Dostluq və mehriban qonşuluq
nümunəsi
Prezidentlərin Tehran Zirvə görüşü Xəzər regionunun dinamik
inkişafı üçün yeni imkanlar açır
Öz xarici siyasətini beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında quran müstəqil Azərbaycan dünyada gedən proseslərə də eyni mövqedən yanaşır.
Ölkəmizin dünyada sülh və sabitliyə dəstəyini ifadə edən mövqeyi Prezident İlham Əliyevin siyasi fəaliyyətində tam əksini tapır. Dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət dünyada irqi, milli, etnik və digər zəmində baş verən qarşıdurmalar fonunda Qafqazda sülhə və onun qorunmasına xidmət edir. Bir vaxtlar dünya xəritəsində tanınmayan, bədnam erməni lobbisinin təsiri ilə müxtəlif təzyiqlərə, təhdidlərə, ədalətsizliklərə məruz qalan, informasiya blokadası şəraitində haqlı mövqeyini dünyaya çatdıra bilməyən respublikamız bu gün tamam fərqli statusda çıxış edir.
Praqmatik və rasional xarici
siyasət
Bu gün Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına, qlobal məsələlərə, Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verən fəal aktor və regional güc kimi qəbul edilməkdədir. Həmçinin Azərbaycanın Qərb və Şərq sivilizasiyaları, eyni zamanda Şimal və Cənub arasında dəhliz rolunu oynaması əhəmiyyətli ölkə kimi onun nüfuzunu ortaya qoyur. Əlbəttə ki, Azərbaycanın bu cür nailiyyətlərinin praqmatik və rasional xarici siyasət kursu nəticəsində əldə olunduğu da hər kəsə bəllidir. Azərbaycan ayrı-ayrı xarici dövlətlərlə, o cümlədən qonşu ölkələrlə ikitərəfli münasibətlərinə xüsusi əhəmiyyət verir. Regionda qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq siyasətini seçən Azərbaycan münasibətləri mehriban qonşuluq, bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi, qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq prinsipləri əsasında qurmağa çalışır. Noyabrın 1-də Tehranda keçirilən Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli Zirvə görüşü də bunu təsdiq edir.
Regional əməkdaşlığa yeni təkan
verən Zirvə görüşü
Öncə xatırladaq ki, bu əməkdaşlığın yeni formatının əsası Prezident İlham Əliyevin təşəbbüsü ilə ötən ilin avqustunda Bakıda qoyulub. Tarixdə ilk dəfə olaraq Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşü keçirildi. Bu görüşdə ölkələr arasında ticari əlaqələr, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inşası və Xəzərin statusu ilə bağlı məsələlər əsas müzakirə mövzusu oldu. Azərbaycan, Rusiya, İran prezidentlərinin Zirvə görüşünün yekun deklarasiyası imzalandı. Azərbaycanın təşəbbüsü və üç dövlət başçısının iştirakı ilə Cənubdan Şimala qədər böyük bir nəqliyyat dəhlizinin qurulması barədə razılığa gəlindi.
Regional əməkdaşlığa yeni təkan verən birinci zirvə görüşü ilk növbədə bölgədə təhlükəsizliyin, sabitliyin, iqtisadi inkişafın təmin olunmasına xidmət edərək iqtisadi əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılması üçün yaxşı imkan yaratdı.
Üçtərəfli ticari
mübadilə, yaşıl gömrük
zonasının yaradılması
Tehranda keçirilən ikinci Zirvə görüşündə də dövlət başçıları çox mühüm məsələləri müzakirə etdilər.
Dövlət başçıları ilk olaraq üç ölkə arasında tranzit potensialının daha da genişləndirilməsi, Asiya ilə Avropa arasında əlverişli tranzit imkanlarının yaradılması istiqamətində müzakirələr aparıblar. Eləcə də avtomobil yolları və dəniz nəqliyyatı sahəsində də əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə mövzusu olub.
İqtisadi sahədə üç ölkənin əlaqələrinin daha da gücləndirilməsi ilə bağlı qərar qəbul edən prezidentlər, həmçinin yaşıl gömrük zonasının yaradılmasını və vahid gömrük standartlarının tətbiq edilməsini məqsədəuyğun hesab ediblər.
Bununla yanaşı, Zirvə görüşündə bankçılıq sahəsində əməkdaşlığın genişləndirilməsi, milli valyutadan istifadə olunması məsələsinə toxunulub. İran ilə Azərbaycan, İran ilə Rusiya, eləcə də üç ölkənin bir-biri ilə ikitərəfli və üçtərəfli ticari mübadilələrdə özlərinin milli valyutalarından istifadə imkanları müzakirə edilib. Sonda dövlət başçıları Zirvə görüşünün Birgə Bəyannaməsini imzalayıblar.
Ticarət dövriyyəsinin artırılması,
qarşılıqlı sərmayə qoyuluşu
Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev vurğuladı ki, üçtərəfli format iqtisadi əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılması üçün yaxşı imkan yaradıb. Ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu gündəlikdə olan vacib məsələlərdəndir.
Prezident bildirdi ki, Azərbaycanın Rusiya və İran ilə ticarət dövriyyəsi 2017-ci ilin yanvar-sentyabr aylarında 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Keçənilki Zirvə görüşündən sonra İran şirkətləri Azərbaycanda avtomobil və dərman preparatları zavodlarının tikintisinə iri həcmdə sərmayələr qoyublar. Rusiya şirkəti isə daha bir dərman preparatları zavodunun tikintisinə böyük sərmayə yatırır. Azərbaycan da öz növbəsində hər iki ölkəyə sərmayə qoyuluşunu artırır. Bu sərmayə layihələri qarşılıqlı dostluğun və inamın təzahürüdür. Tehran Zirvə görüşü də üç ölkənin biznes dairələrinin daha da ruhlandırılmasına və qarşılıqlı sərmayə qoyuluşunun artırılmasına xidmət edəcək.
