Azərbaycan Pekinlə Londonu birləşdirdi

 

Qədim İpək yolunun polad magistrallar üzərində bərpası Bakıda gerçəkləşdi

 

Şərq ilə Qərb arasında coğrafi körpü rolunu oynayan, əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olan, bu gün isə Cənubi Qafqazda ən böyük meqalayihələrin müəllifi kimi söz sahibinə çevrilən müstəqil Azərbaycan daha bir tarxi uğura imza atdı. Təqvimin 30 oktyabr günü müstəqilliyinin cəmi 26 yaşı olan Azərbaycanın şanlı tarixinə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin təntənəli açılış günü kimi yazıldı.

 

İqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq

 

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından ilk qatarın yola salınması mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi qonaqlar iştirak etdilər. Çox sayda dövlət və hökumət rəhbərlərinin və nümayəndələrinin, həmçinin nüfuzlu şirkətlərin təmsilçilərinin qatıldığı mərasim hər şeydən öncə layihənin beynəlxalq əhəmiyyətinin göstəricisi idi.

Dünyanın diqqət mərkəzində olan məsələnin aktuallığı ilə bağlı siyasətçilər, iqtisadçılar, beynəlxalq ekspertlər birmənalı fikirlər səsləndirdilər. Qeyd edildi ki, bu layihə yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcək.

Ekspertlər deyirlər ki, bu layihənin həyata keçirilməsi iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edir.

 

Novruz MƏMMƏDOV: “Azərbaycanın işıqlı gələcəyi, firavanlığı təmin olunur”

 

Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, şöbə müdiri Novruz Məmmədov deyir ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Avropa ilə Asiyanı birləşdirməsindən, bir-birinə yaxınlaşdırmasından başqa böyük bir missiyası, vəzifəsi ola bilməz.

Prezidentin köməkçisinin sözlərinə görə, ümumiyyətlə, bu illər ərzində həm ümummilli lider Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən layihələr dünyanın ən uğurlu və nümunə ola biləcək işlərindən sayıla bilər: “Azərbaycan indiyədək bir neçə dünya və regional əhəmiyyətli layihələr həyata keçirib. Şərqlə Qərbi birləşdirmək, min il bundan əvvəl mövcud olmuş Böyük İpək yolunu bərpa etmək, Şimalla Cənub arasında əlaqələr yaratmaq, demək olar ki, planetin bütün ölkələrini bir-birinə yaxınlaşdırmaq deməkdir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri mühüm layihələrdir. Azərbaycanın işıqlı gələcəyi, firavanlığı bax bu siyasətlə təmin olunur. Düşünürəm ki, bu yol uzun və əbədidir. Təbii ki, bu yolda hər birimiz çalışmalı və öz töhfəmizi verməliyik”.

N.Məmmədovun fikrincə, 2017-ci il müstəqil Azərbaycanın tarixində ən uğurlu səhifələrdən biri kimi yadda qalacaq.

 

BTQ Avropa ilə Asiya arasında sürətli, etibarlı nəqliyyat bağlantısı təmin edəcək

 

“Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı Avropa İttifaqı, Türkiyə, Gürcüstan, Azərbaycan və Mərkəzi Asiyanı birləşdirən nəqliyyat sistemi bağlantıları sahəsində atılan böyük addımdır”.

Bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin yaydığı açıqlamada bildirilib. Yeni dəmir yolu dəhlizinin açılışını alqışlayan Avropa İttifaqı hesab edir ki, bu, sərmayələr, infrastrukturun təkmilləşdirilməsi və logistikanın əlaqələndirilməsi ilə birgə bağlantıların daha yaxşı qurulmasına, yeni biznes imkanlarının yaranmasına və ticarətin artmasına səbəb olacaq. Bu, Şərq Tərəfdaşlığı, eləcə də onun Mərkəzi Asiya strategiyasının mahiyyətinə uyğun məsələdir.

Avropa İttifaqı hər zaman qonşu tərəfdaş ölkələrlə bağlantıların yaxşılaşmasına yönələn layihələr dəstəkləyib. Türkiyə ilə Bolqarıstan, eləcə də Azərbaycanla Mərkəzi Asiya arasındakı nəqliyyat əlaqələrinin daha da yaxşılaşdırılması ilə bu layihə qədim İpək yolu boyu Avropa ilə Asiya arasında quru ilə sürətli və etibarlı nəqliyyat bağlantısı təmin edəcək.

 

ABŞ səfiri Robert SEKUTA: “BTQ İpək yolu üçün böyük əhəmiyyətə malikdir”

 

“Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı Avrasiya boyunca daha yaxşı ticarət və əlaqələrin qurulması istiqamətində atılan növbəti mühüm bir addımdır”.

