Beynəlxalq
Sərgilər Bürosunun Parisdə keçirilən 162-ci
Assambleyasında “Bakı Expo 2025”in təqdimatı olub
Noyabrın 15-də Parisdə Beynəlxalq
Sərgilər Bürosunun 162-ci Assambleyası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə
Azərbaycan nümayəndə heyəti tərəfindən
“Bakı Expo 2025”in təqdimatı olub.
Beynəlxalq Sərgilər
Bürosunun 162-ci Assambleyasında əvvəlcə
Qazaxıstanın nümayəndə heyətinin üzvləri
“Astana Expo 2017” Sərgisi və sərgi çərçivəsində
keçirilən beynəlxalq tədbirlər ilə
bağlı məlumat verdilər. Qeyd edək ki, Astanada
keçirilən “Expo 2017” Beynəlxalq Sərgisində Azərbaycan
da “Enerji Yurdu - keçmişdən gələcəyə
daşınan enerji” konsepsiyası əsasında hazırlanan
pavilyonla təmsil olunub. Milli pavilyonumuz bu sərgidə ən
çox ziyarət edilən məkanlardan olub.
Sonra “Dubay 2020” Ümumdünya
Universal Sərgisi ilə bağlı hesabat təqdim edildi.
Hesabatda sərgi ilə bağlı indiyədək
görülən və nəzərdə tutulan layihələr,
iştirakçı ölkələr barədə məlumat
verildi. Azərbaycan bu beynəlxalq tədbirdə də milli
pavilyonla geniş təmsil olunacaq.
Assambleyada Çin nümayəndə
heyəti “Pekin 2019” Bağçaçılıq Sərgisi
üzrə təqdimatla çıxış etdi, indiyədək
görülən işlərdən və yaradılacaq
infrastrukturdan danışdı.
Niderlandın nümayəndə
heyətinin üzvləri “Almere 2022”
Bağçaçılıq Sərgisi ilə bağlı
görülən işlər barədə məlumat verdilər.
Daha sonra sərginin Niderlandın
Almere şəhərində keçirilməsi ilə
bağlı rəmzi bayraq bu ölkənin nümayəndə
heyətinə təqdim olundu.
İtaliyanın nümayəndə
heyətinin üzvləri isə “Milan Triennale 2019” haqqında
təqdimatla çıxış etdilər.
Sonra Beynəlxalq Sərgilər
Bürosunun 162-ci Assambleyasında “Expo 2025” Ümumdünya Sərgisi
üçün qeydiyyata alınmış namizəd şəhərlər
barədə məlumat verildi. Qeyd edək ki, Bakı ilə
yanaşı, Yaponiyanın Osaka, Rusiyanın Yekaterinburq və
Fransanın Paris şəhərləri namizəd şəhərlərdir.
Yaponiya, Rusiya, Paris nümayəndə
heyətlərinin üzvləri sərgiyə hazırlıqla
bağlı görülən işlərdən
danışdılar. Bildirdilər ki, bu cür tədbirlərin
keçirilməsi xalqlar və dövlətlər arasında
dialoqun genişləndirilməsində vacib rol oynayır,
şəhərlərin potensialını nümayiş etdirmək
üçün yaxşı imkanlar yaradır.
Azərbaycan Respublikasının
maliyyə naziri, “Bakı Expo 2025” Ümumdünya Sərgisinin
işçi qrupunun rəhbəri Samir Şərifov Birinci
vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə
Bakının bu sərgiyə namizəd şəhər
olması münasibətilə təşkil edilən qəbula
qatıldıqlarına görə nümayəndə heyətlərinin
üzvlərinə minnətdarlığını bildirdi.
Diqqətə
çatdırıldı ki, Bakı “Expo 2025” Ümumdünya
Sərgisinə namizəd şəhər kimi insan
kapitalının inkişafı mövzusu ilə
çıxış edir. Zəngin təbii ehtiyatları olan
ölkəmizdə son illərdə “qara qızıl”ın
insan kapitalına çevrilməsi istiqamətində
görülən işlərdən danışan Samir Şərifov
bildirdi ki, Azərbaycanın əsas zənginliyi 10 milyon vətəndaşıdır.
Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan
Qlobal Rəqabətlilik İndeksinə görə 137 ölkə
arasında 35-ci yeri tutub. Ölkəmizin daim inkişafda
olduğunu vurğulayan Samir Şərifov Azərbaycanın
birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və
Formula-1 kimi mötəbər beynəlxalq tədbirlərə
ev sahibliyi etdiyini diqqətə çatdırdı. Samir Şərifov
Azərbaycanın hazırda 50 böyük şəhərlə
hava əlaqəsinin olduğunu dedi və 2025-ci ilə qədər
bu rəqəmin 100-ə çatdırılacağını
bildirdi.
