Peykimiz kosmosda uçur,
hələ avtomobil də satırıq
Neftçala Sənaye Məhəlləsi Prezident İlham
Əliyevin yeni iqtisadi
inkişaf strategiyasının bəhrəsidir
Azərbaycanın cənub-şərq hissəsi, Xəzərin sahilində səthi düzənlik, yarımsəhra çöl və şoran torpaqların geniş yayıldığı ərazi... Təbii sərvətləri neft, qaz, yod, duz tərkibli sular, tikinti əhəmiyyətli kərpic istehsalı üçün xammal və balıqdır.
Bura sənayenin inkişafı baxımından çox əlverişli məkandır. Elə 1940-cı ildə burada salınan Neftçala inzibati rayonu da sırf sənaye məntəqəsi kimi təşkil olunmuşdu. İllər keçdi və rayon Azərbaycanın qeyri-neft sənayesinin inkişafına mühüm töhfələr verməyə başladı.
Şoran torpaq və bataqlıqlar üzərində
salınan kompleks
Üç il öncə - 2014-cü il may ayının 28-i, Respublika Günündə Neftçalaya səfər edən Prezident İlham Əliyev xüsusi göstəriş verdi: “...İctimaiyyət və rayon rəhbərliyi yer müəyyən etsin. Həmin ərazidə dövlət hesabına infrastruktur layihələri icra olunacaq. Bütün kommunikasiyalar çəkiləcək və sahibkarlara şərait yaradılacaq ki, onlar orada öz sənaye müəssisələrini qursunlar. Dövlət də öz tərəfindən maliyyə dəstəyini göstərəcək”.
Dövlət başçısının göstərişindən sonra ərazi müəyyənləşdirildi və 2015-ci il fevral ayının 2-də məhz Neftçala rayonunda Azərbaycanın ilk sənaye məhəlləsinin yaradılması haqqında sərəncam imzalandı. Sənaye məhəlləsinin inşası üçün 10 hektar torpaq sahəsi ayrıldı. Lakin ərazi şoran və bataqlıq olduğu üçün burada tikinti işləri aparmaq çətinlik yaradırdı. Torpağın istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün bir müddət drenaj, bərkidilmə-qurudulma işləri aparıldı və bundan sonra sürətli tikinti-quruculuq işlərinə başlanıldı. Tez bir zamanda burada böyük sənaye kompeksi yaradıldı və 2017-ci il sentyabr ayının 24-də Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanın ilki olan Neftçala Sənaye Məhəlləsinin açılış mərasimi keçirildi.
Azərbaycanın ilk sənaye məhəlləsi
Azərbaycanda sənaye məhəllələrinin yaradılması dövlət başçısının “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2014-cü il 8 oktyabr tarixli fərmanı ilə müəyyən edilib. Sənaye məhəlləsinin yaradılmasında məqsəd sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli şəraitin təmin edilməsi və əhalinin istehsal, xidmət sahəsində məşğulluğunun artırılmasıdır. Elə Neftçala Sənaye Məhəlləsi də bu məqsədlə yaradıldı.
Azərbaycanın ilk sənaye məhəlləsində sahibkarlar üçün yaradılan şəraitlə və oradakı istehsal prosesi ilə yaxından tanış olmaq üçün Neftçalaya üz tutduq.
Abadlıq-quruculuq işlərinin geniş vüsət aldığı Neftçala şəhərinin girəcəyində inşa olunan sənaye məhəlləsi şəhərin ümumi mənzərəsinə xüsusi rəng qatır. Bir zamanlar bataqlıqlar içərisində olan bu ərazidə tikilən böyük sənaye kompleksi göz oxşayır. Məhəlləyə gedən yollar asfaltlanıb, yolların kənarına müxtəlif ağaclar əkilib və işıqlandırma sistemi ilə təchiz olunub.
