25 ilin uğur mücəssəməsi

 

Yubileyini qeyd edən Yeni Azərbaycan Partiyası xalqa xidmət missiyasını şərəflə yerinə yetirir

 

Müasir müstəqil Azərbaycanın milli tərəqqisində və bütün sahələrdə çoxsaylı uğurların əldə edilməsində ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının yaranmasının 25 ili bu gün tamam olur. Xalqın taleyində müstəsna rol oynayan, Azərbaycanı xaosanarxiyadan, vətəndaş müharibəsindən, iqtisadi tənəzzüldən, bir sözlə, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib davamlı sabitlik, tərəqqi və iqtisadi yüksəliş yoluna çıxaran Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü ölkənin hər bir guşəsində təntənəli şəkildə qeyd olunur.

Bu da təbiidir. Çünki ulu öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası 25 illik zaman kəsiyində milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin təminatçısı qismində çıxış etmişdir. Azərbaycanın son 25 ildə keçdiyi mürəkkəb və ziddiyyətli yola nəzər salarkən YAP-ın xalqın və dövlətin taleyində mühüm rol oynayan partiya olduğu bir daha təsdiqini tapır. Ötən illərin reallıqları “Heydər Əliyev partiyası”nın kifayət qədər mürəkkəb və çətin şəraitdə ictimai zərurətdən yarandığını, xalqın mənafeyi naminə qarşıya qoyduğu hədəflərə doğru inamla irəlilədiyini, bir sözlə, xilaskarlıq və quruculuq missiyasının öhdəsindən əzmlə gəldiyini göstərir.

Tarixi təcrübə göstərir ki, dövlət və cəmiyyət həyatında müstəsna rol oynayan, demokratik, hüquqi dövlətin mühüm atributlarından sayılan ümummilli siyasi partiyalar, adətən, milli tələbatdan yaranırlar. Hər bir demokratik ölkədə əhalinin geniş təbəqələrinin ictimai-siyasi həyatda iştirakı da məhz belə partiyalar vasitəsilə reallaşır. Xalq və dövlət maraqlarını özünün praktik fəaliyyətində ifadə etməyən, cılız siyasi məqsədlər ətrafında formalaşan partiyalar cəmiyyətin etimadını qazanmaq, dövlət idarəçiliyində iştirak etmək imkanlarından məhrum olurlar. Başqa sözlə, cəmiyyətin ayrılıqda götürülmüş bir təbəqəsinin, yaxud sosial qrupunun mənafe və maraqlarını qoruyan siyasi təşkilatın xalqı arxasınca apara bilməsi qətiyyən mümkün deyildir.

Bu gerçəkliklər fonunda əminliklə demək olar ki, Azərbaycanda vətəndaş mənafeyinin və dövlətçilik maraqlarının təminatçısı olmaq kimi çətin və məsuliyyətli missiyanın öhdəsindən ötən 25 ildə uğurla gələn Yeni Azərbaycan Partiyasının yaranması obyektiv tarixi qanunauyğunluqlarla şərtlənmiş, ötən əsrin 90-cı illərinin əvvəlindəki ağır, böhranlı durumun doğurduğu obyektiv tələbat olmuşdur.

Bu gün Azərbaycanda ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmin sahənin inkişafı ümummilli liderin adı ilə bağlı olmasın. Məhz Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyası uzun illər ərzində dövlət quruculuğunun bütün istiqamətləri üzrə inkişafın başlıca dayaqlarını yaratmışdır.

Ümummilli liderin strateji inkişaf kursunun yeni mərhələdə Prezident İlham Əliyev tərəfindən qətiyyət və uğurla davam etdirilməsi ölkəmizin milli inkişaf modelini formalaşdırmış, bu modelin yeni qlobal çağırışlara uyğunlaşdırılmaqla tətbiqi bütün sahələrdə əsaslı müsbət dəyişikliklərə, böyük nailiyyətlərə yol açmış, gələcək tərəqqi üçün möhkəm təməl yaratmışdır. Dövlət başçısının uzaqgörən siyasəti, prinsipiallığı və beynəlxalq aləmdə böyük nüfuzu sayəsində Azərbaycan dünyanın siyasiiqtisadi məkanında mövqeyini gündən-günə gücləndirmiş, ən etibarlı tərəfdaşa çevrilmişdir.

