Şərəfli alim ömrü
Elm xadimləri
Hər bir alimin əsl dəyəri onun elmi və insani kamilliyi ilə ölçülür. Bu adamlar mənalı bir ömür yaşayır, xalqına şərəflə xidmət edir, güclü məntiqi, təfəkkür tərzi ilə seçilir, elmi diskussiyalarda, həyata baxışlarında kəskin və prinsipial mövqe göstərirlər. Görkəmli alim, ictimai və dövlət xadimi, Dövlət mükafatı laureatı, tarix üzrə fəlsəfə doktoru İsrafil Süleyman oğlu Məmmədov minlərlə insanın dərin hörmət və məhəbbətini qazanmış ziyalıdır. Bu il İ.Məmmədovun 90 yaşı tamam olur.
İsrafil Məmmədov 1927-ci ildə Zəngəzur mahalı Mehri rayonunun Əmrəkar kəndində anadan olmuşdur. Kənd orta məktəbini əla qiymətlərlə bitirən İ.Məmmədov 4 il həmin təhsil ocağında cəbhəyə getmiş müəllimlərini əvəz etmiş, kimya, fizika, riyaziyyat və tarix fənlərindən dərs demişdir. 1947-ci ildə o, Azərbaycan Pedaqoji İnstitutunun Tarix fakültəsinin qiyabi şöbəsinə daxil olmuş və buranı 1954-cü ildə bitirmişdir.
Gənc
yaşından əmək fəaliyyətinə başlayan İsrafil Məmmədov
rayonda “Kolxoz kəndi”
qəzeti ilə əməkdaşlıq edir.
1945-ci ildə o, Mehri Rayon Komsomol Komitəsinin ikinci, 1946-cı ildə isə birinci
katibi seçilir.
1951-1955-ci illərdə İrəvanda Ali
Partiya Məktəbində təhsil
alır. Bundan sonra
o, “Sovet Ermənistanı”
qəzetinin redaktor müavini
və qısa zamanda qəzetin baş redaktoru təyin edilir. Ermənistan SSR-də Azərbaycan dilində
nəşr olunan mətbuat orqanına rəhbərlik
edən İsrafil Məmmədovun diqqətini
bu respublikada Azərbaycan
milli mətbuatının tarixi
məsələləri cəlb edir. Həmin
mövzuda tədqiqat işi
aparır və tarix üzrə fəlsəfə
doktoru elmi dərəcəsini
almaq üçün
1972-ci ildə erməni dilində Ermənistan EA Tarix İnstitutunda dissertasiya işini
müdafiə edir. Eyni
ildə də onun “Ermənistanda Azərbaycanın
mətbuatı” monoqrafiyası nəşr olunur.
XX əsrin 70-80-ci illərində Azərbaycanın rəhbəri
Heydər Əliyevin təşəbbüsü ilə alimlərimiz
keçmiş SSRİ-nin
müttəfiq respublikalarının elmi
ictimaiyyəti ilə bütün sahələrdə
əməkdaşlıq edirdilər. Belə əlaqələr
Ermənistan SSR-in elmi
dairələri ilə də mövcud idi. O zaman Azərbaycan
alimləri İrəvana gedərkən onları ilk qarşılayan, alimlərlə əlaqələrin
yaradılmasında İsrafil müəllimin
böyük xidmətləri olmuşdur. Azərbaycan
xalqının tanınmış ziyalıları, akademiklər
H.Əliyev, A.Nadirov, F.Qasımzadə,
İ.Əliyev və başqaları qədim Azərbaycan
şəhəri İrəvanda olarkən İsrafil
müəllim onları “Sovet Ermənistanı”
qəzetinin redaksiyasına dəvət edər və burada yaşayan azərbaycanlılarla
görüşlərini keçirərdi.
İsrafil Məmmədov 1990-cı ilədək Ermənistan SSR-də “Sovet Ermənistanı” respublika qəzetinin sonuncu baş redaktoru, Ermənistan SSR təhsil nazirinin müavini, respublika “Bilik” Cəmiyyəti İdarə Heyəti sədrinin müavini, Jurnalistlər İttifaqı sədrinin müavini, Ermənistan EA Tarix İnstitutunda “Ermənistan SSR-də Azərbaycan mətbuatı tarixi və problemi” üzrə baş məsləhətçi, İrəvan Pedaqoji İnstitutunun Tarix fakültəsində müəllim vəzifələrində işləmişdir. O, Ermənistan SSR-də yaşayan azərbaycanlıların mədəniyyəti və ictimai fikir tarixinə dair İrəvanda erməni və rus dillərində əsərlər nəşr etdirmişdir.
