“Zəhmət-Ruzi” MMC-nin fəaliyyəti
əlverişli
mühitin bəhrəsidir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Abşeron rayonunda “Zəhmət-Ruzi” MMC-nin fəaliyyəti ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Abşeron rayonu üzrə maliyyələşdirilmiş investisiya layihələri, o cümlədən müasir texnologiyalara əsaslanan investisiya layihələrinə ayrılan güzəştli kreditlər, istifadəyə verilən, tikilməkdə olan və inşası nəzərdə tutulan istehsal və emal müəssisələri barədə dövlətimizin başçısına məlumat verdi.
Qeyd olundu ki, son illərdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xəttilə Abşeron rayonu üzrə ümumi dəyəri 360 milyon manat olan 602 investisiya layihəsinin maliyyələşdirilməsinə 200 milyon manat güzəştli kredit verilib. Maliyyələşdirilmiş layihələr hesabına 8700 yeni iş yeri açılıb. Müasir texnologiyalara əsaslanan, ümumi dəyəri 261 milyon manat olan 39 investisiya layihəsinə isə 140,5 milyon manat güzəştli kredit ayrılıb. Nəticədə 3 logistik mərkəz, 7 quşçuluq təsərrüfatı, 14 istixana kompleksi, iki süd emalı zavodu, bir çörək zavodu, bir ət emalı, iki ət kəsimi müəssisəsi, bir mebel fabriki, bir kərpic zavodu və müasir texnologiyalara əsaslanan digər müəssisələr yaradılıb.
Bildirildi ki, “Zəhmət-Ruzi” MMC-nin dəyəri 42 milyon manat olan logistika mərkəzindən, ət kəsimi, ət və süd emalı fabrikindən ibarət aqrar-sənaye kompleksinin ərsəyə gəlməsinə Sahibkarlığa Kömək Milli Fondunun xəttilə 8,3 milyon manat güzəştli kredit ayrılıb. Götürülən kredit artıq tam qaytarılıb.
Prezident İlham Əliyevə müəssisədə istehsal edilən və “SAB” -“Made in Azerbaijan” brendi altında bazara çıxarılan 60 çeşiddə ət və 40 çeşiddə süd məhsullarının nümunələri təqdim olundu.
Diqqətə çatdırıldı ki, “Zəhmət-Ruzi” MMC-nin ət və süd məhsulları AZS – keyfiyyət idarəetmə standartlarının sertifikatına və keyfiyyətə nəzarət sisteminin ISO 9001:2000 sertifikatına layiq görülən “SAB” brendi altında bazara çıxarılır.
Dövlətimizin başçısı müəssisədə ət məhsullarının istehsalı prosesi ilə tanış oldu. Bildirildi ki, 7 min tonluq logistika mərkəzi ən müasir avadanlıqla təchiz edilib. Burada illik kəsim gücü 1,8 min ton olan fabrik də fəaliyyət göstərəcək.
Qeyd edildi ki, bundan başqa, saatda 2500 quş kəsimi gücünə malik olan fabrik üçün də avadanlıq gətirilib və ilin sonunadək quraşdırılması nəzərdə tutulub. İllik istehsal gücü 10 min tona çatan ət emalı sahəsində 60 çeşiddə məhsul istehsal edilir. Ət məhsullarının saxlanma şəraiti ən müasir standartlara uyğundur.
Azərbaycan Prezidentinə məlumat verildi ki, illik istehsal gücü 7 min ton olan süd emalı sahəsində 40 çeşiddə süd məhsulları, o cümlədən pasterizə edilmiş süd, pendir, xama, kəsmik, qatıq, dovğa, ayran və digər məhsullar hazırlanır. Tezliklə bu aqrar-sənaye kompleksində dondurma da istehsal olunacaq. Kompleksin xammala olan tələbatı Abşeron və digər rayonlarda fəaliyyət göstərən fermerlərin təsərrüfatlarında tədarük edilmiş məhsul hesabına təmin ediləcək. “Zəhmət-Ruzi” MMC-nin həyata keçirdiyi layihələr hesabına 150 yeni iş yeri yaradılıb və orta aylıq əməkhaqqı 500 manatdır. Burada istehsal edilən məhsulların Rusiyaya, Qazaxıstana və Asiya ölkələrinə ixracı ilə bağlı müvafiq tədbirlər görülür.
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində ölkəmiz hərtərəfli inkişaf edir. İqtisadiyyatın qeyri-neft sektorunun davamlı inkişafına nail olunub. Buna imkan verən əsas amillərdən biri özəl sektorun diqqət mərkəzində saxlanılmasıdır. Təsadüfi deyil ki, dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri məhz özəl sektorun hərtərəfli dəstəklənməsi, onun daha da genişlənməsi üçün əlverişli mühitin yaradılması, bu sahədə müxtəlif yardım və təşviq mexanizmlərinin tətbiq edilməsidir. “Zəhmət-Ruzi” MMC-nin fəaliyyəti də məhz belə bir əlverişli mühitin bəhrəsidir.
Azərbaycan Prezidentinə kompleksdəki süd məhsullarının satışadək saxlanma anbarları da təqdim olundu.
Komplekslə
tanışlıqdan sonra xatirə şəkli
çəkdirildi.
Azərbaycan.-
2017.-17 noyabr.- S.2.