Strateji tərəfdaşlığın
ali zirvəsi
Müasir geosiyasi şəraitdə
Azərbaycanın ən etibarlı strateji tərəfdaşı
olan Türkiyə Respublikası ilə münasibətlərin
möhkəmləndirilib daha da genişləndirilməsi
ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir.
Azərbaycanla onun tarixi strateji
müttəfiqi olan Türkiyə arasında münasibətlər
yüksək səviyyədə inkişaf edir və bu əlaqələr
getdikcə daha da intensiv şəkil alır. Təbii ki, iki
ölkə bu əlaqələrdən faydalanaraq istər
region, istərsə də dünya dövlətləri ilə
maraqlarının tam qorunması əsasında əməkdaşlıq
qurmağa imkan verən və onu inkişaf etdirmək
üçün ümumi strategiyaya əsaslanan siyasət həyata
keçirir.
Sarsılmaz
qardaşlıq, ən yaxın müttəfiqlik
Azərbaycan regionda lider dövlət
olmaqla bərabər həmçinin təhlükəsizlik,
dövlətlərarası əlaqələr mərkəzinə
çevrilən bir ölkədir. Bu gün Azərbaycan-Türkiyə
dostluğu, qardaşlığı, birliyi bölgə
üçün önəmli amildir, sabitləşdirici rol
oynayır.
Müstəqilliyinin cəmi 26
yaşı olan Azərbaycan Türkiyə Respublikası
üçün ən önəmli strateji tərəfdaşdır
və iki dövlət arasındakı ticarət, siyasi,
iqtisadi, təhsil, səhiyyə, hərbi, mədəniyyət,
turizm və digər sahələrdə əməkdaşlıq
getdikcə güclənir.
Yaxın tariximizə ekskursiya edək.
Azərbaycanın dünya birliyinə inteqrasiyasında,
regional təhlükəsizliyin qorunmasında, ümumiyyətlə,
ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni
maraqlarının reallaşmasında Türkiyə dövləti
ilə hərtərəfli əməkdaşlığın
genişlənməsinə xüsusi əhəmiyyət verən
ümummilli lider Heydər Əliyev bu əlaqələrin
yüksələn xətt üzrə inkişafını təmin
etdi. 1994-cü il sentyabrın 20-də imzalanmış
“Əsrin müqaviləsi”nin xarici neft şirkətlərinin
konsorsiumunda “Türk petrolları”nın təmsil olunması
Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın
inkişafının ilk əsas təzahürü idi.
Ümumiyyətlə, Azərbaycan
regiondakı qlobal iqtisadi layihələrin həyata
keçirilməsində Türkiyənin yaxından
iştirakına daim xüsusi diqqət yetirir. Birlikdə həyata
keçirilən qlobal iqtisadi layihələr -
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri,
TANAP və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri iki
qardaş ölkəyə böyük dividendlər verir.
İmzalanan yeni sazişlər əməkdaşlığı
daha da genişləndirəcək
Oktyabrın
31-də Bakıda iki ölkənin prezidentlərinin
iştirakı ilə keçirilən Azərbaycan-Türkiyə
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının altıncı iclası və imzalanan yeni
sazişlər bütün deyilənləri bir daha təsdiqləyir.
Öncə onu deyək ki, bu iclasda
iki ölkə arasında siyasi əlaqələr, beynəlxalq
təşkilatlardakı birgə fəaliyyət, iqtisadi, hərbi,
hərbi-texniki əməkdaşlıq, enerji, nəqliyyat məsələləri
ilə bağlı mövcud durum və gələcək
planlar müzakirə edildi. Dövlət
başçılarının iştirakı ilə iki
ölkə arasında ali təhsil sahəsində əməkdaşlığa
dair anlaşma memorandumu, təhsil sahəsində əməkdaşlıq
haqqında saziş, preferensial ticarət sazişinin
imzalanmasına dair anlaşma memorandumu, müdafiə sənayesi
sahəsində əməkdaşlıq haqqında saziş,
yem bitkiləri toxumu istehsalı və
sertifikatlaşdırılması sahəsində əməkdaşlıq
haqqında saziş imzalandı.
21 milyard
dollarlıq qarşılıqlı sərmayə
Xatırladaq ki, bu il Azərbaycanda
üç dəfə - iki dəfə Bakıda, bir dəfə
Naxçıvanda birgə hərbi təlimlər
keçirilib. Bu da hərbi sahədə əməkdaşlığı
gücləndirən amildir. Eyni zamanda, iki ölkə
arasında hərbi texniki sahədə birgə fəaliyyət
davam edir. Türkiyənin gündən-günə inkişaf
edən hərbi sənaye kompleksi Azərbaycan
üçün böyük maraq kəsb edir və ölkəmiz
Türkiyədən hərbi təyinatlı məhsulları
alır və bundan sonra da alacaq.
İqtisadi sahədə
imzalanmış sənəd də böyük əhəmiyyət
kəsb edir. Preferensial, yəni, imtiyazlı ticarət
sazişi böyük məna daşıyır. Bu sazişin
qüvvəyə minməsi nəticəsində iki ölkə
arasında olan ticarət dövriyyəsi də böyük dərəcədə
artacaq.
İki ölkə arasında
qarşılıqlı sərmayə qoyuluşu da yüksəlir.
Bu günə qədər Azərbaycandan Türkiyəyə
10 milyard, Türkiyədən Azərbaycana isə 11 milyard
dollar sərmayə qoyulub. Yeni sazişlər bu sərmayələrin
həcmini artıracaq və Azərbaycandan Türkiyəyə
yatırılacaq sərmayənin 20 milyard dollara
çatdırılması planlaşdırılır.
