri-OPEK ölkələri
bir-biri ilə səmimi əməkdaşlıq edirlər və
bu əməkdaşlıq nəticəsində hazırda
neftin qiyməti məqbul səviyyəyə qalxıbdır.
Biz həm İranla, həm
Rusiya ilə elektrik xətlərimizi birləşdirmişik və
bu da regional əməkdaşlıq üçün çox
gözəl zəmin yaradır. Bir sözlə, bir il ərzində
bir çox məsələlər öz həllini tapıb və
bu gün əldə edilmiş razılaşmalar və Tehran Bəyannaməsinin
icra edilməsi nəticəsində əminəm ki, gələn
Zirvə görüşünə qədər biz daha da
yaxşı nəticələr haqqında ictimaiyyəti məlumatlandıracağıq.
Bir daha demək istəyirəm
ki, bizim əməkdaşlığımız təbiidir, səmimidir,
dostluq, qarşılıqlı hörmət əsasında
qurulubdur və bu əməkdaşlıq xalqlarımız,
ölkələrimiz üçün çox önəmlidir
və region üçün də çox böyük əhəmiyyət
daşıyır.
Bu Zirvə
görüşünü yüksək səviyyədə təşkil
etdiyi üçün Prezident Ruhaniyə bir daha təşəkkürümü
bildirirəm.
Sağ olun.
Rusiya Prezidenti
Vladimir Putinin bəyanatı
-Hörmətli xanımlar və cənablar.
Öz tərəfimdən
birgə işimizin nəticələri ilə bağlı məmnunluğumu
bildirmək istərdim. İran rəhbərliyinə dəvətə
görə, Tehran sakinlərinə isə şəhərdə
bizim gediş-gəlişimizə səbirlə dözdüklərinə
görə təşəkkürümü bildirmək istəyirəm.
Biz bunun heç də asan
olmadığını gördük. Amma
ümidvaram ki, bizim bugünkü işimiz hədər getmədi.
Biz həqiqətən üçtərəfli
formatın çox mühüm məsələlərini
müzakirə etdik. Amma əminəm ki, bu
minvalla işimiz aşkar xoşniyyətli, müsbət nəticəyə
doğru səylərlə ölkələrimizə, dövlətlərimizə
və xalqlarımıza fayda gətirəcək.
Biz sabitlik, cinayətkarlıqla,
terrorizmlə mübarizə sahələrində mühüm
məsələləri müzakirə etdik, amma əsas diqqət
iqtisadi xarakterli problemlərə yönəlib. Mənim həmkarlarım
artıq bu barədə danışıblar. Mən təkrarlamaq istəməzdim. Yalnız əlavə etmək istərdim ki, burada
haqqında danışılan çox mühüm “Şimal-Cənub”
dəhlizi artıq sınaq rejimində işləyir.
Ötən il Hindistandan İran vasitəsilə
Rusiyaya və digər ölkələrə yüklər
göndərilib. Bu marşrut öz iqtisadi məqsədyönlülüyünü
və səmərəliliyini nümayiş etdirib.
Yaxşı məlumdur ki,
Rusiya, İran və Azərbaycan iri karbohidrogen
istehsalçılarıdır. Amma bu, o demək deyil
ki, biz rəqabət aparmalıyıq. Bu, o
deməkdir ki, biz öz səylərimizi əlaqələndirməliyik.
Yeri gəlmişkən, OPEK çərçivəsində
əlaqələndirmə artıq öz müsbət nəticələrini
verib. Amma bu kartelə üzv olmayan ölkələr
həmin işə qoşulmasaydılar bu, mümkün
olmazdı. Qaz istehsalçıları təşkilatı
çərçivəsində də eyni hadisə baş
verir. Burada da biz əməkdaşlıq
edirik və gələcəkdə də əməkdaşlıq
edəcəyik. Mən diqqəti ona yönəltmək
istərdim ki, bizim ölkələrimizin hər birində
karbohidrogenlərin böyük həcmdə istehsalına
baxmayaraq, nə qədər qəribə olsa da, bu xammalı
bir-birimizə göndərməyə maraq var. Mən daxili logistikanı
nəzərdə tuturam. Məsələn,
biz İranın şimalına Azərbaycanın boru kəməri
nəqliyyat sistemləri ilə qazı göndərməyə
hazır olduğumuzu təsdiq edirik. Bu da bizim tərəfdaşlarımız
üçün iqtisadi cəhətdən məqsədyönlü
ola bilər.
