Strateji təhlil,
analitik araşdırma: 10 ilin baxış bucağında
Strateji Araşdırmalar Mərkəzi
(SAM) Prezident İlham Əliyevin 12 noyabr 2007-ci il
tarixli fərmanı ilə yaradılmışdır.
SAM-ın əsas məqsədi ölkənin
inkişafının müxtəlif istiqamətləri, o
cümlədən geosiyasət, təhlükəsizlik,
dövlət quruculuğu və digər sahələr üzrə
elmi araşdırmaların nəticələri və
proqnoz-analitik xarakterli məlumatlarla ölkənin ali dövlət hakimiyyəti orqanlarını
təmin etməkdir. Dövlət tərəfindən
maliyyələşdirilən bu mərkəz ölkənin
inkişafına, onun elmi potensialının və nüfuzunun
güclənməsinə, eləcə də müasir tələblərə
cavab verən elmi araşdırmaların həyata keçirilməsinə
əlverişli imkanlar yaratmışdır.
SAM-ın Nizamnaməsinə əsasən,
mərkəzin vəzifələri arasında bir sıra vacib
istiqamətlər üzrə məqsədyönlü fəaliyyət
həyata keçirilir. Bunların sırasında respublikanın daxili və
xarici siyasətinin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi
üzrə tədqiqatların aparılması, mövcud siyasi
vəziyyətə xüsusi diqqət yetirməklə ölkənin
daxilində və xaricində ictimai-siyasi, sosial-iqtisadi, mədəni-mənəvi
inkişafın elmi təhlilinin verilməsi, qonşu dövlətlərdəki
dəyişikliklərin proqnozlaşdırılması,
ölkənin müxtəlif problemlərinin, o cümlədən
Dağlıq Qarabağ probleminin həllinin mümkün
siyasi, ideoloji, hüquqi, iqtisadi və digər aspektlərinin
elmi tədqiqatının reallaşdırılması və
onların həlli yolları barədə təkliflərin
hazırlanması durur. Eyni zamanda Azərbaycanın xaricdə
müsbət imicinin formalaşdırılması, ölkədən
kənarda kütləvi informasiya vasitələrində
müxtəlif materialların yayılmasının təşkili,
daxili və xarici siyasətə aid məsələlər barədə
əhali arasında sosioloji sorğular aparmaqla elmi baxımdan əsaslandırılmış
qaydada əhalinin müxtəlif təbəqələrinin
fikirlərinin öyrənilməsi, dinlərarası
münasibətlərin təhlili və bu sahədə
mümkün problemlərin proqnozlaşdırılması və
bununla bağlı təkliflərin hazırlanması və
başqa vəzifələri qeyd etmək olar.
SAM davamlı olaraq Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasının müvafiq
strukturlarına təhlil, tədqiqat və sorğuların nəticələrini
təqdim edir, eləcə də ölkədə aparılan
politoloji araşdırmaları əlaqələndirir və
müstəqil ekspertləri və mütəxəssisləri
öz fəaliyyətinə cəlb edir. SAM-ın
Prezident Administrasiyası ilə fəaliyyəti onun Xarici siyasət
məsələləri üzrə şöbəsi tərəfindən
əlaqələndirilir. Bunlarla
yanaşı, mərkəz konfranslar və simpoziumlar
keçirir, elmi-analitik jurnal və bülletenlər
buraxır, kitab və məqalələr nəşr edir və
internet səhifəsi yaratmaqla ondan istifadəni
reallaşdırır.
2007-2017-ci illərdə
SAM-ın fəaliyyətinə nəzər salarkən belə
bir nəticəyə gəlmək olar ki, mərkəz
qarşısına qoyulmuş vəzifələrin yerinə
yetirilməsi istiqamətində müvafiq addımlar
atmışdır. İlk olaraq, SAM-ın əməkdaşları daxili,
xarici və iqtisadi siyasət, regional və beynəlxalq proseslərə
dair aparılmış araşdırmaların nəticələri
əsasında respublikanın müvafiq dövlət
strukturları üçün 725 arayış və hesabat
hazırlamış, yerli və xarici mətbuatda 923 məqalə
çap etmiş və 406 müsahibə vermişlər. Mərkəzin
xarici və yerli mütəxəssislərlə birlikdə həyata
keçirdiyi çoxsaylı tədqiqatların nəticələri
əsasında 100-dən artıq kitab, məqalələr
toplusu, broşür və s. elmi nəşr ölkədə,
eləcə də xaricdə çap edilmiş, müasir
dövrün qlobal çağırışlarına və
beynəlxalq münasibətlərin strateji aspektlərinə
dair Azərbaycanda və 22 xarici ölkədə ümumilikdə
250-yə yaxın tədbir - 104 beynəlxalq konfrans, 108 “dəyirmi
masa”, 21 kitab təqdimatı və 15 mühazirə təşkil
edilmişdir.
