Bakı Metropoliteninin
50 illik yubileyi qeyd olunub
Bakı Metropoliteninin
istismara verilməsinin
50 ili və
8 noyabr – Metropoliten işçilərinin peşə
bayramı günü
münasibətilə təntənəli
yubiley tədbiri keçirilib.
AZƏRTAC xəbər
verir ki, Bakı Metropoliteninin yubileyi ilə əlaqədar tədbirdə
dövlət və hökumət nümayəndələri,
Beynəlxalq “Metro” Assosiasiyasının
və Beynəlxalq İctimai Nəqliyyat İttifaqının (BİNİ), “Bakı Metropoliteni” QSC ilə əməkdaşlıq
edən aparıcı
təşkilatların səlahiyyətli
nümayəndələri tədbirdə
iştirak ediblər.
“Bakı
Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov Bakı Metropoliteninin 50 illik yubiley təntənəsinə
təşrif buyurduqlarına
və bayram sevincini bölüşdüklərinə
görə qonaqlara minnətdarlığını bildirib. Daha sonra Azərbaycanın
dövlət himni səsləndirilib.
İdarə heyətinin sədri metropoliten işçilərinin
çətin, eyni zamanda şərəfli əməyinin dövlət
başçısı tərəfindən
daim yüksək qiymətləndirildiyini qeyd
edərək, çıxış
üçün sözü
Azərbaycan Respublikası
Prezidentinin İqtisadi
məsələlər üzrə
köməkçisi - şöbə
müdiri Əli Əsədova verib. Əli Əsədov
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin yubiley iştirakçılarına ünvanlanmış
müraciətini səsləndirib.
Tədbir iştirakçıları Bakı
Metropoliteninin dünəni,
bu günü və sabahı ilə bağlı filmə tamaşa ediblər. Filmdə metropolitenin tarixi ilə yanaşı, istər Sovet Azərbaycanına rəhbərlik
etdiyi illərdə, istərsə də müstəqillik dövründə
ümummilli lider Heydər Əliyevin metropolitenin inkişafına,
genişlənib böyüməsinə
göstərdiyi diqqət,
metropolitençi əməyinə
verdiyi yüksək qiymətdən bəhs olunub. Həmin ənənələrə sadiq qalan Azərbaycan
Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər
müasir dövrün
tələblərinə uyğun
inşa olunub sakinlərin istifadəsinə
verilən yeni stansiyalar, həmçinin
istismarda olan mövcud stansiyaların yenidən qurulması haqqında süjetlər filmdə yer alıb.
Yubiley tədbiri “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun hesabat çıxışı ilə
davam edib. İdarə heyətinin
sədri çıxışında
Bakı Metropoliteninin yarım əsrlik fəaliyyəti dövründəki
parlaq inkişaf tarixindən, bu illər ərzində metropolitenin inkişafı
naminə dövlətin
qayğısı və
diqqətindən ətraflı
bəhs edib. O,
2008-ci ildə metropolitenin
inkişafına dair dövlət proqramının
hazırlanması, həmçinin
2011-ci ildə perspektiv
inkişaf planını
və müvafiq Dövlət Proqramını
təsdiq edən sərəncamların imzalanmasını
xüsusi qeyd edərək, bunu yeraltı yollarımızın
inkişafına istiqamətverici
töhfə adlandırıb.
İdarə heyətinin
sədri bildirib ki, 2014-cü il
fevralın 27-də dövlət
başçısının Sərəncamı ilə
“Bakı Metropoliteni”
QSC-nin yaradılması
həm metro istismarının,
həm də inşaat işlərinin bir mərkəzdə cəmlənməsinə, bu
iki mürəkkəb
sahədə daha nizamlanmış, ardıcıl
və keyfiyyətli iş aparılmasına, hər sahədə təchizatın gücləndirilməsinə,
müasir standartlara cavab verən texnologiyaların geniş tətbiqinə şərait
yaradıb.
Dövlətin daimi qayğısının
və diqqətinin hər bir metropolitençini
daha əzmlə və fədakarlıqla çalışmağa ruhlandırdığını
bildirən QSC sədri
metro veteranlarının əməyini
və zəhmətini
xüsusi vurğulayıb. O, tədbirdə
iştirak edən bir qrup veteranı
da yubiley günü münasibətilə
səmimi qəlbdən
təbrik edib.
