Dünya uşaq qatillərini qınayır
Ermənistan silahlı qüvvələrinin qətlə
yetirdikləri Zəhra Quliyevanın faciəsinə həsr olunmuş kitab çapdan çıxdı
“Mənim adım Zəhradır! 04.07.2017-ci il tarixində hələ 2 yaşım olmamış Ermənistan hərbçiləri məni öldürdü... Axı mən əsgər deyiləm, mələyəm!”. “Azərbaycan” nəşriyyatında bu günlərdə işıq üzü görmüş “Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi” adlı kitabın üz qabığında verilmiş bu sözlər həyatına, yaşamaq haqqına qıyılmış məsum bir körpənin dünyaya hayqırtısıdır. Kitab Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davam etməsi nəticəsində yaranmış ağır vəziyyəti, baş verən faciələrimizdən birini əks etdirir.
Uzun illərdir ki, işğalçı dövlətin silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini hər gün atəşə tuturlar. Atəşkəs dövründə də dinc sakinlərimiz şəhid olurlar. Bu ilin 4 iyulunda Füzuli rayonunun Alxanlı kəndində baş vermiş növbəti faciə, yaşyarımlıq Zəhra Quliyevanın və onun nənəsi Sahibə Allahverdiyevanın həlak olması ölkəmizdə və dünyada böyük rezonans doğurdu. Beynəlxalq birliyin, Azərbaycan dövlətinin və ictimaiyyətinin reaksiyasına dair materiallar bu kitabda toplanıb. Həmin məlumatlar bir hadisə timsalında Ermənistanın iç üzünü ifşa etməklə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinin ağır nəticələrə səbəb olduğunu sübut edir.
Məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov, tərtibçisi Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İcra Katibliyi Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə olan kitabın nəşrində əsas məqsədlərdən biri bu faciəvi hadisə ilə gələcək nəsilləri faktoloji formada tanış etməkdir.
On bir fəsildən ibarət olan kitaba rəsmi materiallara istinad edilərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistan silahlı qüvvələrinin münaqişə dövründə törətdikləri vəhşiliklər barədə materiallar da daxil edilib.
Faciədən dərhal sonra Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və Azərbaycanın digər rəsmi şəxsləri öz narahatlıqlarını ifadə etdilər. Dövlət başçısının tapşırığı ilə məqsədyönlü işlər həyata keçirildi. Bu il sentyabrın 10-da Qazaxıstanın paytaxtı Astanada İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə birinci sammitində çıxış edən Prezident İlham Əliyev bildirdi: “Erməni vəhşiliyi bu gün də davam edir. Bu ilin iyul ayında iki yaşlı azərbaycanlı körpə nənəsi ilə birlikdə ermənilər tərəfindən atılan mərmi nəticəsində həyatını itirmişdir. Bu, vəhşilikdir. Bu, erməni faşizminin növbəti qanlı cinayətidir”.
Kitabda xaricdəki Azərbaycan diaspor təşkilatlarının geniş etiraz aksiyaları barədə məlumatlar da öz əksini tapıb.
“Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi” bir daha təsdiq edir ki, Ermənistan silahlı qüvvələrinin məsum bir uşağın həyatına son qoyduqları Zəhranın aqibəti dilindən, dinindən, irqindən asılı olmayaraq, hər kəsin, ümumilikdə insanlığın faciəsidir. Bir körpənin atəşə məruz qalaraq həyatını itirməsinin dünya ictimaiyyəti tərəfindən böyük hiddətlə qarşılandığı kitabda yer verilmiş materiallarda da əksini tapıb. Dünya ictimaiyyəti uşaq qatilləri olan erməni işğalçılarını qınayır, Ermənistanı beynəlxalq qanunvericiliyin tələblərini kobud şəkildə pozan və ona riayət etməyən, təxribatçı, Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmayan dövlət kimi qəbul edir.
İyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində Ermənistan silahlı qüvvələrinin törətdikləri bu qanlı hadisəni yalnız yerli KİV deyil, dünyanın “Assosiated Press”, BBC, “Euronews”, “New York Times”, “Washington Post”, “Le Monde” və digər nüfuzlu media orqanları da obyektiv işıqlandıraraq Azərbaycanın haqlı mövqeyini dəstəkləyiblər. Yayılan materiallarda işğalçı Ermənistanın dinc əhaliyə qarşı yönələn qanlı cinayəti pislənilib.
Balaca Zəhranın faciəli şəkildə həyatını itirməsində Ermənistanın günahkar olduğu dünyanın aparıcı təşkilatları - ATƏT, Avropa İttifaqı, Avropa Parlamenti, Avronest tərəfindən də bəyan olunub. Onlar Azərbaycanın ərazi bütövlüyünə, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə dəstək ifadə ediblər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəs rejiminin pozulması nəticəsində bir neçə dinc sakinin, eləcə də azyaşlı uşağın həlak olmasından ABŞ Dövlət Departamenti də dərin narahatlığını bildirib. Bəyanatda xüsusi qeyd olunub ki, münaqişə ərazi bütövlüyü prinsipi və beynəlxalq hüququn normalarına uyğun tənzimlənməlidir.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin ikinci bəyanatlarında bildirilib ki, təxribatları Ermənistan tərəfi törədib, bu ölkə Cenevrə konvensiyalarının, digər beynəlxalq qanunvericilik aktlarının tələblərini və danışıqlar prosesini pozub.
Hadisədən dərhal sonra, iyulun 6-da xarici ölkələrin hərbi attaşeləri və diplomatları, beynəlxalq media nümayəndələri Alxanlı kəndinə təşkil olunan səfər çərçivəsində erməni vəhşiliyinin şahidi oldular.
Bütün bunlar Azərbaycan tarixinin daha bir faciəli səhifəsi və ona verilən reaksiyalardır. “Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi” kitabında bu tarix əbədiləşdirilib.
Kitab bu inamla bitir: “Nə qədər ki, Azərbaycan xalqı öz torpağına, tarixinə və kimliyinə bağlıdır, onu diz üstə çökdürmək mümkün olmayacaqdır”. Bir ümidimiz də var ki, bundan sonra Azərbaycanın haqq səsi dünyaya yayılacaq. Dinc insanlarımız daha düşmən atəşi nəticəsində həyatlarını itirməyəcəklər.
Elman MƏMMƏDOV,
Milli Məclisin deputatı
Azərbaycan.-
2017.-9 noyabr.- S.12.