Müstəqillik kursunun siyasi istinadgahı

 

Hər bir demokratik ölkədə əhalinin geniş təbəqələrinin ictimai-siyasi proseslərdə iştirakı məhz ictimai rəyə təsir imkanları olan siyasi təşkilatlar vasitəsilə reallaşır. 2017-ci il noyabrın 21-də yaradılmasının 25-ci ildönümü tamam olacaq Yeni Azərbaycan Partiyasını, bu mənada, ümummilli siyasi təşkilata, ölkə vətəndaşlarının mütləq əksəriyyətinin inam ünvanına çevrildiyini əminliklə söyləmək olar. Ötən illərdə siyasi təşkilatın keçdiyi mürəkkəb və şərəfli inkişaf yolu Azərbaycanın xaosanarxiyadan, vətəndaş müharibəsi təhlükəsindən sabitlik, tərəqqi və yüksəlişə, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğuna doğru inamlı addımlarını özündə ehtiva edir.

Azərbaycanda vətəndaş mənafeyinin və dövlətçilik maraqlarının təminatçısı olmaq kimi çətin və məsuliyyətli missiyanın öhdəsindən ötən 25 ildə inamla gəlmiş YAP-ın yaranması ötən əsrin 90-cı illərinin əvvəlində respublikamızdakı ağır, böhranlı durumun doğurduğu obyektiv tələbatdan irəli gələrək cəmiyyətin arzu və istəyinin təcəssümü olmuşdur. Partiyanın xalqla sarsılmaz mənəvi birliyi ötən dövrdə müstəqil Azərbaycanın inanılmaz intibah yolu keçməsinə, yaxın illərdə hətta inkişaf etmiş ölkələr sırasında dayanmaq kimi ciddi iddiadan çıxış etməsinə imkan yaratmışdır. Müstəqil, inkişaf edən, müasirləşən Azərbaycan YAP-ın 25 illik fəaliyyətinin obyektiv dəyərləndirilməsi baxımından ən obyektiv istinad yeridir. Əminliklə demək olar ki, YAP ən mürəkkəb, çətin sınaqlardan şərəflə çıxan, ölkədəki vəziyyəti obyektiv qiymətləndirərək xalqının, dövlətinin inkişafı üçün əzmlə çalışan insanları yüksək siyasi ideallar ətrafında birləşdirən alternativsiz siyasi təşkilatdır.

Xatırlatmaq yerinə düşər ki, XX əsrin sonlarına doğru milli dövlətçiliyini bərpa etmiş xalqımız müstəqilliyinin ilk illərində ciddi sosial-mənəvi sarsıntılara məruz qalır, üzləşdiyi böhran və faciələr fonunda gələcək barədə nikbin düşünə bilmirdi. Dövlətçiliyin itirilmə təhlükəsində olduğu bir dönəmdə əksəriyyət yaxşı başa düşürdü ki, məhz Heydər Əliyev kimi müdrik siyasət ustadının rəhbərliyi altında formalaşan siyasi təşkilat xalqın inamını doğrultmaq və respublikanı üzləşdiyi böyük faciələrdən hifz etmək iqtidarında ola bilər. Bu da təsadüfi deyildir ki, 1992-ci il oktyabrın 16-da Yeni Azərbaycan Partiyasının yaradılması təşəbbüsü ilə Heydər Əliyevə rəsmi müraciət edən 91 nəfər nüfuzlu ziyalı ölkədəki ağır siyasi, iqtisadi, hüquqi, mənəvi problemləri ürək yanğısı ilə göstərir, ulu öndərdən xalqın gələcək taleyi naminə məsuliyyəti öz üzərinə götürməsini xahiş edirdilər.

1992-ci il oktyabrın 24-də həmin müraciətə müsbət cavab verən ümummilli lider Heydər Əliyev ölkədəki acınacaqlı vəziyyəti geniş təhlil edərək ziyalıların narahatlığını bölüşdüyünü bildirdiyeni partiyanın banisi olmaq missiyasını üzərinə götürdü.

