Şərəfli
və tarixi missiya
YAP dünənki
şanlı Qurtuluşun, bugünkü sürətli
inkişafın və sabahkı möhtəşəm tarixin
siyasi istinadgahıdır
Tarixin inkaredilməz həqiqətidir:
hər bir xalq təkmil dövlət quruculuğu prosesində
hökmən güclü liderə, sağlam ideoloji təmələ
və mütləq əksəriyyəti sıralarında birləşdirən
siyasi istinadgaha əsaslanır.
Müstəqillyinin 26-cı
ildönümünü qeyd etdiyimiz Azərbaycanın keşməkeşli
tarixinə, xüsusən də istiqlal salnaməsinin ilk
dövrlərinə nəzər salarkən bu üç amil
özünü tam doğruldur.
Bəli, müstəqil Azərbaycan
məhz güclü liderin - Heydər Əliyevin şah əsəridir. Sağlam
ideoloji təməl - Heydər Əliyev kursu Azərbaycanın
xaosdan Qurtuluşa keçidinin, həmçinin qüdrətli
dövlət və sürətli inkişaf
konsepsiyasının əsas qayəsidir. Bu tarixi mərhələdə
xalqı dövlətçilik məramında birləşdirən,
vətəndaşları ali məqsədlər
ətrafında səfərbər edən siyasi istinadgah isə
əlbəttə ki, Yeni Azərbaycan Partiyasıdır.
YAP-ın
yaranması Azərbaycan dövlətçiliyinin xilas
günü, Qurtuluşun başlanğıc məqamıdır
25-ci ildönümünü
böyük qürur hissi ilə qeyd etdiyimiz YAP dahi Heydər
Əliyevin əmanəti, siyasi "şah əsəri"dir.
YAP həm də Azərbaycanın istiqlal tarixinin, Qurtuluş
salnaməsinin, davamlı inkişaf xəttinin əsas
aparıcı qüvvəsi, ideoloji flaqmanı, siyasi
bayraqdarıdır.
Dövlətinə, millətinə
şərəflə xidmət edən iqtidarımızın,
partiyamızın fəaliyyəti Azərbaycanın yüksəliş
mərhələsinin əsas istinad mənbəyidir və bu
danılmaz həqiqət hər birimizdə iftixar hissi
doğurur.
Bu siyasi platformada - YAP
sıralarında indi 700 mindən artıq vətəndaşımız
birləşib. YAP-ın üzvü olmaq böyük şərəfdir,
yüksək etimaddır. YAP üzvü olmaq yüz minlərlə
insanı birləşdirən, qürurlandıran ən
böyük dəyərdir. Bizi dosta, siyasi həmfikirə,
Heydər Əliyev irsinin sədaqətli əsgərinə
çevirən vacib amildir.
YAP öz fəaliyyəti müddətində
heç vaxt siyasi partiya statusu ilə kifayətlənmədi,
o, hər zaman - 25 il öncə də, indi
də ümumxalq hərəkatı kimi təşəkkül
tapdı.
Yeni Azərbaycan
Partiyasının yaranması elə bir tarixi dövrə təsadüf
edirdi ki, artıq dövlətçiliyimiz itirilmək mərhələsində
idi, xalqımızın isə bütün ümidləri
tükənmişdi. Xatırlayaq o dövrləri: 1992-ci ilin narahat iyun
ayı, təhlükəli iyulu, milli hiddətin zirvəsini
yaşayan avqustu, xalqın inamla çıxış yolu
aradığı sentyabr ayı, yüzminlərlə
insanın özünə nicat ünvanı seçərək
fəallaşdığı oktyabr ayı və Azərbaycan
tarixində dönüş yaradacaq 1992-ci ilin noyabrı...
