Azərbaycan bütün dünyanı qəbul etməyə
hazırdır
Birinci vitse-prezident Mehriban Əliyeva Parisdə Azərbaycanın “Expo 2025” Sərgisinə namizədliyini rəsmən elan etdi: “Təklifimiz uğurlu olarsa, Bakı bütün Şərqi Avropa, Qafqaz və Xəzər hövzəsi regionunda Ümumdünya Sərgisinə ev sahibliyi edəcək ilk şəhər olacaq”
Noyabrın 14-də Parisdə, Royal Pavilyonda Azərbaycanın paytaxtı Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olması münasibətilə qəbul təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib.
Azərbaycanı “Qafqazın mirvarisi” adlandıran tədbirin aparıcısı ölkəmizin qədim tarixə, zəngin mədəniyyətə malik olduğunu dedi. O, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu tədbirdə iştirak etməsindən şərəf hissi duyduğunu bildirdi.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə çıxış etdi.
Birinci
vitse-prezident Mehriban Əliyevanın çıxışı
-Cənab baş katibin müavini.
Cənab Baş
Assambleyanın prezidenti.
Zati-aliləri.
Hörmətli Beynəlxalq Sərgilər
Bürosunun üzvləri.
Xanımlar və cənablar.
Əziz dostlar.
İlk növbədə
hamınızı salamlamaq, dəvətimizi qəbul etdiyiniz və
bu axşam bizimlə bir yerdə olduğunuz üçün
sizə təşəkkürümü bildirmək istəyirəm.
Azərbaycan hökuməti adından
Bakının 2025-ci ildə keçiriləcək
Ümumdünya Sərgisinə ev sahibliyi
etmək üçün namizədliyini təqdim etmək mənim
üçün böyük şərəfdir.
Bu axşam aramızda
olduğu üçün Beynəlxalq Sərgilər
Bürosunun baş katibinin müavini Dimitri Kerkentzesə təşəkkürümü
bildirmək istəyirəm. Bu fürsətdən
istifadə edib Beynəlxalq Sərgilər Bürosunun rəhbərliyinə
və onların fədakar komandasına Azərbaycan hökuməti
ilə yüksək səviyyəli əməkdaşlığa
görə dərin minnətdarlığımı bildirirəm.
Azərbaycan 2000-ci ildən etibarən
“Expo” hərəkatının fəal üzvüdür. Bizim
pavilyonlarımız son üç sərgidə - 2015-ci ildə
pavilyonumuzu üç milyondan çox insanın ziyarət
etdiyi Milanda, 2016-cı ildə Antalyada və 2017-ci ildə
Astanada mükafatlar qazanıb. Beynəlxalq
Sərgilər Bürosunun işinə sadə töhfəmizin
bu cür qiymətləndirilməsindən qürur duyuruq.
Ümumdünya sərgisi
bütün mədəniyyətlərə bərabərlik və
hörmət prinsipinə əsaslanan müxtəlifliyi sərgiləmək
üçün bir platformadır. Bu sərgilər qlobal
müzakirələr və əməkdaşlıq
üçün bütün beynəlxalq ictimaiyyəti nadir
bir məkanda bir araya gətirir. Buna görə də əminəm
ki, Azərbaycan bu universal platformaya ev
sahibliyi etmək üçün ən yaxşı məkanlardan
biridir.
Əsrlər boyu ölkəmiz
qitələrin və sivilizasiyaların kəsişməsində
yerləşib. Avropa və Asiyanın qovuşuğunda
yerləşən Azərbaycan Şərq ilə Qərb,
Şimal ilə Cənub arasında ticari, siyasi və mədəni
körpü rolunu oynayır.
İki min il ərzində
qədim İpək Yolu bugünkü Azərbaycandan
keçib. Ümumdünya Sərgisi kimi bu yol
bilik və bacarıqların paylaşılması üçün
əhəmiyyətli bir dəhliz olub. Bu,
ölkəmizin tarixini, mədəniyyətini və tolerant
imicini formalaşdırıb.
Əsrlər boyu Azərbaycanda
müxtəlif etnik qruplar və dinlər sülh, harmoniya və
qarşılıqlı hörmət şəraitində birgə
yaşayıblar. Etnik və dini müxtəliflik və
multikulturalizm sadəcə dövlət siyasətimiz deyil, eyni
zamanda, bizim həyat tərzimizdir. Bu, bizim
tariximizdir və günümüzün
reallığıdır. Biz dünyəvi,
multikultural və çoxkonfessiyalı cəmiyyətik və
bundan qürur duyuruq.
