Möhtəşəm
25 il
Yeni Azərbaycan
Partiyasının tarixi həm də böyük nailiyyətlər,
mühüm zəfərlər, sürətli inkişaf və
müstəqil dövlətçilik salnaməsidir
Tarixə qiymət vermək
böyük məsuliyyət, başlıcası isə kifayət
qədər zaman məsafəsi tələb edir. Möhtəşəm
tarixi hadisələrə qiymət verilməsi, bir qayda olaraq,
tarixin özünün hökmünə buraxılır.
Hər bir xalq öz taleyində
yaşadığı hadisələrin əsl dəyərini
həyatında baş verən dəyişikliklər
prizmasından qiymətləndirir.
Azərbaycan xalqının
müasir tarixini, əslində isə taleyini təyin edən əzəmətli
hadisələr sırasında Yeni Azərbaycan
Partiyasının yaradılmasının özünə
layiqli yer tutması cəmiyyətin mütləq
çoxluğu tərəfindən etiraf olunan həqiqətdir.
Yeni Azərbaycan
Partiyasının dahi şəxsiyyət, siyasətçi və
dövlət adamı Heydər Əliyev tərəfindən
yaradılması faktı tamamilə yetərlidir ki, o, ölkəmizin
müasir tarixinin möhtəşəm siyasi hadisəsi hesab
olunmaq haqqı qazansın. Partiyanın cəmiyyətin siyasi həyatına
gəlməsi və mövcudluğunun 25 ili
ərzində həyatımızda baş verən
möcüzə sayıla biləcək dəyişikliklərdə
və inkişafda ən aparıcı rol oynadığı da
nəzərə alınsa, onun tarixi hadisə missiyasına hər
hansı şübhə yeri qalmaz. Təkzibolunmaz
həqiqət budur ki, Azərbaycanın müasir həyatını,
cəmiyyətimizdə baş verən qaynar ictimai-siyasi prosesləri
Yeni Azərbaycan Partiyasından ayrılıqda təsəvvür
etmək mümkün deyil.
Xalqa xilas və
xilaskar lazım idi
Tarixi missiya daşıyan
bütün hadisələrin meydana gəlmə şərtlərini
və gələcək taleyini tarixin özü müəyyən
edir. Yeni Azərbaycan Partiyasının yaranması
bütün zamanlarda sınaqdan çıxmış qeyd
olunan sosioloji qanunauyğunluğu bir daha təsdiq etmiş
oldu. Azərbaycanın müstəqilliyin
ilk illərində üzləşdiyi kütləvi böhran
və real təhlükələrdən qurtulması obyektiv zərurət
olaraq ortaya çıxmışdı. Xalqa,
ölkəyə, dövlətə xilas və onu həyata
keçirməyə qadir olan xilaskar lazım idi. Bir-birini tez-tez əvəzləyən rəhbərlər
həm ölkənin, həm də insanların bu
ehtiyacını ödəmək imkanına sahib
olmadıqlarını artıq dəfələrlə
sübuta yetirmişdilər. Nəticə
etibarilə siyasi qeyri-sabitliyə gətirib çıxaran
hakimiyyət dəyişikliklərinin yaratdığı
iqtidarların, bir növ, siyasi ideologiyasına
çevrilmiş Heydər Əliyevə qarşı
qısqanclıq, siyası motivli hücumlar artıq bumeranq
kimi onların özünü hədəfə alırdı.
Xilaskar missiyasını Heydər
Əliyevdə görən və ona dərindən inanan
insanların sayı isə sürətlə
çoxalırdı və artıq ümummilli ovqatı əks
etdirən siyasi məfkurəyə çevrilmişdi. Yeni Azərbaycan
Partiyasının yaranması həmin məfkurənin
bütün cəmiyyət miqyasında hakim mövqeyə
sahib olmasını və siyasi prosesləri yönəltmək
niyyətini açıq şəkildə sübuta yetirirdi.
Bu prizmadan yanaşdıqda Heydər Əliyevin rəhbərliyi
altında yeni partiyanın təsis edilməsi obyektiv tarixi zərurətin
ifadəsi hesab olunmalıdır.
Digər tərəfdən,
Yeni Azərbaycan Partiyası Heydər Əliyevin xalqın
haqlı olaraq böyük ümidlər bəslədiyi
xilaskarlıq missiyasının siyasi reallaşma forması
qismində qavranılırdı. Başqa sözlə
ifadə edilsə, Heydər Əliyevin rəhbərliyi
altında insanların ümidlə baxdığı və
etibar etdiyi möhtəşəm siyasi təşkilatın
yaranması dahi şəxsiyyətin hakimiyyətə
qayıdışının və xilaskarlıq
missiyasının başlanğıcı kimi qəbul edilirdi.
Yeni Azərbaycan Partiyasının yaranması bu
mənada xalqın Heydər Əliyevə
ünvanlanmış və milli iradənı özündə
ifadə edən çağırışı sayıla bilər.
Yeni Azərbaycan
Partiyasının unikallığı ondan ibarətdir ki,
partiya yaratmaq ideyası Heydər Əliyevə məxsus
deyildi. Xalq onun ətrafında birləşir, yeni bir hərəkat
təbii xalq istəyi əsasında formalaşırdı.