Ötən dövr ərzində SAM
tərəfindən Azərbaycan dilində çıxan
“Strateji təhlil” jurnalının 20, Azərbaycan, rus və
ingilis dillərində çap edilən “SAM-ın şərhləri”/“SAM
Comments” və ingilis dilində “SAM Review” xüsusi nəşrlərinin
18 və 17, Azərbaycan və ingilis dillərində nəşr
edilən “Azerbaijan Focus” jurnalının 6, Azərbaycan dilində
“Analitik baxış” məcmuəsinin 5 sayı işıq
üzü görmüşdür. Mərkəzin
beynəlxalq mətbu orqanı olan “Caucasus İnternational”
jurnalının isə 15 sayı oxuculara təqdim
edilmişdir. Hazırda SAM-ın rəsmi
internet səhifəsinə (sam.az) illik orta baxış
65400-ü ötmüşdür. SAM-ın
9.500 daimi izləyicisi var (Facebook sosial şəbəkəsində
onların sayı təxminən 6400, Twitter sosial şəbəkəsində
isə 3000-dən çoxdur). Youtube video
şəbəkəsində isə mərkəzin fəaliyyətini
əks etdirən videoçarxlara 71860 baxış olmuşdur.
Elmi təşkilat kimi SAM
öz onillik fəaliyyətində prioritet istiqamətlər
üzrə daxili, xarici və iqtisadi siyasət sahələrində
tədqiqatların aparılmasına xüsusi diqqət
yetirmişdir.
Belə tədqiqatlardan bir neçəsini qeyd
etmək istərdik.
Müstəqil Azərbaycanda fəaliyyət
göstərən araşdırma və beyin mərkəzlərinin
dolğun mənzərəsini yaratmaq məqsədilə “Azərbaycanda
araşdırma və beyin mərkəzləri (yaranması,
inkişafı və perspektivləri)” mövzusunda
2011-2013-cü illərdə yerinə yetirilmiş uzunmüddətli
tədqiqat çərçivəsində milli məkanda
mövcud olan beyin mərkəzlərinin hazırkı durumu, fəaliyyətinin
əsas xüsusiyyətləri, istiqamətləri, beynəlxalq
əməkdaşlığı, onların maliyyə və
kadr potensialı, təşkilati və intellektual resursları
və s. ətraflı təhlil edilmiş, Azərbaycanda fəaliyyət
göstərən araşdırma və beyin mərkəzlərinin
ilkin ümumi məlumat bazası yaradılmışdır. 2013-cü ildə bu tədqiqatın nəticələri
kitab şəklində nəşr edilmişdir.
Azərbaycanda din ilə
bağlı olan kompleks problemləri araşdırmaq və təhlil
etmək məqsədilə “Azərbaycanda islam” mövzusunda
2011-ci ildə yerinə yetirilmiş daha bir tədqiqat çərçivəsində
1500 respondentin və 50 ekspertin iştirakı ilə sosioloji
sorğu da keçirilmişdir. SAM-ın əməkdaşlarının
və dinşünaslıq sahəsində tanınmış
ekspertlərin iştirakı ilə bir sıra məsələlər,
o cümlədən təcrübə baxımından dövlət-din
münasibətləri modelləri, problemə dair indiyə qədər
aparılmış yerli və xarici tədqiqatların
biblioqrafik icmalı, dini duruma təsir edən siyasi meyillər
və təsir mərkəzləri, dini icma və qrupların
maliyyə mənbələri, Azərbaycanda İslamın
yaxın perspektivlərinə dair mümkün ssenarilər və
s. ətrafında aparılmış araşdırmalar nəticəsində
140 səhifəlik elmi-tədqiqat işi yerinə
yetirilmişdir. Keçirilmiş sorğu əsasında
80 səhifəlik analitik hesabat hazırlanmışdır.