25 il öncənin
hər bir günü, hər bir saatı Azərbaycan
üçün, xalqımız üçün itki, fəlakət
dövrü idi. Siyasi və iqtisadi böhran
içində olan, müstəqilliyindən bəhrələnə
bilməyən, Qarabağın erməni
separatçıları tərəfindən işğalı,
şimal və cənubda isə etnik yönümlü təxribatlarla
üzləşən, vətəndaş müharibəsinin ərəfəsində
olan respublikamızda əhali ümidsizlik ovqatında, bədbin
əhvalda, sabaha inamsızlıq ruhunda idi. Vətəndaşlarımız birmənalı olaraq
belə hesab edirdilər ki, Azərbaycanı məhvolma təhlükəsindən
xilas edəcək yeganə amil məhz Heydər Əliyev
faktorudur. Hələ 1991-ci ilin
ortalarından etibarən ölkəmizin müxtəlif
bölgələrində insanlar kütləvi şəkildə
toplantılar keçirir və Heydər Əliyevin fəal
siyasətə qayıtmasını tələb edirdilər.
O zaman üzləşdiyimiz inzibati maneələr, dövlət
qurumlarının təhdidləri, təxribatları
qarşısında xalqın bizə nümayiş etdirdiyi dəstək
missiyamızın uğurla tamamlanmasına səbəb oldu.
Həmin dövrü xatırlayarkən,
91 ziyalının məktubuna ulu öndərin tarixi
cavabını böyük ehtiramla yada salıram: “Azərbaycanın
çağdaş və gələcək taleyi ilə
bağlı problemlərin həllinə biganə qalmağa
heç kəsin haqqı yoxdur. Güman edirəm
ki, müstəqil Azərbaycan dövlətinin gələcək
həyatının və fəaliyyətinin əsasını
təşkil edən demokratiya və siyasi plüralizm şəraitində
Yeni Azərbaycan siyasi partiyasının yaradılması
obyektiv zərurətdən doğur. Belə
partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal
iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin
möhkəmləndirilməsində və inkişafında
tarixi rol oynaya bilər. Əgər belə
partiya yaradılarsa, onun fəaliyyətində fəal
iştirak etməyə hazıram”.
Bəlkə də indi - 25 il sonra bu fikirlər adi qəbul edilə bilər.
Amma 1992-ci ilin noyabrında ölkənin siyasi həyatında
ildırım kimi çaxan bu müraciət yalnız yeni bir
partiyanın əsasını qoymadı, əslində, Azərbaycan
tarixində böyük dəyişikliyin təməlinə
çevrildi, dövlətimizi və xalqımızı
labüd məhvdən xilas edən Qurtuluş
missiyasının başlanğıcı oldu.
Ötən 25 ilin ictimai-siyasi təhlil
kontekstində tam əsasla deyə bilərəm ki, Yeni Azərbaycan
Partiyasının yaranması Azərbaycan dövlətçiliyinin
xilas günü, Qurtuluşun başlanğıc məqamıdır!
Xalq 25 ildir
bütün seçkilərdə etimad mandatını
yalnız YAP-a verir
25 il öncə
yüzminlərlə insan öz tarixi seçimini etdi: onlar
Heydər Əliyevin adı, imzası, sözü olan təşkilatda
birləşib, dövlətin və millətin məhvinə
son qoymağa çalışırdılar. Təsadüfi
deyil ki, YAP yaranmamışdan öncə xalqımız hələ
layihə şəklində olan yeni siyasi gücə Heydər
Əliyev Partiyası adını qoymuşdu.
Partiyamızın bu gün də - 25 il sonra yenə də
xalqın nəzərində Heydər Əliyev Partiyası
olaraq xatırlanması bizlərə böyük şərəf,
qürur hissi bəxş edir və sübut edir ki, ulu öndərin
bu siyasi əmanəti etibarlı əlllərdədir.
YAP adi partiya kimi yaranmadı, o, milli hərəkat,
xalqın səfərbəredici gücü kimi
formalaşdı.
YAP bu gün də yalnız hakim
partiya kimi fəaliyyət göstərmir. Ümumiyyətlə,
YAP-ın fəaliyyəti, hədəfləri heç vaxt bir
partiya miqyası ilə məhdudlaşmadı.