Həmin hərəkata demokratik cəmiyyət və
ənənələr baxımından legitim forma verilməsinə
ehtiyac var idi və bu forma da məhz Yeni Azərbaycan
Partiyası oldu.
Yeni Azərbaycan
Partiyasının yaranması, şübhəsiz, müasir
tariximizin vaxtilə ən diqqətlə izlənilən və
həyəcanla gözlənilən hadisələrindən
biri olmuşdur. Bu yaranış ümidvericiliyi,
etibarlılığı və təbii ki, əzəməti
ilə özünəqədərki bütün hadisələrdən
və hərəkatlardan fərqlənirdi. Onda olan Heydər Əliyev ciddiliyi, möhtəşəmliyi
və sanballılığına kimsənin biganə
qalması mümkün deyildı. Rəqiblər belə,
nə qədər istəməsələr də, etiraf etməyə
bilmirdilər ki, Yeni Azərbaycan Partiyasının
yaranması, əvvəla, Heydər Əliyevin hamının səbirsizliklə
gözlədiyi qayıdışını, ikincisi isə, bu
qayıdışın vəd etdiyi əsaslı dəyişiklikləri
qaçılmaz etmişdir.
Yeni Azərbaycan Partiyası
özünün sosial bazasına görə xalqın istəyindən
doğan siyasi təşkilatdır. Onun
yaradıcısı Heydər Əliyev başda olmaqla
bütün xalqdır desək, düşünürəm ki,
səhvə yol vermərik. Bununla bərabər,
partiyanın yaranması və möhkəmlənməsi
yolunda ayrıca fədakarlıq göstərən insanlar da
unudulmamalıdır və unudulmur. Azərbaycanın
müxtəlif bölgələrində Heydər Əliyevi
sevən, onun siyasi hakimiyyətə
qayıdışını ölkənin müstəqilliyi və
təhlükəsizliyi baxımından alternativsiz sayan
yüzlərlə, minlərlə insan Yeni Azərbaycan
Partiyasının yaranması yolunda böyük fədakarlıq,
əsl qəhrəmanlıq nümunələri göstəriblər.
Bu gün Yeni Azərbaycan
Partiyasının üzvləri ilə yanaşı ölkəmizin
misilsiz uğurlarından qürur duyan hər bir vətəndaşı
Heydər Əliyevin rəhbərliyi altında möhtəşəm
siyasi təşkilatın yaranmasında əvəzedilməz
xidmətləri olan mərhum Ziya Bünyadovu, Xəlil Rza
Ulutürkü, Fərəməz Maqsudovu, Murtuz Ələsgərovu,
Rəfael Allahverdiyevi, Sirus Təbrizlini, Səfiyar Musayevi, Zahid
Qaralovu və başqalarını minnətdarlıqla
xatırlayır, Yeni Azərbaycan Partiyasının
yaranması üçün Heydər Əliyevə müraciət
etmiş məşhur “91”lərin hər bir nümayəndəsinin
siyasi fədakarlığını unutmur.
Qeyd etməyə dəyər
ki, Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurətdən
qaynaqlandığını isbat etməyə çox zaman tələb
olunmadı. Təsis
olunmasından yarım il sonra partiyanın
yaradıcısı və sədri Heydər Əliyev
xalqın istəyi və demək olar ki, tələbi ilə
hakimiyyətə gəldi. Heydər Əliyev və
onun partiyası zamanın onların üzərinə
qoyduğu tarixi missiyanı yerinə yetirmək şansı
qazanmış oldular. Bu, yeni tarixin -
müstəqil Azərbaycanın yaradılması missiyası
idi. Zaman göstərdi ki, Heydər
Əliyev öz missiyasını layiqincə yerinə yetirdi,
müasir tariximizə müstəqil Azərbaycanın
memarı kimi daxil oldu.
Müstəqil Azərbaycan
Yeni Azərbaycan məfkurəsi üzərində quruldu
Yeni Azərbaycan Partiyasının
tarixi missiyası
* ölkəni
bürümüş total böhrandan xilas etmək, xaos və
anarxiyanı aradan qaldırmaq, insanların təhlükəsizliyini
təmin etmək;
* müstəqilliyini
bəyan etmiş Azərbaycanın bütün parametrlərə
uyğun müstəqil dövlətinin qurulmasını həyata
keçirmək;
* müasir cəmiyyət
formalaşdırmaq və insanların layiqli həyatına zəmanət
vermək
kimi fundamental vəzifələrdə
özünün ifadəsini tapırdi. Mahiyyəti,
xarakteri, həll edilməsi üsulları, temperamenti və
resursları baxımından kəskin şəkildə fərqlənən
bu böyük vəzifələrin hər birinin yerinə
yetirilməsi, obrazlı şəkildə desək, ayrıca
bir siyasətçi ömrü tələb edirdi. Postsovet tarixinin ibrət dərslərinə istinad
etsək, bunun təkzibolunmaz nümunələrini tapmaq o qədər
də çətin olmaz. Kommunist
ideologiyasına əsaslanan cəmiyyətin demokratiyaya
transformasiyasının bir onillikdən çox zaman kəsiyi
tələb etməsi əksər postsovet gənc dövlətlərin
təcrübəsinin ortaya qoyduğu həqiqətdir. Azərbaycanda isə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi, onun
dağıntıları, siyasi xaos və iqtisadi tənəzzül
kimi amillər transformasiya prosesini ifrat dərəcədə
çətinləşdirirdi.
