Birinci “M.A.P.” Bakı Beynəlxalq İncəsənət
Festivalı çərçivəsində “ÜNS”
Yaradıcılıq səhnəsində “Gülməli adam” tamaşası göstərilib
Siz teatrı sevirsinizmi? Çoxları bu suala “əlbəttə, sevirəm”, - deyə cavab verəcək. Lakin klassik tamaşalara adət etmiş tamaşaçı müasir teatrın yeni dünyasını, onun eksperimental formalarını, insanın qəlbini ehtizaza gətirən dramaturgiyasını, orijinal rejissor yanaşmasını və aktyorların oyununu çox vaxt özü üçün “kəşf edir”. Bugünkü teatr öz yeni nəfəsi, yeni dili və əvvəllər görünməmiş intellektual səviyyəsi ilə fərqlənir.
Noyabrın 1-dən 6-dək ölkəmizin müxtəlif teatr səhnələrində BAKCELL şirkətinin dəstəyi ilə “YARAT” Müasir İncəsənət Məkanında keçirilən birinci “M.A.P.” Bakı Beynəlxalq İncəsənət Festivalının leytmotivi belədir. YARAT Mərkəzində tam əmindirlər ki, həqiqi teatr olub, var və hələ uzun müddət olacaq, tamaşaçıları heyrətləndirəcək və valeh edəcək. Bu xüsusi festivalın bədii kredosu müasir dramaturgiyanı, musiqini və çoxsaylı maarifləndirici niyyətləri bir layihə şəklində təqdim etməyə imkan verir, ən başlıcası isə öz xarizması və sərhəd bilməyən kurajı ilə həqiqi teatrın mahiyyətini açıqlayan ecazkar sənət insanlarını vəcdlə alqışlamağa sövq edir.
AZƏRTAC xəbər verir ki, “ÜNS” Yaradıcılıq Səhnəsində “Pyotr Fomenkonun emalatxanası” teatrının təqdim etdiyi “Gülməli adam” tamaşası bu festivalın yaddaqalan nümunələrindən biri olub.
Qonaqlar arasında görkəmli ictimai xadimlər, mədəniyyət və elm sahələrinin, diplomatik missiyaların nümayəndələri vardı.
“Pyotr Fomenkonun emalatxanası” teatrının bədii rəhbəri, Rusiyanın Əməkdar İncəsənət xadimi, Rusiya Teatr Sənəti İnstitutunun professoru Yevgeni Kamenkoviç açılış mərasimində çıxış edərək festivalın təşkilatçılarına bu teatrı Bakıya dəvət etdiklərinə və öz incəsənətini nümayiş etdirmək imkanına görə minnətdarlığını bildirib.
Fyodor Dostoyevskinin “Gülməli adamın yuxusu” adlı fantastik hekayəsi əsasında quruluş verilmiş “Gülməli adam” tamaşası gənc artist Fyodor Malışevin və “Besı” musiqi qrupunun birgə işidir. Qeyd edək ki, Fyodor Malışev təkcə ssenari müəllifi və baş rolun ifaçısı deyildi, həm də bu tamaşa onun rejissor debütü idi.
Fyodor Malışev Dostoyevskinin hekayəsini yeni tərzdə mənalandırıb, onu 45 dəqiqəlik monoloqu və xüsusi musiqi müşayiəti olan monotamaşaya çevirib. Bu musiqi heyrətamiz qəhrəmanın bir-birini ani əvəz edən saysız-hesabsız müxtəlif emosiyalarına uyğundur. Böyük rus klassikinin əsəri əsasında hazırlanmış “Gülməli adam” tamaşası əsl fəlsəfi ideyalar xəzinəsinə çevrilir. Həmin ideyalardan biri xristian dininin bu şüarının təkrarıdır: “Yaxın adamlarını özünü sevdiyin kimi sev”. Bu adi həqiqət gülməli insana yuxuda ikən açılır. O, özünü öldürərək müqəddəs torpağa düşür. Cənnətə oxşayan bu məkanda insanlar əzab-əziyyətin nə olduğunu hələ bilmir, onlar hamısı doğulandan ölənə qədər xoşbəxtdirlər, lakin bu qonağın “sayəsində” müasir dünyanın naqislikləri onlara da yoluxur.