Bakı-Tbilisi-Qars
dəmir yolu böyük qələbəmizdir
Yüksək Səviyyəli
Strateji Əməkdaşlıq Şurasının
altıncı iclasının, keçirilən
görüşlərin və imzalanan sənədlərin əhəmiyyətini
vurğulayan Prezident İlham Əliyev qeyd etdi ki, dövlət
başçılarının həm təkbətək
görüşündə, həm nümayəndə heyətlərinin
iştirakı ilə keçirilən tədbirdə
Türkiyə-Azərbaycan əlaqələrinin ən yüksək
səviyyədə olduğu bir daha təsdiqini tapıb:
“Dünyada bir-birinə yaxın olan, bir-birinə bu qədər
dəstək verən ikinci ölkə yoxdur. Türkiyə-Azərbaycan
dostluğu, qardaşlığı, birliyi bu gün ən
yüksək zirvədədir... Biz qarşıya qoyduğumuz
hədəflərə doğru inamla irəliləyirik.
Əminəm ki, TANAP layihəsi yaxın zamanlarda başa
çatacaq. Bu layihənin icrası ilə bağlı
heç bir problem yoxdur. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi
isə artıq istismara verildi. Bu, bizim böyük
uğurumuzdur, böyük qələbəmizdir. Bu, bir daha
göstərir ki, Türkiyə və Azərbaycanın
iştirak etdikləri və təşəbbüskarları
olduqları bütün layihələr icra edilir”.
Dövlət
başçısı vurğuladı ki, bu gün Türkiyə-Azərbaycan
dostluğu, qardaşlığı, birliyi bölgə
üçün önəmli amildir və sabitləşdirici
rol oynayır. Güclənən Türkiyə Azərbaycanın
gücünü artırır. Bu da bir daha əminlik
yaradır ki, hər iki ölkə bundan sonra da ancaq
inkişaf, tərəqqi və qələbə yolu ilə gedəcək.
Türkiyə-Azərbaycan birliyi, qardaşlığı əbədi
olacaq.
Naxçıvandan
Türkiyəyə ildə 120 milyon dollarlıq idxal həcmi
Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan vurğuladı ki, bu gün siyasi, hərbi,
iqtisadi, ticari, mədəni sahələrdə Türkiyə-Azərbaycan
həmrəyliyi güclənməkdə davam edir.
Qarşılıqlı səfərlər, nazirlərin
intensiv görüşləri Türkiyə ilə Azərbaycan
arasındakı əlaqələrin, həmrəyliyin
hansı səviyyədə olduğunu göstərir.
Xüsusilə, son zamanlar müdafiə sənayesi sahəsindəki
həmrəyliyik böyük əhəmiyyət kəsb edir.
Türkiyə və Azərbaycan
arasında ticarət dövriyyəsinin həcminin 1,6 milyard
dollar olduğunu söyləyən Türkiyə Prezidenti
vurğuladı ki, qısa müddətdə bu rəqəm 5
milyard dollara yüksələcək: “Türkiyə və Azərbaycan
hər sahədə bu addımları atacaq. Nazirlər
Kabinetimiz bir qərar qəbul edib. Qarşıya
Naxçıvandan Türkiyəyə ildə 120 milyon
dollarlıq idxal həcmi hədəfini qoyduq. Beləliklə,
Naxçıvanı daha da inkişaf etdirmək,
canlandırmaq üçün “Sən yalnız deyilsən,
qardaş” deməyin, İnşallah, addımını
atacağıq”.
Pozitiv nəticələr,
uğurlar və nailiyyətlər
Əminliklə söyləmək
olar ki, Bakıda keçirilən Azərbaycan-Türkiyə
Strateji Əməkdaşlıq Şurasının
toplantısında və dövlət
başçılarının təkbətək
görüşündə müzakirə edilən məsələlər
iki ölkə arasındakı möhkəm və sıx əməkdaşlığı
daha da gücləndirəcək. İmzalanan yeni sənədlər
şübhəsiz ki, mövcud ikitərəfli əməkdaşlığın
hüquqi bazasını daha da möhkəmləndirəcək.
Azərbaycan və Türkiyə prezidentləri arasında
keçirilən hər bir görüşdə əldə
olunan razılaşmalar yaxın gələcəkdə region
üçün pozitiv nəticələr, uğurlar və
nailiyyətlər vəd edir.
Türkiyə Prezidentinin söylədiyi
kimi, Azərbaycan müstəqilliyini bərpa etməsindən
bu günə qədər keçən müddət ərzində
ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi
siyasi kurs və Prezident İlham Əliyevin rəhbərliyi
altında regionda sabitliyin, əməkdaşlığın,
eyni zamanda, mədəniyyətlərarası
tolerantlığın alınmaz qalasına çevrilib. Digər
tərəfdən, qlobal transmilli layihələrin təşəbbüskarı
və onların reallaşmasında lider mövqeyə malik Azərbaycan
regionda ikitərəfli və üçtərəfli əməkdaşlıq
formatlarının da əsas təşəbbüskarı və
aparıcı fiquru kimi öz yerini, mövqeyini kifayət qədər
möhkəmləndirib.
Bütün bu uğurlar əlbəttə
ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti,
prinsipiallığı və beynəlxalq aləmdə
qazandığı yüksək etimad sayəsində
reallaşıb. Dünyanın siyasi və iqtisadi məkanında
mövqeyini gündən-günə gücləndirən Azərbaycanın
adı artıq inkişaf etməkdə olan ölkələr
sırasında çəkilir.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.
- 2017.-4 noyabr.- S.1; 3.