Bu fikri isə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Səfir bildirib ki, BTQ dəmir yolu İpək yolu üçün böyük əhəmiyyətə malikdir: “Biz uzun müddət İpək yolunun əhəmiyyəti barədə danışırdıq və hesab edirəm ki, bugünkü açılış da bu istiqamətdə atılan növbəti bir addımdır”.

 

Bu layihə dünya ticarətinə yeni nəfəs verəcək

 

“Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi müstəqillik tariximizin ən mühüm səhifələrindən biridir”. Bu fikri isə Milli Məclisin deputatı professor Musa Qasımlı söyləyib.

Onun sözlərinə görə, BTQ Prezident İlham Əliyevin həyata keçirdiyi beynəlxalq layihələrdən biri olmaqla böyük tarixi və strateji əhəmiyyət daşıyır: “Bu dəmir yolu təkcə Azərbaycan, Gürcüstan və Türkiyəni deyil, Asiya və Avropanı birləşdirəcək, ticarət və kommunikasiyanı genişləndirəcək, dünya ticarətinə yeni nəfəs verəcək. Layihənin işə düşməsi ilə Azərbaycan şəbəkə ölkə halına gəlir və yeni infrastruktur yaranır. Bundan sonra dövlət büdcəmizə əlavə vəsaitlər daxil olacaq və bütün ölkə vətəndaşlarının rifah halını daha da yaxşılaşdıracaq. Həyata keçirilən layihələr xalqımızın təkcə indiki deyil, gələcək nəsillərinin də həyatının təmin edilməsinə yönəlib”.

 

Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov isə deyir ki, bu tranzit nəqliyyat layihəsi Azərbaycanın öncüllüyü ilə Cənubi Qafqazı uzaq Asiya və Avropa ilə bağlamaqla bir sıra strateji dəyişikliklərə səbəb olacaq. Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi eyni zamanda indiyədək Ermənistanın bölgədəki bütün mühüm layihələrdən təcridini uğurla həyata keçirən, Azərbaycanın strateji hədəfə çatmağa doğru izlədiyi siyasətdə çox önəmli nailiyyətidir: “Mühüm tarixi hadisəyə, Bakı-Tiflis-Ceyhan əsas ixrac neft boru kəmərindən sonra regionun ikinci böyük iqtisadi-siyasi layihəsinin - Bakı-Tiflis-Qars dəmir yolunun açılışına şahidlik etdik. Bu dəmir yolu Azərbaycan ixracatçıları üçün yeni bazarlara daha sürətli və ucuz xərclərlə çıxmaq imkanı yaradacaq ki, bu da ölkənin ixrac siyasətinin güclənməsinə böyük təkan verəcək”.

Deputatın sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu Şərqlə Qərbin birləşdirilməsi üçün çox mühüm bir layihədir. Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti qədim İpək yolunun polad magistrallar üzərində bərpasıdır. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşması ilə müstəqil Azərbaycan beynəlxalq tranzit ölkəsi statusunu bir daha təsdiqlədi.

 

BTQ Prezident İlham Əliyevin qətiyyətli iradəsi sayəsində reallaşdı

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov hesab edir ki, bu dəmir yolu istər siyasi, istərsə də iqtisadi cəhətdən müstəqil Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Necə ki, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilməsi ilə bütün dövlətlərin marağı Azərbaycanda oldu, bu dəmir yolu da faktiki eyni anlamdadır: “Bu layihənin həyata keçirilməyi Prezident İlham Əliyevin şəxsi mövqeyi olub. Çünki bu layihənin həyata keçirilməsinə mane olanlar çox idi. Yadınızdadırsa, ABŞ Konqresində də onun əleyhinə çıxış edənlər var idi. Buna baxmayaraq, cənab Prezident bu layihəni uğurla başa çatdırdı”.

Deputatın fikrincə, iqtisadi cəhətdən Avropa ilə Asiyanı birləşdirən BTQ ilə böyük uğurlar əldə ediləcək: “Belə böyük layihələrin həyata keçirilməsi Azərbaycana əlavə vəsaitin daxil olması üçün şərait yaratmaqla yanaşı, həm də müstəqilliyimizin möhkəmlənməsinə bir qarantdır. 1994-cü ildə Heydər Əliyev “Əsrin müqaviləsi”ni imzaladı, 2013-cü ildə TANAP, TAP layihələri Prezident İlham Əliyev tərəfindən imzalandı. Əslində, bu layihəyə də etirazlar var idi, Azərbaycana təhdidlər olurdu. Amma iri dövlətlərin Azərbaycanda marağı böyükdür, iri şirkətlər Azərbaycana investisiya yatırırlar. Bu səbəbdən də layihənin həm siyasi, həm də iqtisadi üstünlüyü böyükdür. Ona görə də belə hesab edirəm ki, bu layihə Azərbaycan üçün çox lazımlıdır və yaxşı ki, vaxtında istifadəyə verildi”.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2017.-5 noyabr.- S.5.