Gəncədə “Grand Qafqaz” Ticarət Kompleksi 5 min nəfəri yeni iş yeri ilə təmin
edəcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncədə “Grand Qafqaz” Ticarət Kompleksinin açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Prezident İlham Əliyevə “Grand Qafqaz” Ticarət Kompleksi barədə məlumat verdi.
Bildirildi ki, kompleksin inşasına 2014-cü ilin may ayında başlanılıb, 2017-ci ilin oktyabr ayında isə tikinti işləri başa çatdırılıb. Layihənin həyata keçirilməsinə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5,0 milyon manat güzəştli kredit ayrılıb.
Ümumi ərazisi 20 hektar, tikintialtı sahəsi isə 83 min 500 kvadratmetr olan kompleksdə hər biri 44 min 100 kvadratmetrlik “modul” tipli beş “Yaşıl market” topdansatış mərkəzi inşa edilib. Burada kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması üçün ay ərzində min ton məhsul qəbuletmə imkanına malik, ümumi sahəsi 4 min 500 kvadratmetr olan anbar tikilib, 5 min 400 kvadratmetr sahədə soyutma sistemi quraşdırılıb. Kənd təsərrüfatı məhsullarının satışı üçün 9 min kvadratmetr sahədə 2 min 500, o cümlədən meyvə-tərəvəz məhsulları üçün 2 min, ət və süd məhsulları üçün 500 satış yeri yaradılıb.
“Grand Qafqaz” Ticarət Kompleksində iri və xırdabuynuzlu heyvanların və quşların kəsimi, həmçinin diri balıqların satışı üçün 3 min 500 ticarət obyekti tikilib. Burada 1,3 hektar ərazidə avtopark yaradılıb. Ticarət kompleksinin istifadəyə verilməsi nəticəsində 5 min nəfər yeni iş yeri ilə təmin ediləcək.
Prezident İlham Əliyev kompleksin meyvə-tərəvəz satışı sahəsi ilə tanış oldu.
Dövlətimizin
başçısına kompleksdə təmsil olunan
“Ərzaq məhsullarının tədarükü və təchizatı”
Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti barədə
də məlumat verildi. Bildirildi ki,
avtomobillər vasitəsilə respublikanın bütün
bölgələrindən orta bazar qiymətinə tədarük olunan ekoloji baxımdan təmiz
məhsullar, ilk növbədə, dövlət
satınalan təşkilatlarının tələbatına
yönəldilir. Məhsulun tələbatdan artıq qalan hissəsi isə paytaxt
rayonlarında həftəsonu keçirilən yarmarkalara
və xarici bazarlara
göndərilir. Cari ilin
9 ayı ərzində 40 min ton ərzaq və kənd təsərrüfatı
məhsulları tədarük olunaraq təchizata
yönəldilib və yerli
istehsalçıların dövriyyəsinə külli miqdarda vəsait daxil olub. Tədarük-təchizat
sistemini daha təkmilləşdirməyi
və genişləndirməyi planlaşdıran Açıq
Səhmdar Cəmiyyəti gələn il yerli istehsalçılardan daha
çox məhsul qəbul etməyi nəzərdə
tutur.
Azərbaycan.-
2017.- 11 noyabr.- S.4.