Biz digər sektorlarda münasibətlərin
inkişafından da danışmışıq. Bizim
nöqteyi-nəzərimizcə humanitar, təhsil, səhiyyə
sahələrində əməkdaşlıq, dövlətlərimizin
regionları arasında əlaqələr və təbii ki, mədəniyyət
sahəsində əlaqələr olduqca mühümdür.
Təbii ki, mənim həmkarlarım da bu barədə
danışdılar. Biz hamımız Xəzəryanı
dövlətlərik. Ümidvaram ki, biz Xəzər
problematikası, Xəzərin statusu ilə bağlı
yaxın vaxtlarda imzalanacaq razılaşmalarımızın
bütün parametrlərini uyğunlaşdıracağıq.
Bugünkü səfər
zamanı ikitərəfli danışıqlar da baş tutdu. Azərbaycan
Prezidenti ilə biz tez-tez görüşürük. Biz müəyyən, daha mühüm istiqamətlər
üzrə mövqelərimizi dəqiqləşdirdik, ikitərəfli
formatda əmtəə dövriyyəsinin artımını
qeyd etdik və qarşılıqlı fəaliyyətimizin
perspektiv istiqamətləri barədə danışdıq.
Prezident Ruhani ilə təbii ki, ikitərəfli
əlaqələr, o cümlədən iqtisadiyyat sahəsində
əlaqələr barədə danışdıq. Bu, həm energetika, həm nəqliyyat
maşınqayırması və kənd təsərrüfatıdır.
İranın Ali Rəhbəri ilə də ətraflı
danışıq baş tutdu. Danışıq
çox məzmunlu, çox faydalı idi. Hər iki görüşdə biz regionda təhlükəsizliklə
bağlı vəziyyəti, İranın nüvə
problematikası ilə əlaqədar müqavilə və təbii
ki, Suriyadakı vəziyyət məsələlərini ətraflı
müzakirə etdik. Mən qeyd etmək istərdim
ki, biz İranla olduqca məhsuldar işləyirik. Biz Suriya problematikası ilə bağlı məsələləri
razılaşdıra bilirik, bizim birgə səylərimiz, həmçinin
Türkiyənin səyləri sayəsində. Bildiyiniz kimi, terrorizmlə mübarizədə ərazinin
özündə vəziyyət, Astanada keçirilən və
növbəti raundu yenicə başa çatan, həm də
müsbət yekunlaşan danışıqlar prosesi uğurla
inkişaf edir. Burada hələ çox məsələlər,
problemlər var. Bunlardan heç birini birtərəfli qaydada həll
etmək mümkün deyil. Bu problemi
heç bir tərəf, heç bir ölkə birtərəfli
qaydada həll edə bilməz. Biz
iranlı tərəfdaşlarımız və
dostlarımızla gələcək müsbət əməkdaşlığa
bel bağlayırıq və bugünkü səfərin nəticələrini
çox yüksək qiymətləndiririk.
Bugünkü iş zamanı yaradılan ab-havaya görə
Prezidentə təşəkkürümü bildirmək istəyirəm.
Diqqətə görə minnətdaram.
***
Sonra rəsmi ziyafət
verildi. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev rəsmi ziyafətdə iştirak etdi.
***
Azərbaycan Prezidenti
İlham Əliyevin İrana işgüzar səfəri
noyabrın 1-də başa çatdı.
Azərbaycan.-
2017.- 2 noyabr.- S.3.