Yeni Azərbaycan Partiyası: Heydər Əliyevdən İlham Əliyevə

 

Yeni Azərbaycan Partiyası milli etimadın və siyasi həmrəyliyin ali ünvanıdır

 

Yeni Azərbaycan Partiyası - müstəqil Azərbaycan dövlətinin bayraqdarıdır.

Yeni Azərbaycan Partiyası - ölkə maraqlarına əsaslanan böyük gələcəyin partiyasıdır.

Yeni Azərbaycan Partiyası - dövlət müstəqilliyi lokomotivinin qüdrətli siyasi sükançısıdır.

Müstəqil Azərbaycan dövlətinin və xalqımızın taleyində mühüm, həlledici rola və əhəmiyyətə malik Yeni Azərbaycan Partiyası ölkəmizin tarixinə Heydər Əliyev Partiyası kimi daxil olmuşdur. Bu obyektiv reallığı şərtləndirən aşağıdakı faktorlardır:

1. Görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının banisi və yaradıcısıdır.

Beynəlxalq aləmdə böyük siyasətin nadir və ən mahir təmsilçilərindən biri kimi tanınan Heydər Əliyev XX əsrin doxsanıncı illərinin əvvəllərində dünyada, regionda və ölkədə gedən ictimai-siyasi prosesləri dəyərləndirərək, dərindən təhlil edərək, yenicə müstəqilliyini elan etmiş dövlətinə və çətin günlər yaşayan xalqına kömək etmək, ölkəni böhrandan çıxarmaq, mövcud mürəkkəb şəraitdə müstəqil dövləti xilas etmək, qoruyub saxlamaq və möhkəmləndirmək məqsədilə Yeni Azərbaycan Partiyasının yaradılması zərurətini vacib saymışdır. Azərbaycan ziyalıları və siyasətçilərinin çoxsaylı müraciətləri, məşhur 91-lər hərəkatının rəsmi yazılı dəvəti ilə bir sırada keşməkeşli zamanın, çətin və mürəkkəb ictimai-siyasi proseslərin, xüsusən çox ağır böhran vəziyyətinə salınmış gənc dövlətin və ümidlərini itirməkdə olan xalqın taleyinin Heydər Əliyev tərəfindən ictimai-siyasi baxımdan və ümummilli vəzifələr miqyasında qiymətləndirilərək nəzərə alınması Yeni Azərbaycan Partiyasının yaranması üçün zəruri əsasa çevrilmişdir. Bütün bunlardan sonra görkəmli dövlət xadimi Heydər Əliyev 21 noyabr 1992-ci ildə Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasını yaratmaq kimi şərəfli və məsuliyyətli bir tarixi missiyanı həyata keçirmişdir.

2. Heydər Əliyev Yeni Azərbaycan Partiyasının strategiyasını və taktikasını müəyyən edən Proqramının və Nizamnaməsinin müəllifidir.

Əvvəla, bu partiyanın proqramı və nizamnaməsinin başlıca prinsipləri və əsas tezisləri, ana müddəaları Heydər Əliyev tərəfindən müəyyən olunmuşdur. İkincisi isə Heydər Əliyev ilkin mərhələdə bir neçə variantda hazırlanmış proqramın və nizamnamənin üzərində ciddi surətdə işləyərək zəruri düzəlişlər və əlavələr aparmış, faktiki olaraq son yekun mükəmməl variantı meydana çıxarmışdır.

Ekspertlərin rəylərinə görə, Yeni Azərbaycan Partiyasının Proqramı və Nizamnaməsi nəinki Azərbaycandakı, hətta Müstəqil Dövlətlər Birliyi ölkələrində yaradılmış yeni partiyaların hamısının proqramları və nizamnamələrindən təkmil və üstündür. Heç şübhəsiz, bu məqamda Heydər Əliyev kimi böyük dövlət xadiminin çoxillik zəngin siyasi və dövlətçilik təcrübəsi, müdriklik və uzaqgörənliyi əsas rol oynamışdır. Buna görədir ki, yarandığı zamandan əsrin dörddəbiri qədər vaxt keçməsinə baxmayaraq, Yeni Azərbaycan Partiyasının Proqramı və Nizamnaməsinin təməl şərtləri, ana müddəaları həyatiliyini və dəyərini qoruyub saxlamış, əhəmiyyətini bir daha təsdiq etmişdir.