YAP dünən də, bü gün də
hərtərəfli inkişafın əsas siyasi lokomotivi,
dövlətçiliyimizin siyasi istinadgahı, istiqlaliyyətimizin
möhkəm bünövrəsi oldu.
Müstəqil
respublikamız var olduqca, YAP da Heydər Əliyev Partiyası
kimi daim Azərbaycanın vahid siyasi qüvvəsi, əsas
gücü olaraq qalacaq.
Yeni Azərbaycan
Partiyasının fəaliyyət salnaməsi, əslində,
elə məhz müstəqil Azərbaycan dövlətinin
tarixidir.
YAP Qafqazın ən
güclü siyasi təşkilatıdır, Avropanın və
Asiyanın ən nüfuzlu, mütəşəkkil siyasi
qurumları sırasındadır. 700 mindən artıq
insanı sıralarında birləşdirən
partiyamızın təəssübkeşlərinin sayı isə
milyonlarla ölçülür.
Ötən 25 il ərzində
bütün seçkilərin qalibi məhz YAP olub. Partiyamız 5 prezident, 5 parlament, 4 bələdiyyə
seçkisinin qalibi olub. 4 referendumda
xalqımız partiyamızın təklifini, təşəbbüsünü
birmənalı dəstəkləyib.
Bunlar YAP-a, onun liderlərinə olan
ümumxalq sevgisinin, ümummilli dəstəyinin ən bariz
göstəricisidir.
Bu nailiyyətlərin əsas
təməli Heydər Əliyev ideyalarıdırsa, onun təminatçısı
məhz möhtərəm Prezidentimiz İlham Əliyevdir, onun
fəaliyyətidir. YAP-ın əldə etdiyi hər bir qələbə
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə
və bu siyasətə vətəndaşlarımızın
münasibətinin yüksək olması ilə bilavasitə əlaqədardır.
Bu baxımdan YAP-ın
başlıca resursu, qələbələrinin kökündə
dayanan əsas həqiqət Prezident İlham Əliyevin şəxsiyyəti,
reytinqi, xalqımızın ölkə rəhbərinə
olan böyük etimadı, inamı və ölkəmizdə
həyata keçirilən siyasətin uğurlarıdır.
Bütün bunlar Azərbaycan
seçicilərinin siyasi ovqatının
formalaşmasının əsasını təşkil edir və
seçkilər zamanı YAP-ın lehinə verilən səslərdə
öz əksini tapır.
Cənab İlham Əliyev
YAP-ın yarandığı ilk günlərdən onun
inkişafına ən böyük töhfələri verib. Hələ
ötən əsrin sonlarında parlament seçkilərində
partiya siyahısına rəhbərlik edərək
böyük siyasi qələbənin səbəbkarı olub.
Sonradan YAP sədrinin birinci müavinliyinə
yüksələn hörmətli İlham Əliyev partiyada
islahatların müəllifinə çevrildi,
sıralarımıza gənclərin kütləvi
axınını təmin etdi.
Prezident İlham Əliyevin
ötən 14 ildəki əzmkar fəaliyyəti Azərbaycanın
onilliklərə bərabər inanılmaz inkişaf yolu
keçməsini təmin etməklə yanaşı, Yeni Azərbaycan
Partiyasının cəmiyyətdəki alternativsiz siyasi
qüvvə statusunu da möhkəmləndirdi.
YAP-ın güclü siyasi partiya kimi
özünü təsdiqləməsi həm də cənab
İlham Əliyevin yüksək liderlik keyfiyyətləri ilə
şərtlənir.
