Azərbaycan Qara Dəniz
İqtisadi Əməkdaşlıq Təşkilatında fəal
iştirak edir
QDİƏT PM-in
son komitə iclasında Ermənistanın nümayəndə heyətinin
təklifləri bütün üzv ölkələr tərəfindən
yekdilliklə rədd edilib
Xəbər verildiyi kimi,
oktyabrın 24-26-da Rusiya Federasiyasının Rostov şəhərində
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı
Parlament Məclisinin Hüquqi və siyasi məsələlər
üzrə və Mədəniyyət, elm və təhsil komitələrinin
iclasları keçirilib. İclaslarda Azərbaycan
Milli Məclisinin QDİƏT PM-dəki nümayəndə heyətinin
rəhbəri, parlamentin Aqrar siyasət komitəsinin sədr
müavini Eldar Quliyev iştirak edib. Eldar
Quliyevlə söhbətimiz də iclaslarda müzakirə
olunan məsələlərlə bağlı idi.
Azərbaycanın
haqlı mövqeyi tam müdafiə olundu
Eldar Quliyev hər iki komitənin
iclasında çıxış edib. Bu barədə danışan
müsahibim dedi ki, ilk olaraq Hüquqi və siyasi məsələlər
üzrə komitənin iclası keçirilib və iki məsələ
müzakirə edilib. Bunlardan biri QDİƏT PM-in
yaradılmasının gələn il tamam
olan 25 illiyi ilə bağlı hazırlıq işlərinin
həyata keçirilməsi idi. “Bununla
bağlı ayrı-ayrı çıxışlar oldu, o
cümlədən mən də münasibət bildirdim və
təkliflər irəli sürdüm. 1993-cü
ildə QDİƏT PM-in yaradılmasında 8 dövlət
iştirak edib ki, onlardan biri də Azərbaycandır. Respublikamız, o cümlədən Milli Məclis
ötən 24 ildə bu təşkilatla sıx əməkdaşlıq
edib. Bu mənada 25 illik yubileyə Azərbaycan
tərəfinin də - hökumətin və parlamentin
mühüm töhfələri olacaq. Digər
respublikaların təmsilçiləri də bu məsələdə
təkliflərini bildirdilər”.
Daha sonra komitədə
deklarasiya qəbul olundu. Amma Ermənistan nümayəndə heyəti
deklarasiyaya üç əlavənin edilməsini təklif
etdi. Bu barədə danışan Eldar Quliyev dedi ki,
düzdür, hansısa sənədin qəbulu zamanı
nümayəndə heyətləri birbaşa onunla
bağlı təklif və qeydlər irəli sürürlər.
Amma Ermənistan tərəfinin təkliflərinin heç
biri deklarasiyanın mahiyyətinə uyğun deyildi: “Bunlardan
biri komitənin siyasi məsələlərə münasibət
bildirməsinin dayandırılması idi. Onlar
bunu onunla izah edirdilər ki, təşkilat iqtisadi profillidir.
Lakin adından göründüyü kimi, bu
komitə hüquqi və siyasi məsələlərlə məşğuldur
və ona görə QDİƏT iqtisadi məsələlərlə
yanaşı, siyasi məsələlərlə də məşğuldur.
Ermənilərin ikinci təklifi QDİƏT tədbirləri
zamanı müzakirələrdə ərazilərin
işğalı məsələsinin qaldırılmaması
idi. Üçüncü təklifləri
isə ondan ibarət idi ki, Ermənistanın iqtisadi
blokadası aradan qaldırılsın. Ermənilərin
təklifləri ilə bağlı ilk olaraq mən
çıxış etdim və bildirdim ki, komitə,
adından da göründüyü kimi, siyasi məsələlərə
münasibət bildirməlidir. Çünki
müasir dövrdə dövlətlər arasındakı
iqtisadi münasibətlərin məzmunu ilk növbədə
siyasi münasibətlərin səviyyəsindən
asılıdır. Digər tərəfdən,
qeyd etdim ki, bu təklifin qəbul olunan deklarasiya ilə
bağlı məntiqi bağlılığı yoxdur. Digər suallara gəldikdə isə, bildirdim ki, ermənilər
onların cavablarını ilk növbədə özlərində
axtarmalıdırlar və o zaman niyə blokadada
olduqlarını yaxşı anlayacaqlar”.