3. Görkəmli dövlət xadimi Heydər Əliyev 1992-ci ildən ömrünün sonunadək Yeni Azərbaycan Partiyasına uğurla rəhbərlik etmişdir.

Ulu öndərin yüksək təşkilatçılıq istedadı, zəngin dövlətçilik təcrübəsi, uzaqgörən siyasi baxışları, qeyri-adi səfərbərlik bacarığı Yeni Azərbaycan Partiyasının böyük sürətlə inkişaf etdirilməsinə ciddi təkan vermişdir. Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyərkən Naxçıvanda yaranmış Yeni Azərbaycan Partiyası ozamankı Azərbaycan iqtidarının bütün ciddi təzyiqlərinə baxmayaraq, qısa müddətdə və çətin şəraitdə respublikanın, demək olar ki, əksər bölgələrində özünün ilk təşkilatlarını yaratmağa müvəffəq ola bilmiş, təşkilatlanma dövrünü başa çatdırmışdır.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi, Qadınlar Şurası təsis edilmişdir.

4. Azərbaycanın əsas ziyalı potensialı, aparıcı siyasi qüvvələri məhz qətiyyətlə böyük sınaqlardan çıxmış, özünü beynəlxalq miqyasda görkəmli dövlət xadimi kimi təsdiq etmiş görkəmli dövlət xadimi Heydər Əliyevə görə, bu nəhəng siyasətçiyə dərindən ümidinam bəsləyərək ürəklə Yeni Azərbaycan Partiyasının sıralarına qoşulmuşlar.

Buna görə də hələ Heydər Əliyev Naxçıvanda yaşayıb-işlədiyi dövrdə sosial-siyasi tərkibinə, kəmiyyət və keyfiyyət göstəricilərinə görə Yeni Azərbaycan Partiyası respublikanın siyasi-ideoloji mühitində böyük üstünlük qazanması ilə səciyyələnmişdir. Təkcə keçmiş sovet hakimiyyəti illərindən Heydər Əliyevi yaxından tanıyanlar, ulu öndərin rəhbərliyi dövründə onunla birlikdə çalışanlar deyil, yeni nəsillərin nümayəndələri də böyük inamla və sıx-sıx Yeni Azərbaycan Partiyasının sıralarına qoşulmuşlar. Heydər Əliyevin sədrliyi dövründə Yeni Azərbaycan Partiyası üzvlərinin sayı 300 min nəfəri keçmişdir. Bu göstərici o zaman Azərbaycanda mövcud olan çoxsaylı siyasi partiyaların birlikdə hamısının üzvlərindən qat-qat çox idi. Başqa bir fərqləndirici xüsusiyyət də ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası özündə Azərbaycanın əsas ziyalı potensialını, intellektual düşüncəsini cəmləşdirir. Akademiklər, elmlər doktorları, professorlar, görkəmli elm, ədəbiyyat və mədəniyyət xadimləri, adlı-sanlı ziyalılar, bir sözlə, respublikanın sayılıb-seçilən insanları yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunurlar.

Yeni Azərbaycan Partiyası ziyalıların, intellektualların ən qabaqcıl dəstəsini öz ətrafında cəmləşdirir.

Respublikanın ən təcrübəli mütəxəssisləri Yeni Azərbaycan Partiyasının ətrafında birləşmişdir.

Yeni Azərbaycan Partiyası ölkəmizin istedadlı, hazırlıqlı, siyasi cəhətdən yetkin olan müasir gəncliyinin baş qərargahıdır.

5. Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyasının birinciikinci qurultayları görkəmli dövlət xadimi, mahir siyasətçi Heydər Əliyevin rəhbərliyi ilə keçirilmişdir.

Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının qurultaylarındakı parlaq məruzələri və yekun sözü bu partiyanın inkişaf strategiyasının əsasını təşkil edirdi. Bu məruzələr müstəqil Azərbaycan dövlətinin Heydər Əliyev çağırışlarıdır. Bu çağırışlar Yeni Azərbaycanın Heydər Əliyev konsepsiyasıdır. Görkəmli dövlət xadiminin qurultaylardakı dərin məzmunlu məruzələri Yeni Azərbaycan Partiyasının fəaliyyət proqramı olmaqdan başqa, həm də ümumiyyətlə, müasir mərhələdə böyük siyasətin mükəmməl dərsləridir. Minlərlə insanı məhz bu cür əsaslandırılmış, düşünülmüş parlaqreal siyasət, sınaqlardan çıxmış Heydər Əliyev ideyaları Yeni Azərbaycan Partiyasına cəlb edir.

6. Məhz ümummilli lider Heydər Əliyevin sayəsində Yeni Azərbaycan Partiyası ümumxalq ehtiramı və inamı qazanmışdır.

Xalq - Heydər Əliyev birliyi eyni zamanda xalqımızın Yeni Azərbaycan Partiyasının irəli sürdüyü ideallar ətrafında birləşməsi demək idi.

Yeni Azərbaycan Partiyası mütəşəkkil bir qurum kimi beynəlxalq aləmdə qəbul olunur. Yeni Azərbaycan Partiyasının təcrübəsi xarici ölkələrin mühüm siyasi dairələrinin diqqətini cəlb edir. Dünyanın görkəmli dövlət xadimlərinin və adlı-sanlı şəxsiyyətlərinin ümummilli lider Heydər Əliyev haqqında dedikləri ürək sözləri, verdikləri siyasi qiymət həm də eyni zamanda onun yaratdığı Yeni Azərbaycan Partiyasına aid olmuşdur.

Bütün bunlara görə Yeni Azərbaycan Partiyası Heydər Əliyev partiyası kimi tanınmış və Azərbaycanın ictimai-siyasi mühitində böyük etibar qazanmışdır.

Doğrudur, görkəmli dövlət xadimi Heydər Əliyev yalnız bir partiyanın - Yeni Azərbaycan Partiyasının dəstəyi ilə siyasi hakimiyyətə gəlməmişdi. O, geniş mənada xalqın bütün təbəqələri tərəfindən ölkənin seçici elektoratının mütləq əksəriyyətinin ən yüksək səviyyədə səsini qazanaraq ali dövlət vəzifəsinə - ölkə Prezidentliyinə seçilmişdi. Bununla yanaşı, Azərbaycanda siyasi tarazlığın qorunub saxlanılmasında, bütövlükdə siyasi proseslərin yönləndirilməsində, müstəqil dövlətin milli ideologiyasının təbliğində Yeni Azərbaycan Partiyasının xüsusi rolu vardır. Azərbaycançılıq Yeni Azərbaycan Partiyasının ideoloji siyasətinin əsasını təşkil edir. Məhz Heydər Əliyevin düşünülmüş konsepsiyası əsasında ölkəmizdə azərbaycançılıq ədəbiyyat siyasətindən və siyasi partiya ideyasından dövlət ideologiyası səviyyəsinə yüksəlmişdir.

