Qlobal ərzaq təhlükəsizliyinə Azərbaycandan mühüm elmi töhfə

 

Professor Eldar Quliyevin “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” kitabı BMT tərəfindən “İlin kitabı” adına layiq görülüb

 

Çağdaş dövrümüzdə bəşəriyyəti narahat edən əsas məsələlərdən biri ərzaq təhlükəsizliyidir. Çünki bu gün Yer kürəsində 822 milyon nəfərdən artıq insanın aclıq çəkdiyini və ya normal qidalana bilmədiyini nəzərə alsaq, ərzaq çatışmazlığının qlobal problem olduğunu görərik. Hər il müxtəlif ölkələrdə vaxtaşırı keçirilən tədbirlər, BMT-nin bu məsələyə xüsusi diqqətlə yanaşması müharibələrlə yanaşı, ərzaq təhlükəsizliyinin də dünyanın ən aktual problemlərindən olduğunu göstərir.

Hazırda dünyada cərəyan edən proseslər bütün ölkələrdə daxili ərzaq bazarının gücləndirilməsinə, qida ehtiyatlarının yaradılmasına, yeyinti məhsullarının hər bir insan üçün əlçatan olmasına, torpaqdan səmərəli istifadəyə və kənd təsərrüfatı istehsalına daha diqqətli və kompleks yanaşma tələb edir. Ərzaq təhlükəsizliyi həm də elmi yanaşma tələb edən bir məsələdir. Xüsusən, 2008-ci ildə dünyada baş qaldıran iqtisadi böhrandan sonra ərzaq təhlükəsizliyinin qlobal problem kimi aktuallaşması bu istiqamətdə elmi araşdırmaları, yəni, problemin həllinə elmi yanaşmanı zəruri edib. Bu baxımdan, iqtisadiyyat üzrə elmlər doktoru, Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyevin araşdırmaları, ərzaq təhlükəsizliyinə dair tədqiqatları, elmi baxışları, fikir və mülahizələri diqqəti cəlb edir.

Eldar Quliyevin “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitabı da məhz qlobal miqyasda ərzaq təhlükəsizliyi məsələlərinə həsr olunub. Kitabda ərzaq çatışmazlığının səbəbləri və problemlərdən çıxış yolları elmi əsaslarla göstərilib. Kitab müəllifin bir neçə illik, o cümlədən ABŞ, Meksika, Kuba, Koreya Respublikası, Yaponiya, Almaniya, Qətər və digər ölkələrə səfərləri zamanı apardığı araşdırmaların nəticəsi olaraq ərsəyə gəlib.

Bir məsələni də xüsusilə qeyd etməliyik ki, Azərbaycan alimlərinin dünyanı düşündürən qlobal problemlər ətrafında apardıqları araşdırmaları, fikir və mülahizələri dünyanın aparıcı elm ocaqları tərəfindən maraqla izlənilməkdədir. Professor Eldar Quliyevin “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” kitabının bu ilin aprel ayında Avropa Təbiət Elmləri Akademiyasının qərarı ilə Almaniyada ingilis dilində nəfis tərtibatla nəşr edilməsi də Azərbaycan alimlərinin beynəlxalq səviyyədə uğurlarının ən gözəl nümunəsidir. Kitaba tanınmış alimlər Herman Vari, Vladimir Timinski və Hayrettin İvgin rəy veriblər.

Kitabda qoyulan məsələlər isə çox çəkmədən BMT-nin diqqətini cəlb edib. Ona görə dünyanın ən böyük kitabxanalarından olan BMT-nin Cenevrədəki kitabxanasının ekspertlər şurası tərəfindən kitabın bu kitabxanaya qəbul olunması barədə qərar qəbul olunub. Qeyd edək ki, Azərbaycanın 26 illik müstəqillik tarixində məhz ilk azərbaycanlı olaraq professor Eldar Quliyevin bu kitabı BMT-nin kitabxanasına qəbul olunub. Bundan sonra BMT-nin Nyu Yorkdakı kitabxanası da bu kitab üçün müraciət edib.