Azərbaycan həm İran, həm
də Rusiya ilə öz
enerji xətlərini birləşdirib
Üç ölkənin neft-qaz sahəsində də uğurlu əməkdaşlıq həyata keçirdiyini söyləyən dövlətimizin başçısı İran və Rusiya şirkətlərinin 20 ildən artıqdır ki, Xəzərin Azərbaycan sektorunda neft-qaz yataqlarının işlənilməsində iştirak etdiklərini diqqətə çatdırdı.
Azərbaycan Prezidenti vurğuladı ki, üç ölkə arasında elektroenergetika sahəsində də əməkdaşlıq inkişaf edir. Azərbaycan həm İran, həm də Rusiya ilə öz enerji xətlərini birləşdirib. Azərbaycanın və Rusiyanın enerji sistemləri paralel iş rejimində fəaliyyət göstərir. İki ölkənin enerji sistemlərini “Xaçmaz-Dərbənd” və “Yalama” elektrik verilişi xətləri birləşdirir. İran-Azərbaycan enerji sistemlərini isə “İmişli-Parsabad” elektrik xətləri birləşdirib. Araz çayında Ordubad və Marazad Su Elektrik stansiyalarının tikintisi haqqında imzalanmış saziş qüvvəyə minmiş və icra edilir. Ordubad Su Elektrik Stansiyasının tikintisi uğurla gedir.
Nəqliyyat sektorunda üçtərəfli əməkdaşlıq yaxşı nəticələr verir. Bu il Azərbaycan öz dəmir yolunu İran sərhədinə qədər inşa edib. Azərbaycan Astara çayı üzərində 82 metr uzunluğunda dəmir yolu körpüsü tikərək istifadəyə verib. Bundan əlavə, İran ərazisində 1,4 kilometr yol və terminallar tikilməsi üçün 35 hektarlıq ərazi Azərbaycan tərəfindən uzunmüddətli icarəyə götürülüb.
Keçən Zirvə görüşündən ötən dövr ərzində çox önəmli hadisələr baş verib. Cəmi bir ildən bir qədər çox vaxt keçməsinə baxmayaraq, ötən il əldə edilmiş razılaşmalar həyatda öz əksini tapır. Azərbaycanın Rusiya ilə bu il ticarət dövriyyəsi 60 faizdən, İranla isə 30 faizdən çox artıb. Keçən il İran-Azərbaycan ticarət dövriyyəsi isə 70 faiz yüksəlib. Bu, ilk növbədə üç ölkə arasında səmimi dostluq münasibətlərinin mövcudluğunu təsdiqləyir.
Dəmir yollarında daşınma tarifləri
razılaşdırılıb
Bu il həmçinin üç
ölkə arasında dəmir yollarında daşınma
tarifləri razılaşdırılıb və Azərbaycan-Rusiya
sərhədindən Azərbaycan-İran sərhədinə qədər
dəmir yolu istismara tam hazır vəziyyətə gətirilib: “Bu yol “Şimal-Cənub nəqliyyat
dəhlizi”nin önəmli hissəsidir. Azərbaycan, eyni zamanda İran
ərazisində Astara-Rəşt dəmir yolunun
tikintisinin maliyyələşdirilməsində
iştirak etməyə hazırdır.
Artıq İran tərəfi ilə
Astara-Rəşt dəmir yolunun tikintisi və avadanlıqla təchiz
olunması layihəsi üzrə 500 milyon
dollar dəyərində kredit
sazişi ilə bağlı
danışıqlar uğurla başa çatmışdır. Gələn il Bakı-İran sərhədi müasir magistral avtomobil yolu istismara veriləcək. Bakı-Rusiya sərhədi magistral
avtomobil yolunun son hissəsinin inşası da gələn il ən yüksək
səviyyədə başa
çatdırılacaq”.
İran, Rusiya, Azərbaycan üçtərəfli əməkdaşlığının
regionda təhlükəsizliyin,
sabitliyin, iqtisadi inkişafın təmin olunmasına xidmət etdiyini söyləyən Prezident İlham Əliyev vurğuladı ki, ölkələrimiz dostluq və mehriban qonşuluq nümunəsi göstərir. İkinci Zirvə
görüşündəki razılaşmalar və
Tehran Bəyannaməsinin icra
edilməsi nəticəsində
daha da yaxşı
nəticələr əldə
ediləcək.
Beynəlxalq münasibətlər
sisteminin suveren aktoru
Bu gün
regional əməkdaşlığın gücləndirilməsi üçün
böyük işlər
görən Azərbaycan
dövləti həm də qlobal enerji layihələrinin təşəbbüskarıdır. Bu isə geniş regional əməkdaşlığa öz
töhfəsini verir.
Beynəlxalq münasibətlər sisteminin suveren aktoru olan Azərbaycanın
dinamik inkişafının
əsasında səmərəli
iqtisadi-siyasi kurs dayanır. Cənubi Qafqaz geosiyasi
məkanının lideri
olan Azərbaycanın
iştirakı ilə
regional miqyaslı, qlobal
xarakterli strateji layihələrin reallaşdırılması,
eləcə də ölkəmizin beynəlxalq
nüfuzunun daha da artması, ikitərəfli və çoxtərəfli əlaqələrin
möhkəmlənməsi bu
kontekstdə xüsusi
olaraq qeyd edilməlidir. Bütün bunlar
Azərbaycanın beynəlxalq
münasibətlər sistemindəki
öncül və vacib yerdə dayandığına işarədir.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2017.-3 noyabr.- S.6.