1992-ci il noyabrın 21-də Naxçıvanda - çətin siyasi şəraitdə təsis qurultayı keçirilmiş Yeni Azərbaycan Partiyasının qısa müddətdə təşkilatlanaraq monolit qüvvəyə çevrilməsi təşkilatın qarşıya qoyduğu məqsədlərin bütövlükdə cəmiyyətin maraqlarına cavab verməsi ilə şərtlənmişdir. Azərbaycanın ağır günlərində - 1993-cü ilin iyun ayında ulu öndərin xalqın çağırışına cavab verərək Naxçıvandan Bakıya gəlməsi, iyunun 15-də Ali Sovetin Sədri, oktyabrın 3-də isə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə YAP hakimiyyət partiyasına çevrilmiş, qarşıya qoyduğu hədəfləri uğurla gerçəkləşdirməyə başlamışdı. İndi siyasi baxışlarından asılı olmayaraq, hər bir vətəndaş etiraf edir ki, ümummilli lider Heydər Əliyevin müdrikliyi ilə belə bir partiyanın yaranması Azərbaycanda siyasi böhrana, vətəndaş müharibəsi təhlükəsinə, separatçılıq meyillərinə, dövlət çevrilişi cəhdlərinə, terror aktlarına son qoymuş, möhkəm ictimai-siyasi sabitlik təmin edilmişdir.

Partiyanın 1999, 2001, 2005, 2008 və 2013-cü illərdə keçirilmiş beş qurultayında siyasi təşkilatlanma və uğurlu fəaliyyət baxımından son dərəcədə mühüm qərarlar qəbul edilmişdir. 2003-cü ildən sonrakı dövrdə də partiyanın fəaliyyəti ulu öndər Heydər Əliyevin həyata keçməyən dövlət quruculuğu ideyalarının reallaşdırılması baxımından səmərəli olmuşdur. 2003-cü ilin oktyabrında YAP sədrinin birinci müavini kimi seçkilərdə layiqli qələbə qazanmış cənab İlham Əliyev ilk gündən partiyanın hədəflədiyi dövlət quruculuğu ideyalarının praktik surətdə gerçəkləşdirilməsini təmin etmişdir.

YAP İdarə Heyətinin üzvləri ilə 11 mart 2004-cü il tarixli görüşündə Azərbaycan Prezidenti cənab İlham Əliyev partiyanın gələcək fəaliyyətində Heydər Əliyev siyasi kursuna əsaslanacağını bəyan etmiş və fəaliyyəti ilə bu vədinə sadiqliyini tam təsdiqləmişdir. Yeni Azərbaycan Partiyasının 2005-ci ilin martın 26-da keçirilmiş III qurultayında Azərbaycan Prezidenti, YAP sədrinin birinci müavini cənab İlham Əliyevin yekdilliklə təşkilatın sədri seçilməsi isə partiyanın cəmiyyətdəki nüfuz və mövqelərini daha da möhkəmləndirmişdir. Ümumilikdə siyasi prinsiplərə sadiqlik, Heydər Əliyev siyasi kursuna bağlılıq, intellektual imkanlar və yüksək idarəetmə səriştəsi, cəmiyyət üçün açıq siyasətçi olması və fəaliyyətindəki şəffaflıq, tolerantlıq, cəmiyyətin ümumi maraqlarının təmsilçisi olmaq üçün zəruri liderlik keyfiyyətləri cənab İlham Əliyevin Azərbaycan cəmiyyətinin alternativsiz liderinə çevrilməsini təmin etmişdir.

YAP-ın fəaliyyəti Azərbaycanın hərtərəfli inkişafı üçün də zəmin yaratmış, partiya öz proqram və qətnamələrində ictimai həyatın bütün sahələri üzrə islahatların əsas konturlarını müəyyən etmişdir. Partiyanın istinad etdiyi ideoloji prinsiplər - müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətənçilik, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi, sosial ədalət prinsipləri dövlət quruculuğuna əlverişli imkan yaratmışdır.

