Parisdə Azərbaycanın Dostları Assosiasiyası bəyanat
yayıb
Parisdə Azərbaycanın Dostları Assosiasiyasının sədri, Milli Assambleyanın sabiq üzvü Jan-Fransua Mansel fransız jurnalist Eliz Lüsetin ölkəmizə qarşı söylədiyi diffamasiyaya etiraz bəyanatı yayıb.
Bəyanatda bildirilib ki, Fransada özünü müdafiə edə bilməyən dövlət günahlandırıla bilməz.
Jan-Fransua Mansel bəyanatında Azərbaycanın Eliz Lüsetə qarşı diffamasiya şikayətinə Nanter yuxarı instansiya məhkəməsinin “dövlətin diffamasiyaya görə şikayəti qəbuledilməzdir” qərarının ədalətsiz olduğunu qeyd edib. Bəyanatda bildirilir ki, bu qərar dövlətə qarşı açıq-aydın ədalətsizlikdir. Məhkəmənin reytinq toplamaq üçün Azərbaycana qarşı bilərəkdən qeyri-obyektiv fikirlər səsləndirən, ölkəni haqsız tənqid edən jurnalistə bəraət qazandırması yolverilməz haldır.
“1998-ci ildə ölüm hökmünü ləğv edən, Avropa Şurasının və Avropa İnsan Hüquqları Məhkəməsinin üzvü olan, Avropa İttifaqı ilə dərin tərəfdaşlıq əlaqələri saxlayan, 55 siyasi partiyanın fəaliyyət göstərdiyi, azad interneti, yüzlərlə qəzet və iyirmiyə qədər xəbər agentliyi, radioları, 10-a qədər televiziya kanalı olan, siyasi plüralizmin hökm sürdüyü, hələ 1918-ci ildə qadınlara səsvermə hüququ verən gənc demokratik ölkə üçün jurnalistin qərəzli fikirlər işlətməsinə necə bəraət qazandırmaq olar”, - deyə Jan-Fransua Mansel yazıb.
Bəyanatda qeyd edilib ki, müstəqil siyasət yürütdüyünə görə bəzi maraqlı qüvvələrin təzyiqlərinə məruz qalan, ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan və bunun nəticəsində 1 milyondan artıq insanı doğma yurdundan didərgin salınaraq qaçqın və köçkün vəziyyətinə düşdüyü, dəhşətli və unudulmaz Xocalı soyqırımına məruz qalan Azərbaycanda etnik və dini icmalar bir ailə kimi mehriban şəraitdə yaşayırlar. Belə bir ölkəni demokratiyanı pozmaqda təqsirləndirmək olarmı?!
Bəyanat bu sözlərlə bitir: “Azərbaycana qarşı ədalətsizliyə son qoymaq lazımdır!”
AZƏRTAC
Azərbaycan.-
2017.- 11 noyabr.- S.7.