Şərqin və türk
dünyasının ən demokratik
respublikasını Azərbaycan xalqı yaradıb
Noyabrın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan tarixin yolayrıcında: təlatümlü 1917-ci il” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Tədbir Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli sərəncamına əsasən Tarix İnstitutu, “Azərbaycan tarix qurumu” və “Azərbaycan tarixçiləri” ictimai birlikləri tərəfindən təşkil olunub. Azərbaycan tarixçiləri ilə yanaşı, Türkiyə, Albaniya, Rusiya, Özbəkistan, Polşa, Finlandiya və başqa ölkələrdən olan alimlər elmi məruzələrini konfransa təqdim ediblər. Plenar iclasda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tariximizin şərəf səhifəsi olduğunu bildirən Tarix İnstitutunun direktoru akademik Yaqub Mahmudov deyib: “Dünyanın, Şərqin və türk dünyasının ən demokratik respublikasını Azərbaycan xalqı yaradıb. Bütün Şərq üçün biz nümunə göstərdik. Türkiyədə cümhuriyyət Azərbaycandan beş il sonra, yəni 1923-cü ildə yaradılıb”.
Akademik vurğulayıb ki, ulu öndər Heydər Əliyevin vəsiyyətinə uyğun olaraq Tarix İnstitutu 2004-2005-ci illərdə ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” çap etdirib. Bu ensiklopediya AXC tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəridir.
Tarix İnstitutunun şöbə müdiri, “Azərbaycan tarix qurumu” İctimai Birliyinin sədri Tofiq Mustafazadə Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamının əhəmiyyətini diqqətə çatdırıb.
Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Fəzail İbrahimli, alimlər İradə Bağırova, Sevinc Əliyeva, Atilla Jorma və başqaları bildiriblər ki, 1917-ci ilin noyabrında Bakıda və bütünlüklə Bakı quberniyasında hakimiyyəti ələ keçirmiş Stepan Şaumyanın başçılıq etdiyi qanlı daşnak-bolşevik rejimi qabaqcadan xüsusi hazırlıq apararaq düşünülmüş və planlı şəkildə Azərbaycan xalqına qarşı kütləvi soyqırımı aktı həyata keçirib.
Beynəlxalq
konfrans plenar iclasdan sonra işini “1917-ci il Fevral inqilabından sonra Şimali Azərbaycanda ictimai-siyasi
vəziyyət”, “Rusiya müsəlmanlarının
I qurultayı”, “Oktyabr çevrilişi
və Azərbaycan” və “Azərbaycan xalqının və Rusiya imperiyasının digər
xalqlarının azadlıq hərəkatı” bölmələrində
davam etdirib.
Azərbaycan.- 2017.-3 noyabr.- S.6.