İclasda daha sonra Rusiya
nümayəndəsi çıxış etdi. O qeyd etdi ki, erməni
nümayəndə heyətinin təklifləri absurddur və
deklarasiyada nəzərə alınması hüquqi
baxımdan məqbul deyil. Çıxış
edən Rumıniya, Bolqarıstan və digər ölkələrin
təmsilçiləri də erməni deputatın təkliflərinə
qarşı çıxdılar. Ermənistan
nümayəndəsi daha sonra israrla heç olmasa birinci və
ikinci məsələlərin qəbul olunmasını təklif
etdi. Lakin iki dəfə keçirilən səsvermə
zamanı bütün ölkələr erməni deputatın təkliflərinin
əleyhinə səs verdilər. Beləliklə,
Ermənistan nümayəndə heyəti QDİƏT PM-in
komitə iclasında pərt vəziyyətə
düşdü. İclasdan sonra Ermənistan
nümayəndə heyətinin rəhbəri məğlub
olduqlarını etiraf edib.
Azərbaycan təmsilçisinə
böyük etimad
Xatırladaq ki, iclasda komitənin
rəhbərliyinə seçkilər də keçirilib. Rusiya nümayəndəsi
Mixail Yemelyanov komitənin sədri, Eldar Quliyev isə komitə
sədrinin müavini vəzifəsinə seçiliblər.
Azərbaycan nümayəndə heyəti rəhbərinin
QDİƏT PM-in İqtisadiyyat komitəsinin sədri
seçilməsi imkanı olsa da, o, Hüquqi və siyasi məsələlər
üzrə komitənin sədr müavini seçilməyə
üstünlük verib. Çünki
iqtisadi qurum olmasına baxmayaraq, QDİƏT PM-in
aparıcı komitəsi Hüquqi və siyasi məsələlər
üzrə komitədir. İki ildən
sonra Rusiya təmsilçisinin səlahiyyətləri başa
çatdıqdan sonra komitəyə sədrlik Azərbaycan
nümayəndəsinə keçəcək.
Eldar Quliyev Rostovda Mədəniyyət,
elm və təhsil komitəsinin iclasında da iştirak edib. Komitənin əsas müzakirə mövzusu sosial məsələlər
olub. Çıxış edən Eldar
Quliyev ölkəmizdə uğurla həyata keçirilən
sosial siyasətdən bəhs edib. Qeyd
olunub ki, bu gün Azərbaycanın dövlət büdcəsinə
nəzər saldıqda ilk növbədə onun
sosialyönümlü olduğunu görərik. “Azərbaycan dövləti öz vətəndaşlarının
yüksək sosial rifahının təmin edilməsi
üçün lazım olan bütün addımları
atır. Bunu yeni yaradılan iş yerləri,
yoxsulluğun minimuma endirilməsi, gənc ailələrin mənzillə
təminatı üçün sosial evlərin tikintisi, kadr
seçimində gənclərin irəli çəkilməsi,
əhaliyə göstərilən tibbi xidmətlərin ildən-ilə
yüksəlməsi, hər kəsin təhsil almaq hüququ və
sair bu kimi məsələlər təsdiq edir”, - deyə Eldar
Quliyev çıxışında vurğulayıb.
Qəhrəman həmvətənlərimizin
xatirəsi əbədiləşir
Eldar Quliyev onu da bildirdi ki,
Rostovda olduqları müddətdə onları
qarşılayan Rostov vilayətinin parlament nümayəndələrindən
və vilayət rəhbərliyindən xoş münasibət
görüblər. Hətta hava limanında nümayəndə
heyətimizi yüksək çinli rəsmilər
qarşılayıblar. Bunun bir səbəbi
əgər iki ölkə arasındakı mehriban qonşuluq münasibətləridirsə,
digər səbəbi Rusiyanın bu regionda Azərbaycan
xalqına olan böyük ehtiramıdır. Bu da ondan irəli gəlir ki, İkinci Dünya
müharibəsində azərbaycanlılardan ibarət
416-cı Taqanroq diviziyası Şimali Qafqazda alman faşistlərinə
qarşı qəhrəmanlıqla mübarizə
aparmışdır. Şimali Qafqazdan
Berlinədək şərəfli döyüş yolu
keçmiş 416-cı Azərbaycan atıcı diviziyası
cəbhədə göstərdiyi hünərlə,
qazandığı qələbələrlə adını
tarixə yazdırmışdır. Rostov
vilayətinin Taqanroq şəhərinin azad edilməsindən
sonra isə göstərdiyi şücaətlərə
görə diviziyaya “Taqanroq diviziyası” fəxri adı
verilmişdir. “Rostovda keçirdiyimiz
görüşlərdə istər yerli deputatlar, istər
vilayət rəhbərliyi “Taqanroq diviziyası”ndan
ağızdolusu söz açdılar, azərbaycanlıların
burada göstərdiyi qəhrəmanlığın daim
yaddaşlarında yaşadığını bildirdilər.
