Parlamentin mədəniyyət komitəsinin iclasında bir sıra qanun layihələri
barədə müzakirələr aparılıb
Noyabrın 16-da mədəniyyət komitəsinin iclasında beş məsələyə baxılıb.
AZƏRTAC xəbər verir ki, gündəlik barədə məlumat verən komitə sədri Rafael Hüseynov qanunvericiliyin uyğunlaşdırılması baxımından İnzibati Xətalar Məcəlləsində, “Kütləvi informasiya vasitələri haqqında”, “Telekommunikasiya haqqında” “Televiziya və radio yayımı haqqında” qanunlarda dəyişikliklərin edilməsi zərurətinin meydana çıxdığını bildirib.
Əvvəlcə iclasda hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsini ətraflı şərh edib. Virtual məkanda təhlükəsizliyi qorumaq məqsədilə 2017-ci ilin mart ayında “Telekommunikasiya haqqında” Qanunda edilən dəyişiklikləri yada salıb, qəbul edilmiş qaydaların pozulmasına görə müəyyənləşdirilən cərimələrdən bəhs edib. Bildirib ki, həmin Qanunun tətbiqi ilə əlaqədar Məcəlləyə əlavə olunan 388-1-ci maddədəki müddəalara əsasən, internet informasiya ehtiyatında yerləşdirilmiş yayılması qadağan edilən informasiyanın götürülməsi ilə bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunla müəyyən edilmiş tədbirlərin görülməməsinə görə fiziki şəxslər 500 manatdan 1000 manatadək, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək cərimə ediləcək.
Sonra “Televiziya və radio yayımı haqqında” Qanuna təklif olunan dəyişikliklərdən bəhs edən Əli Hüseynli nəzərə çatdırıb ki, həmin dəyişikliklər bu Qanunu İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırmaq məqsədi daşıyır.
İclasda gündəlikdəki digər qanun layihələri barədə mədəniyyət komitəsinin sədri Rafael Hüseynov məlumat verib. Bildirib ki, Kütləvi informasiya vasitələri haqqında” Qanunun 3-cü, 5-ci, 10-cu, 19-cu və 59-cu maddələrinə edilən dəyişikliklər əsasən texniki səciyyə daşıyır, qanunvericilik aktlarında uzlaşmanı təmin edir. Qanuna əlavə olunan 19-1-ci maddə isə internet informasiya ehtiyatına müraciəti tənzimləyəcək.
Müzakirə zamanı mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva, deputatlar Aqil Abbas, Novruzəli Aslanov, Gövhər Baxşəliyeva, Elşən Musayev fikir mübadiləsi aparıblar. Günün reallıqlarından çıxış edərək qanunvericiliyə dair bir sıra təkliflər irəli sürüblər.
Yekunda
komitə üzvləri baxılan qanun
layihələrinin beşini də parlamentin plenar iclasına
tövsiyə ediblər.
Azərbaycan.-
2017.-17 noyabr.- S.4.