Dövlət başçısı incəsənət xadimlərinə daim diqqət və qayğı göstərir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq Artisti, Dövlət Mükafatı Laureatı Rauf Abdullayevə “İstiqlalordenini təqdim edib.

AZƏRTAC xəbər verir ki, Xalq Artistini təbrik edən Prezident İlham ƏLİYEV dedi:

-İlk növbədə, Sizi yubileyiniz münasibətilə təbrik etmək istəyirəm. Sizə cansağlığı, yeni uğurlar arzulayıram. Siz uzun illərdir ki, Azərbaycanın musiqi sənətinə böyük töhfə verirsiniz. Siz 20 ildir ki, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin bədii rəhbəri və dirijoru vəzifəsində çalışırsınız. Sovet dövründə siz bu orkestrə rəhbərlik etmisiniz, 1980-ci illərdə. Ondan sonra bir müddət xaricdə çalışmısınız və iyirmi il bundan əvvəl Azərbaycana qayıdıb yenə də bu orkestrə rəhbərlik etməyə başlamısınız. İyirmi ildir ki, bizim hamımızı öz sənətinizlə sevindirirsiniz.

Ulu öndər Heydər Əliyev sizin fəaliyyətinizə çox yüksək qiymət verirdi. Mən sizinlə onun çoxsaylı görüşlərinin şahidi olmuşam. Bilirəm ki, onun sizə münasibəti çox yaxşı, çox müsbət idi. Bütün rəsmi tədbirlərdə siz iştirak edirdiniz.

Azərbaycan dövləti sizin fəaliyyətinizi çox yüksək qiymətləndirir və siz 1997-ci ildə “Şöhrət”, 2012-ci ildə isə “Şərəf” ordenləri ilə təltif olunmusunuz. Bu yaxınlarda mənim Sərəncamımla Azərbaycan dövlətinin ali ordeni olanİstiqlalordeni ilə də təltif edilmisiniz.

 

***

 

Prezident İlham Əliyev “İstiqlalordenini Xalq Artisti Rauf Abdullayevə təqdim etdi.

 

***

 

Ümummilli lider Heydər Əliyevin incəsənət adamlarına, o cümlədən onun rəhbərlik etdiyi orkestrə daim diqqət göstərdiyini minnətdarlıqla xatırlayan Xalq Artisti Rauf ABDULLAYEV dedi:

-Ulu öndər Heydər Əliyev bizə, bizim orkestrə həmişə dəstək idi, bizim yanımızda idi. Hər dəfə konsertlərdən sonra yığışanda söhbət zamanı həmişə soruşardı, nə var-nə yox, işlər necədir? Arzularımızı ona söyləyərdik və o, hamısını həll edərdi. Bu, bizim üçün böyük qayğı idi.

Sizonun layiqli davamçısı olaraq bizim incəsənət, mədəniyyət işçilərimizə həmişə hörmət etmisiniz, onlara fəxri adlar, ordenlər vermisiniz. Sizin qayğınızı hamımız hiss edirik. Ona görə də Sizə, Mehriban xanıma möhkəm cansağlığı, xoşbəxtlik arzulayır, işlərinizdə uğurlar diləyirəm.

Prezident İlham ƏLİYEV: Çox sağ olun.

 

***

 

Sonda xatirə şəkli çəkdirildi.

 

Azərbaycan.- 2017.-3 noyabr.- S.1-2.