Hər il mayın 9-da Qələbə Günündə yerli
rəhbərlik və sakinlər mütləq Taqanroqda
diviziyanın şərəfinə ucaldılmış abidəni
ziyarət edir, həlak olan azərbaycanlıların xatirəsini
dərin ehtiramla yad edirlər”, - deyə Eldar Quliyev bildirdi.
Eldar Quliyev dedi ki, Taqanroqda 416-cı
Azərbaycan atıcı diviziyasının şərəfinə
ucaldılmış abidə Rostov vilayətinin sakinləri
üçün müqəddəs and yeridir. Bu
abidə ulu öndər Heydər Əliyevin dəstəyi nəticəsində
qurularaq ərsəyə gətirilib. Hələ ötən
əsrin sonlarında Rostov vilayətinin sakinləri o dövrdə
Azərbaycana rəhbərlik edən Heydər Əliyevdən
bu torpaqlarda döyüşən azərbaycanlıların
xatirəsinə memorial abidənin yaradılması
üçün kömək göstərməyi xahiş
ediblər: “Onların xahişini yerinə yetirən Heydər
Əliyevin dəstəyi ilə 416-cı və 130-cu
diviziyaların əsgərlərinin xatirəsinə Taqanroqda
abidə ucaldılmışdır. 1980-ci il
mayın 7-də abidənin açılışı olub və
mərasimdə xalqımızın böyük oğlu Heydər
Əliyev iştirak edib”.
Xatırladaq ki, ulu öndər Heydər
Əliyev sonralar bu barədə “Mən iftixar hissi
keçirirdim ki, Rusiyanın mərkəzi nöqtələrindən
birində Azərbaycan əsgərinin, diviziyasının qəhrəmanlığını
sübut edən böyük bir kompleks, - o, adi bir heykəl
deyil, böyük bir kompleksdir, Stalinqrad kompleksinə bərabərdir,
- yaratdıq”, - deyə bildirmişdir.
Prezident İlham
Əliyevdən böyük töhfə
Rostov vilayəti ictimaiyyətində
Azərbaycana ehtiramı artıran digər səbəb isə
Azərbaycanın dəstəyi ilə bu abidənin restavrasiya
edilməsidir.
Bu barədə danışan Eldar Quliyev dedi ki, Prezident
İlham Əliyevin göstərişi ilə bir neçə
il əvvəl bu abidənin bərpası
üçün vəsait ayrılıb. 2012-ci il
mayın 9-da isə abidə kompleksinin əsaslı təmirdən
sonra təntənəli açılışı olub. Abidənin Azərbaycan tərəfindən təmiri
bu gün Rostov ictimaiyyəti tərəfindən yüksək
qiymətləndirilir və bunu Eldar Quliyevlə
görüşlərdə Rostov vilayətinin qubernatoru və
parlamentin spikeri xüsusi qeyd ediblər. Onlar
bu abidənin yaradılmasına görə Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini
daim uca tutduqlarını bildiriblər.
Azərbaycan Milli Məclisinin
QDİƏT PM-dəki nümayəndə heyəti və
QDİƏT PM-in baş katibi Asəf Hacıyev Taqanroqda
İkinci Dünya müharibəsində həlak olmuş
soydaşlarımızın xatirəsinə
ucaldılmış bu abidəni də ziyarət ediblər.
Eldar Quliyevin sözlərinə görə, abidə kompleksinə
yaxınlaşdıqda insanı həssas hislər
bürüyür: “Mənim ailəmdən və yaxın
qohumlarından 7 nəfər, o cümlədən atam və əmilərim
İkinci Dünya müharibəsində iştirak ediblər. Onlardan beşi döyüşlərdə həlak
olub. Taqanroq abidəsi də məhz azərbaycanlıların
şərəfinə ucaldılıb. Ona
görə bu kompleksi ziyarət etmək hər birimiz
üçün təsirli idi. Orada
gördüklərimiz bizi həm də çox
qürurlandırdı. Çünki Rostov
vilayəti və Taqanroq ictimaiyyətinin müharibədə həlak
olmuş soydaşlarımıza olan ehtiramını görmək
olduqca fərəhli və qürurverici idi. Və abidəni ziyarət edərkən, ulu öndər
Heydər Əliyevin dediyi kimi, azərbaycanlı
olmağımızla bir daha fəxr etdik”.
Beləliklə, Azərbaycan
nümayəndə heyətinin QDİƏT PM-in komitə
iclaslarında iştirak etmək üçün Rusiyanın
Rostov şəhərinə səfəri həm məhsuldar, həm
də maraqlı keçib.
Söhbəti
yazdı:
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.- 2017.-3 noyabr.- S.5.