İsrafil Məmmədov
1990-cı il Qanlı Yanvar
gecəsi İrəvanı tərk edib ailəsi
ilə birlikdə Bakı şəhərinə köçür. 2002-ci ilədək AzTV QSC-də və AMEA Milli
Münasibətlər İnstitutunda
çalışır və sonra
A.A.Bakıxanov adına Tarix İnstitutuna dəvət olunaraq
burada yaradılmış “Azərbaycanlıların deportasiyası və soyqırımı tarixi” şöbəsinə rəhbərlik edir. 2011-ci ildə institutda
aparılan yeni struktur
dəyişiklikləri ilə bağlı İsrafil
Məmmədov elmi bölmə rəhbəri
təyin edilir və səhhətində
yaranmış problemlərlə əlaqədar 2016-cı ildən
aparıcı elmi işçi
vəzifəsinə keçirilir.
İ.Məmmədov Vətən tarixinin ən
ağrılı səhifələrdən olan
azərbaycanlıların deportasiyası və
soyqırımı, erməni təcavüzkarlığı və
saxtakarlığı, Azərbaycan həqiqətləri ilə
bağlı tədqiqatlarını indi də
davam etdirir. O, Azərbaycan,
erməni və rus dillərində nəşr
olunmuş əsərlərin, o cümlədən 20-dən çox
monoqrafiyanın müəllifidir. Alim 17 elmi əsərin redaktoru, 4 dissertasiya işinin rəsmi opponenti, 4 dissertantın elmi rəhbəri olub. Onun respublika radiosunda
Azərbaycan dilində
1145, erməni dilində
2680 elmi-analitik məqaləsi
səsləndirilib. İsrafil
Məmmədov ümummilli
lider Heydər Əliyevin imzaladığı
1998-ci il 26 mart tarixli
“Azərbaycanlıların soyqırımı
haqqında” fərmanından
sonra Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətində
çəkilmiş 12 seriyalı
“Sarı gəlin” sənədli filminin baş məsləhətçisi
və əsas müəlliflərindən biridir.
İ.Məmmədov erməni vandallarının
xalqımıza qarşı
soyqırımları, deportasiya,
erməni təcavüzkarlığı,
Azərbaycan həqiqətləri
mövzuları ilə
bağlı Moskva,
Ankara, İstanbul və
Bakıda keçirilən
beynəlxalq elmi-nəzəri
konfranslarda məruzələrlə
çıxışlar etmişdir.
O, erməni vandallarının
xalqımıza qarşı
törətdikləri vəhşilikləri
təkzibedilməz tarixi
faktlar əsasında Azərbaycan, erməni, rus və ingilis
dillərində oxuculara,
dünya ictimaiyyətinə
çatdırıb. Ş.P.Ağayan,
A.Q.Hovhannisyan, M.Q.Nersesyan,
Q.A.Qaloyan və başqa erməni tarixçilərinin qondarma
“erməni soyqırımı”nı
elmi cəhətdən
əsaslandırmağa çalışsalar
da, İsrafil Məmmədov bunun saxta, uydurma olduğunu, Anadoluda, Cənubi Azərbaycanda, Cənubi Qafqazda 2,5 milyon türk-müsəlman
əhalinin qətlə
yetirilməsində erməni
qəddarlığının erməni tarixşünaslığında
qəhrəmanlıq kimi
qələmə alındığını,
etiraf edildiyini, ilk dəfə “Erməni xalqının tarixi”nin V və VI cildlərdən gətirdiyi faktlarla sübuta yetirib. Onun bu fəaliyyəti erməni millətçilərinin
diqqətindən yayınmayıb.
Hələ İrəvanda yaşayarkən
ermənilər 1967-ci ildə
onun yaşadığı
mənzilə bomba qoyaraq onu partladırlar.
İsrafil Məmmədov XX əsrin 70-80-ci illərində
Moskva, İrəvan,
Tehran mətbuatında Azərbaycan
xalqının rəhbəri
Heydər Əliyevin ünvanına böhtanlar
yağdıran Kirokasyan,
Kotancanyan kimi siyasət dəllallarını
ifşa edən məqalələr çap
etdirir. Ona qarşı törədilən
bu cinayətlər İsrafil Məmmədovu qorxutmur və millətçi erməniləri
ifşa etməkdə
davam edir. İsrafil Məmmədov erməniləri
özündən çıxaran
daha bir addım atır. O, Heydər Əliyevin 1982-ci
ildə nəşr olunmuş “Vahid qardaşlıq ailəsində”
seriyasından “Sovet Azərbaycanı” adlı kitabını erməni dilinə tərcümə
edir və onun İrəvanda nəşrinə nail olur.
Burada bir faktı xüsusi olaraq qeyd etmək istərdik. 1987-ci ilin sonunda görkəmli
dövlət xadimi Heydər Əliyev SSRİ
rəhbərliyindən uzaqlaşdırıldıqdan
sonra, erməni faşizmi xalqımıza qarşı açıq-aşkar
fəaliyyətə başladı.