YAP 25 yaşına güclü, mütəşəkkil, cəmiyyətdə böyük nüfuza malik partiya kimi qədəm qoymuşdur. Ötən illərdə YAP-ın ideoloji prinsipləri əsasında Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda son dərəcə mühüm amil olan siyasi sabitlik qorunub saxlanılmış, vətəndaş həmrəyliyinə, iqtisadi inkişafın sürətləndirilməsinə, sosial tərəqqiyə xidmət edən mükəmməl konsepsiyanın həyata keçirilməsində yeni mərhələnin əsası qoyulmuşdur. 2003, 2008 və 2013-cü illərdə keçirilmiş prezident seçkiləri YAP üçün xüsusilə əlamətdar olmuş, cənab İlham Əliyevin alternativsiz lider kimi xalq tərəfindən dəstəklənməsi Azərbaycanın hərtərəfli inkişafına zəmin yaratmışdır.

Hər bir partiyanın cəmiyyətdə yüksək etimad qazanması ilk növbədə onun ideyalarının ictimai dəyəri və reallığa adekvatlığı ilə şərtlənir. Digər siyasi təşkilatlardan fərqli olaraq, YAP praktik surətdə reallaşdırılması mümkün olmayan populist vədlərdən, yalançı şüarlardan uzaq olmuş, yalnız reallıqdan çıxış etmişdir. Ciddi problemlərin həllinə hər bir vətəndaşın mənafeyi baxımından yanaşan YAP milli iqtisadi inkişaf prioritetlərini müəyyən edərkən Azərbaycanın mövcud imkanlarını nəzərə almış, tarixi ənənələri müasir dünya təcrübəsi ilə birləşdirməyə çalışmışdır.

Partiyanın hakimiyyət dövrünün parlaq uğurlarından biri də ötən illərdə Azərbaycanın davamlı və sabit tərəqqi yoluna çıxarılması, onun milli inkişaf modelinin formalaşdırılmasıdır. YAP-ın proqramında əksini tapmış sosial ədalət prinsipi bu gün milli inkişaf modelimizin əsas qayəsini təşkil edir. Konstitusion təminatı olan, insan amilinin yüksəlişinə - vətəndaşların maddi, intellektual və mənəvi tələbatlarının dolğun şəkildə ödənilməsinə, cəmiyyətdə sosial ədalət meyarının bərqərar olmasına xidmət edən bu inkişaf strategiyasının uğurları ilk növbədə şəffaflığa və hesabatlılığa əsaslanır.

Hər bir fəaliyyət sahəsində yalnız milli maraqları, Azərbaycanın çağdaşperspektiv mənafelərini əsas götürən dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ötən 14 ildə qazanılan sosial-iqtisadi nailiyyətlər həm də statistik rəqəmlərdə əksini tapır. Ölkəmizin strateji valyuta ehtiyatları 2003-cü ilə nisbətən 26,2 dəfə artaraq bu ilin sentyabr ayının sonuna 42 milyard ABŞ dolları səviyyəsinə çatmışdır. 2004-2016-cı illərdə ümumi daxili məhsul (ÜDM) real ifadədə 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,7 dəfə artmışdır. Bu dövrdə sənaye real ifadədə 3,8 dəfə, o cümlədən qeyri-neft sənayesi 2,2 dəfə, kənd təsərrüfatı 1,6 dəfə, tikinti 3,4 dəfə, ticarət 3,9 dəfə, turizm 14,2 dəfə, nəqliyyat 2,6 dəfə, rabitə 10,6 dəfə artmışdır. 2004-2017-ci illərdə ölkə iqtisadiyyatına 225 mlrd. ABŞ dolları həcmində investisiya qoyulmuşdur.

Davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədilə dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri son 14 ildə dinamik olaraq artmış, investisiya xərcləri dövlət büdcəsində əhəmiyyətli çəkiyə malik olmuşdur. Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatların və maliyyə institutlarının hesabatlarında da əksini tapır. Azərbaycan dünyanın ən nüfuzlu təşkilatlarından olan Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda daha iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşmışdır.

