1937-ci ilin vahiməli
gecələri
Repressiya qurbanları
Əslində, o illərdə
elə gündüzlər
də gecələrə
bənzəyirdi: adamların
canında vahimə, qorxu, şübhə və izi silinməyən
xof vardı. Bəs bütün bunlar nədən yaranmışdı?
O illərin tədqiqatçıları
yazırlar ki, 1937-ci ilin radiasiya zolağı adamların ruhunu, zövqünü, iradə və azadlığını zədələmişdi,
onları ən məhdud çərçivədə
saxlamışdı... 37-ci ilin acısını, ağrısını, köndələn
zədəsini görənlərdən
biri də Məhəmməd İsmayıl
oğlu Cuvarlinski idi. Əslən qarabağlıdır, Qaryagində (indiki Füzulidə) doğulub.
Özü demişkən,
ruhu, canı ilə elinə, obasına bağlı adam idi.
Partiya və dövlət xadimi kimi yüksək
vəzifələrdə çalışmışdı.
Sonuncu iş yeri Azərbaycan K(b) Partiya Komitəsinin
Nuxa (indiki Şəki) şəhəri
üzrə katibi olub. Bəs günahı nə
idi? Əslində, bircə günahı
vardı - Ruhulla Axundovla dostluq əlaqəsi saxlayırdı.
Nə qədər cəhd etsələr də, onu bu əqidəsindən
döndərə bilmirdilər.
Adına
terrorçu təşkilatın
üzvü də deyirdilər, əks-inqilabçı
da, hətta “Müsavat”çı da.
Amma bütün bunların heç biri Məhəmməd Cuvarlinskinin
əməllərinə zərrə
qədər də uyğun gəlmirdi.
O, əqidəcə yenilməz,
dönməz bir adam idi.
Onu hədə-qorxu ilə, açıq və ya gizli ittihamlarla
amalından, ideyasından
döndərmək olmazdı.
Məhəmməd Cuvarlinski Ruhulla
Axundovla əlaqələrini
qətiyyən inkar etmir, əksinə, bu münasibətləri daha da gücləndirirdi.
Bütün bunlar isə
Mir Cəfər Bağırovun
xoşuna gəlmirdi.
Cuvarlinski ən ağır cəzaya - güllələnməyə
məhkum edilir. Səbəbi bilinməsin deyə, sənədlərdə göstərilir
ki, guya Cuvarlinski Nuxada terrorçu təşkilata
rəhbərlik edib, rayonun kənd təsərrüfatına, sənayesinə
külli miqdarda ziyan vurub. Yenə sual olunur: nə səbəbdən böyük
bir rayona rəhbərlik edən adam terrorçuluqla
məşğul olur,
rəhbərlik etdiyi rayonun inkişafına mane
olur. Əslində, bütün bunlar
heç bir məntiqə sığmır.
Sağlam təfəkkürlə
düşünəndə bütün bunların arxasında qisasçılığın
dayandığı açıq-aydın
hiss olunur. Belə uydurma yalanları
yalnız 37-ci ilin “troykası” təşkil edə bilərdi. Məhəmməd Cuvarlinskini ittiham
edən məhkəmə
iclası cəmi 15 dəqiqəyə başa
çatıb, tərəddüd
etmədən ölüm
hökmü oxunub.
Tədqiqatçıların yazdığına görə, onu da 37-ci ilin vahiməli
bir gecəsində aparıblar. Onda o dəhşətli
ilin qara kabusu belə fırlanırdı. Hesablayıblar
ki, təkcə Azərbaycandan 100 min nəfərə
yaxın ziyalı, hərbçi, mədəniyyət
və incəsənət
xadimi, alim, şair, yazıçı
və müstəqil təfəkkürü olan
digər adamlar uzaq Sibirə, Qazaxıstan çöllərinə,
Rusiyanın insan ayağı dəyməyən
yerlərinə göndəriliblər.
Bu sərt qərara
etiraz edənləri yerindəcə güllələyiblər.
Elə Məhəmməd
Cuvarlinski kimi!
O illərdə
repressiya çarxı
fəlakətlər yarada-yarada
fırlanırdı, vahiməli
gecələr davam edirdi... Əslində, bu günahsız
adamlar “məxfi” göstərişlərin qurbanı
olurdular. Gecə qapısı
döyülən adamlar
sabahı uzaq diyarlarda açmalı olurdular, ya da
güllələnirdilər. Bu da belə
bir tale idi. Mübarizə aparmaq istəyənləri daha ağır cəzalar gözləyirdi: işgəncə,
zülm və digər vəhşiliklər...