Azərbaycan Respublikasının
müstəqilliyinin bərpa edilməsinin 25-ci
ildönümünə həsr edilmiş və SAM-ın əməkdaşları
tərəfindən 2016-2017-ci illərdə yerinə
yetirilmiş tədqiqat işinin materialları isə “Azərbaycanın
Respublikasının xarici siyasətinin əsas istiqamətləri
(1991-2016)” adlı 900 səhifədən ibarət məqalələr
toplusu formatında 2017-ci ildə nəşr edilmişdir.
Topluda 25 il ərzində dövlətimizin qonşu ölkələr,
qlobal və regional güclərlə münasibətləri,
ölkəmizin beynəlxalq təşkilatlarda fəaliyyəti
və Azərbaycanın xarici siyasət vasitələri ətraflı
şəkildə təhlil edilmiş, eləcə də Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda
aparılmış işlər nəzərdən
keçirilmişdir.
Ümumiyyətlə, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi həm elmi-tədqiqat,
həm də elmi-təşkilati baxımdan SAM-ın əsas
prioritetlərindən biri olmuşdur. Ötən
illər ərzində SAM-ın kollektivi və eləcə də
onun tərəfdaşları tərəfindən bu
münaqişənin xeyli aspektlərinə dair müxtəlif
tədqiqatlar aparılmışdır. Onlar
Rusiya-Gürcüstan müharibəsinin Dağlıq
Qarabağ münaqişəsinin həlli prosesinə təsiri,
Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektləri,
Dağlıq Qarabağ münaqişəsi qurbanlarının
pozulmuş əsas hüquqlarının beynəlxalq səviyyədə
tanıdılması və qorunmasına dair, çoxşaxəli
diplomatiya vasitələrinin Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə tətbiqi,
dünya təcrübəsinə əsaslanaraq Dağlıq
Qarabağ regionu üçün mümkün status modelinin
ünsürlərinin müəyyənləşdirilməsi,
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
ABŞ-ın xarici siyasəti və s. mövzulara həsr
edilmişdir. 2012-ci ildə isə SAM İtaliyanın məşhur
beyin mərkəzlərindən biri olan Beynəlxalq Münasibətlər
İnstitutu (İAİ) ilə birgə “Trentino Alto Adiçe
/Cənubi Tirol bölgəsinin muxtariyyət modelinin bəzi cəhətlərinin
Dağlıq Qarabağ bölgəsinin gələcək
muxtariyyətinin yaradılmasında tətbiqinə dair”
mövzusunda tədqiqat işi də yerinə yetirmişdir.
2012-ci ildən başlayaraq “Etnik
münaqişələrdə kollektiv yaddaş və
barışıq: Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi nümunəsində”
mövzusunda aparılmış araşdırma çərçivəsində
isə Dağlıq Qarabağ münaqişəsinin həllinə
mane olan əsas faktorlardan biri kimi psixoloji amillərin rolu və
“yaddaş siyasəti” seçimi məsələsi tədqiq
edilmişdir.
Ümumilikdə götürdükdə
ötən on il ərzində SAM və onun tərəfdaşları
tərəfindən Azərbaycanda və bir sıra xarici
ölkələrdə, o cümlədən Rusiya
Federasiyasında, Türkiyə Respublikasında, Almaniya Federativ
Respublikasında, Misir Ərəb Respublikasında Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə dair 14
monoqrafiya və broşür nəşr edilmişdir. Təkcə
bu il ərzində SAM-ın əməkdaşları
tərəfindən bu münaqişə ətrafında gedən
proseslər haqqında dünya ictimaiyyətini məlumatlandırmaq
məqsədilə xarici elektron mediada və beyin mərkəzlərinin
internet saytlarında 25 məqalə və şərh nəşr
olunmuşdur.
SAM eləcə də ötən
dövr ərzində Azərbaycanda və xaricdə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə dair müxtəlif
tədbirlər təşkil etmişdir. Azərbaycanda
keçirilmiş tədbirlər arasında 2009-cu ilin 14 iyulda
“Qarabağın gələcəyi - sülhməramlı təşəbbüslərin
gələcəyidir” mövzusunda keçirilmiş qapalı
ekspert müzakirəsi, 2012-ci ildə Finlandiyanın Helsinki
Universitetinin Aleksanteri İnstitutu ilə birgə
“Münaqişə, həll və barışıq məsələləri
müasir dünyada” mövzusunda qapalı “dəyirmi masa” və
bu ilin fevralında Xocalı soyqırımının 25 illiyinə
həsr edilmiş tədbir, həmçinin Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin hazırkı
durumu və həlli perspektivlərinə dair mərkəzdə
gerçəkləşən üç qapalı “dəyirmi
masa” xüsusi vurğulanmalıdır.