Müstəqil dövlət
quruculuğu və müasir cəmiyyətin
formalaşdırılması kimi fundamental vəzifələrin
icrası ilk növbədə ölkənin xaos və
anarxiyanın yaratdığı siyasi, iqtisadi, mənəvi
tullantılardan təmizlənməsini tələb edirdi. Əvvəlcədən məlum
idi ki, müstəqil Azərbaycanın qurulması
üçün lazım olan siyasi və təşkilati səylərdən
heç də az olmayan səylərin həqiqi
müstəqilliyə aparan yolun yuxarıda qeyd etdiyimiz
tör-töküntülərdən təmizlənməsinə
sərf edilməsi qaçılmazdır. Ötən
əsrin 90-cı illərinin əvvəllərində ölkədə
mövcud vəziyyətin ətraflı təhlili və mənzərəsinin
təsviri bu yazının mövzusuna birbaşa aid
olmadığından onun haqqında geniş
danışmağa ehtiyac və imkan yoxdur.
Lakin Azərbaycanın müstəqilliyinə
real təhlükə səviyyəsinə yüksəlmiş
xaos, anarxiya, hərtərəfli tənəzzül, erməni
təcavüzünün ölkənin dərinliklərinə
doğru irəliləməsi, separatçılıq meyillərinin
açıq mərkəzdənqaçma hərəkatına
çevrilməsi və sair ciddi problemlər zamanında
öz həllini tapmasaydı, ölkənin taleyinin qorxulu
ssenari üzrə cərəyan etməsinin qarşısı
alına bilməzdi və biz bu gün Azərbaycanın fərqli
tarixi barədə danışmalı olardıq. Yalnız Heydər Əliyevin qayıdışı,
yuxarıda sadaladığımız təhlükələrin
cilovlanması, sabitliyin təmin edilməsi müstəqil Azərbaycan
dövlətinin quruculuğuna imkan yaratdı.
Qeyd etmək yerinə
düşər ki, Heydər Əliyev müstəqil Azərbaycan
dövlətinin quruculuğu missiyasına praktik surətdə
başlayanda onun strategiyası artıq hazır idi. Bu strategiya
Yeni Azərbaycan Partiyasının Heydər Əliyev tərəfindən
işlənib hazırlanmış siyasi platformasında öz
ifadəsini tapırdı. Bu mənada
müstəqil Azərbaycan dövlətinin Yeni Azərbaycan məfkurəsi
zəminində qurulduğunu vurğulamağa bütün əsaslar
var. Onu dərk etmək partiyamızın hər bir
üzvünə xüsusi qürur və məmnunluq bəxş
edir.
Yeni Azərbaycan məfkurəsinə
istinadən müstəqil Azərbaycan dövlətinin
qurulması, hər şeydən əvvəl, fərdin vətəndaşa
çevrilməsi anlamına gəlir. Vətəndaşlıq
dövlətin özünüdərkinin, özünüifadəsinin
və qüdrətinin ən etibarlı fundamentidir. Heydər Əliyev məhz bu vəzifənin həllini
dövlət quruculuğu strategiyasının məhək
daşı sayırdı.
Müstəqil dövlət
quruculuğunun digər istinad nöqtəsi əhalinin siyasi
fenomen kimi xalqa (millətə) çevrilməsi ilə əlaqədardır. Heydər
Əliyevin azərbaycançılıq məfkurəsi haqqında
söhbət gedən tarixi şəraitdə qeyd olunan vəzifənin
böyük müdrikliklə reallaşmasına zəmanət
verə bildi. Mövcudluğundan qürur
duyduğumuz müstəqil Azərbaycan dövlətinin əsasını,
başlıca dayağını Azərbaycan xalqı təşkil
edir.
Müstəqil Azərbaycan
dövlətinin quruculuğunda istinad olunan başqa bir dəyər
isə işçinin sahibkar kimi formalaşması sayıla
bilər. Sahibkarlıq psixologiyasının formalaşması
milli, dövlət maraqları ilə şəxsi maraqların
üzvi surətdə əlaqələndirilməsi mexanizmi
vasitəsilə dövləti daha güclü, daha qüdrətli
edir.
Beləliklə, Yeni Azərbaycan
məfkurəsinin üç təməl prinsipi - fərdin vətəndaşa,
əhalinin xalqa (millətə), işçinin sahibkara
transformasiyası əsasında müstəqil Azərbaycan
dövləti bərqərar oldu. Tam məsuliyyətlə
deyə bilərik ki, XX əsrin son onilliyində müstəqilliyinə
qovuşmuş gənc dövlətlərin ən uğurlusu
sayılan Azərbaycanın əldə etdiyi nailiyyətlər
əhəmiyyətli dərəcədə yuxarıda sadalanan
təməl prinsiplərinə əsaslanır.