Bu gün Azərbaycan
dünyada mədəniyyətlərarası və dinlərarası
dialoq mərkəzlərindən biri hesab olunur. Biz hazırda
dünyanın üzləşdiyi bir çox ciddi problemlərin
daha səmərəli həll olunmasına imkan verəcək
müxtəlif mədəniyyətlərə və dinlərə
mənsub olan insanlar arasında daha yaxşı anlaşmanı
təşviq etmək üçün beynəlxalq platforma
yaradırıq. Tariximiz və
bugünkü reallıq bunun mümkünlüyünü
sübut edir. Mən Azərbaycanın təşəbbüsü
ilə başlanan və BMT, YUNESKO, Avropa Şurası, BMT-nin
Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı
və İSESKO kimi beynəlxalq təşkilatlar tərəfindən
dəstəklənən Dünya Mədəniyyətlərarası
Dialoq Forumunu misal göstərə bilərəm. Bu siyasətə
uyğun olaraq, biz 2016-cı ili Azərbaycanda
“Multikulturalizm İli”, 2017-ci ili isə “İslam Həmrəyliyi
İli” elan etdik. 2015-ci ildə keçirilən
birinci Avropa Oyunları və bu ilin əvvəlində təşkil
olunan dördüncü İslam Həmrəyliyi Oyunları Azərbaycanın
mədəniyyətlərarası dialoqa verdiyi digər
töhfədir.
Xanımlar və cənablar, gələn
il biz müsəlman dünyasında ilk
parlamentar və dünyəvi respublika olan Azərbaycan Xalq
Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd edəcəyik.
Cəmi 23 ay mövcud olmasına baxmayaraq, bu
respublika irqindən, etnik mənsubiyyətindən, dinindən,
cinsindən və sosial statusundan asılı olmayaraq
bütün vətəndaşlarının hüquqlarının
bərabərliyinə hörmət prinsipinə əsaslanan
müasir Azərbaycan dövlətçiliyinin demokratik ənənəsinin
təməlini qoymuşdur. Hələ
1918-ci ildə Azərbaycan dünyada kişilərlə bərabər
qadınlara siyasi hüquqlar verən, o cümlədən səsvermə
hüququ verən ilk ölkələrdən biri olmuşdur.
Azərbaycan 1991-ci ildə
müstəqilliyini bərpa etdikdən sonra biz dərhal
müstəqil dövlət kimi mövcudluğumuza real təhlükə
yaradan böyük siyasi, iqtisadi və humanitar
çağırışlarla üzləşdik. Bunlardan ən ciddisi
qonşu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü
idi və bunun nəticəsində ölkəmizin ərazisinin
20 faizi, o cümlədən Dağlıq Qarabağ bölgəsi
və ətraf yeddi rayon işğal olunmuşdur və
işğal hələ də davam edir. Ermənistan
tərəfindən həyata keçirilən etnik təmizləmə
nəticəsində bir milyondan artıq azərbaycanlı
qaçqın və məcburi köçkün vəziyyətinə
düşüb. Birləşmiş Millətlər
Təşkilatının Təhlükəsizlik Şurası
erməni qoşunlarının Azərbaycanın ərazisindən
dərhal, tamamilə və qeyd-şərtsiz
çıxarılmasını tələb edən dörd qətnamə
qəbul edib. Bu qətnamələr yerinə
yetirilməlidir və Azərbaycanın ərazi
bütövlüyü bərpa olunmalıdır.
Münaqişəyə, yeni
siyasi sistemə və bazar iqtisadiyyatına keçidin
yaratdığı əlavə çağırışlara
baxmayaraq, Azərbaycan uğurlu inkişaf strategiyasını tətbiq
edərək, zəruri siyasi və iqtisadi islahatları həyata
keçirə bilmişdir. Bu, bizə müstəqilliyimizi
möhkəmləndirməyə, vətəndaşlarımızın
həyat səviyyəsini yaxşılaşdırmağa və
Azərbaycanın beynəlxalq aləmdə layiqli yerini təmin
etməyə imkan vermişdir. Siyasi,
iqtisadi və sosial sabitlik uğurlu inkişafımızın
möhkəm təməlini təşkil edir.
Nəticədə,
2004-cü ildən 2014-cü ilədək ümumi daxili məhsulumuzun
həcmi üç dəfə artdı və Azərbaycan
dünyanın ən sürətlə inkişaf edən
iqtisadiyyatlarından birinə çevrildi. Bu müddətdə 1 milyon
600 mindən çox iş yeri
yaradıldı. İşsizliyin səviyyəsi
5 faizdir – bu, dünyada ən aşağı göstəricilərdən
biridir. Həmin dövr ərzində biz yoxsulluğun səviyyəsini
40 faizdən 5 faizədək azaltmağa nail olduq. Ölkə üzrə 3 mindən çox məktəb,
600-dən çox xəstəxana və 50-dən artıq
idman kompleksi inşa edildi.
