Azərbaycanın yaratdığı beynəlxalq əməkdaşlıq
formatı daha da
genişlənir
BTQ təkcə iqtisadi qazanc deyil, sosial
rifah da gətirəcək
Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi tarixi İpək yolunun bir hissəsinin bərpası deməkdir. Ondan Azərbaycanın, Gürcüstanın, Türkiyənin, Çinin, Qazaxıstanın, Orta Asiya və Avropa ölkələrinin istifadə etməsi olduqca böyük məkanda xalqların bir-birilə sıx əlaqə saxlamasına geniş imkanlar yaradır.
Bakı-Tbilisi-Qars həm miqyasına, həm də əhəmiyyətinə görə qlobal layihədir. Azərbaycan heç yerdən heç bir yardım və kredit almadan öz daxili imkanları hesabına bu yolun tikintisini həyata keçirdi. Bununla da ölkələr arasında təkcə iqtisadi deyil, çoxtərəfli əməkdaşlığın, gediş-gəlişin, ünsiyyətin artmasına böyük töhfə verdi. Başqa sözlə, bu layihə ölkələri bir-birinə daha da yaxınlaşdıracaq.
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilk növbədə Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı dostluğun, əməkdaşlığın, iş birliyinin nəticəsidir. Prezident İlham Əliyevin dediyi kimi, bu üç ölkə bütün sahələrdə uğurla əməkdaşlıq edir, bir-birini dəstəkləyir. Təkcə region üçün deyil, az qala bütün dünya üçün önəm daşıyan bir sıra qlobal layihələrin birgə uğurlu icrası da məhz bu amilə əsaslanır. İstifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun belə layihələr sırasında öz yeri var.
Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti yalnız gətirdiyi iqtisadi faydalarla məhdudlaşmır. Bu yol siyasi cəhətdən sülh, təhlükəsizlik və sabitlik daşıyıcısıdır. Layihə aidiyyəti olan ölkələrin sakinlərinə sosial rifah gətirəcək. Yüklərin və sərnişinlərin daşınmasının genişlənməsi, məlumat mübadiləsi üçün də geniş imkanlar açacaq, qlobal inkişafa töhfə verəcək. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həm açılış mərasimindəki çıxışında, həm də AZƏRTAC, APA və TREND agentliklərinə verdiyi müsahibəsində qeyd etmişdir.
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə bağlı anlaşma memorandumu Gürcüstanda imzalanmışdır. Yolun təməlqoyma mərasimi Türkiyədə keçirilmişdir. Açılışı isə Azərbaycanda oldu.
Bu ölkələrin növbəti uğuru möhkəm bünövrəyə əsaslanır. Onlar birlikdə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəmərini reallaşdırmış, 2006-cı ildə Türkiyənin Ceyhan şəhərində boru xəttinin tam sistem kimi istifadəyə verilməsini qeyd etmişlər. 2007-ci ildə Azərbaycanın və Gürcüstanın ərazisindən keçən qaz ixracı kəməri Xəzərdəki “Şahdəniz” yatağından çıxarılan mavi yanacağı Türkiyənin Ərzurum şəhərinədək çatdırmışdır. Başqa sözlə, Bakı-Tbilisi-Ərzurum kəmərinin də uğurunu Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı əməkdaşlıq və tərəfdaşlıq təmin edib.
Nəhəng “Cənub qaz dəhlizi” layihəsinin həyata keçirilməsində isə bu əməkdaşlıq formatı xeyli genişlənib. İndi bu layihədə təkcə sözügedən üç ölkə deyil, Yunanıstan, Albaniya, İtaliya, Bolqarıstan da iştirak edir. Layihəyə maraq göstərən ölkələrin sayı getdikcə artır.
Genişmiqyaslı fəaliyyət göstərəcək Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi məhz regionda gerçəkləşmiş digər qlobal layihələrin təcrübəsinə söykənir.