Bu baxımdan YAP-ın fəaliyyətini
həm ulu öndər Heydər Əliyevin, həm də
Prezident İlham Əliyevin fəaliyyətləri çərçivəsində
təhlil etmək lazımdır. Çünki ulu
öndər Azərbaycanın dövlət quruculuğu və
müstəqilliyinin möhkəmləndirilməsi prosesində
həm də YAP-ın banisi, sədri kimi iştirak edib. Prezident İlham Əliyev isə ölkəmizi
dünyanın ən inkişaf etmiş ölkələrindən
birinə çevirmək strategiyasının icrasında, eyni
zamanda YAP-ın sədri kimi də mühüm tarixi rol
oynayıb.
Bu gün Azərbaycan
dövlətinin inkişafında əldə olunan misilsiz
nailiyyətlər qüdrətli sədrlərimizin - ulu
öndər Heydər Əliyevin və Prezident İlham
Əliyevin fəaliyyətlərinin nəticəsi və həm
də YAP-ın töhfələri kimi səciyyələnməlidir.
Bütün
zamanların əsas siyasi bayraqdarı
Ümummilli liderimizin
böyük uzaqgörənliklə söylədiyi “Yeni Azərbaycan
Partiyası dünənin, bu günün və sabahın
partiyasıdır” fikri 25 illik zaman anlamında öz tarixi həqiqiliyini
təsdiq edib.
Bu kontekstdə yanaşsaq,
tam əminliklə deyə bilərik ki, YAP dünənki
şanlı Qurtuluşun, bugünkü sürətli
inkişafın və sabahkı möhtəşəm tarixin
siyasi istinadgahıdır.
Heydər Əliyevin
yaratdığı sağlam özül üzərində bərqərar
olan milli yüksəliş strategiyasını Prezident
İlham Əliyev “İnkişafın Azərbaycan modeli”
nümunəsində formalaşdırdı və
dünyanın iqtisadi beyin mərkəzləri,
araşdırma qurumları bu modelin uğurlu mahiyyətini birmənalı
etiraf etdilər. Son illərdə başlayan qlobal böhran,
ümumdünya maliyyə-iqtisadi təlatümlər fonunda
başqa ölkələrin iflas həddinə
çatması, böyük sosial problemlər məngənəsinə
düşdüyü bir vəziyyətdə Azərbaycanın
bu fəsadlardan qorunması, böhran dalğasına tab gətirməsi,
nəhayət, bu problemlərdən qurtulması məhz
Prezidentin düzgün siyasətinin məntiqi nəticəsidir.
Cənab İlham Əliyevin ötən həftə
elan etdiyi “Azərbaycanda artıq heç bir maliyyə, iqtisadi
problem yoxdur, sürətli inkişaf yenidən davam edir” fikri həm
də məhz YAP sədrinin cahanşümul fəaliyyətinin
real təzahürüdür.
Hörmətli İlham
Əliyevin “Qlobal böhranda milli inkişaf” konsepsiyası yeni
islahatlar kursunun əsas qayəsini təşkil edir. 2015-ci ilin
sonlarından başlayaraq Prezident İlham Əliyevin həyata
keçirdiyi yeni islahatlar kursu nəticəsində Azərbaycan
davamlı tərəqqinin yeni nümunəsini
formalaşdırıb. Bu strateji
baxış həm Azərbaycanda, həm də ümumən
dünyada baş verən sürətli dəyişikliklərdən
irəli gəlirdi. Ortaya çıxan yeni
çağırışların, dünyadakı iqtisadi
kataklizmlərin vaxtında dəyərləndirilməsi və
qabaqlayıcı addımların atılması
üçün xüsusən iqtisadi islahatların
aparılması zamanın qarşıya qoyduğu bir zərurət
idi. Odur ki, ötən iki il ərzində
Azərbaycanda bir-birinin ardınca mühüm islahat
proqramları qəbul edilərək icraya yönəldildi.
İlkin nəticələr
uğurludur.