Müstəqil Azərbaycan
dövlətinin quruculuğunda Yeni Azərbaycan Partiyasının
iştirak payının haqqında yuxarıda söhbət
açdığımız təməl prinsiplərinin cəmiyyətə
təqdim edilməsi ilə kifayətləndiyini
düşünmək yanlış olardı. Yeni cəmiyyət
quruculuğunda Heydər Əliyevə xalqın inamı, onun
ideyalarının qətiyyətlə dəstəklənməsi
kimi amillərin rolu diqqətdən kənarda saxlanıla bilməz.
Bu amillər isə öz növbəsində
Yeni Azərbaycan Partiyasının həm güc mənbələri,
həm də güc və qüdrətinin ifadələridir.
Yeni Azərbaycan Partiyasının yaranması,
formalaşması və inkişafı Heydər Əliyevə
möhtəşəm xalq inamı və dəstəyinin bariz
təcəssümüdür.
İdeya varisliyindən
siyasi varisliyə: möhtəşəm inkişafın
etibarlı əsası
Yeni Azərbaycan
Partiyasının təməl prinsipləri sırasında
varislik xüsusi yer tutur. O, partiyanın Azərbaycanın tarixi, siyasi, mənəvi
və dövlətçilik ənənələrinə
söykəndiyini və onlara sadiqliyini təsdiq və təcəssüm
etdirir.
Hər bir cəmiyyətin,
toplumun, hətta qurumların mövcudluğundan tutmuş onun
səmərəli fəaliyyətində, qarşısında
duran vəzifələrin keyfiyyətlə yerinə yetirilməsində
ənənələrə sədaqət, onların qorunub
saxlanılması mühüm əhəmiyyət kəsb edir. Siyasi proseslərə
şamil edildikdə ənənələrə sədaqət
və onun sistemli ifadə forması sayılan varislik müəyyən
mənada mühafizəkarlıq cərəyanının bir
qolu kimi qəbul edilə bilər. Yeni Azərbaycan
Partiyasının varislik prinsipi onun milli köklərə
bağlılığını ifadə etməklə siyasi
baxışlarının mahiyyətini və əsas istiqamətini
göstərir. Azadlığını
elan etmiş və qarşısında müstəqil dövlət
qurmaq kimi məsuliyyətli vəzifə dayanan cəmiyyətlərin
milli köklərə bağlılıq kimi prinsipi bəyan
etməsi başa düşülən olmaqla yanaşı, həm
də uğura aparan ən doğru yol sayılmalıdır.
Dahi siyasətçi və müdrik
dövlət adamı olan Heydər Əliyev müstəqil Azərbaycan
dövlətinin quruculuğu prosesində malik olduğumuz
dövlətçilik ənənələrinə, tarixin
ayrı-ayrı mərhələlərində yaradılan
maddi və mənəvi sərvətlərə istinad etməklə
daim Yeni Azərbaycan Partiyasının məramnaməsində
bəyan etdiyi varislik prinsipinə sadiq olduğunu
nümayiş etdirmiş, ondan hər zaman faydalanmağa
çalışmışdır. Müstəqil
Azərbaycan dövləti Azərbaycan xalqının qədim
tarixindən bu günümüzə qədər davam edən
dəyərlərə və ənənələrə
söykənir, özünün mövcudluğu ilə
onları yaşadır və inkişaf etdirir.
İdeya varisliyinin real siyasətdə
təcəssümü siyasi varislikdir. Siyasi varislik ənənə
və dəyərlərin qorunub saxlanılması ilə
yanaşı, inkişafın ardıcıllığı və
davamlılığının ən etibarlı təminatlarından
sayılır. İdeya varisliyinə istinad
edən Yeni Azərbaycan Partiyası əsası qoyulmuş
möhtəşəm inkişafın
ardıcıllığı və davamlılığının
təmin edilməsi naminə siyasi varisliyin alternativsizliyini
zamanında düzgün qiymətləndirə bildi. 2003-cü ildə növbəti prezident seçkilərində
İlham Əliyevin namizədliyinin irəli sürülməsini
mən siyasi müdrikliyin və uzaqgörənliyin ən
gözəl nümunələrindən hesab edirəm. İdeya varisliyini özünün əsas prinsiplərindən
biri sayan partiyanın siyasi varisliyə üstünlük verməsi
tamamilə məntiqə uyğundur. Belə
bir seçimin əsas motivlərini sıralamağa
çalışsaq ilk növbədə partiyanın varislik
prinsipinə real praktikada sadiq olduğunu vurğulamaq lazım
gələr.
Lakin seçimin yalnız
varislik prinsipinə sədaqət nümayiş etdirmək
naminə edildiyini düşünmək düzgün
olmazdı. Bu seçim ona görə unikal sayıla biləcək
dərəcədə uğurlu oldu ki, burada varislik prinsipi
layiqlilik prinsipi ilə üzvi vəhdət təşkil
edirdi. İlham Əliyev bir çox
parametrlərinə görə Heydər Əliyevin ən
layiqli siyasi varisi sayılırdı. O, eyni zamanda
prezidentliyə ən layiqli namizəd hesab edilirdi və bu iki
vacib keyfiyyəti özündə birləşdirməklə
Yeni Azərbaycan Partiyası tərəfindən növbəti
prezidentliyə namizəd irəli sürülmək haqqına
tam sahib idi. Zaman həm bu seçimin, həm də
varislik prinsipinə istinadın doğruluğunu və
faydasını tam sübuta yetirdi.