SAM-ın kollektivi tərəfindən
ötən illərdə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin bəzi aspektlərinə
dair dünyanın bir sıra ölkələrində, o
cümlədən Türkiyədə, İtaliyada, ABŞ-da,
Argentinada, Misir Ərəb Respublikasında, Səudiyyə
Ərəbistanı Krallığında, Xorvatiyada,
İordaniya Haşimilər Krallığında, Serbiyada,
Küveyt Dövlətində, Monteneqroda, Birləşmiş
Ərəb Əmirliklərində, Moldovada, Pakistan İslam
Respublikasında və Polşada çoxsaylı konfrans,
seminar və mühazirələr keçirilmişdir. 2015-ci
il dekabrın 2-də İslam Əməkdaşlıq Təşkilatının
(İƏT) mənzil-qərargahında SAM və Azərbaycan
Respublikasının Səudiyyə Ərəbistanı
Krallığındakı səfirliyinin birgə təşkilatçılığı
ilə “Dağlıq Qarabağ münaqişəsinin həllində
İƏT-in rolu, keçmiş səylər və gələcək
imkanlar” mövzusunda olan beynəlxalq konfransda İƏT
Baş Katibliyinin əməkdaşları, təşkilata
üzv ölkələrin İƏT yanında fəaliyyət
göstərən daimi nümayəndələri və Ciddə
şəhərində akkreditə olunmuş diplomatik
missiyaların təmsilçiləri iştirak etmişlər.
SAM iqtisadiyyat sahəsində
də maraqlı tədqiqatlar aparmışdır. SAM-ın kollektivi tərəfindən
yerinə yetirilmiş qısa və uzunmüddətli tədqiqat
işləri “2003-2011-ci illərdə Azərbaycan
Respublikasının sosial-iqtisadi inkişafı”, “Aqrar sektorda
investisiya qoyuluşu: mövcud vəziyyət və inkişaf
perspektivləri”, “Enerji səmərəliliyinin qiymətləndirilməsi
və perspektivləri”, “Azərbaycan və beynəlxalq maliyyə
institutları”, “İqtisadi modernizasiya”, “Türkiyənin qaz
bazarı: çağırışlar və perspektivlər”,
“Azərbaycanın 2020-ci və 2030-cu illərdə Avropaya qaz
ixracına dair”, “Bakı-Tbilisi-Qars dəmir yolu - İpək
Yolu üçün dəmir əsas”, “Geoiqtisadiyyat”, “Azərbaycan
və Körfəz ölkələri: iqtisadi, ticarət və
maliyyə əlaqələri”, “İranın postsanksiyalar
dövründə qaz hasilatı və ixracatı
potensialı”, “Türkiyə təbii qaz geosiyasətində”,
“Azərbaycanda məşğulluq və əmək bazarı
siyasəti”, “Azərbaycanda innovativ iqtisadiyyat: mövcud vəziyyət
və çağırışlar”, “Yeni makroiqtisadi şəraitdə
Azərbaycanın qarşısında dayanan
çağırışlar, perspektivlər və həll
yolları”, “Dövlət-Özəl Əməkdaşlığı:
Asiyaya baxış - Azərbaycan üçün məsləhətləşmələr”
və s. mövzulara həsr edilmişdir. Bu tədqiqatların
nəticələri əsasında arayış və
hesabatlar hazırlanmış və eləcə də
onların bəziləri Azərbaycanda və xaricdə
monoqrafiya və ya broşür formatında çap
edilmişdir. 2016-cı ildə
çıxan “Azərbaycan Respublikasının geoiqtisadi
atlası”nda Azərbaycanın iqtisadiyyatı və xarici ticarət
əlaqələri, eləcə də ölkəmizin regional
enerji və nəqliyyat dəhlizlərindəki strateji
mövqeyi öz əksini tapmışdır.
Ötən illər ərzində
SAM-ın elmi-təşkilatçılıq fəaliyyəti
də rəngarəng olmuşdur. Bu dövrdə müasir
dünyanın qlobal çağırışlarına və
beynəlxalq münasibətlərin strateji aspektlərinə həsr
edilmiş çoxsaylı konfrans və “dəyirmi masa”lar, kitab təqdimatları və mühazirələr
təşkil edilmişdir.