Ölkə parlamentinə keçirilən seçkilərdə yeni azərbaycançıların mütləq üstünlük qazanmaları Heydər Əliyev siyasi kursunun həyatiliyini, əbədiyaşarlığını, müstəqil Azərbaycan dövlətinin milli maraqlarına layiqincə cavab verdiyini bir daha təsdiqləyir. Hətta bələdiyyə seçkilərində də xalq tərəfindən Yeni Azərbaycan Partiyasının üzvlərinə daha çox etimad göstərilməsi bu partiyanın çətin sınaqlardan uğurla çıxdığını göstərir. Deməli, xalqımız Yeni Azərbaycan Partiyasına dərin inam bəsləyir və ürəkdən inanır. Bu ümidin və inamın əsasında isə ümummilli lider Heydər Əliyevin mükəmməl dövlətçilik təlimi, xalqımızın ümummilli mənafelərinə çevrilmiş həmişəyaşar Heydər Əliyev idealları dayanır.

Yeni Azərbaycan Partiyası görkəmli dövlət xadimi Heydər Əliyevin möhtəşəm siyasi dövlətçilik ideallarından doğulmuşdur. Bu siyasi partiya Azərbaycan xalqını böyük ideallara səfərbər etmək vəzifəsini layiqincə yerinə yetirir.

XXI əsrdə Yeni Azərbaycan Partiyasının inkişafında yeni tarixi epoxa başlanmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasına rəhbərliyi bu siyasi partiyada mövcud ənənələrin yaradıcı şəkildə davam etdirilməsi ilə bərabər, həm də yeniləşməyə və müasirləşməyə geniş meydan açmışdır.

Bütövlükdə Azərbaycan cəmiyyətində olduğu kimi, Yeni Azərbaycan Partiyasının da inkişafının İlham Əliyev mərhələsi ölkə reallıqlarının dünyada gedən proseslərlə uzlaşdırılaraq ön mövqeyə çıxarılması ilə səciyyələnir.

Yeni Azərbaycan Partiyasının yeni mərhələsi ümummilli maraqların siyasi dövlətçilik idealları ilə möhkəm vəhdətinin təmin olunmasına əsas verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin taleyində Yeni Azərbaycan Partiyasının özünəməxsus yeri var. İlham Əliyev Yeni Azərbaycan Partiyası sıralarına gələnədək diqqətəlayiq səviyyədə mükəmməl siyasi təcrübə qazanmışdır. Heydər Əliyev kimi nəhəng siyasi xadimin başçılıq etdiyi ailədə formalaşmaq böyük siyasətin ən mükəmməl dərslərini almaq deməkdir. Heydər Əliyev müdrikmahir bir siyasətçi kimi İlham Əliyev üçün və ümumiyyətlə ölkəmiz üçün böyük dövlətçilik məktəbi olmuşdur. Məhz Heydər Əliyev siyasi meydanda İlham Əliyevin ən qüdrətli müəllimi kimi onu Azərbaycanın gələcəyi üçün formalaşdırıb yetirmişdir. Azərbaycana rəhbərliyinin birinci dövründə və Moskvada siyasət olimpinin zirvəsində təmsil olunduğu zaman Heydər Əliyevin yaşadığı məsuliyyətli və mənalı həyatının, böyük mübarizəsinin görünən və görünməyən tərəfləri, ən müxtəlif ciddi aspektləri İlham Əliyevin aldığı böyük siyasi dərslərin əsasını təşkil edir.

Ümumilikdə Prezident İlham Əliyev dünya miqyasında özünü təsdiq etmiş Heydər Əliyevin böyük siyasət məktəbinin davamçısı və ulu öndərin milli dövlətçilik təlimini yaradıcılıqla və ardıcıllıqla inkişaf etdirən, zənginləşdirən, daha da müasirləşdirərək irəli aparan görkəmli dövlət xadimidir.