Cəmiyyət 2003-cü il prezident seçkilərindən sonra
yaşadığımız dövrü Heydər Əliyev
siyasətinin yeni tarixi şəraitdə ardıcıl surətdə
davam etdirilməsi mərhələsi kimi qavramaqdadır. Eyni
zamanda vurğulanmalıdır ki, ulu öndərin yaratdlğl
strategiya, inkişaf konsepsiyası son 14 il ərzində
daha da inkişaf etdirilib, zənginləşdirilib, təkmilləşdirilib.
Bu gün qürur və iftixar hissi ilə etiraf
etdiyimiz möhtəşəm inkişaf varislik prinsipi əsasında
Heydər Əliyev siyasətinin məhz İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi ilə əlaqədardır. Həyat Yeni Azərbaycan Partiyasının və
bütün xalqın seçimi timsalında varislik prinsiplərinin
qüdrətli inkişaf amili olduğunu bir daha sübuta
yetirdi.
Təxminən 14 il
ərzində ölkəmiz misli görünməmiş
yüksəlişə nail oldu, dünyanın ən dinamik
inkişaf edən iqtisadiyyatı kimi özünü təsdiqlədi.
Azərbaycanın həyatında baş verən
dəyişikliklər, onu əks etdirən statistikaya qısa
baxış dediklərimizin əyani təcəssümü
sayıla bilər. Sözügedən illər ərzində
iqtisadiyyat 3,5 dəfədən çox
artmış, 1,6 milyondan çox yeni iş yeri
açılmışdır. Yoxsulluq səviyyəsinin
10 dəfəyə qədər azalması kimi unikal sosial
inkişaf qeydə alınmışdır. Yoxsulluğun
səviyyəsinin azalması sahəsində Azərbaycanın
əldə etdiyi nəticəni digər, hətta yüksək
dinamika nümunələri nümayiş etdirən ölkələr
20-30 il ərzində qazana bilmirlər. Bu sahədə ölkəmizin təcrübəsi
dünya miqyasında sosial tərəqqinin ən gözəl
nümunəsi sayılmağa tam layiqdir.
Azərbaycan tarixinin son 14 ili sözün əsl mənasında hərtərəfli
inkişaf kimi qavranılır. İqtisadi
inkişaf, yoxsulluq səviyyəsinin haqqında söhbət
açdığımız azalması ilə yanaşı,
ölkənin simasının dəyişdirilməsi,
müasirləşməsi sahəsində möhtəşəm
layihələr həyata keçirilmişdir. Paytaxt Bakı şəhəri ilə yanaşı,
regionlar da inkişaf etdirilmiş, insanların yaşamaq və
işləmək şəraiti kökündən
yaxşılaşdırılmışdır.
Azərbaycanın beynəlxalq
nüfuzunun və mövqelərinin gücləndirilməsi
ölkənin ümumi inkişafının xüsusi təzahür
forması olaraq ayrıca qeyd olunmağa layiqdir. İnsan
hüquq və azadlıqlarına sayğı, tarixi mədəni
rəngarəngliyə və tolerantlığa
bağlılıq, dünya birliyinin prioritet saydığı
siyasi və mənəvi dəyərlərə sədaqət
Azərbaycanı müasir və cazibədar dövlət kimi
qəbul etmək üçün bütün əsasları
yaratmışdır.
2012-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilməsi, Avropanın
ilk idman oyunlarına və mahnı müsabiqəsinə
evsahibliyi etməsi, bütün dünyada multikulturalizm mərkəzi
kimi ad qazanması, bir sıra beynəlxalq və humanitar təşəbbüslərin,
iqtisadi potensialımızı artırmaqla yanaşı,
bölgəmizin geosiyasi mənzərəsini kökündən
dəyişən möhtəşəm enerji və nəqliyyat
layihələrinin müəllifi kimi çıxış etməsi
ölkənin artan beynəlxalq nüfuzunu göstərən əlamətlərin
tam olmayan siyahısıdır.
Azərbaycan dövlətinin
qüdrətinin artması, istimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi,
ordunun döyüş qabiliyyətinin yüksəlməsi də
son onilliyin ən əlamətdar nailiyyətləri
sırasında layiqli yer tutur. Ermənistanla
müharibə vəziyyətində olmasına baxmayaraq, Azərbaycanın
dünyada ən təhlükəsiz, sabit ölkələrdən
biri olması hamılıqla etiraf olunur.
2003-cü ildə prezident
seçkiləri ərəfəsində xalqa müraciət
edən ümummilli lider Heydər Əliyev böyük
uzaqgörənliklə qeyd edirdi ki, onun yerinə yetirə bilmədiyi
işləri İlham Əliyev Yeni Azərbaycan Partiyası ilə
birlikdə axıra çatdıracaq. Heydər Əliyevin bu
vəsiyyətinin layiqincə yerinə yetirilməsi bizi ürəkdən
sevindirir.