Eyni zamanda “Əsrin müqaviləsi”nin daha
30 il müddətinə, bu dəfə Azərbaycanın
maraqlarına daha çox cavab verən şərtlərlə
uzadılması da inkişafın dinamikasının
azalmayacağına Prezidentin yaratdığı etibarlı
bünövrədir. Çindən Londonadək
ən səmərəli, effektiv ticarət marşrutunu - “Dəmir
İpək Yolu” adlanan Bakı-Tbilisi-Qars layihəsini artıq
istismara verməklə Yeni Azərbaycan Partiyasının sədri
İlham Əliyev Azərbaycanı qlobal dünyanın əsas
nəqliyyat-kommunikasiya-logistika mərkəzlərindən biri
kimi təsdiq etdirdi.
Siyasi liderlik, şübhəsiz,
kütlələri ətrafında birləşdirmək
bacarığında ifadə olunur. Bu nöqteyi-nəzərdən
Azərbaycan Prezidenti İlham Əliyevin şəxsiyyət və
lider kimi böyüklüyü onun ideyalarının ilk
növbədə hər bir vətəndaşın
maraqlarına hesablanmasından irəli gəlir. Dövlət başçısının milli birlik
və həmrəylik konsepsiyası ona xalqı öz ətrafında
birləşdirmək, milli ideallar ətrafında səfərbər
etmək imkanı verir. Cənab İlham
Əliyev səlahiyyətlərinin icrasına
başladığı ilk gündən cəmiyyətin
bütün siyasi qüvvələrinin, sosial
qruplarının, dini-etnik konfessiyalarının birliyini təmin
etmək istiqamətində ardıcıl siyasət
yürüdür.
Bu prosesdə liderimizin ən
yaxın silahdaşı, etibarlı dayağı məhz Yeni
Azərbaycan Partiyası və onun üzvləridir. YAP üzvləri
bütün səviyyələrdə cənab İlham
Əliyevin siyasətinin fəal icraçıları, təbliğatçılarıdırlar.
Bütün zamanların
siyasi bayraqdarı olan Yeni Azərbaycan Partiyasının
üzvləri yeni islahatlar kursunun uğurla həyata
keçirilməsi prosesində də möhtərəm
Prezidentimizin, cənab sədrimizin sədaqətli əsgərləri
kimi böyük təşəbbüskarlıq və əzm
nümayiş etdirirlər.
YAP ümummilli həmrəylik
ünvanıdır
Möhtərəm sədrimiz İlham
Əliyev partiya qurultaylarında, tədbirlərində YAP təmsilçilərinə
daim tövsiyə edib ki, hər bir üzv ümummilli lider Heydər
Əliyevin həyata keçməyən ali
ideallarını, müqəddəs arzularını gerçəkləşdirmək
üçün əlindən gələni etməli, dövlətçiliyimizin
inkişafına və tərəqqisinə daim xidmət
göstərməlidir. Biz bu xidmət nümunəsini
Yeni Azərbaycan Partiyasının sədr müavini Mehriban
xanım Əliyevanın çoxşaxəli fəaliyyətində
daha qabarıq görürük.
Hörmətli sədr
müavinimizin Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə
təyin olunması, əslində, həm də Yeni Azərbaycan
Partiyasına, bu partiyanın yüzminlərlə üzvünə
olan növbəti etimaddır.
Təsadüfi deyil ki, Prezident
İlham Əliyev Təhlükəsizlik Şurasının
iclasında Mehriban Əliyevanın bu ali vəzifəyə
təyinatının səbəblərini formalaşdıran
amillər sırasında onun yüksək siyasi-ictimai
nüfuzunu və YAP-ın sədr müavini kimi səmərəli,
məhsuldar fəaliyyətini xüsusi diqqətə çəkmişdi:
“Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin
ictimai-siyasi həyatında, mədəni həyatımızda
mühüm və fəal rol oynayır. Mehriban
Əliyeva Yeni Azərbaycan Partiyasının sədr
müavinidir. Yeni Azərbaycan Partiyası
ölkəmizin aparıcı siyasi qüvvəsidir, Cənubi
Qafqazın ən böyük partiyasıdır”. Həqiqətən
də, Mehriban xanıma göstərilən bu ali
etimad partiyanın hər bir üzvünün qürur mənbəyinə,
böyük sevincinə səbəb oldu.