Noyabrın 11-də İtaliyanın paytaxtı Romada kitabın təqdimatı keçirilib. Tədbirdə ABŞ, Rusiya, Almaniya, Türkiyə, İtaliya, İsveçrə və Vatikandan olan nümayəndələr, ayrı-ayrı elm və təhsil ocaqlarının, akademik dairələrin, Romada yerləşən beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təmsilçiləri iştirak ediblər.

Təqdimatda Avropa Təbiət Elmləri Akademiyasının prezidenti, akademik V.Timinski, BMT-nin İctimai Mükafatlar üzrə Şurasının İsveçrədəki nümayəndəsi Mehmet Şükrü Gözəl, Vatikan Bonifasiana Akademiyasının prezidenti Sante de Ancelis, tanınmış alim Məsud Əfəndiyev, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Romadakı filialının rəhbəri Sandro Teti çıxış edərək professor Eldar Quliyevin elmi fəaliyyəti və təqdim olunan kitabın əhəmiyyəti haqqında danışıblar. Kitabda ərzaq təhlükəsizliyi ilə bağlı ən vacib məqamlara toxunulması və bu sahədə mövcud problemlərə yeni yanaşma tətbiq etmək baxımından nəşrin əhəmiyyətli olduğu vurğulanıb.

Tədbir zamanı BMT-nin İctimai Mükafatlar üzrə Şurasının nümayəndəsi Mehmet Şükrü Gözəl “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” kitabının BMT-nin İctimai Mükafatlar üzrə Şurası tərəfindən “İlin kitabı” adına layiq görüldüyünü elan edib. O, Eldar Quliyevə “İlin kitabı” beynəlxalq mükafatını təqdim edib.

Vatikan Bonifasiana Akademiyasının prezidenti Sante de Ancelis Eldar Quliyevin bu akademiyanın həqiqi üzvü (akademik) diplomu ilə təltif olunduğunu bildirərək ona müvafiq diplomu təqdim edib.

Professor Eldar Quliyev təqdimat mərasimində çıxış edərək “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” kitabındakı əsas məqamlar haqqında ətraflı məlumat verib.

Kitab 357 səhifədən, 5 fəsildən ibarətdir. Birinci fəsildə elmi cəhətdən əsaslandırılır ki, ərzaq təhlükəsizliyi hər bir insanın sağlam və məhsuldar həyat tərzi üçün ərzaqla kifayət qədər təmin edilməsi deməkdir. Bu problemin həlli ilk növbədə yoxsulluğun və işsizliyin azaldılması, ərzaq təminatının və ərzaq məhsullarından istifadənin səmərəsinin artırılması, o cümlədən qənaətliliklə bağlıdır.

İkinci fəsildə ərzaq təhlükəsizliyi bir tədqiqat obyekti kimi qəbul edilərək iqtisadi siyasətin müxtəlif istiqamətləri baxımından təhlil olunur. Daxili bazarın qorunması bir tərəfdən yerli istehsalçıların maraqlarına xidmət etdiyi halda, digər tərəfdən resursların optimal bölgüsünü əngəlləyir və qiymətləri yüksəldərək ərzağa əlçatarlıq problemini kəskinləşdirir. Bu mənada iqtisadi siyasət və ərzaq təhlükəsizliyi arasında qızıl ortanın tapılmasının zəruriliyi ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində qarşıda duran əsas hədəflərdən biri kimi kitabda elmi baxımdan izah olunur.