Azərbaycanın
möhtəşəm siyasi gücü
İyirmi beş
ildir Yeni Azərbaycan Partiyası ölkəmizin tarixində ən
möhtəşəm siyasi təşkilat missiyasını
qurur, şərəf və uğurla həyata keçirir. Onun sıralarında 700 mindən çox vətəndaş
Heydər Əliyev ideyaları ətrafında sıx birləşib.
Azərbaycan tarixində öz sıralarında
bu qədər insanı, belə möhtəşəm siyasi
gücü birləşdirən partiya heç zaman olmayıb
və təsəvvür oluna bilən gələcəkdə
yaranacağı inandırıcı görünmür. 18 yaşdan yuxarı ölkə əhalisinin 12
faizindən çoxu bizim partiyanın üzvləridir. Mahiyyət etibarilə, miqyasına görə Yeni Azərbaycan
Partiyası möhtəşəm xalq hərəkatını
xatırladır.
Əhalinin sayına nisbətdə
belə möhtəşəmliyə az-az ölkələrin
nümunəsində rast gəlmək mümkündür. Demokratik cəmiyyətdə
könüllü surətdə yüz minlərlə fəal
insanın bir partiya sıralarında birləşməsi
çox vacib məqamlardan xəbər verir. Bunlardan birincisi, onların seçdiyi partiyanın
ideyalarına, prinsiplərinə dərindən
bağlılığıdır. İkincisi,
partiyanın amalları və fəaliyyətinin doğru və
milli maraqlara faydalı olduğuna inamıdır. Üçüncüsü, özünün həmin
təşkilatla eyni maraq və dəyər
daşıyıcısı olduğunu dərk etməsidir.
Dördüncüsü, partiyanın siyası
prinsiplərini aydın şəkildə dərk edə bilməsidir.
Deməli, partiyamızın özündə
ehtiva etdiyi möhtəşəm güc təkcə onun
sayının çoxluğunda deyil, həm də siyasi dəyərləri
və keyfiyyətlərində ifadə olunur.
Yeni Azərbaycan Partiyası
şərəfli və hadisələrlə zəngin
inkişaf yolu keçməsi ilə fəxr edə bilər. Onun tarixində
üç başlıca mərhələ qeyd oluna bilər.
Birinci mərhələ Yeni Azərbaycan
Partiyasının müxalifətdə olduğu 1992-ci ilin
noyabrından 1993-cü ilin iyun ayına qədər olan
dövrüdür. Bu dövrdə əsasən
formalaşmaqda olan təşkilat konstruktiv müxalifət
missiyasını həyata keçirərək sözün əsl
mənasında siyasi ləyaqət nümunəsi
nümayiş etdirə bildi. Hesab edirəm
ki, ölkəmizin siyasi tarixində konstruktiv müxalifət
anlayışı və ənənəsi məhz Yeni Azərbaycan
Partiyasının timsalında formalaşmışdır.
Partiyanın həyatında
ikinci mərhələ 1993-cü ilin iyun ayından, 2003-cü
ilin oktyabr ayına qədər olan dövrü əhatə
edir. Bu mərhələdə partiya öz
ideyalarını, baxışlarını və dəyərlərini
cəmiyyətə təqdim etmək, hakim partiya rolunu qəbul
edərək Prezident Heydər Əliyevin rəhbərliyi
altında xalqın onlardan başlıca gözləntilərini
doğrultmaq missiyasını həyata keçirmək istiqamətində
fəaliyyət göstərmişdir. Bu
gözləntilər, qeyd edildiyi kimi, ilk növbədə xaos
və anarxiyanın, kütləvi tənəzzülün
aradan qaldırılması, cəmiyyətin ağrısız
transformasiyasının təmin edilməsi və nəticə
etibarilə müstəqil dövlət quruculuğunun
uğurla həyata keçirilməsi ilə əlaqədar
idi. Sadalanan vəzifələrin uğurla
həyata keçirilməsi müasir tariximizin hamıya
yaxşı məlum olan və bu səbəbdən hər
hansı isbata ehtiyacı olmayan həqiqətlərdir.
Partiyanın həyatında
üçüncü mərhələ 2003-cü ildən
başlayaraq bu günə qədər davam edir. Özündən əvvəlki
iki mərhələ kimi zəngin hadisələrlə səciyyələnən
növbəti mərhələdə Prezident İlham
Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan
Partiyası ölkəmizin qeyri-adi yüksəlişinə
nail ola bilmiş, qüdrətli, əzəmətli,
dinamik və müasir Azərbaycanın quruculuğuna layiqli
töhfə vermişdir.
