Azərbaycan-İran-Rusiya əməkdaşlığı regionda sabitliyə xidmət edir

 

02 Noyabr 2017

 

Ötən ilin avqustunda Bakı Azərbaycan, İran və Rusiyanın iştirakı ilə yeni regional əməkdaşlıq formatının yaranmasının şahidi oldu. O vaxt üç ölkənin prezidentləri İlham Əliyev, Həsən RuhaniVladimir Putin Azərbaycan paytaxtında bir araya gəlib bu əməkdaşlıq formatının konturlarını müəyyənləşdirdilər. Bakı sammitin yekunları və əldə olunmuş razılaşmalar fövqəladə əhəmiyyəti ilə yadda qaldı.

Azərbaycan paytaxtının üçtərəfli Zirvə görüşünə evsahibliyi etməsi təsadüfi deyildi. Yeni regional əməkdaşlıq formatı yaratmaq təşəbbüsü ilə məhz Azərbaycan rəhbərliyi çıxış etmişdi. Formatın digər iki iştirakçısı - İranRusiya təşəbbüsə qoşulduqdan sonra konkret başlamışdı.

Belə bir regional əməkdaşlıq formatının meydana çıxması zamanın tələbindən irəli gəlirdi. Dünyada cərəyan edən mürəkkəb geosiyasi-geoiqtisadi proseslər fonunda beynəlxalq vəziyyət elə bir həddə gəlib çatmışdı ki, buya digər ölkənin ayrı-ayrılıqda mövcud təhdidlərlə mübarizə aparıb uğur qazanması mümkünsüz görünür. Xüsusilə böyük güc mərkəzlərinin Yaxın Şərqi sabitsizlik və gərginlik məkanına çevirməsi təkcə bitişik bölgələri yox, həm də nisbətən uzaq ölkələri ciddi narahat edir. Odur ki, qarşıya çıxan riskləri aradan qaldırmaq və davamlı inkişafı təmin etmək üçün ikitərəfli əlaqələrlə yanaşı, çoxtərəfli əməkdaşlıq formalarının yaradılması zərurəti günün vacib məsələsi kimi ortaya çıxırdı.

Digər tərəfdən, belə bir məqam diqqəti cəlb edir ki, Azərbaycan həm Rusiya, həm də İranla həmsərhəd olan yeganə ölkədir. Ona görə də üç ölkənin liderlərinin Azərbaycan paytaxtında görüşməsi tamamilə təbii idi.

O da məlumdur ki, coğrafi yaxınlıq çoxtərəfli əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb etsə də, hər şeyi həll etmir. Əsas məsələ belə bir əməkdaşlıq formatı üçün münbit zəminin mövcudluğu - iştirakçı ölkələrin ikitərəfli əlaqələri tələb olunan səviyyəyə çatdırması, oxşar maraqları bölüşməsi, regional və beynəlxalq problemlərə münasibətdə ortaq məxrəcə gəlmək istəyidir.

Bu baxımdan Azərbaycan-İran-Rusiya əməkdaşlıq formatı sözügedən şərtlərə tamamilə cavab verirdi. Azərbaycan milli müstəqilliyini bərpa edəndən bəri ilk növbədə qonşu ölkələrlə, o cümlədən Rusiyaİranla müxtəlif sahələrdə sıx əlaqələr yaratmaq xətti götürmüşdü. Ötən müddət ərzində həm Azərbaycan-Rusiya, həm də Azərbaycan-İran əməkdaşlığında böyük məsafə qət edilmişdi. Bakı hər iki ölkə ilə beynəlxalq hüququn təməl prinsipləri əsasında qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyəsinə nail olmuşdu.

Özü də belə bir məqam diqqəti cəlb edir ki, yeni regional əməkdaşlıq formatında iştirak edən dövlətlər qarşılıqlı əməkdaşlığa Xəzərdə başlamışdı. Məlum olduğu kimi, üç ölkənin ümumi sərvəti olan bu dəniz karbohidrogenlərlə zəngindir. 1994-cü ildə Xəzərin Azərbaycan sektorunda neft yataqlarının istismarı haqqında dünyanın aparıcı şirkətlərinin iştirakı ilə “Əsrin müqaviləsi”, ardınca digər neft-qaz sazişləri imzalandıqdan sonra sututarda beynəlxalq əməkdaşlıq start götürdü. Bu əməkdaşlığa Rusiyaİran da qoşuldu. Xəzərin Rusiyaİran sektorlarında da neftqaz yataqları var. İndi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) həmin yataqlarda aparılan işlərdə iştirak etməyə maraq göstərir.