Heç şübhə yoxdur ki, İlham Əliyevin beynəlxalq miqyasda xüsusi imici olan Moskva Beynəlxalq Münasibətlər İnstitutunda mükəmməl ali təhsil alması, tarixçi-diplomat ixtisasına dərindən yiyələnməsi də onun siyasi dünyagörüşünün formalaşmasında əhəmiyyətli rol oynamışdır. Bundan başqa, İlham Əliyevin təhsil aldığı tanınmış ali təhsil ocağında müəllim kimi fəaliyyət göstərməsi, burada böyük uğurla xarici siyasətin aktual problemlərinə həsr olunmuş dissertasiya müdafiə edərək elmi dərəcə qazanması da siyasi hakimiyyətin olimpinə doğru inkişafda mühüm mərhələyə çevrilmişdir. Xüsusən SSRİ rəhbərliyinin birbaşa qərarı ilə 1990-cı ilin 20 Yanvarında Bakı şəhərinə qoşun yeridilərək, dəhşətli qırğınlar törətdikdən dərhal sonra mövcud rejimin yaratdığı bütün maneələrə baxmayaraq, Azərbaycan Respublikasının Moskvadakı Daimi Nümayəndəliyinə gələrək kəskin siyasi bəyanatla çıxış edən görkəmli dövlət xadimi Heydər Əliyevlə bərabər olması böyük siyasətin astanasında olan İlham Əliyev üçün ümummilli mənafelər, xalq və müstəqillik yolunda dönməzlik və qətiyyət göstərmək mənasında unudulmaz dərs olmuşdur. Bütün bunlar o deməkdir ki, İlham Əliyev böyük siyasətdə təmsil olunana qədər, Yeni Azərbaycan Partiyası sıralarına qoşulanadək siyasi mühitdə ciddi və əhəmiyyətli yol keçmiş, artıq mühüm addımlarını atmış, məqsədini və məramını müəyyən etmişdir. Ona görə də İlham Əliyevin Yeni Azərbaycan Partiyası sıralarına qoşulması, hər şeydən əvvəl, bu partiyanın aydın siyasi mövqeyə malik qətiyyətli və kamil bir siyasətçi ilə zənginləşməsinə xidmət göstərmişdir. Bundan başqa, İlham Əliyevin Yeni Azərbaycan Partiyası sıralarına gəlişi onun nümunəsində partiyanın ölkənin layiqli gənclərinin hesabına daha da qüvvətləndirilməsinə böyük təkan vermişdir.

Minlərlə gənc müstəqil dövlətin bütün enerjisini özündə ifadə edən İlham Əliyevin ardıcılı olmaq üçün özünün taleyini həmişəlik olaraq Yeni Azərbaycan Partiyasına bağlamışdır. İlham Əliyev başlanğıc mərhələdə Yeni Azərbaycan Partiyasında yeni nəsil gəncliyin mübariz lideri kimi çıxış etmişdir.

Bununla belə, Yeni Azərbaycan Partiyasında Heydər Əliyev kimi qüdrətli siyasi xadimin rəhbərliyi ilə müavin, birinci müavin kimi keçdiyi mənalı yol da, həyata keçirdiyi məqsədyönlü fəaliyyət də onun siyasi təcrübəsinin daha da zənginləşməsinə geniş şərait yaratmışdır.

Hazırda ölkəmizin Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının sədri kimi zəngin ənənələrə malik olan bu partiyanın daha da inkişaf etdirilməsinə, fəaliyyətinin təkmilləşdirilməsinə, yeniləşdirilməsinə və müasirləşdirilməsinə ciddi əhəmiyyət verir. İndiki mərhələdə Yeni Azərbaycan Partiyası yenə də Azərbaycan siyasi mühitinin ən mütəşəkkil, yüksək səviyyədə təşkilatlanmış aparıcı qüvvəsi kimi çıxış edir. Yeni Azərbaycan Partiyasının iqtidar partiyası kimi siyasi nüfuzunun nəinki qorunub saxlanılmasına, daha da genişləndirilməsinə və möhkəmlənməsinə xüsusi fikir verilir. Buna görədir ki, müstəqil dövlətimizin inkişafında bu partiyanın rolu yeniləşən Azərbaycanın yeni tipli, yetkin və mütəşəkkil siyasi partiyası, möhkəm və mükəmməl siyasi-ideoloji cəbhəsi kimi getdikcə daha da artmaqda davam edir.

Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev XXI əsrdə beynəlxalq miqyasda özünün əsl liderlik potensialını, rəhbərlik etmək imkanlarını yeni tipli siyasi xadim kimi bütün dünyaya bəyan edir.

Azərbaycan cəmiyyətinin ən müxtəlif təbəqələrinin təmsilçilərinin Yeni Azərbaycan Partiyasına axını xalqın yeni dövrün görkəmli dövlət xadimiböyük siyasi lideri, Prezident İlham Əliyevə olan dərin inamını dolğun şəkildə ifadə edir. Hazırda Yeni Azərbaycan Partiyasının üzvlərinin sayının 700 min nəfəri keçməsi iqtidar partiyasının qüdrətli liderinə olan münasibətin, dərin ümumxalq inamının qanunauyğun, məntiqi göstəricisidir.

Yeni Azərbaycan Partiyasının sıralarının, tərkibinin keyfiyyətcə daha da yaxşılaşdırılması proseslərinin gerçəkləşməsi istiqamətində aparılan işlər partiyada demokratik prinsiplərin genişləndirilməsinə şərait yaradır. Yeni Azərbaycan Partiyası ölkənin və dünyanın siyasi mühitində demokratik dəyərlərə önəm verən, daim axtarışda olan, fəaliyyətində siyasi dialoqukonkret əməli addımları ön mövqeyə çəkən partiya kimi qabarıq şəkildə özünü göstərir.

Siyasi müxalifətə münasibətdə radikal qarşıdurmaya deyil, dialoqa, fikir mübadiləsinə, müzakirələrə meydan açan Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizin etibarlı dayağına çevrilmişdir.

Yeni Azərbaycan Partiyası artıq ölkədə və dünyada yüksək siyasi mədəniyyət nümayiş etdirən və davamlı inkişafa aparan bir partiya səviyyəsində qəbul olunur. Yeni Azərbaycan Partiyası mühüm həyati proqramları uğurla gerçəkləşdirən partiya kimi özünü təsdiq edib.

Hazırda möhtərəm Prezident İlham Əliyevin respublikamızın dünya birliyi ilə əlaqələrinin daha da genişləndirilməsi və möhkəmləndirilməsi, milli maraqlar nəzərə alınmaqla inteqrasiya proseslərinin dərinləşdirilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü proqram Yeni Azərbaycan Partiyasının fəaliyyətinin də həmin sahədə inkişaf etdirilməsinə böyük perspektivlər açır. Avropanın və Asiyanın böyük siyasi təcrübəyə malik partiyalarının təmsilçilərinin ölkəmizə səfərləri, Yeni Azərbaycan Partiyasının İcra katibliyi, İdarə Heyəti və Siyasi Şurasının üzvləri ilə aparılan səmərəli danışıqlar cəmi 25 yaşı olan bu partiyada beynəlxalq təcrübənin öyrənilməsinə, siyasi-təşkilati işlərin daha da təkmilləşdirilməsinə və yeniləşdirilməsinə ciddi təkan verir. Yeni azərbaycançıların heyət halında Çin Xalq Respublikasına, Avropa ölkələrinə və Türkiyə Cümhuriyyətinə səfərləri, həmin ölkələrin iqtidar patiyalarının, digər siyasi cərəyanlarının rəhbərləri ilə, tanınmış siyasi xadimlərlə görüşləri, imzalanan əməkdaşlıq protokolları partiyada dünya təcrübəsinin müqayisəli şəkildə təhlil edilməsinə, yeni siyasi dünyagörüşü formalaşdırmağa uğurla xidmət edir. Artıq inamla demək olar ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərlik etdiyiyeni tarixi epoxanın qüdrətli siyasi təşkilatına çevrilmiş Yeni Azərbaycan Partiyasının keçdiyi ibrətamiz yolun dərsləri, bu möhtəşəm siyasi qurumun təcrübəsi beynəlxalq aləmdə öyrənilir. Cəmiyyət həyatının digər sahələrində olduğu kimi, iqtidar siyasi partiyası olmaq baxımından da Azərbaycan Respublikasının özünəməxsus modeli vardır. Siyasi partiyanın Azərbaycan modeli sadəcə uzun müddət iqtidarda qalmaq yox, ölkəni və xalqı ardıcıl olaraq daim irəli aparmağa yaradıcılıqla xidmət etmək hünəri nümayiş etdirmək deməkdir. Prezident İlham Əliyevin rəhbərlyi ilə Yeni Azərbaycan Partiyası bu həqiqəti özünün 25 illik səmərəli fəaliyyəti ilə isbat etmişdir.