Bakı-Tbilisi-Qars dəmir yolunun açılışındakı çıxışında Prezident İlham Əliyev demişdir: “Əminəm ki, regional əməkdaşlığa ən böyük töhfə verən ölkələr - Azərbaycan, Gürcüstan və Türkiyə bundan sonra da daim bir yerdə olacaqlar, bir-birini dəstəkləyəcəklər. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi kimi nəhəng layihələr bizim birliyimizi, dostluğumuzu daha da möhkəmləndirir”.
Bu dəmir yolu Orta Asiya ölkələri ilə ənənəvi dostluq əlaqələrini daha da möhkəmləndirəcək. Həmin ölkələrdən dəmir yolunun açılışına nümayəndə heyətlərinin, vəzifəli şəxslərin gəlməsi bunu bir daha təsdiqləyir. Belə bir münasibət yüklərin daşınması istiqamətində əlavə imkanlar yaradacaq.
Bu yolun Avropa üçün də böyük əhəmiyyəti var. Avrasiya məkanının mərkəzində yerləşən Qazaxıstan Respublikasının Baş naziri Batıkcan Saqintayev Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyəyə və Şərqi Avropaya, Aralıq dənizinə çıxışı təmin etdiyini xatırladaraq demişdir: “O həm də Avropaya qədər uzanacaq və Transxəzər beynəlxalq daşımalarında əsas təməl layihələrdən biri olacaq. Bu yeni dəmir yolu ölkələrimizin nəqliyyat və logistik imkanlarının inkişaf etdirilməsinə töhfə verəcək”.
Xatırladaq ki, Qazaxıstanın Kurık limanından bərə ilə Bakının Ələt limanına Qazaxıstanda və Çində formalaşmış ilk konteyner qatarları gəlib. Daha sonra qatarlar Bakı-Tbilisi-Qars marşrutu ilə Türkiyədə yükü qəbul edən məntəqəyə qədər yollarını davam etdirəcək.
Özbəkistan Respublikası da Mərkəzi Asiya və qonşu regionların nəhəng tranzit və nəqliyyat-kommunikasiya potensialının istifadəsi sahəsində xarici tərəfdaşlarla əlaqələrin möhkəmlənməsinə xüsusi diqqət yetirir və bu istiqamətdə genişmiqyaslı işlər görür. Başqa sözlə, Özbəkistan da Çinlə Avropa arasında yaranacaq ən qısa dəmir yolu dəhlizindən fəal istifadə etməkdə və oradan öz xarici ticarət yüklərinin daşınma həcmlərinin artırılmasında maraqlıdır.
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi regionda inkişafa və sabitliyə böyük töhfədir. Onun imkanları sayəsində Azərbaycan, Gürcüstan və Türkiyə mühüm tranzit qovşağına çevrilir. Asiyada yüklərin əsas yaranış ölkəsi olan Çinin bu dəmir yoluna böyük maraq göstərməsi də xəttin perspektivlərindən xəbər verir.
Layihə Qazaxıstan üçün də səmərəlidir. Çünki bu yol Türkiyənin Mersin limanı vasitəsilə Aralıq dənizi regionuna çıxışı təmin edir, Transavropa və Transasiya dəmir yolu şəbəkələrinin birləşməsində çatışmayan bağlantını tamamlayır. Beləliklə, Avropa ilə Asiya arasında daşımalarda yükün bəndi kimi çıxış edir. Layihənin tarixi İpək yolu üzərində qurulması region ölkələri üçün onun cəlbediciliyini artırır. Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.
Məhz bütün bunlara görə Bakı-Tbilisi-Qars dəmir yolu dünyanın 100 böyük layihəsi siyahısına daxil edilib. Bu layihənin reallaşması Azərbaycanın iqtisadi qüdrətinin artırılması istiqamətində növbəti uğurlu addımdır. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin sona çatması və fəaliyyətə başlaması, eyni zamanda Azərbaycanın dünyada yeni, beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq formatı yaratdığının daha bir təsdiqidir.
Flora SADIQLI
Azərbaycan.- 2017.-5 noyabr.-
S.5.