“Majestic Palace” hotelinin tikintisi Gəncənin
turizm potensialının
artırılmasına töhfə
verəcək
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncəyə səfəri
çərçivəsində “Majestic
Palace” otelinin tikintisi ilə tanış
olub.
AZƏRTAC xəbər
verir ki, dövlətimizin başçısına
tikinti işlərinin
gedişi ilə bağlı məlumat verildi.
Bildirildi ki, 104 yerlik otelin inşasına 2015-ci
ilin aprelində başlanılıb. Hazırda inşaat işlərinin
son mərhələsi həyata
keçirilir. Otelin binası
7 mərtəbəlidir. Burada biri kral, 8-i suite, 10-u delüks və 33-ü standart olmaqla, ümumilikdə 52 otaq yaradılacaq. Oteldə 120 nəfərlik
restoran, 20 yerlik iclas zalı da olacaq. Tikinti işləri zamanı 50 avtomobil yerlik yeraltı dayanacaq inşa edilib. Otelin dayanıqlı elektrik enerjisi ilə təminatı üçün
ərazidə 1000 kV-luq
transformatorun və
1500 kV-luq generatorun quraşdırılması nəzərdə
tutulub.
Bu cür
müasir otelin yaradılması, ilk növbədə,
Gəncənin turizm potensialının daha da artırılmasına töhfə verəcək. Bundan başqa, bu cür layihələrin həyata keçirilməsi
həm də yeni iş yerlərinin
açılmasında mühüm
əhəmiyyət daşıyır.
Belə ki, yeni oteldə
50 nəfər işlə
təmin ediləcək.
Prezident İlham Əliyevə, həmçinin şəhərdə
aparılan abadlıq-quruculuq
işlərinin layihələri
barədə məlumat
verildi.
Azərbaycan.- 2017.- 11 noyabr.- S.3.