“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində
dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816-VQD nömrəli
Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısını və tətbiqi qaydalarını, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, iki ay müddətində təsdiq etsin;
1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48.0.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin məcəllənin 93-1.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirirlər;
2.3. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816-VQD nömrəli Qanununun 2.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir.
3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi narkomaniya xəstəliyi ilə bağlı tibbi xarakterli məcburi tədbirlərin həyata keçirildiyi ixtisaslaşmış tibb müəssisəsinin təşkil edilməsi üçün zəruri tədbirlər görsün və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:
4.1. azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasının təşkil edilməsi və həmin cəzanın icrası ilə əlaqədar elektron nəzarət vasitələrinin tətbiqinin təmin edilməsi üçün zəruri tədbirlər görsün;
4.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
7 noyabr 2017-ci il
Azərbaycan.-
2017.-9 noyabr.- S.7.