2011-ci ilin 7 dekabr tarixində SAM və
BMT-nın İnkişaf Proqramının birgə təşkilatçılığı
ilə “Müstəqilliyin iyirmi illiyi: mütərəqqi, ədalətli
və dinamik dövlət quruculuğuna gedən yolda əldə
olunmuş nailiyyətlər və qarşıya çıxan
çətinliklər” mövzusunda Bakıda
keçirilmiş beynəlxalq konfrans xüsusi
vurğulanmalıdır. 300-ə qədər
iştirakçını bir araya gətirən bu konfrans
çərçivəsində iyirmi il ərzində
yoxsulluğun azaldılması və iqtisadi artım, Minilliyin
İnkişaf Məqsədləri, infrastrukturun
inkişafı, neft gəlirlərinin idarə edilməsi
istiqamətində milli siyasətin uğurları və nəticələri
ilə yanaşı, yeni onilliyin məqsədləri və
yeni çağırışlara effektiv cavablar ətrafında
müzakirələr aparılmışdır. Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyev bu konfransda geniş nitqlə
çıxış etmişdir.
Bakıda keçirilmiş
daha bir möhtəşəm tədbir 2-3 mart 2012-ci ildə
SAM və Türkiyənin Asiya Strateji Araşdırmalar Mərkəzinin
(TASAM) birgə təşkil etdiyi İslam Əməkdaşlıq
Təşkilatına (İƏT) üzv dövlətlərin
beyin mərkəzlərinin III Forumudur. “İƏT-ə
üzv dövlətlərdə dəyişiklik və
transformasiya” mövzusuna həsr edilmiş bu beynəlxalq tədbirdə
70-dək ölkədən 30 beyin mərkəzi və 100-dən
çox nümayəndə iştirak etmişdir.
SAM və rəsmi dövlət
nəşri olan “Azərbaycan” qəzetinin birgə əməkdaşlığı
ilə ümummilli lider Heydər Əliyevin anadan
olmasının 90 illiyi münasibətilə 2013-cü ilin 21
fevral və 13 mart tarixlərində keçirilmiş iki
elmi-praktiki konfrans da məzmun etibarı ilə olduqca əlamətdardır. Bu tədbirlərdə
Azərbaycan dövlətçiliyi tarixində ulu öndər
Heydər Əliyevin əvəzsiz xidmətləri qeyd
olunmuşdur.
2016-cı ilin 7 oktyabrında Azərbaycan
Respublikasının müstəqilliyinin bərpa
olunmasının 25-ci ildönümünə həsr
edilmiş “Azərbaycanın qlobal və regional arenada rolu:
Reallıqlar və perspektivlər” adlı beynəlxalq konfrans
da öz əhəmiyyətinə görə SAM-ın təşkil
etdiyi tədbirlər arasında xüsusi yer tutur. Bu tədbir
Türkiyənin, ABŞ-ın, Rusiyanın, İranın,
Qazaxıstanın, Türkmənistanın, Macarıstanın və
Gürcüstanının nüfuzlu beyin mərkəzlərinin
nümayəndələrini bir araya gətirərək, 25 il ərzində
Azərbaycan Respublikasının keçdiyi uğurlu və
şərəfli yola nəzər salmağa imkan vermişdir. Azərbaycan Respublikası Prezidentinin xarici siyasət
məsələləri üzrə köməkçisi-şöbə
müdiri Novruz Məmmədov konfransda açılış
nitqi ilə çıxış etmişdir.
Ötən illər ərzində
SAM-ın beynəlxalq əməkdaşlıq sahəsində əldə
etdiyi müvəffəqiyyətlər çoxdur. Bu əməkdaşlığın
nəticəsində dünyanın 25 ölkəsindəki 29
nüfuzlu beyin mərkəzi və beynəlxalq təşkilatla
“Əməkdaşlıq haqqında” Saziş və ya
Anlaşma memorandumları imzalanmışdır. Bu tipli
ikitərəfli əməkdaşlıq SAM-ın bərabərhüquqlu
subyekt və tərəfdaş kimi dünya beyin mərkəzləri
məkanına inteqrasiyasına, mötəbər mənbələrdən
analitik informasiya və elmi ədəbiyyat mübadiləsi əldə
etməsinə, əməkdaşlarının elmi mübadilə
proqramlarında iştirakına, Azərbaycan haqqında
obyektiv məlumatın daha geniş coğrafiyaya
yayılmasına əlverişli imkan yaratmışdır.