Ümumilikdə cənab İlham Əliyevin YAP-ın iqtisadi proqramını əsas tutmaqla həyata keçirdiyi tədbirlərə ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın kompleks şəkildə reallaşdırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi, hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması, onların inkişafının tarazlaşdırılması, çoxlu sayda yeni yerlərinin açılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının artırılması, yoxsulluğun azaldılması, yüksək elmi-mədəni tərəqqinin təmini və s. mühüm məsələləri şamil etmək olar. Ölkə rəhbərinin müvafiq sərəncamları ilə təsdiq edilmiş strateji yol xəritələri də YAP-ın qurultaylarında irəli sürülmüş ideyaların keyfiyyətcə yeni mərhələdə reallaşdırılmasına yaxşı imkanlar açmışdır.

Qlobal layihələrin gerçəkləşdirilməsində söz sahibi olan Azərbaycanın təşəbbüsü ilə son 20 ildə Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan, TANAP, TAP kimi neft-qaz layihələri həyata vəsiqə almışdır. 2017-ci ilin sentyabrında Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşliyataqlarının dərinliklərində yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanması, bir neçə gün əvvəl Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismara verilməsi Azərbaycanın regionda aparıcı dövlət statusunu daha da möhkəmləndirmiş, Şərqlə Qərb arasında tranzit-kommunikasiya imkanlarını genişləndirmişdir.

YAP-ın proqram hədəflərinə uyğun olaraq Azərbaycanda güclü insan kapitalının, innovasiyalara əsaslanan cəmiyyət modelinin formalaşdırılması, “nou-hau” texnologiyalarının inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bununla paralel olaraq Azərbaycandakı mövcud tolerantmultikultural cəmiyyətin təbliği və təşviqi istiqamətində səmərəli layihələr reallaşdırılır, beynəlxalq forumlar, konfranslar keçirilir. Qlobal miqyasda gender bərabərliyinin təşviqi, qadınların ictimai həyatda iştirakının genişləndirilməsi, savadsızlığın aradan qaldırılması və digər bəşəri ideyaların reallaşdırılmasında Heydər Əliyev Fondunun prezidenti, YAP sədrinin müavini, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da xidmətləri müstəsnadır. Xüsusi vurğulamaq istərdik ki, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın YAP-ın V qurultayında partiya sədrinin müavini seçilməsi bütövlükdə partiyanın sıralarının qadınların hesabına da genişlənməsinə yeni təkan vermişdir.

Yaranmasının 25-ci ildönümünü qeyd edən Yeni Azərbaycan Partiyasının milyonlarla insanın inametimad ünvanına çevrilməsi onun xalq və dövlət qarşısındakı məsuliyyətini daha da artırır. Sabitlik, inkişaf və tərəqqi kursuna töhfələrini verməyə çalışan təşkilat ictimai-siyasi proseslərdə, o cümlədən geniş vüsət almış abadlıq, quruculuq işlərində yaxından iştirakı, təşkilatçılığı və təşəbbüskarlığı ilə ümumxalq partiyası olduğunu nümayiş etdirir.

Partiya qarşısında iqtisadi sahədə əldə olunmuş nailiyyətləri daha da genişləndirmək, vətəndaşların sosial rifah halını davamlı şəkildə yüksəltmək, demokratikləşmə prosesini dərinləşdirmək kimi mühüm vəzifələr dayanır. Əminik ki, YAP ölkə rəhbəri cənab İlham Əliyevin rəhbərliyi altında bu və digər məqsədlərə də nail olacaq, ən başlıcası, Azərbaycan qarşıdakı illərdə inkişaf etmiş dövlətlərlə bir sırada dayanacaqdır.

 

Həsən BAYRAMOV,

pedaqogika üzrə elmlər doktoru

 

Azərbaycan.- 2017.-14 noyabr.- S. 3.