Heydər Əliyev Fondunun prezidenti,
Milli Məclisin deputatı, Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun və Gimnastika Federasiyasının prezidenti,
UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi Mehriban
xanım Əliyevanın indiyədək göstərdiyi fəaliyyət
çoxşaxəlidir. Bu fəaliyyət hər
addımda ulu öndər Heydər Əliyevin
xalqımızın işıqlı gələcəyinə
yönəlmiş ideallarının reallaşmasına,
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi,
sosial-iqtisadi, mədəni-humanitar kursun dəstəklənməsinə
və uğur qazanmasına xidmət edir.
Azərbaycan və eləcə
də dünya ictimaiyyəti Mehriban Əliyevanı
böyük xeyriyyəçi, qayğıkeş vətəndaş
kimi tanıyır. Hələ illər öncə Heydər
Əliyev Fondu yaranarkən insanlara qayğı və təmənnasız
xidmət amalını prioritet elan edən ölkəmizin
birinci xanımı öz səylərini əhalinin ən zəif
müdafiə olunan təbəqələrinə, xəstə
və valideyn himayəsindən məhrum olmuş uşaqlara,
qocalara kömək göstərilməsinə yönəltdi.
Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə qaçqınların və məcburi
köçkünlərin, talassemiya və diabet xəstəliklərindən
əziyyət çəkən vətəndaşların dəstəklənməsinə
yönəlmiş müxtəlif proqramlar məhz bu məqsədə
xidmət edir. Bu xeyriyyəçilik tədbirlərinin
nəticəsində yüzlərlə insan normal sağlam həyata
dönüb.
2004-cü ildən sonra ölkəmizin
dörd bir yanında geniş vüsət alan məktəb və
xəstəxana tikintisində, müxtəlif xəstəliklərdən
əziyyət çəkən uşaqlar üçün
xüsusi tibb müəssisələrinin yaradılmasında,
internat məktəblərinin, uşaq
bağçalarının yenidən qurulmasında, tarixi və
dini abidələrin bərpasında Mehriban xanım Əliyevanın
əzmkarlığını, təhsilimizin inkişafına,
milli genefondumuzun qorunmasına xidmət edən əsl vətəndaşlıq
missiyasını görürük.
Mehriban Əliyevanın həyatda
mükafatları çoxdur. Ən ali
mükafatı isə “Heydər Əliyev” ordenidir. Bu, Azərbaycan dövlətinin və xalqının
Mehriban xanım Əliyevanın fəaliyyətinə,
respublikamız qarşısındakı xidmətlərinə
verdiyi yüksək qiymətin göstəricisidir.
Bütün sahələrdəki fəaliyyəti
ilə uğur rəmzinə çevrilmiş Mehriban xanım
Əliyeva həm partiyamızın sədr müavini, həm
Heydər Əliyev Fondunun prezidenti kimi YAP-ın
inkişafında və cəmiyyətdəki nüfuzunun daha
da yüksəlməsində mühüm rol oynayır, partiya
daxilində qadın hərəkatının genişlənməsini
təmin edir. Bu gün YAP üzvləri Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın məsuliyyətli
fəaliyyətini yüksək qiymətləndirir və onun
Azərbaycana, xalqa həsr olunan şərəfli
missiyasında daha böyük nailiyyətlərə imza
atacağına əmindirlər.
Mehriban xanım Əliyeva
respublikamızın Birinci vitse-prezidenti, YAP sədrinin
müavini, ən əsası isə Prezident
İlham Əliyevin ən
yaxın silahdaşı kimi dövlətimizə və
xalqımıza bundan sonra da layiqincə xidmət edəcək,
Azərbaycanın daha da çiçəklənməsinə
öz töhfəsini verəcək.
