Zaqatalada “Fındıq-şabalıd-qoz festivalı”

 

Dünən qızılgüllər diyarı kimi tanınan Zaqatalada ilk dəfə “Fındıq-şabalıd-qoz festivalı” keçirilmişdir. Rayon icra hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan festivalda respublikamızda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin təmsilçiləri, o cümlədən Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori, Milli Məclisin deputatları, fındıq istehsalçıları və ixracatçıları, rayon sakinləri iştirak ediblər.

Rayon rəhbərliyi və qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.

Dədə Qorqud meydanında keçirilən festivala dəvət olunmuş qonaqlar əvvəlcə bal şərbətinə və fındıqlı çörəyə qonaq edildilər.

Festivalın rəsmi açılış mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə bildirdi ki, Zaqatala rayonu respublikamızda sürətlə inkişaf edən bölgələrdəndir. XX əsrin 70-80-ci illərində rayonun emal sənayesi, yüngül sənaye, kənd təsərrüfatı və digər sahələrində yüksək nəticələr əldə edilib. Bütün sahələrdə o dövrün ən uğurlu və sürətli inkişaf ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Fındıqçılıq ölkəmizə valyuta gətirən sahə olduğundan onun istehsalına maraq əhalidə XIX əsrin ortalarından başlayaraq, artaraq ənənəvi sahələrdən birinə çevrilib və 1932-ci ildə burada fındıqçılıq sovxozu yaradılıb.

1929-cu ildən rayonda fındıq emalı zavodu fəaliyyət göstərirdi. Burada istehsal olunan fındıq, eləcə də konserv məhsulları keçmiş SSRİ-nin bütün respublikaları ilə yanaşı, bir sıra Avropa ölkələrinə də ixrac edilirdi.

Bu sahə üzrə Zaqatalada son illər daha çox işlər görülüb və həyata keçirilən irimiqyaslı layihələr, dövlət proqramları fındıqçılığın inkişafında əhəmiyyətli rol oynayıb. Xarici bazarlarda fındığa yaranan tələbat və uzun müddət saxlanılmağa davamlılığı rayonda əhali tərəfindən yeni fındıq bağlarının əkilməsinə və kifayət qədər fındıq emalı ilə məşğul olan müasir müəssisələrin yaranmasına səbəb olub.

Zaqatala rayonunun emal müəssisələri tərəfindən 2016-cı ildə 91,1 milyon manatlıq, cari ilin 10 ayında isə 95 milyon 365 min manat dəyərində fındıq məhsulları ixrac olunub.

Prezident İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasət, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafını nəzərdə tutan dövlət proqramlarının, fərman və sərəncamların icrası ölkənin bütün sferalarında makroiqtisadi göstəricilərin ildən-ilə artmasına öz müsbət təsirini göstərir.

Keçən ilin payızında rayonda 2560 hektar, bu ilin yaz mövsümündə isə 598 hektar sahədə yeni fındıq bağları salınaraq ümumi fındıq bağlarının sahəsi 17 min 17 hektara çatdırılıb.

Ötən il “Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi təsis edilib. Dövlət Gömrük Komitəsi tərəfindən Mərkəzi Gömrük Ekspertizası İdarəsinin Zaqatala Gömrük Laboratoriyası açılıb.

Rayonda 5 hektar sahədə fındıq tingliyi təsərrüfatı yaradılıb. Burada 300 min ədəd fındıq tingi yetişdirilərək gələcəkdə 600 hektar əraziyə əkiləcək.

Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Aydın İsmiyev qeyd etdi ki, uğurlu başlanğıc gələcəkdə festivalın mükəmməlləşərək beynəlxalq status almasına təkan verəcək, regiona daha çox turist gəlməsinə səbəb olacaq.