Adamlar nə qədər dözüm göstərsələr
də, onların müqaviməti özlərinə
doğru yönəlirdi.
Elə bil həmin illərdə hamı bir-birindən çəkinirdi,
“üçlüyün” qəzəbinə
tuş gəlməkdən
qorunurdular. Belə yaşamaq
nə qədər çətin olsa da, repressiyanın qanunları başqa seçim tanımırdı.
Güllələnmək qorxusu
adamları xof içərisində saxlayırdı
və uzun illər bu qorxu
davam etməkdə idi...
Nəhayət, 1960-cı illərdən başlayaraq
cəmiyyətdə sosial
təmizləmə geniş
vüsət almağa
başladı. Hər kəs öz
düşüncəsini dilinə
gətirə bilirdi.
Hətta
yazarlar sətiraltı
eyhamları da açıq ifadə edirdilər. Bütün bunlar
37-ci ilin sərt ayrılığının başlanğıcı
idi. Amma o illərin yaraları,
ağrıları qısa
zaman kəsiyində sağalan deyil. 37-ci ildə məhv
olan əxlaqi dəyərlər, miqdarı
bilinməyən sərvətlər
fiziki ölümdən
qat-qat çox olub. Qolu-qanadı qırılan, əli-ayağı
qıc olan yalnız Sibirdə donanlar deyildi. Ən böyük iflic, sosial ədalət cəmiyyətdə pozulurdu,
mənəviyyata zərbə
dəyirdi. Bəzən 37-ci ilin donosları o qədər gizli saxlanılırdı ki, bu məxfi sənədləri
araşdırmaq üçün
xeyli vaxt sərf olunurdu. Amma tarixi vərəqlədikcə
qaranlıq məqamların
bütün guşələri
aydınlaşır.
O illərin
inzibati zorakılığı
ilə üz-üzə
qalan Məhəmməd
Cuvarlinski öz tərcümeyi-halında belə
yazır: “Mənim valideynlərim çörək
bişirən olub. Özüm də ali təhsil
almamışam, inqilabdan
əvvəl gözətçi,
fəhlə işləmişəm.
Sonra partiya sıralarına qəbul olub, kurslar bitirmişəm.
Elə o
vaxtdan mənim həyatım və inkişafım partiya işi ilə bağlı olub. Müxtəlif vəzifələrdə çalışmışam, sonuncu
dəfə Nuxada (indiki Şəkidə) işləmişəm. Həyatımın ziddiyyətli cəhətləri
də bundan sonra başlayıb. Kiçik mükafatlarla böyük
işlər görən
adamlar bizi ləkələmək üçün
məqam gözləyirdilər.
Və belə məqamlar çatanda fürsəti əldən
vermirdilər...”
Məhəmməd Cuvarlinski o qədər də çox yaşamayıb. Amma dostluqda sədaqəti
tarixin yaddaşına
düşüb, nəsillərə
nümunə olub.
Onu tanıyanlar elə bu gün
də haqqında xoş söz deyir, az
yaşasa da, mənalı, məzmunlu bir ömür başa vurub. O, mənəvi-əxlaqi dəyərləri
ilə güllələnmək
kimi ağır cəzaya meydan oxudu. Sübut etdi ki, onu heç bir cəlladın hikkəsi əqidəsindən
döndərə bilməz.
Belə yaşamaq nə qədər çətin
olsa da, Məhəmməd Cuvarlinski
axıradək öz seçimində yanılmadığını
sübut etdi.
İllər ötür, o dəhşətli
dövrdən xeyli uzaqlaşırıq. Amma ruhumuza, nəslimizə
dəyən yaralar yaddaşımızdan pozulmur.
37-ci ilin bir
hədəfi də gələcəyi məhv
etmək olub. Ən işıqlı zəkaları
soyuq Sibirdə dondurmaqla qisas üçün sonuncu hədəf seçirdilər.
Amma əqidəsi, amalı dönməz olanlar bu gün də
nəsillərin yaddaşında
yaşayır və bundan sonra da
yaşayacaqlar.
Bəşir ŞƏRİFLİ,
Azərbaycan. - 2017.- 19 noyabr.- S.7.