Eyni zamanda əlavə etmək lazımdır ki, 2015-ci ildə
SAM tərəfindən Bakıda keçirilmiş Türkdilli
Dövlətlərin Əməkdaşlıq Şurasına
(TDƏŞ) üzv dövlətlərin rəsmi beyin mərkəzlərinin
toplantısında TDƏŞ-ə üzv dövlətlərin
rəsmi beyin mərkəzləri arasında çoxtərəfli
“Əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanmışdır.
SAM və İtaliyanın
nüfuzlu beyin mərkəzi olan Beynəlxalq Siyasi
Araşdırmalar İnstitutunun (İSPİ) rəhbərlərinin
2011-ci ildə Milanda imzaladıqları “Əməkdaşlıq
haqqında” Memorandumdan sonra həyata keçirilən birgə
fəaliyyət uğurlu nümunə kimi qeyd edilə bilər. Bu beyin mərkəzlərinin
tərəfdaşlığı ilə 2012-ci ildə “Avropa
İttifaqının Şərq Tərəfdaşlığı:
ümumi çərçivə və ya geniş imkanlar?” və
2014-cü ildə “Xəzər dənizinin şahmat
taxtası. Geosiyasi, geostrateji və geoiqtisadi təhlil”
mövzularında məqalələr topluları İtaliyada
ingilis dilində nəşr edilmişdir. Hazırda bu əməkdaşlıq
çərçivəsində həyata keçirilən
daha bir kitab layihəsi “İdentiklik, təhlükəsizlik və
inkişaf: Regional əməkdaşlıq və rəqabət
kontekstində postbipolyar trendlər” adlanır və onun da gələn
il xaricdə nəşr edilməsi
planlaşdırılır.
Ötən dövr ərzində
SAM-ın əməkdaşları dünyanın 56 ölkəsində
təşkil edilmiş 600-dən çox nüfuzlu tədbirdə
iştirak etmiş və Azərbaycan haqqında həqiqətləri
xarici elmi ictimaiyyətə çatdırmışlar.
Beynəlxalq əməkdaşlıq
sahəsində SAM-ın apardığı daha bir fəaliyyət
istiqaməti onun Azərbaycan Respublikasının Beynəlxalq
İnkişafa Yardım Agentliyi (AİDA) ilə birgə həyata
keçirdiyi “Qonaq elmi işçi proqramıdır”. Bu birgə tərəfdaşlıq
çərçivəsində indiyədək
dünyanın 21 ölkəsindən 40-dan çox xarici
ekspert və mütəxəssis Bakıya səfər edərək
SAM-da Azərbaycanın daxili və xarici siyasətinə, onun
iqtisadi inkişaf və beynəlxalq əlaqələrinə,
eləcə də Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinə dair tədqiqatlar
aparmışlar.
SAM kollektivi gələcək
tədqiqatçılar nəslinin formalaşmasında da
maraqlıdır və müəyyən mənada ötən
dövr ərzində bu prosesə öz töhfəsini
vermişdir.
Müxtəlif illərdə
SAM-ın əməkdaşları Azərbaycanın bir
sıra təhsil ocaqlarında müəllim kimi də fəaliyyət
göstərmişlər. Digər tərəfdən, ötən
dövr ərzində Azərbaycanın və xarici ölkələrin
ali məktəblərinin 165 tələbə və məzunu
seçdikləri ixtisaslar üzrə SAM-ın ali məktəb
tələbələri üçün nəzərdə
tutulmuş üç aylıq “Təcrübə
proqramı”nda yaxından iştirak etmişlər.
Bu gün SAM Qərb dünyasında fəaliyyət göstərən beyin mərkəzlərindən heç də fərqlənmir. Adətən beyin mərkəzlərini “firlanan qapılar” adlandırırlar. Hesab edilir ki, bugünkü beyin mərkəzlərinin əməkdaşları sabahkı hökumət rəsmiləri ola bilər. Eləcə də bugünkü diplomat və ya hərbi müşavir gələcəyin beyin mərkəzinin əməkdaşına çevrilə bilər. Onları birləşdirən bilik, təcrübə və analitik bacarıqlardır.
Gülşən PAŞAYEVA,
Azərbaycan
Respublikasının Prezidenti yanında
Strateji
Araşdırmalar Mərkəzinin direktor müavini
Azərbaycan.- 2017.-8 noyabr.- S.4.