9 müəssisə, 45,3 milyon
manatlıq investisiya
Sənaye məhəlləsindəyik. Burada yüksək standartlara cavab verən 7 istehsal sahəsi, ikimərtəbəli inzibati texniki və köməkçi binalar mövcuddur. Hazırda Neftçala Sənaye Məhəlləsində 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Sənaye məhəlləsinin direktoru Nəriman Xəlilov deyir ki, rezidentlər tərəfindən istehsal sahələrinin yaradılmasına 45,3 milyon manat investisiya yatırılıb. Bununla belə, iş adamlarının sənaye məhəlləsinə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir və tələbata uyğun olaraq məhəllənin ərazisi genişləndiriləcək. Sənaye məhəlləsində 500-ə yaxın daimi iş yeri açılıb. Neftçala Sənaye Məhəlləsinin idarəedici təşkilatı İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətidir.
Ümumiyyətlə, sənaye məhəlləsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazidir. Sənaye məhəllələrinin üstünlüyü ondan ibarətdir ki, ilk növbədə sahibkar öz müəssisəsi üçün infrastrukturun yaradılmasına pul xərcləmir. Yalnız icarə haqqı ödəyir. Sənaye məhəllələrinin ərazisində xarici və daxili infrastruktur (elektrik enerjisi və isitmə, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə obyektləri, inzibati obyektlər və s.) yaradılır. Sənaye məhəllələri dövlətin sənaye potensialının inkişaf zəncirində növbəti və möhkəm halqaya çevrilməklə ölkənin ixrac strukturunun qeyri-neft sektoru lehinə dəyişdirilməsinə ciddi şəkildə kömək edir.
İllik istehsal gücü
10 min avtomobildir
Azərbaycanın görkəmli satirik şairi Mirzə Ələkbər Sabir bir zamanlar “Əcnəbi seyrə balonlarla çıxır, biz hələ avtomobil minməyiriz” deyəndə haqlı idi. Ancaq bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan dövləti kosmosa peyk buraxır, xalqı isə nəinki avtomobildə gəzir, hətta bunu düzəldib ixrac da edir.
Neftçala Sənaye Məhəlləsindəki “Azərmaş” ASC - “İran Khodro” birgə avtomobil zavodunun illik istehsal gücü 10 min avtomobildir. Müasir texnologiyalar, avadanlıq və mexanizmlər əsasında qurulacaq zavodda “Runna”, “Samand”, “Soren”, “Dena”, “Peugeot-206”, “Peugeot-207”, “Renault-Tondar”, “Renault-Pickup” kimi avtomobil modelləri istehsal ediləcək. Qeyd edək ki, artıq bu model avtomobillərdən 4 min ədəd satılıb. İldə 2 min avtomobilin ixracı planlaşdırılır. Ümumi investisiya dəyəri 24 milyon manat olan müəssisəyə verilən İnvestisiya Təşviqi Sənədi hesabına təqribən 2 milyon manata qənaət edilib. Müəssisədə 300 nəfər işlə təmin ediləcək.
Suvarılmaya asan dəstək - dairəvi
suvarma sistemləri
Burada balıq, toyuq və mal-qara yemi istehsalını həyata keçirən
“KƏHF” Məhdud Məsuliyyətli Cəmiyyəti də fəaliyyət
göstərir. İllik
istehsal gücü 25
min ton olan müəssisənin
yaradılmasına 12 milyon
manat investisiya yönəldilib.
İqtisadiyyat Nazirliyinin
Sahibkarlığa Kömək
Milli Fondunun vəsaiti hesabına müəssisəyə 5,9
milyon manat məbləğində güzəştli
kredit ayrılıb. Həmin müəssisəyə
İnvestisiya Təşviqi
Sənədi verilib ki, bu, sahibkara
1,2 milyon manat vəsaitə qənaət etmək imkanı yaradır. Müəssisədə 30 nəfərə yaxın şəxs işlə təmin edilib.
Sənaye məhəlləsinin digər
bir rezidenti “Gilan PİVOT” MMC-dir. Müəssisədə
müasir texnologiyalar əsasında dairəvi suvarma sistemləri istehsal olunacaq. Bu yeni texnologiya əkin sahələrinin suvarılma sisteminin daha da asanlaşdırılmasına
xidmət edəcək.
Ümumi
investisiya dəyəri
1 milyon manat olan müəssisənin illik istehsal gücü 60-80 suvarma sistemidir. Müəssisə bu ay fəaliyyətə
başlayacaq.