“Bakı Expo 2025” Ümumdünya Sərgisinin
işçi qrupunun rəhbəri qeyd etdi ki, ölkəmiz
“Expo-2025”in keçiriləcəyi məkan kimi seçilsə,
bu tədbir də yüksək hazırlığı ilə
yadda qalacaq. Bu sərgi bəşəri müxtəlifliyi təmin
edəcək və bütün millətlərə iştirak
etmək imkanı yaradacaq. Bu təşəbbüsün cəmiyyətin
bütün təbəqələri tərəfindən dəstəkləndiyini
deyən Samir Şərifov vurğuladı ki, 20 mindən
çox könüllü “Expo 2025” sərgisində əsas
gücümüz olacaq. Avropa və Asiyanın kəsişməsində
yerləşən Bakı qədim sivilizasiyanın
beşiyidir, dünyəvi və çoxmillətli şəhərdir.
“Bakı Expo 2025” Ümumdünya Sərgisinin
işçi qrupunun üzvü Məryəm Qafarzadə
bildirdi ki, Azərbaycanın paytaxtı namizəd şəhər
kimi bu sərgidə əsasən insan amilinə
üstünlük verir. Bu cür sərgilər bütün
insanları bir millət kimi birləşdirir. “Sərginin əsas
mövzusu “İnsan kapitalının inkişaf etdirilməsi,
daha yaxşı gələcəyin qurulması” olacaq”, - deyən
Məryəm Qafarzadə Azərbaycanda həyata keçirilən
dövlət siyasəti sayəsində tez bir zamanda insan
kapitalının təkmilləşməsi sahəsində
qazanılan uğurlardan danışdı, ölkəmizdə
minlərlə təhsil, idman və sağlamlıq müəssisələrinin
yaradıldığını, yoxsulluq və işsizliyin 5
faizdən aşağı düşdüyünü,
savadlılığın yüksək olduğunu bildirdi. O,
“Bakı Expo 2025” çərçivəsində təşkil
olunması nəzərdə tutulan müxtəlif proqramlar,
konsertlər və digər mədəni tədbirlər
müstəvisində insan kapitalı mövzusunun müzakirə
olunacağını qeyd etdi.
Azərbaycan Respublikasının
Birinci vitse-prezidentinin köməkçisi, ölkəmizin
Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə
heyətinin rəhbəri Elçin Əmirbəyov ölkəmizin
“Expo” hərəkatının fəal üzvü olduğunu
bildirdi, Azərbaycanın ilk dəfə “Hannover Expo 2000” sərgisində
iştirak etdiyini, Milanda keçirilən “Expo 2015” sərgisində
isə milli pavilyonumuzun mükafata layiq
görüldüyünü və pavilyonumuzu 3 milyondan
çox insanın ziyarət etdiyini və bu pavilyonun
hazırda Bakıda Bulvar ərazisində qurulmaqda olduğunu
diqqətə çatdırdı.
Azərbaycanın davamlı və
sürətlə inkişaf etdiyini deyən Elçin Əmirbəyov
Bakının hava limanına yaxın, bütün nəqliyyat
infrastrukturu ilə təmin edilmiş 200 hektarlıq məkanda
böyük “Expo” kəndi salınacağını bildirdi.
“Bakı Expo 2025” sərgisinin qurulacağı sahə barədə
danışan Birinci vitse-prezidentin köməkçisi bildirdi
ki, ərazi rəmzi olaraq səkkizguşəlidir. Gələcək
üçün ümid və istək nümunəsi olan bu rəmz
Azərbaycanın müxtəlifliyini tərənnüm edir.
Azərbaycan mədəniyyətinin digər aspektlərindən
ilhamlanaraq, Bakının tarixi qala divarları daxilindəki qədim
şəhəri və qədim İpək Yolu boyunca səyahət
edən tacirlərə ev sahibliyi etmiş karvansaray dizaynlı
pavilyonumuzu təsvir edən Elçin Əmirbəyov sərginin
mədəni irsimizin bir hissəsi olan xalça
naxışları ilə bəzədiləcəyini bildirdi.
“Expo 2025”dən sonra isə yaradılacaq infrastruktur şəhərimizin
gözəl guşələrindən biri olacaq.
Azərbaycana etimad göstərilməsinin
vacibliyini vurğulayan Birinci vitse-prezidentin köməkçisi
“Bakı Expo-2025” üçün nəzərdə tutulan məkanda
tamaşalar, sərgilər və təqdimatlar keçirilməsi
üçün geniş imkanların
yaradılacağını bildirdi. Vurğuladı ki, “Expo” hərəkatının
sadiq tərəfdaşı kimi Azərbaycan bu məsələyə
böyük məsuliyyətlə yanaşır.
Təqdimat zamanı Azərbaycan
haqqında və Bakının “Expo 2025” Ümumdünya Sərgisinə
namizəd şəhər olması barədə
hazırlanmış filmlər nümayiş olundu. Filmlərdə
bəşəriyyət üçün çox vacib olan
insan kapitalının inkişaf etdirilməsi, daha yaxşı
gələcəyin qurulması mövzusunu 2025-ci ildə
Bakıda müzakirə etməyə dəvət səslənir.
Azərbaycan.-
2017.-16 noyabr.- S.5.