Ötən illər ərzində üç qonşu ölkə arasında energetika sahəsində əməkdaşlıq davamlı inkişaf etmişdir. Azərbaycan Rusiyaİranla enerji xətlərini birləşdirdikdən sonra qarşılıqlı enerji mübadiləsinin həcmi ildən-ilə artır. Bu isə o deməkdir ki, etibarlı enerji dəhlizi formalaşdırılır, xarici bazara çıxış imkanı yaranır.

Azərbaycanın Rusiyaİranla nəqliyyat sahəsində əməkdaşlığı da böyük perspektivlər vəd edir. Hələ sovet dövründə iki ölkə arasında dəmir yolu əlaqəsi yaradılmışdı. Yaxın gələcəkdə Azərbaycan-İran dəmir yolu əlaqəsi də reallaşacaq. Bu məqsədlə Azərbaycan tərəfi öz dəmir yolunu İran sərhədinədək uzadır. Çox keçməyəcək ki, Azərbaycan və İran dəmir yolları birləşdirilərək Şimal-Cənub nəqliyyat dəhlizinin mühüm tərkib hissəsinə çevriləcək.

Dünən Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlıq formatının reallaşdırılması istiqamətində daha bir addım atılmışdır. İranın paytaxtı Tehranda üç ölkənin liderləri yenidən bir araya gəldilər. Sammitin gedişində Azərbaycan, İranRusiya prezidentləri İlham Əliyev, Həsən RuhaniVladimir Putin beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi zamanı terrorizm və ekstremizmə, narkotiklərin qanunsuz dövriyyəsinə və transmilli cinayətkarlığa qarşı mübarizə sahəsində birgə səylərin əlaqələndirilməsinə xüsusi diqqət yetirdilər. Danışıqlar zamanı başqa bir mühüm məsələ energetika və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı idi. Elə Bakı sammitində də üçtərəfli əməkdaşlıq formatının iştirakçıları bu mövzuya xüsusi diqqət yetirmişdilər. Bu iki məsələnin müzakirələrin əsas mövzusu olması da təsadüfi deyil. Belə ki, üç ölkənin energetika sahəsində əməkdaşlıq imkanları kifayət qədər genişdir. Azərbaycan, İran və Rusiyanın elektrik şəbəkələrinin birləşdirilməsi regionun davamlı inkişafını təmin etmək üçün əlverişli şərait yaradır. Eləcə də üç ölkənin zəngin karbohidrogen ehtiyatlarının müştərək istismarı tərəflərin bu istiqamətdə əməkdaşlığına, həmçinin digər sahələrdə işbirliyinə güclü təkan verər.

Üçtərəfli əməkdaşlıq formatının iştirakçıları həm də başqa bir mühüm sahədə - nəqliyyat sahəsində qarşılıqlı əlaqələrin intensivləşdirilməsini diqqət mərkəzində saxlayırlar. Belə ki, Azərbaycan, İranRusiya yeni inkişaf layihəsini - Şimal-Cənub nəqliyyat dəhlizini reallaşdırmaq ərəfəsindədir. Məlum olduğu kimi, yeni beynəlxalq nəqliyyat dəhlizi Hindistan, İranFars körfəzi ölkələrindən Azərbaycan və Rusiya ərazisinə, daha sonra Şimali və Qərbi Avropaya tranzit yüklərin və sərnişinlərin daşınması üçün optimal imkanlar yaradır. Yeri gəlmişkən, bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi ilə Azərbaycanın tranzit potensialı artmışdır: ölkəmizin ərazisinə daxil olan yüklərin Türkiyə ərazisindən keçməklə Avropaya daşınmasına şərait yaranır.

Beləcə Azərbaycan-İran-Rusiya əməkdaşlıq formatı zaman keçdikcə reallığa çevrilir. Üçtərəfli formatın iştirakçısı olan ölkələr bu formatın regional təhlükəsizliyə, regional və beynəlxalq əməkdaşlığa əhəmiyyətli töhfə verəcəyinə, sabitləşdirici amilə çevriləcəyinə əmindir.

 

Allahverdi MEHDİYEV

 

Azərbaycan.- 2017.- 2 noyabr.- S.1; 4.