Kitabda göstərilir ki, inkişaf etməkdə olan ölkələrdə ərzaq təhlükəsizliyini gücləndirmək məqsədilə fiskal və monetar siyasət qida sənayesində kiçik və orta sahibkarlığın inkişafının sürətləndirilməsinə xidmət etməlidir. Xüsusən, sağlam rəqabət qida sənayesində qiymətlərin ucuzlaşmasına və keyfiyyətin yaxşılaşdırılmasına gətirib çıxarır, digər tərəfdən isə kənd təsərrüfatı istehsalını stimullaşdırır. Çünki dəyər zəncirində kənd təsərrüfatı məhsulları sonrakı pillədə qida sənayesində emal edilir. Bəzən kənd təsərrüfatı istehsalçılarının emal müəssisələrinin tədarük qiymətlərindən şikayətlənməsi təsadüfi deyil. Kənd təsərrüfatı istehsalçıları seçim imkanı olmayanda istehsal etdikləri məhsulu geniş təkrar istehsalı təmin etməyən qiymətə satmağa razı olurlar ki, nəticədə ərzaq təklifi azalır və proses ərzaq təhlükəsizliyinə mənfi təsir göstərir.

Üçüncü fəsildə ərzaq təhlükəsizliyi Minilliyin İnkişaf Məqsədləri (MİM) konsepsiyasından izah edilir. Kitabın bu fəslində Azərbaycanın MİM-dən Davamlı İqtisadi Siyasətə keçiddəki rolu da xüsusi vurğulanır. Ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ərzaq təhlükəsizliyi məsələsini daim diqqət mərkəzində saxlamışdır. Prezident İlham Əliyev də ərzaq təhlükəsizliyini dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan edib. Dövlət başçısının təsdiq etdiyi “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” məhz bu məqsədə xidmət edir.

Orta təbəqə üçün ərzaq təhlükəsizliyinin önəmi isə kitabın dördüncü fəslində tədqiq olunur. Orta təbəqənin formalaşmasında ərzaq təhlükəsizliyinin əhəmiyyəti ondadır ki, ərzağa əlçatarlığın yaxşılaşması insanları yoxsulluq girdabından xilas edir. Yoxsul insan artıq ərzaq təminatını həll etdikdən sonra təhsil, səhiyyə və digər xidmətlərə çıxışını yaxşılaşdırır, beləliklə, bir çox hallarda orta təbəqəyə daxil olur.

Beşinci fəsildə aqrar sektorda istehsal amillərinin son məhsula təsirini analiz edərkən yeni bir yanaşma - əlavə-dəyərli kənd təsərrüfatı paradiqmasının nəzərə alınması məqsədəuyğun hesab edilib. İnkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatı istehsalında yeni əlavə dəyərin yaradılması mühüm əhəmiyyət kəsb edir. Məsələn, modernləşdirmə hətta ənənəvi bitkilərin qeyri-qida məhsullarına çevrilməsinə, məsələn, qarğıdalıdan etanol və soya kökündən biodizel yanacağının alınmasına qədər genişləndirilə bilər.

Beynəlxalq səviyyədə maraqla qarşılanan kitabla bağlı Eldar Quliyevlə söhbətləşdik. Onun sözlərinə görə, dünyada 200-dən artıq dövlətin heç də hamısı qida məhsulları istehsal etmir: “Az sayda ölkə var ki, tam olaraq daxili istehsal hesabına vətəndaşlarını yeyinti məhsulları ilə təmin edir. Bəziləri bir qisim ərzaq məhsullarını idxal edir. Qətər dövləti isə bütünlüklə ərzaq məhsullarını xaricdən idxal edir. Hər bir dövlətin isə təxminən 3 aylıq ərzaq ehtiyatı olur. 2008-ci ildə 40 dövlət bir müddət ərzaq ixracını dayandırmışdı. Bunun nəticəsində o dövrdə ərzaq məhsullarının qiymətləri yüksəldi. Bu faktın özü hələ o zaman ərzaq təhlükəsizliyini qlobal problemlərdən biri kimi ortaya çıxardı”.

