Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii
heyətinin işçilərinin sosial
müdafiəsinin gücləndirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan mədəniyyətinin inkişafında, müasir ifaçılıq sənətimizin, milli və dünya klassik musiqisinin təbliğində uzunillik səmərəli fəaliyyəti ilə seçilən Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin rolunu nəzərə alaraq, onun işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə qərara alıram:
1.2017-ci il noyabrın 1-dən Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii heyətinə aid olan işçilərinin aylıq vəzifə maaşlarına 500 manat məbləğində Azərbaycan Respublikasının Prezidentinin əlavəsi müəyyən edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına “Akademik” statusun verilməsi barədə qərarını 2017-ci il noyabrın 1-dən tətbiq etsin.
2.2. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
3 noyabr 2017-ci il
Azərbaycan.-
2017.-4 noyabr.- S.2.