2009-cu ildə Azərbaycan
Dünya Bankı tərəfindən “Dünyanın
aparıcı islahatçı ölkəsi” kimi qiymətləndirildi. Dünya
İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik İndeksi”
Azərbaycanı 137 ölkə arasında 35-ci yerə layiq
gördü.
Azərbaycan öz nadir
geostrateji mövqeyindən faydalanaraq Avropa ilə Asiya
arasında qarşılıqlı əlaqəni yaradan əsas
tərəfə çevrildi və Avropanın enerji təhlükəsizliyinə
mühüm töhfə verən ölkələrdən biri
oldu.
Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft,
Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, 2017-ci il oktyabrın 30-da açılışı
qeyd edilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi bir
sıra nəhəng beynəlxalq infrastruktur layihələrinin
təşəbbüskarı olub və onları həyata
keçirib. Uzunluğu 850 kilometr olan
Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiyanı
birləşdirən ən qısa yoldur.
Bu gün biz, həmçinin beynəlxalq
bazarlar üçün yeni təbii qaz mənbəyi olan və
Avropanın enerji təhlükəsizliyini gücləndirən,
dəyəri 40 milyard ABŞ dolları olan Cənub Qaz Dəhlizinin
reallaşmasında aparıcı rol oynayırıq. Bu nümunələrin hər zaman ən
böyük dəyəri - müxtəlif qitələr,
ölkələr, mədəniyyətlər və
sivilizasiyalar arasında dialoqu, bacarıq və biliklərin
mübadiləsini təşviq edən qədim İpək
Yolunun bərpasına Azərbaycanın verdiyi əməli
töhfəni sübuta yetirir.
Hörmətli qonaqlar, Azərbaycan
yüksələn xətlə inkişaf edən dövlətdir
və indi ölkəmizin iddiası 2025-ci ildə
Ümumdünya Sərgisinə ev sahibliyi
etmək və bütün dünyanı qəbul etmək
hüququnu qazanmaqdır.
Bizim “İnsan
kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin
qurulması” mövzusu həqiqətən hamını narahat
edən bir məsələdir. Bu mövzu
dövrümüzün əsas
çağırışını – texnologiyanın və
artan bağlılığın bəşəriyyətə
təsirini əhatə edir. “Bakı Expo
2025” sərgisində düşünürük ki, texnologiyadan
daha uzağa baxmaq, diqqətimizi rəhbərlərdən
sıravi vətəndaşlara yönəldərək
iqtisadiyyatların, cəmiyyətlərin və
yaradıcılığın aparıcı qüvvəsi olan
insanlar üzərində cəmləşdirmək
mühüm əhəmiyyət kəsb edəcək.
Biz insanları – dünyada ən
güclü resurs olan insan kapitalını universal müzakirəyə
çıxaracağıq.
Bakıda keçiriləcək
Ümumdünya Sərgisi Beynəlxalq Sərgilər
Bürosuna yeni bazarda yeni auditoriya ilə təmasa girmək
imkanı verəcək. Bu sərgi yeni bölgədə, yeni
dövrdə yeni bir tarix yazmaq imkanı yaradacaq. Bu sərgi,
həmçinin Azərbaycan xalqına bizim Beynəlxalq Sərgilər
Bürosunun mümkün olan ən yaxşı tərəfdaşlarından
biri ola biləcəyini nümayiş etdirmək
fürsətini verəcək.
Təklifimiz uğurlu olarsa, Bakı
bütün Şərqi Avropa, Qafqaz və Xəzər
hövzəsi regionunda Ümumdünya Sərgisinə ev sahibliyi edəcək ilk şəhər
olacaq.
Biz sərgi məkanının
yaradılmasına və istismarına bütün lazımi vəsaiti
ayırmağa, həmçinin inkişaf etməkdə olan
ölkələrin sərgidə iştirakını dəstəkləməyə
hazırıq.
Sonda, əziz dostlar, mən
Ümumdünya Sərgisinə ev sahibliyi
etmək üçün bizim təklifimizi dəstəkləmək
məqsədilə əsas məqamları bir daha diqqətinizə
çatdırmaq istəyirəm:
1. Bizim müxtəlif dinlərə və
etnik mənşəyə mənsub olan insanlar arasında
multikulturalizm və qarşılıqlı hörmət ənənələri
ilə zəngin olan qədim tariximiz var.
2. Avropa ilə Asiyanın kəsişməsində
yerləşən, asanlıqla çıxış əldə
oluna bilən coğrafi mövqeyimiz Ümumdünya Sərgisinin
keçirilməsi üçün yeni bir məkandır.
3. Biz siyasi və iqtisadi sabitliyə,
maliyyə imkanlarına, yüksək səviyyəli təhlükəsizliyə
malik gənc müstəqil ölkəyik.
4. Sürətlə inkişaf edən
infrastruktura malik Bakı şəhəri özündə
tarixin və müasirliyin nadir qarışığını
təcəssüm etdirir.