Kənd təsərrüfatı
təyinatlı taralar,
polietilen suvarma boruları istehsal ediləcək
Məhəllədə plastik məmulatlar, o cümlədən kənd
təsərrüfatı təyinatlı
taralar istehsal edən “Metak” MMC-nin illik istehsal
gücü 2 milyon taradır. Müəssisəyə
1,35 milyon manat investisiya qoyulub və İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək
Milli Fondunun vəsaiti hesabına 600
min manat güzəştli
kredit verilib. Həmçinin İnvestisiya Təşviqi
Sənədi də təqdim edilib ki, bu, müəssisənin
təqribən 35 min manata
qənaət etməsinə
imkan verir. Müəssisənin məhsulları daxili
bazarda, xüsusilə
kənd təsərrüfatında
qablaşdırmaya olan
tələbatın ödənilməsində
əhəmiyyətli rol
oynayacaq.
Məhəllədəki
“Toğrul-2008” MMC isə polietilen
suvarma boruları istehsal edir. 100 min manat investisiya hesabına yaradılan müəssisənin illik istehsal gücü 360 tondur. Müəssisənin həm Neftçalada,
həm də ətrafdakı yaxın rayonlarda tullantı polietilen məhsullarının
qəbulu məntəqələri
mövcuddur. Bu məntəqələrdə toplanan
plastik tullantılar müəssisəyə gətirilərək
yenidən xammala çevrilir və həmin xammaldan polietilen suvarma boruları hazırlanır.
Hazır
məhsul ətraf rayonlarda fermerlərin bu sahədə ehtiyaclarının ödənilməsinə
yönəldilir.
Modul tipli məktəb binaları
Modul tipli məktəb binalarının quraşdırılması
ilə məşğul
olan “Providence Limited” MMC də
Neftçala Sənaye
Məhəlləsinin rezidentlərindəndir. 80 min manat investisiya yönəldilən müəssisədə
hazırda 15 nəfər
çalışır. Qeyd edək ki, modul
tipli məktəblərin
yaradılmasının üstünlüyü
onların azməsrəfli
olması ilə yanaşı, qısa müddət ərzində
istənilən relyefdə
quraşdırılması, asan daşınması, burada sinif otaqlarının
sayının şagirdlərin
sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.
Modul tipli məktəblərin digər üstünlüyü
ondadır ki, qəzalı vəziyyətdə
olan təhsil müəssisələrində təmir-tikinti işləri
aparılarkən tədris
prosesi dayandırılmır
və bu məqsədlə müvəqqəti
olaraq səyyar məktəb quraşdırılır.
Konservləşdirilmiş və
soyudulmuş təzə
balıq
Neftçala Sənaye Məhəlləsinin
daha bir iştirakçısı “Azproduct”
MMC-dir. Müasir texnologiyaların
tətbiq edildiyi müəssisə balıq
emalı və konservləşdirilməsi sahəsində
fəaliyyət göstərir. İstehsal
sahəsində ildə
7 milyon şərti banka konserv
və 500 ton soyudulmuş
təzə balıq istehsalı nəzərdə
tutulur. 1,7 milyon manat investisiya
qoyulan müəssisəyə
əlavə dövlət
dəstəyi olaraq İnvestisiya Təşviqi
Sənədi təqdim
edilib. Bu, müəssisənin
təqribən 290 min manata
qənaət etməsinə
imkan verib. İstehsal sahəsində 40 nəfər
işlə təmin edilib.
Müəssisə ilə
“Ərzaq Məhsullarının
Tədarükü və
Təchizatı” ASC arasında
balıq konservlərinin
satışına dair
2,2 milyon manat dəyərində müqavilə imzalanıb.
Kağız stəkanların
içərisində hazır
çay və kofe
“Sun Rise Production” MMC-nin sənaye məhəlləsində yaratdığı
müəssisədə isə
kağız stəkanlar
və hazır içkilər istehsal olunur. Yəni kağız stəkanların
içərisinə çay
və kofe yerləşdirilir. Bu stəkanlara sadəcə qaynar su tökməklə
içkini hazır vəziyyətə gətirmək
olur.
Xammalı Türkiyədən
alan müəssisənin
istehsal sahəsinin yaradılmasına 619 min manat
investisiya yönəldilib.