1993-cü ildən etibarən
keçirilən bütün seçkilərin qalibi olması
partiyamızın şanlı tarixinin ən yaddaqalan səhifələridir. Qürur hissi
ilə deyə bilərəm ki, nə bu gün, nə də gələcəkdə
ölkənin siyasi həyatını və perspektivlərini
Yeni Azərbaycan Partiyasından ayrı təsəvvür etmək
mümkün deyil. Onun siyasi çəkisi,
nüfuzu, sanbalı, dövlətçiliyə və Heydər
Əliyev ideyalarına dərin sədaqəti ciddi və
heç zaman dəyişməyən siyasi mövqe kimi
formalaşıb. Prezident İlham Əliyevə ürəkdən
bağlı olan, ona dərin sədaqət bəsləyən
Yeni Azərbaycan Partiyasının 700 minlik üzvləri hər
an liderinin yolunda fədakarlıq göstərməyə
hazırdır. Hörmətli Prezidentimiz inana və
qürur duya bilər ki, onun sıralarında 700 min fədakarı
birləşdirən əzəmətli və sədaqətli
siyasi ordusu var.
Yeni Azərbaycan Partiyası
cəmiyyətin bütün təbəqələrini,
zümrələrini və demoqrafik qruplarını təmsil
edir. Ləyaqətli Azərbaycan qadınlarının
onun sıralarında böyük sayda təmsil olunması bizi
sevindirir. Təşkilatımızın
qadınların siyasi fəallıq məktəbi olduğuna
inanıram. Onun sıralarından cəmiyyətimizdə
böyük siyasi karyera qurmuş qadınların
çıxması qürurvericidir. Azərbaycanın
Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının sədr
müavini Mehriban xanım Əliyevanın ictimai və siyasi fəaliyyəti
partiyanın qadınları üçün nümunə və
həyat məktəbi sayılır. Etiraf
etmək istəyirəm ki, tək bizim partiyada deyil,
bütünlükdə ölkədə qadın fəallığı
seqmentinin yüksəlişində Mehriban Əliyeva amili əhəmiyyətli
rol oynayır.
Yeni Azərbaycan Partiyası
gənc üzvləri ilə fəxr edir və partiyanın gələcəyini
onlarda görür. Sevindirici haldır ki, təşkilatın
sıralarında gənclərin xüsusi çəkisi
yüksək dinamika ilə artmaqdadır. Milli
məfkurəli, yüksək bilikli, sağlam iddiaları olan
fəal gənclərin Yeni Azərbaycan Partiyasını
seçməsi onun təkcə düzgün siyasətindən
deyil, həm də aydın və parlaq gələcəyindən
xəbər verir. Əminəm ki,
partiyamızın sıralarında gənclər özlərini
çox rahat və inamlı hiss edir. Gənclər
üçün onun cazibədarlığı həm də
bununla əlaqədardır.
Yeni Azərbaycan Partiyası
ölkənin ictimai-siyasi həyatında yüksək fəallığı
ilə yanaşı, geniş beynəlxalq əlaqələrə
də malikdir.
Əməkdaşlıq etdiyimiz çoxsaylı
xarici ölkə partiyaları vasitəsilə biz Azərbaycan
həqiqətlərini olduğu kimi dostlarımıza
çatdırmaq imkanı əldə etmişik. Əminəm ki, Yeni Azərbaycan Partiyası Azərbaycanı
xaricdə ən layiqli şəkildə təqdim edə bilir.
Qarşıda əzəmətli
vəzifələr durur
Şərəfli yubileyini
misilsiz uğurlarla qeyd edən Yeni Azərbaycan
Partiyasının gələcəklə bağlı
böyük planlarının olması heç kimi təəccübləndirməməlidir. İşgüzar
əhvali-ruhiyyə, sabaha nikbin baxış partiyamızın
siyasi davranış tərzinin fərqləndirici cəhətləridir.
Azərbaycanı qüdrətli dövlətə
çevirmiş uğurlar, onların əzəməti daha
böyük, daha möhtəşəm qələbələrə
həvəsləndirir. Liderimiz Prezident
İlham Əliyevin bəyan etdiyi dərin islahatlar
strategiyası qarşıdakı illərdə partiyanın
çoxminli üzvlərini səfərbərliyə səsləyən
əsas çağırışdır.
Azərbaycan inkişaf və
transformasiyanın yeni mərhələsinə qədəm
qoymaqdadır.
Ötən illərin uğurları və
nailiyyətləri yeni mərhələnin qarşıya
qoyduğu vəzifələrin layiqincə yerinə yetirilməsinə
etibarlı zəmin yaradıb. Lakin bu,
inkişafın keyfiyyətcə yeni mərhələsinə
yüksəlməyin məsuliyyətini əsla azaltmır, bəlkə
də daha böyük səriştə, peşəkarlıq
və fədakarlıq tələb edir. Yeni
Azərbaycan Partiyası olaraq biz növbəti illərin əsas
hədəflərini, onların xüsusiyyətlərini dəqiqliyi
ilə təhlil edib, ən düzgün qərarları qəbul
etmək və onları uğurla yerinə yetirmək
zorundayıq. Əvvəlki illərdə
nümayiş etdirilən inkişaf sayəsində Azərbaycan
iqtisadi gerilik, yoxsulluq, kütləvi işsizlik kimi bəlalarla
vidalaşdı. İqtisadi və sosial
infrastruktur bütünlüklə yeniləşdi və
müasirləşdi, insanların həyat səviyyəsi
xeyli yüksəldi, həyatımızda yeni standartlar tətbiq
olunmağa başladı.