5. Azərbaycan turist
axınının sürətlə artdığı və
90-dan artıq ölkənin vətəndaşlarına asan
girişi və onlara elektron vizaların verilməsini təmin
edən ölkədir.
6. Zəngin mətbəximiz, xoş
iqlimimiz və ənənəvi qonaqpərvərliyimiz əlbəttə
ki, bizim üstünlüyümüzdür.
Bakı sərgisi 26 illik
müstəqillik dövründə Azərbaycanın əldə
etdiyi nailiyyətlərin tanıdılması
üçün daha bir imkan olacaqdır.
Bu, həmçinin
bütün gənc, müstəqil ölkələr
üçün çox güclü bir stimul olacaqdır.
2025-ci ildə
Ümumdünya Sərgisini təşkil etmək bizim səmimi
istəyimizdir.
Əgər bu şərəfə layiq
görüləriksə, biz bütün dünyanı Azərbaycanda
və gözəl şəhərimiz olan Bakıda qürurla
qarşılayacağıq.
Mən hamınıza gözəl
axşam arzu edirəm və diqqətinizə görə
sağ olun.
***
Sonra Azərbaycan haqqında
videoçarx nümayiş olundu.
Qədim tarixə, zəngin
mədəniyyətə və adət-ənənələrə
malik Azərbaycan bu gün sürətlə inkişaf edən
ölkə kimi bütün dünyanın diqqət mərkəzindədir. Azərbaycanın
paytaxtı Bakının “Expo 2025” Ümumdünya Sərgisinə
namizəd şəhər olması da təsadüfi deyil.
Bu gün Azərbaycan
dünyada həm də müxtəlif sahələrə aid
mötəbər beynəlxalq tədbirlərin, idman
yarışlarının yüksək səviyyədə
keçirildiyi ölkə kimi tanınır. Bununla
yanaşı, ölkəmizin indiyədək iştirak etdiyi
bütün beynəlxalq sərgilərdəki pavilyonları və
stendləri həm təşkilatçılar, həm də
iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.
Bu tədbirlərdə Azərbaycan layiqincə
təmsil olunub, ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti,
adət-ənənələri geniş təbliğ edilib, Azərbaycan
həqiqətləri dünya ictimaiyyətinin diqqətinə
çatdırılıb.
Bakının “Expo 2025”
Ümumdünya Sərgisinə namizəd şəhər
olması şərəfinə keçirilən qəbulda Azərbaycan
və dünya bəstəkarlarının əsərləri,
həmçinin xalq mahnıları səsləndirildi.
Qeyd edək ki, Azərbaycan
milli pavilyonla ilk dəfə “Milan Expo 2015” Ümumdünya Sərgisində
iştirak edib.
Ölkəmizin “Milan Expo 2015”dəki pavilyonunu sərgi
günlərində 3 milyondan çox insan ziyarət edib.
Türkiyədə təşkil olunan “Antalya
Expo 2016” Beynəlxalq Botanika Sərgisində də Azərbaycan
milli pavilyonu iştirakçılarda böyük maraq
doğurub. Astanada keçirilən “Expo
2017” Beynəlxalq Sərgisində isə ölkəmiz “Enerji
Yurdu - keçmişdən gələcəyə
daşınan enerji” konsepsiyası əsasında hazırlanan
pavilyonla təmsil olunub.
Azərbaycan “Expo 2025
Bakı” Sərgisini mayın 10-dan noyabrın 10-dək təşkil
etmək təklifini irəli sürüb. Sərginin
mövzusu isə “İnsan kapitalını inkişaf etdirək,
daha yaxşı gələcək quraq” olacaq.
Bakı ilə yanaşı,
Rusiyanın Yekaterinburq, Yaponiyanın Osaka və Fransanın
Paris şəhərlərinin də “Expo 2025” Ümumdünya
Sərgisinin keçirilməsi üçün namizədliyi
irəli sürülüb.
Bakının “Expo 2025”
Ümumdünya Sərgisinə namizəd şəhər
olması şərəfinə təşkil edilən qəbulda
Azərbaycanın və Fransanın tanınmış
ictimai-siyasi xadimləri, diplomatik korpusun nümayəndələri
və digər nüfuzlu şəxslər iştirak etdilər.
Tədbir zamanı
qurulmuş xüsusi monitorlarda Azərbaycan haqqında
nümayiş olunan videoçarxlar, ölkəmiz barədə
nəşrlər böyük maraqla qarşılandı.
Sonda tədbir
iştirakçılarına Azərbaycanla bağlı
suvenirlər, paytaxtımızın “Expo 2025”ə namizədliyinə
həsr olunmuş kataloqlar və digər xatirə hədiyyələri
təqdim edildi.
AZƏRTAC
Azərbaycan.-
2017.-16 noyabr.- S.1; 3.