Bakı Dövlət
Universitetinin 100 illik yubileyinin keçirilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
2019-cu ildə
Azərbaycanın nüfuzlu
elm və təhsil ocağı Bakı Dövlət Universitetinin təsis edilməsinin 100 illiyi tamam olur.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı
Bakı Dövlət Universiteti müsəlman Şərqində yeni tipli ilk ali
məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə
zəngin şərəfli
bir yol keçmişdir.
Daim azərbaycançılıq
məfkurəsinə sadiqlik
nümayiş etdirən
universitetin ölkədə
ali təhsil
sisteminin qurulmasında,
elmi tədqiqatların
dərin məzmun kəsb edərək son texnologiyaların da tətbiqi ilə müasir standartlara uyğun aparılmasında
və ümumən milli özünüdərk
prosesinin sürətləndirilməsində
təqdirəlayiq xidmətləri
vardır.
Bakı Dövlət Universiteti tarixən vətənpərvər
ziyalıların fədakar
əməyi sayəsində
yetirdiyi ictimai-siyasi,
elm və mədəniyyət
xadimləri ilə Azərbaycanın mövcud
simasının təşəkkülünə
böyük töhfələr
vermişdir. Respublikada yaradıcı elmi təfəkkürün innovativ
ideyalar əsasında
formalaşdırılması, hazırlıqlı kadr potensialının davamlı
təkmilləşdirilməsi və elmi-intellektual mühitin inkişaf səviyyəsinin daha da yüksəldilməsi,
o cümlədən Azərbaycan
xalqının tarixi-mədəni
dəyərlərinin və
mənəvi-əxlaqi sərvətlərinin
qorunub yaşadılması
universitetin dünya təhsil məkanına inteqrasiya yolu seçməklə göstərdiyi
bugünkü çoxşaxəli,
geniş fəaliyyətin
başlıca istiqamətlərini
təşkil edir.
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq və ölkədə ali təhsilin, elmin ənənələrinin
zənginləşdirilməsində, gənc nəslin müstəqil dövlətçilik
ideallarına sədaqət
ruhunda tərbiyəsində
mühüm xidmətlərini
nəzərə alaraq
Azərbaycan xalqının
milli sərvəti Bakı Dövlət Universitetinin 100 illik yubileyinin layiqincə qeyd olunmasını təmin etmək məqsədilə qərara
alıram:
1. Bakı Dövlət Universitetinin
100 illik yubileyi dövlət səviyyəsində
qeyd edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti Bakı Dövlət Universitetinin
100 illik yubileyinə həsr olunmuş tədbirlər planını
hazırlayıb həyata
keçirsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
14 noyabr 2017-ci il
Azərbaycan.- 2017.-15 noyabr.-
S.2.