YAP-ın
qarşısında daha böyük hədəflər, məsuliyyətli
vəzifələr dayanır
Yeni Azərbaycan Partiyası
Cənubi Qafqazın ən böyük siyasi təşkilatı,
Azərbaycanın isə alternativsiz siyasi gücüdür. Bu, olduqca
böyük şərəf, eyni zamanda böyük məsuliyyətdir.
Çünki cəmiyyətin bu baxımdan
YAP-dan, onun üzvlərindən böyük gözləntiləri
və tələbləri var.
Daim yeniləşmə,
modernləşmə, xalqa daha da yaxınlaşma YAP-ın fəaliyyətinin
əsas prioritetləridir. Bu prinsiplər
partiyamızın banisi Heydər Əliyev tərəfindən
müəyyənləşdirilib və bu gün hörmətli
sədrimiz İlham Əliyevin rəhbərliyi altında
uğurla tətbiq olunur.
Siyasi mühitdə yaranan rəqibsizlik
şəraiti və bizimlə siyasi yarış, sağlam
mübarizə aparmaq gücündə təşkilatın
olmaması, əslində, müəyyən problem də
yaradır. Məlum olduğu kimi, rəqabət siyasi proseslərdə
də həmişə inkişafın əsas rəhni olub.
Lakin bu məlum problemin hansısa təsirini
qabaqcadan görən partiya rəhbərliyi fəaliyyətdə
ətalətin yaranmaması üçün konkret tədbirlər
həyata keçirir.
YAP ölkənin siyasi həyatının
ən fəal, ən novator, ən təşəbbüskar
qüvvəsidir.
Fəqət
zamanımızın dinamik dəyişkənliyi, yeni qlobal
trendlərin ölkəmizə sürətlə gəlişi,
müasir siyasi və ideoloji
çağırışların siyasi mühitimizə sirayət
etməsi partiyamızın və üzvlərimizin
qarşısında yeni vəzifələr müəyyənləşdirir.
Bir mühüm amili nəzərə
almalıyıq ki, sədrimiz İlham Əliyev dünya siyasi
arenasındakı yeni nəsil liderlər sırasında
öncül mövqe tutur. Prezidentimizin malik
olduğu şəxsi keyfiyyətlər cənab İlham
Əliyevin müasir düşüncə tərzi, modern siyasi
yanaşmaları ilə tam bir uyğunluq təşkil edir və
onun beynəlxalq miqyasda yüksək nüfuzunu şərtləndirir.
Sədrimizin təşəbbüskarlığı,
novatorluğu hər birimiz üçün ən mükəmməl
örnəkdir. Hamımız, xüsusən gənclər
yeni siyasi innovasiyaları mənimsəməli və fəaliyyətimizdə
daim tətbiq etməliyik. Gənclərimiz
daha təşəbbüskar olmalı, partiya həyatında
daha fəal iştirak etməli, ölkənin siyasi mühitində
söz sahibinə çevrilən mövqelərini möhkəmləndirməlidirlər.
Qafqazın ən böyük siyasi gənclər
hərəkatı olan YAP Gənclər Birliyi
partiyamızın ideyalarının da ən fəal təbliğatçıları
kimi cəmiyyətin bütün təbəqələri ilə
sıx ünsiyyət qurmalıdırlar. O cümlədən
Qadınlar təşkilatı yerlərdə səmərəli
fəaliyyətlərini artıraraq
qadınlarımızın potensialından partiya həyatında
daha effektiv istifadəni təmin etməlidirlər.
Hər birimiz konkret siyasi
baxışı olmayan insanlar ilə əlaqələri daha
da möhkəmləndirməliyik. Bir məqamı da nəzərə
alaq ki, partiyamızın üzvlərinin sayı 700 mindən
artıq olsa da, seçkilərdə partiyamızın sədrinə
səsvermə hüquqi olan vətəndaşların 85-90
faizi - 4 milyona yaxın insan səs verir. Yəni
YAP-ın üzvü olmayan 3 milyona yaxın insan sədrimizə
etimad göstərir, onun alternativsizliyini qəbul edir. Bu zümrə həm də YAP-ın təəssübkeşləri
sayıla bilərlər. Onlarla ünsiyyət
hansısa seçki kampaniyası dövrü ilə məhdudlaşmamalı,
mütəmadi xarakter almalıdır. Bizim
məhəlli görüşlərinin sayını
artırmağımız günün tələbidir.