Millətimiz üçün ağır fəlakətin
yaxınlaşdığını duyan İsrafil müəllim o zaman Ermənistan rəhbərliyinə
müraciət edərək
Azərbaycan tarixinə
dair arxiv sənədlərinin respublikamıza
verilməsi üçün
onların razılığını
alır. Bu məsələ ilə bağlı İsrafil müəllim o zaman rəhbərlikdə olan Ə.X.Vəzirova və A.N.Mütəllibova məktubla
müraciət edir, aparılacaq sənədlər
üçün iki vaqonun göndərilməsini
xahiş edir. Lakin xalqımızın bu günü və gələcəyi üçün
müstəsna əhəmiyyət
kəsb edən Ermənistan dövlət arxivlərində Azərbaycan
tarixinə dair saxlanılan sənədlərin
göndərilməsi üçün
heç bir addım atılmır.
İsrafil müəllimin müraciəti
cavabsız qalır.
O zaman Azərbaycan
SSR-ə rəhbərlik edən
bu şəxslərin
xalqımıza qarşı
törətdikləri çoxsaylı
cinayətlərin üstünə
bu cinayəti də əlavə etmək lazımdır. Bütün bunlara baxmayaraq, İsrafil müəllim sakit dayanmır. O,
1990-cı ildə doğma
İrəvanı məcburən
tərk etdikdən sonra da elmi
tədqiqatlarını davam
etdirir. 1992-ci ildə
professor mərhum S.Əsədovla
birlikdə onun “Ermənistan azərbaycanlıları
və onların acı taleyi” (Bakı, 1992) və “Ermənistan azərbaycanlılarının
tarixi coğrafiyası”
(Bakı, 1995), üç
hissədən ibarət
“İrəvan dəftəri”
(Bakı, 2000), “Tariximiz,
torpağımız” (Bakı,
2000), “Erməni kilsəsi
və türk-Azərbaycan
torpaqlarında dolaşmaqda
olan “Böyük Ermənistan” kabusu” (Bakı, 2010), “Rus-Türk müharibələrində ermənilərin
iştirakı” (Bakı,
2011) kimi erməni faşizmini və onun himayədarlarını
ifşa edən əsərləri nəşr
olunmuşdur. 2010-cu ildə
o, “Azərbaycan tarixi”
yazmaq xəstəliyinə
tutulan bədniyyət
Bakur adlı erməni yazıçının
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə ünvanlandığı
məntiqə sığmayan
internet məktubuna cavab
olaraq qələmə
aldığı “Tarix
nə mədhnamə və anatomiyadır, nə də demokratiya xətti” adlı irihəcmli analitik məqalə yazır və bu məqalə müdrik ağsaqqal İsrafil Məmmədovun
Vətənə, xalqa,
elmə və dövlətçiliyimizə şüurlu
və fədakar xidmətinin sübuta ehtiyac duyulmayan gerçək nümunəsidir.
Çox məhsuldar, həm də uğurlu elmi və publisistik fəaliyyətinə görə o, üç dəfə Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin, iki dəfə SSRİ “Bilik” Cəmiyyəti İdarə Heyətinin və Azərbaycan MEA Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif edilmiş və “Əməkdar mədəniyyət işçisi” və “Əməkdar jurnalist” fəxri adlarını almışdır. İsrafil Məmmədov AMEA-nın Tarix İnstitutunda fəaliyyətə başladıqdan sonra institutun nəşr etdirdiyi “İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” monoqrafiyasının müəlliflərindən biri kimi 2012-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Dövlət mükafatına layiq görülmüşdür. O həm də Mahmud Kaşğari adına I mükafatın laureatıdır. Qeyd edək ki, institutun direktoru akademik Yaqub Mahmudovun təşəbbüsü ilə qədim Azərbaycan torpağı “Zəngəzurun tarixi” monoqrafiyası üzərində işə başlayarkən Zəngəzur mahalının 4 bölgəsi - Sisian, Qafan, Mehri və Gorus rayonlarında yaşayan azərbaycanlıların 1941-1945-ci illər müharibəsində iştirakına dair arxiv sənədlərinin instituta təqdim edilməsi İsrafil müəllimin Vətən qarşısında xüsusi xidməti kimi qiymətləndirilməlidir.
Əslində İsrafil müəllimin həyat yolu, onun xalqımızın tarixi düşmənləri içərisində yaşayaraq onların öz dilində ermənilərə qarşı açıq-aşkar mübarizə aparması böyük hünər, cəsarət və müdriklik tələb edir.
Hazırda ömrünün 90-cı baharını yaşayan İsrafil müəllim indi də yorulmadan çalışır. Bu şərəfli alim ömrü Vətənə, millətə xidmətin bariz nümunəsidir.
Cəbi BƏHRAMOV,
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun
elmi işlər
üzrə direktor müavini, tarix üzrə fəlsəfə
doktoru