Tamaşanın əvvəlində intihar etmək həddində olan bir əsəbi gənc anlaşılmaz məmnunluqla özünə əzab verir, xarakterinin ən naqis cəhətlərini üzə çıxarır, ətrafında nə varsa hamısına nifrət edir. Bu refleksiya eyni vaxtda həm rəhm hissi oyadır, həm də tamaşaçı ondan uzaq olmağa çalışır. Elə təsəvvür yaranır ki, kinli bir varlığın qürur hissi onun səmimi iztirabları ilə savaşır.
Qəhrəmanın düşkünləşməsi və dirçəlməsi, intihar ərəfəsində gördüyü yuxu xəstə sinir təsiri bağışlayır. Qəribə musiqi, işığın tez-tez dəyişməsi, bəzən yarımqaranlıq həddinə çatması, güclə eşidilən mahnı, həm ay işığı, həm də qəhrəmanın yuxulu xəstə şüurunda təsəvvür etdiyi tapança lüləsi boş bir məkan, vakuum, heçliyə gedən yoldur... Qəhrəman özünün tabutda olması barədə danışır, çəkisizlik şəraitinə düşür, öz hisslərinin və emosiyalarının burulğanını tamaşaçılara çatdırır və yalnız Gülməli adamın səsi tamaşaçını gerçəklikdə saxlayır. Dostoyevskinin hekayəsinin ideal vizuallaşması belədir. Ayılma nə gətirəcək? Təmizlənmə, işıqlanma, həqiqi həyat naminə intihardan imtina etməkmi? O, səhnədə şüşə qırıntıları üzərində yalın ayaqla gəzir. Personaj üçün sınmış qədəhin qırıntıları aktyor üçün əsəbilikdir. O, qaranlıqda və öz qəlbinin boşluğunda əməlindən peşman olur. Axı bu sirli torpaqda xoşbəxtliyi “söndürən”, cəmiyyəti ləkələyən, onu özünün istədiyi kimi yaşamağa öyrədən məhz bu insan olub. Finalda tamaşaçının qarşısında xeyir və həqiqətin carçısı dayanır. “Özünü necə sevirsənsə, başqalarını da elə sev. Vəssalam, bundan artıq heç nə lazım deyil” – indi son dərəcə adi olan bu sözlər həmişəkindən daha aktual səslənir. Gülməli adamın sözləri müasir dövrün ağrı-acılarını əks etdirir. Tamaşaçıya elə gəlir ki, əgər biz hamımız bu həqiqəti Malışevin qəhrəmanı kimi qəbul etsəydik, onda nə müharibələr olardı, nə də terror.
Tamaşa birnəfəsə bitir. Bütün bu ruhi dəyişikliklər heyrətamiz dərəcədə səmimi oynanılır. Qəhrəmanın xəstələnməsinə və sonradan sağalmasına əsla şübhə yeri qalmır. Bu, qavranılması asan olmayan, lakin çox səmimi tamaşadır. Bütün zalı gərgin vəziyyətdə saxlayan bu tövbə, gənc aktyorun ustalığı hər cür tərifə layiqdir. Qəhrəman deyir: “Mən həqiqəti dərk etdim”...
Qanunauyğun
final isə belə oldu:
zaldakı tamaşaçılar ayağa qalxaraq belə bir sənət
əsərini təqdim etmiş teatrın
yaradıcı kollektivini
alqışladı. Əlbəttə, Dostoyevskini
üstələmədilər, amma ondan geri də
qalmadılar.
Azərbaycan.-
2017.-7 noyabr.- S.7.