Tədbirdə Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin imzaladığı sərəncamlarla
bir qrup metropolitençinin “Şöhrət”
ordeni, “Əməkdar mühəndis” fəxri adına və
“Tərəqqi” medalına
layiq görülməsi
və veteran işçilərə
Azərbaycan Respublikasının
fərdi təqaüdünün
verilməsi qeyd edilərək sərəncamların
mətni oxunub.
Sonra Zaur Hüseynov sözü “Transmaşholdinq”
ASC-nin direktorlar şurasının sədr
müavini Andrey Vasilyevə verib.
O, Bakı Metropoliteni ilə əməkdaşlığın tarixi köklərindən
bəhs edərək,
bu sahədə əvəzsiz köməkliyi
olmuş ümummilli lider Heydər Əliyevin xüsusi diqqət və qayğısından danışıb
və metropolitençiləri
yubiley münasibətilə
təbrik edib.
Tədbirdə “Metro” Beynəlxalq
Assosiasiyasının fəxri
prezidenti İvan Besedin Bakı metropoliteninin son 5 ildə keçdiyi inkişaf yolunu müqayisəli şəkildə təhlil
edib, həm əldə olunan nailiyyətlər, həm də perspektiv baxımından Bakı metropoliteninin qabaqcıl bir təşkilata çevrildiyini qeyd edib. O, bu nəhəng
yeraltı şəhəri
ərsəyə gətirənlərin
əməyinə dərin
təşəkkürünü ifadə edərək, onlara, eləcə də metropolitenə dövlət tərəfindən
yüksək səviyyədə
göstərilən qayğı
və diqqəti nümunəvi adlandırıb.
Tbilisi Nəqliyyat
Şirkətinin texniki
direktoru Levan Mexrişvili çıxışında
Azərbaycanla Gürcüstan
arasında qonşuluq
və qardaşlıq
əlaqələrinin möhkəm
olduğunu bildirib. O, son illərdə
Bakının simasının
dəyişib böyüdüyünü,
bu xüsusda Bakı metrosunun rolunun artdığını
və inkişaf tempi ilə diqqət çəkdiyini vurğulayıb.
Tədbiri yekunlaşdıran “Bakı
Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov metropolitençilərin
bundan sonra da dövlətin yüksək etimadını
doğruldacağına, bacarıq
və qüvvəsini
əsirgəməyəcəyinə əminliyini ifadə edib.
Bakı Metropoliteninin
istismara verilməsinin
50 ili və
metropoliten işçilərinin
peşə bayramı
münasibətilə bir
daha kollektivə təbrikini çatdıran
idarə heyətinin sədri hər bir metropolitençiyə möhkəm cansağlığı,
doğma Vətənimizin
qüdrəti və çiçəklənməsi naminə işlərində
uğurlar arzulayıb.
Qeyd edək ki, kütləvi sərnişin daşınmasında
şəhər əhalisi
üçün mühüm
əhəmiyyət kəsb
edən Bakı Metropoliteni 50 il əvvəl noyabrın
6-da fəaliyyətə başlayıb
və elə o vaxtdan təqvimin o günü Bakının tarixinə əlamətdar
hadisə kimi daxil olub.
İlk buraxılış
mərhələsində 5 stansiyadan “İçərişəhər”,
“Sahil”, “28 May”, “Gənclik”
və “Nəriman Nərimanov” metro stansiyalarından
ibarət 9,2 kilometrlik
yeraltı xətdən
ibarət olan Bakı Metropoliteninin hazırda 36,6 kilometr uzunluğunda 3 xətti, 25
stansiyası və 1 elektrik deposu var.
Paytaxt sakinlərinə və qonaqlarına göstərilən
yüksək xidmət
mədəniyyəti sayəsində
yeraltı dəmiryolu
şəhər nəqliyyatı
sistemində layiqli yerini tutaraq sevilən ictimai nəqliyyat növünə
çevrilib.
Bakı Metropoliteninin zəhmətkeş
kollektivinin əməyi
dövlət tərəfindən
həmişə yüksək
qiymətləndirilib. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 28 oktyabr
2006-cı il tarixli Fərmanı
ilə noyabrın 8-i Metropoliten
işçilərinin peşə bayramı günü
kimi təsdiq olunub.
Azərbaycan.-
2017.-9 noyabr.- S.4.