Bir mühüm məqama da nəzər
salmaq istərdim. Bəzən bugünkü inkişafı,
yüksəlişi görənlər, xüsusən də
yeni formalaşan gənc nəsil keçmişi unudurlar.
Bəziləri elə zənn edir ki, bu xoş vəziyyət
30 il öncə də belə idi, 25 il
öncə də... Buna görə də hər birimizin
borcudur ki, davamlı olaraq təbliğat işində fəallıq
göstərək, bugünkü inkişafı 25 il öncəki
fəlakətlə müqayisəli şəkildə izah edək,
qurtuluşun əsl mahiyyətini dəqiqliklə bilək və
bunu müfəssəl şəkildə ictimaiyyətə,
xüsusən də o məşəqqətli dövrü
yaşamamış gənclərə anladaq.
YAP öz daxilində demokratik
mühiti tam bərqərar edən yeganə təşkilatdır.
İlk təşkilatlardan ən ali postlara
qədər bütün vəzifələr seçkilər
yolu ilə müəyyənləşir. Yalnız
sıravi üzvlərin etimadını qazananlar partiyada səlahiyyət
sahibi olurlar. Bununla belə, ilk təşkilatların,
həmçinin rayon təşkilatlarının
formalaşmasında qətiyyətli, prinsipial, fəal
mövqeli, ən əsası isə sədaqətli
insanların potensialından istifadə etməyimiz zəruri
şərtdir. Başqa maraqlar, təmənna
naminə partiyamıza üzv olan şəxslərə
qarşı daha mübariz olmalı,
sıralarımızın təmizliyini daha məsuliyyətlə
qorumalıyıq.
Məlum olduğu kimi, Prezident İlham Əliyev ölkədə aparılan ictimai-siyasi-iqtisadi proseslərdə cəmiyyətin nəzarətedici mövqeyini həlledici amil sayır. Sədrimizin bütün çağırışlarına adekvat və operativ cavab verən partiya üzvləri olaraq bizlər bu məsələdə də xüsusi fəallıq nümayiş etdirməli, rastlanan nöqsanların aydınlaşdırılmasında, müvafiq strukturlara çatdırılmasında, aradan qaldırılmasında prinsipial mövqe göstərməliyik. İctimai nəzarət mexanizminin reallaşmasında bizlər - YAP üzvləri daha çox fərqlənməliyik, çünki bu, həm də siyasi öhdəlikdir.
Heç vaxt unutmamalıyıq ki, biz ən güclülərin siyasi birliyiyik. Daim güclü olmaq, gücümüzü daha da artırmaq üçün zamanın çağırışlarına böyük bacarıq və qabiliyyətimizlə cavab verməliyik.
Ulu öndər Heydər Əliyev deyirdi ki, Yeni Azərbaycan Partiyasına xidmət etmək, dövlətə, xalqa xidmət etmək deməkdir. Sədrimiz başda olmaqla bütün üzvlərimiz 25 ildir bu şərəfli missiyanı layiqincə yürüdür. Əminik ki, bizdən sonra gələcək hələ çox nəsillər Yeni Azərbaycan Partiyasının sıralarında Azərbaycan dövlətinə və xalqına ləyaqətlə xidmət edəcəklər.
Nə qədər Azərbaycan var, Heydər Əliyev siyasi irsi də mövcud olacaq, onun partiyası da - YAP da yaşayacaq!
Abdin FƏRZƏLİYEV,
Yeni Azərbaycan Partiyasının Siyasi
Şurasının üzvü
Azərbaycan.-
2017.-14 noyabr.- S.1; 7.