Məşhur diktor Rafiq Hüseynov son mənzilə yola salındı
Rəşid Behbudov adına Dövlət
Mahnı Teatrında izdihamdan tərpənmək
olmurdu. Həmişə ekranda, efirdə
görməyə adət
etdiyimiz Xalq Artisti, məşhur diktor Rafiq Hüseynovun
qara lentlə haşiyələnmiş portreti
sanki çiçək
yağışına qərq
olmuşdu.
AZƏRTAC xəbər
verir ki, mərhum diktorun vida mərasiminə dövlət rəsmiləri,
sənətkarın ailə
üzvləri, yaxınları,
sənət dostları,
elm və mədəniyyət
xadimləri, ziyalılar,
ictimaiyyət nümayəndələri
ilə yanaşı, onun çoxsaylı pərəstişkarları da
toplaşmışdı.
Rafiq Hüseynov ömrünün
erkən çağlarından
həyatını televiziyaya
bağlayıb. Hələ 17 yaşında işıqçı
işləməyə başlayıb
və sədr müavini vəzifəsinədək
uzun yol keçib. 1966-cı ildən diktorluq fəaliyyətinə başlayan
Rafiq ekrana səmimiyyət, nitq mədəniyyəti gətirdi.
O, efirdə yazıçı
ilə yazıçı,
musiqiçi ilə musiqiçi, teatr işçisi ilə teatrşünas kimi danışırdı, həm
informasiya, həm bədii, həm də ictimai-siyası mətni mövzuya uyğun ahəng və avazla səsləndirirdi. Rafiq Hüseynov
keçmiş sovetlər
ittifaqı məkanında
ən yaxşı diktorlardan biri idi. Moskvadan mərkəzi televiziyada
işləməyə dəvət
alsa da, bu təklifi qəbul etməmiş, doğma televiziyanı üstün tutmuşdu...
Bütün bunlar barədə Mahnı Teatrında keçirilən vida mərasimində danışılıb. Mərasimin aparıcısı
teatrşünas, professor İlham
Rəhimli Azərbaycan
Televiziyasında diktorluq
ənənələrinin layiqli
davamçısı olan
Rafiq Hüseynovun keçdiyi sənət yolundan, bənzərsiz istedadı və təkrarsız üslubundan
ətraflı bəhs
edib. Qeyd olunub ki, Rafiq efirdə həmsöhbətinə geniş
imkan yaradır, öz mədəniyyəti,
təmiz, səlis və cazibəli nitqi, ən başlıcası, səs
tembri ilə hamını heyran edirdi.
Xalq Artisti, rejissor Ramiz Həsənoğlu, mərhum
diktorun həmkarları
Əli Məmmədov
və Eldost Bayram, yetirmələri Nərgiz Cəlilova və Rafiq Haşımov
və başqaları
Rafiq Hüseynov sənətinin ən müxtəlif məziyyətlərindən
danışıb, onunla
bağlı xatirələrini
bölüşüblər. Əməkdar Artist Gülşən Əkbərova isə onu virtuoz diktor
adlandırıb. Çıxışlarda vurğulanıb ki, o, ana dilimizin saflığı
keşiyində dayanmaqla
bərabər, həm
də rus dilində çox səlis və aksentsiz danışırdı.
Səsləndirdiyi diktor mətnləri,
sənədli filmlər,
aparıcısı olduğu
müəllif verilişləri
onun qiymətli yadigarı kimi televiziyanın fondunda qorunub saxlanılır.
Mərhumun tabutu qoyulmuş səhnə əklillərlə
dolu idi. Tabutun önünə
Azərbaycanın Birinci
vitse-prezidentinin, Mədəniyyət
və Turizm Nazirliyinin və digər qurumların adından əklillər qoyulmuşdu.
... Sehrli
səsi ilə hamının sevimlisi olan Rafiq Hüseynov
son mənzilə yola
salındı. Bəlkə də ilk dəfə
olaraq “Gələn görüşlərədək”
demədən getdi. Bu
payız günü Mahnı
Teatrının səhnəsi də, mərhum diktorun
tabutu da, son mənzili olan məzarı
da gül-çiçəyə büründü.
Azərbaycan.-
2017.- 4 noyabr.- S.6.