Şəki UNESCO tərəfindən “Yaradıcı
şəhərlər şəbəkəsi” statusu
qazanıb
Qədim və zəngin qeyri-maddi mədəni irs min illər boyu formalaşaraq xalq yaradıcılığının nailiyyətlərini özündə əks etdirir. Bu milli-mənəvi zənginliyin dünyaya layiqincə təqdim olunması isə nəticə etibarilə ölkəmizin təbliğində və beynəlxalq nüfuzunun yüksəlməsində mühüm əhəmiyyət daşıyır.
2013-cü ildən Şəkidə əsası qoyulan “Şirniyyat festivalı”, xalq sənətkarlığının, mədəni irsimizin, eləcə də bölgələrimizin əsrarəngiz gözəlliklərinin, turizm imkanlarının təbliği baxımından olduqca vacib hesab edilən layihələr gələcək illər üçün ənənələrin başlanğıcı hesab edilir. Bu layihələr eyni zamanda bölgələrimizin mədəni inkişafına, mədəniyyət sahəsində dövlət siyasətinin hər bir rayon, şəhər, kənd və qəsəbəsində ahəngdar şəkildə həyata keçirilməsinə xidmət edir.
Şəkinin UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilməsi haqqında bu günlərdə qərar qəbul etməsi xəbəri də rayon sakinləri tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanıb. UNESCO tərəfindən verilən bu qərar son illər ölkəmizdə mədəni irsin qorunması və dünyaya tanıdılması istiqamətində aparılan məqsədyönlü layihələrin məntiqi nəticəsidir.
Məlumdur ki, Şəki tarixən sənətkarlığın yüksək səviyyədə inkişaf etdiyi bölgə kimi tanınıb. Burada dəmirçilik, misgərlik, dulusçuluq, papaqçılıq, şəbəkə, ağac üzərində oyma, ipəkçilik və digər sahələrdə sənətkarların əldə etdiyi təcrübə nəsildən-nəslə keçməklə zəmanəmizədək gəlib çatıb. Təsadüfi deyil ki, “Xalq yaradıcılığı paytaxtları” proqramına əsasən, Şəki şəhəri 2010-cu ildə “Azərbaycanın sənətkarlıq paytaxtı” elan olunub.
Qlobal inteqrasiyaya mədəni zənginliyi qoruyub inkişaf etdirməklə
birlikdə, öz milli-mənəvi irsi ilə qoşulmaq
müstəsna əhəmiyyət daşıyır.
Respublikamızda bu istiqamətdə
dövlət tərəfindən mühüm
tədbirlər görülür. Bunun nəticəsidir ki,
xalqımızın milli mədəniyyət
inciləri sayılan muğam, Novruz bayramı, xalçaçılıq,
aşıqlıq, kəlağayı
sənəti, tar
ifaçılığı UNESCO-nun qeyri-maddi mədəni irs
siyahısına daxil edilib.
Bu nailiyyətlər, əlbəttə, milli-mədəni irsə
qayğının, mədəniyyətə dəstək siyasətinin
uğurla davam etdirilməsinin
nəticəsidir.
Azərbaycan.-
2017.-16 noyabr.- S.7.