Azərbaycan ilə Əfqanıstan arasında güclü iqtisadi əlaqələr mövcuddur

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Əfqanıstan İslam Respublikasının maliyyə naziri Əklil Əhməd Hakiminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında güclü tərəfdaşlıq əlaqələrinin olduğunu qeyd edərək əməkdaşlığımızın artıq siyasi dialoq kimi mühüm sahəni və digər istiqamətləri əhatə etdiyini dedi. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin inkişafında dövlət başçıları arasında keçirilən görüşlərin əhəmiyyətini vurğulayaraq Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin ölkəmizə səfərini və onunla müxtəlif beynəlxalq tədbirlərdə görüşlərini məmnunluqla xatırladı. Dövlətimizin başçısı yüksək səviyyədə keçirilən görüşlər və danışıqlarda əldə edilmiş razılaşmaların tam şəkildə həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi.

Ölkəmizin Əfqanıstanı dəstəklədiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycan hərbi qulluqçularının Əfqanıstanda sülhməramlı missiyada iştirakı və logistik təchizatda fəal rolunun əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı, eyni zamanda, investisiyaiqtisadiyyat sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirdi.

Əfqanıstan İslam Respublikasının maliyyə naziri Əklil Əhməd Hakimi, ilk növbədə, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin salamlarını dövlətimizin başçısına çatdırdı. Nazir Azərbaycanın ölkəsinə verdiyi dəstəyin Əfqanıstan rəhbərliyi və xalqı tərəfindən yüksək qiymətləndirildiyini bildirdi. O qeyd etdi ki, səfərinin əsas məqsədi əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı məsələlərin müzakirəsindən ibarətdir.

Dövlətimizin başçısı Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Əfqanıstan Prezidentinə çatdırmağı xahiş etdi.

Görüşdə əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

 

Azərbaycan.- 2017.- 8 noyabr.- S.1.