Kənd təsərrüfatı məhsulları qida sənayesi üçün əsas xammal mənbəyidir. Bu barədə danışan Eldar Quliyev dedi ki, bəzən insandan asılı olmayan obyektiv səbəblərdən - qlobal istiləşmədən, subasmalardan və ya suvarma suyunun azalması, ekoloji çirklənmə səbəbindən kənd təsərrüfatı istehsalında geriləmə yarana bilər ki, bu da ərzaq çatışmazlığına yol açar. Bu problemlər bəzi ölkələrdə daha kəskin olmaqla bütün dünyada özünü göstərməkdədir. Ona görə kitabda təklif olunur ki, istifadə olunan şirin su təkrar emal olunaraq yenidən istehsalata qaytarıla bilər ki, bu da xüsusən kənd təsərrüfatında su çatışmazlığını əhəmiyyətli dərəcədə aradan qaldırar. Həmçinin qlobal istiləşmə ilə əlaqədar daha istiyə dözümlü məhsullar yetişdirmək olar. Subasma ilə əlaqədar su sevən bitkilərin yetişdirilməsinə üstünlük verilə bilər.

Eldar Quliyev onu da bildirdi ki, kənd təsərrüfatı bəzi sahələr kimi çox yüksək gəlir götürməyə imkan vermir. Amma bu, tək-tük fəaliyyət sahələrindən biridir ki, həmişə iş də var, qazanc da. Nəzərə alınmalıdır ki, mənfəət az olsa da, kənd təsərrüfatı daimi fəaliyyət sahəsidir və onun məhsulu əhalinin bütün təbəqələri üçün əvəzolunmazdır.

Ərzaq təhlükəsizliyində məhsuldarlıq olduqca vacibdir. Bu barədə danışan Eldar Quliyev dedi ki, bu gün dünyada adambaşına ən çox yeyinti məhsulları istehsalına görə ilk yeri ABŞ tutur. Avropada isə Almaniyadır. ABŞ-da taxıl zəmilərində hər hektardan orta hesabla 100, Avropada 80 sentner məhsul yığılır. ABŞ-da bir inəkdən ildə 30 min litr, Almaniyada isə 12 min litr süd alınır. Kitabda bu baxımdan məhsuldarlığın artırılmasının əhəmiyyətinə və yollarına diqqət yetirilir.

2050-ci ilədək dünya əhalisinin 9 milyarda çatması gözlənilir. Lakin bu gün dünyada torpaqların cəmi 25 faizi kənd təsərrüfatı məqsədilə istifadə olunur. Bu, ondan xəbər verir ki, yaxın gələcəkdə dünyada ciddi ərzaq çatışmazlığı yarana bilər. Hazırda əkin sahələri cəmi 5 faiz artsa, ərzaq istehsalı da əhəmiyyətli dərəcədə çoxalar. Hesab edirəm ki, G-8, G-20 formatlarında müxtəlif qlobal məsələləri müzakirə edən dövlətlər bu problemə də xüsusi diqqət yetirməlidirdər. Bu məsələ kitabda da problem olaraq ortaya qoyulub və vəziyyətdən çıxmaq üçün təkliflər irəli sürülüb.

Kitabda haqlı olaraq qeyd olunur ki, hazırda mövcud şərait, dünyada cərəyan edən proseslər daxili ərzaq bazarının gücləndirilməsi və ərzaq ehtiyatlarının yaradılması məsələlərinə daha diqqətli və kompleks yanaşma tələb edir. Bu barədə danışan Eldar Quliyevin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə gördüyü işlər xüsusilə təqdirəlayiqdir. Hətta Azərbaycanda bu sahədə görülən işlər region və inkişaf etməkdə olan ölkələr üçün əsl nümunədir.

Əhəmiyyəti nəzərə alınaraq “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” kitabı üç sərgidə nümayiş olunacaq. Artıq Frankfurtda keçirilən ilk sərgidə kitab böyük maraqla qarşılanıb. Yaxın vaxtlarda isə Leypsiq və Vyana kitab sərgilərində nümayiş etdiriləcək.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2017.-17 noyabr.- S.6.