Həyat isə inkişaf
edir, daim yeni tələblər meydana gəlir. Eyni zamanda
insanların özünüqiymətləndirmə
meyarları da dəyişir və yüksəlir. Bütün bunlar iqtisadiyyatın inkişaf etdirilməsi
qarşısında yeni vəzifələr qoyur, sosial
inkişaf yeni tələbatlara uyğunlaşmaq zərurəti
ilə üzləşir. Sadə dildə
desək, insanlar daha yaxşı yaşamaq arzularını
açıq şəkildə ifadə edirlər. Mən bunu tamamilə təbii, hətta faydalı
hesab edirəm. Tələbatların
inkişafı və onların layiqincə ödənilməsi
istiqamətində hökumətin səylərinin
artırılması istənilən tərəqqinin
başlıca motivasiyasıdır. Vaxtilə
sovet ideologiyasının qızğın tənqid atəşinə
tutduğu qərb ölkələrindəki istehlak cəmiyyəti
konsepsiyası, əslində, haqqında yuxarıda qeyd
etdiyimiz motivasiyanı hərəkətə gətirmək məqsədi
güdürdü. İstehsalın
inkişafına istehlakın artması qədər təkan
verəcək amil düşünmək mümkün deyil.
Səbəb-nəticə məntiqi isə tamamilə
aydındır: istehlak olmadan istehsal mənasını və
başlıcası isə qida mənbəyini
bütünlüklə itirmiş olur. Bu mənada
qarşımızda duran ən ümdə vəzifə yeni
formada və keyfiyyət halında istehsal və istehlak
qarşılıqlı münasibətlərinin tənzimlənməsi
hesab edilir. Həmin tandemdə birinci hədəf
istehsalın inkişafı, ikinci hədəf isə
istehlakın səviyyəsinin yüksəldilməsidir.
Mahiyyət etibarilə dərin
islahatlar strategiyasının Azərbaycanda istehlak cəmiyyəti
konsepsiyasının milli modelinin formalaşmasına gətirib
çıxaracağına şübhə etmirəm. Bu, o Azərbaycan
olacaqdır ki, orada:
* yüksək
texnologiyalara əsaslanan şaxələnmiş iqtisadiyyat
yaradılıb;
* əməyin
xarakteri köklü surətdə dəyişib, əmək məhsuldarlığı
əhəmiyyətli dərəcədə artıb;
* işsizlik
problemi inkişaf etmiş ölkələrin modelinə
uyğun şəkildə həll olunub;
* əhalinin həyat
səviyyəsi yeni, daha yüksək standartlara
uyğunlaşıb;
* sosial motivasiya
mexanizmi səmərəli şəkildə fəaliyyət
göstərir.
Qarşımızda duran digər
vəzifə optimallaşdırma və qabaqcıl idarəçilik
metodları əsasında idarəetmə sistemində zəruri
islahatların həyata keçirilməsi, mövcud olan və
bizi narahat edən bəzi neqativ halların kökünün kəsilməsi,
ədalətli cəmiyyət modelinin daha da təkmilləşdirilməsidir. Məqsəd
ondan ibarətdir ki, Azərbaycan hər bir vətəndaşı
üçün onun arzuladığı, istəklərinin
reallaşmasına imkan yaradan ölkə olsun. Güman edirəm ki, qədəm qoyduğumuz yeni
inkişaf mərhələsində tərəqqinin və
sosial rifahın başlıca motivasiyası kimi Azərbaycan
arzusu konsepsiyası formalaşacaq və tətbiq ediləcək.
Azərbaycanın milli
maraqlarının qorunması Yeni Azərbaycan
Partiyasının siyasi platformasının heç zaman dəyişməyən
prioritetidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin nəticələrinin aradan
qaldırılması, ölkəmizin ərazi
bütövlüyünün təmin edilməsi daim
partiyamızın sədri Prezident İlham Əliyevin diqqət
mərkəzində olub. Ordumuzun müasir
döyüş qüdrəti və əzəməti dəfələrlə
öz təsdiqini tapıb. Bu, bizim qələbəyə
inamımızı artıran əsas amildir. Qarşıdakı illərin fəaliyyət gündəliyində
yenə də ilk sırada Azərbaycanın ərazi
bütövlüyünün təmin edilməsi dayanır.
Yeni Azərbaycan Partiyası
yaranmasının 25-ci ildönümünü möhtəşəm
qələbələr, uğurlar, nailiyyətlər tarixi kimi
qeyd edir. Bundan sonrakı tariximizin də uğurlu, yeni-yeni qələbələrlə
zəngin olacağına inanırıq.
Xalqımızın Yeni Azərbaycan Partiyasından, onun lideri
Prezident İlham Əliyevdən bundan sonra da böyük
gözləntiləri var. Bu bizi yeni qələbələrə
səsləyir. İnanıram ki, böyük
ideallar, milli maraqlar naminə partiyamızın hər bir
üzvü yeni fədakarlıqlara hazırdır.
Əli
ƏHMƏDOV,
Azərbaycan
Respublikası Baş nazirinin müavini,
Yeni Azərbaycan
Partiyasının sədr müavini-icra katibi
Azərbaycan.- 2017.- 3 noyabr.- S.1; 4.