Bundan başqa, müəssisəyə
İnvestisiya Təşviqi
Sənədi verilib ki, bu da
təqribən 84 min manata
qənaət etməyə
imkan yaradır. Artıq müəssisə ayda 200
min ədəd kağız
stəkan sifarişi alıb.
Burada fəaliyyət
göstərən digər
müəssisə isə
“Petroqeoqaz” MMC-dir. Müəssisədə
əsasən kənd təsərrüfatı avadanlığı
və metal konstruksiyalar
istehsal edilir.
Sənaye məhəlləsində kiçik
sahibkarlar üçün
yaradılan emalatxanada
isə müxtəlif
məmulatlar hazırlanır. Burada kiçik
sahibkarlar üçün
hər cür şərait yaradılıb.
Ofis, sərgi-satış
mərkəzi, sığorta,
poçt, tibb məntəqəsi və kitabxana
İstehsal korpusları
ilə tanış
olduqdan sonra sənaye məhəlləsinin
direktoru Nəriman Xəlilov bizi inzibati bina ilə
də tanış etdi. Bina toplantı və
təlimlərin keçirilməsi
üçün iclas
otağından, müasir
ofis sahələrindən,
sərgi-satış mərkəzi,
tibb məntəqəsi,
poçt, yeməkxana
və sənaye məhəlləsinin idarəedici
təşkilatının istifadəsi
üçün nəzərdə
tutulan sahələrdən
ibarətdir. Burada
sahibkarlara ümumi mühasibatlıq, hüquqi
məsləhətlər, sığorta,
kitabxana, “Startup”lar üçün ofis, yeməkxana və tibbi xidmətlər
göstərilir. Sahibkarların fəaliyyətinə dəstək
üçün Neftçala
Sənaye Məhəlləsinin
bütün ərazisi
pulsuz internetlə təmin olunub.
Bir sözlə, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi,
yerli ehtiyatlardan səmərəli istifadə
etməklə sənaye
sahələrinin inkişafı,
istehsal prosesinin təşkilində infrastruktur
xərclərinin azaldılması,
sahibkarlar arasında kooperasiya əlaqələrinin
gücləndirilməsi, məşğulluğun
və məşğulluqda
sənayenin xüsusi çəkisinin artırılması
baxımından Neftçala
Sənaye Məhəlləsinin
yaradılması böyük
əhəmiyyət kəsb
edir.
Modern sənayeləşmənin real nəticəsi
Sentyabrın 24-də Neftçala Sənaye Məhəlləsi ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu məsələyə toxunan Prezident İlham Əliyev bildirmişdir ki, Neftçala rayonunun inkişafında bu sənaye məhəlləsinin böyük rolu olacaq. Onun fəaliyyəti həm rayonun, həm də ölkə iqtisadiyyatına böyük təkan verəcək. Sənaye məhəlləsinin yaradılması, əslində, bu istiqamətdə görülmüş işlərin yeni mərhələsinin başlanmasıdır. Çünki artıq dövlət başçısının müvafiq sərəncamları ilə Masallı və Hacıqabul rayonlarında da sənaye məhəllələri yaradılır.
Prezident İlham Əliyevin “Azərbaycanın gələcək inkişafı sənayenin inkişafı ilə bağlı olmalıdır” strateji xəttinə uyğun prioritet hədəf kimi reallaşdırılan iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən biri də məhz sənayeləşmə və qeyri-neft sənayesinin inkişafıdır. Uğurla həyata keçirilən islahatların nəticəsi olaraq son illər Azərbaycanda yüzlərlə sənaye müəssisəsi tikilib istifadəyə verilmiş, ölkədə rəqabətədavamlı məhsulların istehsalını artırmaq məqsədilə sənaye parklarının və məhəllələrinin təşkili işləri davam etdirilir. Azərbaycanın rəqabətədavamlı, keyfiyyətli qeyri-neft məhsullarının istehsalı və ixracı üçün böyük potensialı var. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar bu potensialı daha da genişləndirir.
Bir sözlə, Azərbaycan Prezidentinin vaxtilə verdiyi qərarlar artıq həyatda öz əksini tapır və ölkəmizdə modern sənayeləşmə istiqamətində aparılan siyasət uğurlu nəticələr verir.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2017.-5 noyabr.- S.1; 4.