Tanınmış pianoçu Luka Safronovun “Baku” jurnalının 10 illiyinə həsr olunmuş solo konserti olub
Noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində tanınmış pianoçu, beynəlxalq müsabiqələr laureatı Luka Safronov “Baku” jurnalının 10 illiyinə həsr olunmuş solo konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, konsert “Baku” jurnalı, Heydər Əliyev Mərkəzi və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva konsertdə olublar. Gecədə tanınmış pianoçunun ifasında dünya şöhrətli bəstəkarlar L.Bethoven, F.Şopen, S.Raxmaninov və P.Çaykovskinin əsərləri səsləndirilib.
1990-cı il oktyabrın 31-də Moskvada anadan olan Luka Safronov nəinki Rusiyada, onun hüdudlarından kənarda da gənc pianoçu kimi sevilir. Safronov pianoda çalmağa 5 yaşından başlayıb. Altı yaşından isə artıq beynəlxalq müsabiqənin kiçik yaş qrupunda çıxış edib. Pianoçu Böyük Britaniya, İtaliya, Bolqarıstan, İsveçrə və digər ölkələrdə keçirilən 16 beynəlxalq müsabiqənin laureatıdır. O, indiyədək bir neçə xeyriyyə konsertlərində, ümumilikdə isə mindən çox konsertdə iştirak edib. Dünya şöhrətli violonçel ifaçısı və dirijor Mstislav Rostropoviç Moskvada L.Safronovun ifasını dinlədikdən sonra onun gələcəkdə böyük musiqiçi olacağını söyləyib.
Gənc pianoçu Luka Safronov deyib: “Mən xeyriyyəçiliklə məşğul oluram. Düşünürəm ki, Tanrı mənə bu xeyriyyəçiliyimə görə Leyla Əliyeva kimi bir insanla tanış olmağı nəsib etdi. Biz onunla xərçəngdən əziyyət çəkən uşaqlar üçün təşkil edilən bir tədbirdə tanış olduq. Azərbaycandan çox zəngin təəssüratlar aldım. Ölkəniz elə bir yerdir ki, burada yaşamaq üçün qalmaq istəyirsən. Burada inkişaf və gözəllik çoxdur. Azərbaycan gözəl, inkişaf edən və zəngin ölkədir”.
L.Safronovun Bakı konserti də yaddaqalan olub. Belə ki, tanınmış
pianoçunun ifaları
iştirakçılar tərəfindən
alqışlarla qarşılanıb.
“Baku” jurnalı 2007-ci ildən Moskva şəhərində rus
dilində nəşr
olunur. Baş redaktoru Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olan jurnal indiyədək Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə
çatdırılmasında müstəsna rol oynayıb. Jurnalın indiyədək çap
olunan nömrələrində
Azərbaycanın qədim
tarixi, zəngin mədəniyyəti, incəsənəti,
nəsillərdən-nəsillərə ötürülən adət-ənənələri
barədə ətraflı
məlumat verilir.
Jurnalda, həmçinin ölkəmizin
müxtəlif sahələrdə
qazandığı uğurlar,
Azərbaycanın müasirləşdirilməsi
və daha da inkişaf etdirilməsi üçün
görülən işlər
barədə məlumat
verilir, tanınmış
insanlarla müsahibələr
oxucuların böyük
marağına səbəb
olur. Azərbaycanın tanınmış şəxsiyyətləri, tarixi,
mədəniyyəti, mətbəxi
və təbiəti ilə bağlı rəngarəng fotolar da dərginin səhifələrini bəzəyir.
Oxucular tərəfindən hər
nömrəsi maraqla qarşılanan “Baku” jurnalının
2011-ci ildən ingilisdilli
versiyası - “Baku International” da nəşr edilir.
Azərbaycan.- 2017.- 7 noyabr.- S.5.