Yeni Azərbaycan Partiyası ölkəsini və xalqını həmişə irəli aparan, inteqrasiya proseslərinə üstünlük verən, daim yeniləşən və yaradıcı şəkildə inkişaf edən siyasi partiyadır. Ölkəmizin Prezidenti İlham Əliyevin apardığı çoxşaxəli və məqsədyönlü səmərəli , dövlət səviyyəsində müəyyən olunmuş aydın siyasi mövqe Yeni Azərbaycan Partiyasının ölkə üzrə fəaliyyətini istiqamətləndirir və inkişaf etdirir. Müstəqil Azərbaycanda cəmiyyət həyatının bütün sahələrində qazanılan uğurlarda, əldə olunan mühüm nailiyyətlərdə Yeni Azərbaycan Partiyasının böyük roluxüsusi yeri vardır. Yeni Azərbaycanın və Yeni Azərbaycan Partiyasının müasir inkişafının baş memarı ölkəmizin Prezidenti İlham Əliyev XXI əsrin yeni tipli görkəmli dövlət xadimiböyük siyasi lideridir.

Göründüyü kimi, respublikamızın həyatında mühüm əhəmiyyətə malik olan Yeni Azərbaycan Partiyasının görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevdən ölkəmizin Prezidenti İlham Əliyevə qədər keçdiyi şərəfli yol müstəqil Azərbaycan dövlətinin siyasi tarixininmüasir inkişafının ən parlaq səhifələrini təşkil edir. Əslində yeni Azərbaycan Partiyasının keçdiyi səmərəli 25 illik yol müstəqil dövlətimizin və xalqımızın ümid və inamının, böyük ideallarının gerçəkləşməsi yoludur, tərəqqi, dirçəliş, yaradıcı inkişaf, müasirləşmə, yüksəliş yoludur. Beynəlxalq aləmdə yeni dövr dünya siyasətinin görkəmli liderlərindən biri kimi qəbul olunan Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda müstəqil Azərbaycan dövləti də, Yeni Azərbaycan Partiyası da xalqımızı böyük inamla yeni zirvələrə, daha parlaq gələcəyə doğru aparmaqda tarixi yolunu dönmədən davam etdirir.

Yeni Azərbaycan Partiyası böyük gələcəyə doğru inkişafa geniş meydan açmağın əsl nümunəsini göstərir.

Yeni Azərbaycan Partiyası müasir Azərbaycanın daha işıqlı sabahlarının leytmotividir.

Avropa ilə Asiyanı birləşdirən Dəmir İpək yolu: Bakı-Tbilisi-Qars Azərbaycan qatarının növbəti magistral səfəridir...

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqını daim yeni magistral yollara çıxarmaq zamanın obyektiv reallığıdır.

 

İsa HƏBİBBƏYLİ,

Milli Məclisin Elm və təhsil komitəsinin sədri,

YAP Siyasi Şurasının üzvü, akademik

 

Azərbaycan.- 2017.-14 noyabr.- S.1; 5.