Rəsmi hissə başa çatandan sonra fındıqla bəzədilmiş tort kəsildi. Bir-birindən maraqlı 8 nominasiya üzrə müsabiqə keçirildi. Müsabiqəyə “Ən gözəl fındıq xonçası”, “Ən gözəl fındıqdan hazırlanmış əl işi”, “Ən gözəl fındıq geyimi”, “Ən zəngin fındıqla bağlı məlumat lövhəsi”, “Ən maraqlı şirniyyat məhsulu”, “Ən qısa müddətə ləpənin ipə düzülməsi”, “Ən qısa müddətə fındığın çəkiclə qırılması”, “Ən qısa müddətə ləpənin təmizlənməsi” daxil idi.

Sonra “Kənd evi”ndə fındıq qabığı ilə sobanın yandırılması, fındığın və şabalıdın qovrulması, şabalıdın saxlanma qaydası, təndirdə fındıq çubuqlarının yandırılması nümayiş olundu.

Festival çərçivəsində fındıq yığımında, təmizlənməsində istifadə olunan texnikalar və fındıqqıran avadanlığın nümayişi, fındıqdan hazırlanmış müxtəlif növ məhsulların sərgisi də maraqla qarşılandı.

Tədbir iştirakçılarının bir neçəsindən festivalla bağlı münasibətlərini də öyrəndik. Milli Məclisin deputatı Elşən Musayev: - Qubada alma, Göyçayda nar, Balakəndə xurma, Qəbələdə mürəbbə festivalı insanlarda xoş ovqat yaradan bayramlardır. Zaqatalalılar da öz sözlərini dedilər. Onlar da bu yerin təbii sərvəti olan, təbiətin onlara bəxş etdiyi fındıq, qoz, şabalıd kimi qərzəkli meyvələr ilə bağlı missiyanı öz üzərlərinə götürdülər. Qaldırılan təşəbbüs artıq müsbət nəticəsini verməkdədir. Festivalda fərqli hallarla da rastlaşdım. Maraqlı əl işləri və qozdan, fındıqdan hazırlanan yeməklər bir-biri ilə ahəng yaratmaqda idi. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdanadək dərd-dərdə qarışmışdı. İnsanlar bayram haqqında nəinki düşünmür, hətta ağıllarından belə keçirmirdilər. İndi xoşbəxtlikdən hər şey tamamilə fərqlidir. Belə bayramların erməni işğalı altında olan bölgələrimizdə də təşkil olunması hər birimizin arzusudur.

Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin Zaqatala rayonu üzrə baş məsləhətçisi Zümrüd Ağakişiyeva: - Zaqatalada ilk dəfə belə bir festivalın keçirilməsi bütün zaqatalalıları sevindirir. Bu da təsadüfi deyil. Azərbaycanda fındıq istehsalına və ixracına görə yüksək yerləri tutan Zaqatala tarixən fındıqçılığı ilə tanınıb, sevilibseçilib. Dünyaya öz məhsulu ilə çıxıb. Hazırda dünyada əsas problemlərdən biri istehlakçılara ekoloji baxımdan təmiz məhsulun çatdırılmasıdır. Hazırda ölkəmizdə bu istiqamətdə ciddi addımlar atılmaqdadır. Bu da yaxın gələcəkdə Azərbaycanın ixrac məhsullarına görə dünyada qabaqcıl mövqeyə çatmasına təsirini göstərəcək.

Fındıqlı kənd tam orta məktəbinin direktoru Ramazan Mahmudoğlu: - Fındıq əvvəldən rayon əhalisinin əsas məşğuliyyət sahəsi olub. Sovetlər dönəmində Fındıqlı adlanan sovxoz sonradan eyniadlı kəndə çevrilib. Bu kənddə adambaşına 1 hektar fındıq bağı düşür. İldə orta hesabla 1000 tondaha çox məhsul tədarük edilir.

Müsabiqələrin qalibləri elan ediləndən sonra festival rəngarəng konsert proqramı ilə yekunlaşdı. Tədbirlərin keçirildiyi müddətdə fındıq məhsulları yarmarkasının, eləcə də yeməklərin, şirniyyatların satışı da oldu.

 

Əli SƏLİMOV

 

Azərbaycan.- 2017.-19 noyabr.- S.6.