Əlbəttə ki, bu uğurların qazanılmasında ulu öndərin yaradıcısı olduğu, tarixi Azərbaycanın müstəqillik tarixi ilə, demək olar ki, üst-üstə düşən Yeni Azərbaycan Partiyasının rolu böyükdür. 1992-ci il noyabrın 21-də obyektiv zərurətdən yaranmış YAP ilk gündən Ümumazərbaycan partiyasına çevrilmiş, xalqa xidmət missiyasını şərəflə yerinə yetirmişdir. Fəaliyyətində müstəqillik, azərbaycançılıq, müasirlik, inkişaf, sosial rifah, iqtisadisiyasi islahatları əsas götürən YAP ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkənin sosial-iqtisadi inkişafında böyük uğurlara imza atmışdır.

Təsadüfi deyildir ki, dahi siyasət korifeyi xalqımız və dövlətimiz qarşısındakı böyük xidmətləri ilə bağlı YAP-ı dünənin, bugünün və gələcəyin partiyası adlandırmışdır.

Həqiqətən YAP bu gün cəmiyyətdə böyük nüfuza malikdir. Partiyanın proqramında irəli sürülmüş əsas vəzifələr - dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dincfiravan həyatının təmin edilməsi xalqımızı tam qane edir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin ideya bazasına çevrilmişdir.

Yaşadığımız tarixi dövrün reallıqları müstəqil dövlət quruculuğu prosesində xalqın iradəsini əsas imperativ kimi qəbul etməyi, intellekt azadlığına, peşəkarlığa, səriştəliyə əsaslanıb əhalinin bütün səylərini birləşdirməklə sosialyönümlü iqtisadiyyata arxalanan demokratik, hüquqi, dünyəvi dövlət qurmağı tələb edir. Odur ki, müstəqil, güclü və qüdrətli dövlətçilik Yeni Azərbaycan Partiyasının birinci əsas prinsipidir. Ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyev ötən illərdə dövlətçiliyin xəyanətkar qəsdlərdən qorunması və Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirilməsi naminə bütün zəruri tədbirləri həyata keçirmişlər. Bu mənada Heydər Əliyev siyasi kursu bütün istiqamətlərdə Azərbaycanın müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə söykənmiş, hüquqi dövlət quruculuğu, ölkənin sosial-iqtisadi inkişafı, milli-mənəvi inkişaf istiqamətində görülən işlər bütünlüklə müstəqillik amilinin praktiki baxımdan bərqərar olmasına yönəlmişdir.

Noyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində Prezident İlham Əliyev YAP-ın fəaliyyətini belə dəyərləndirmişdir: “Bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti, rolu var. Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyükgüclü partiyadır. Bizim beynəlxalq əlaqələrimiz də genişlənir. Beləliklə, məndə partiyamızın gələcək inkişafı ilə bağlı çox nikbin fikirlər var”.

Bu gün öz sıralarında 700 mindən çox insanı birləşdirən YAP-ın fəaliyyəti, ideyaları, apardığı siyasət gənc nəsil üçün də cəlbedicidir. Çünki partiya üzvlərinin 40 faizi gənclərdir. Bu isə onu göstərir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq. Çünki partiyanın təbliğ etdiyi, bəyan etdiyi prinsiplər bu gün xalq tərəfindən tam dəstəklənir. İndi Azərbaycanda görülmüş işlər, ölkəmizin uğurlu inkişafı əyani şəkildə göstərir ki, bugünkü iqtidarın apardığı siyasət yeganə düzgün siyasətdir.

Bu illər ərzində partiya uğurla inkişaf edibbütün seçkilərdə - həm parlament, həm prezident seçkilərində böyük səs çoxluğu ilə qalib gəlib. Bu isə bir daha təsdiq edir ki, bu gün Azərbaycanda YAP-a rəqib ola biləcək hər hansı bir siyasi qüvvə yoxdur.

YAP-ın yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində Prezident İlham Əliyev partiyanın gələcək fəaliyyət istiqamətini də müəyyənləşdirib: “Hazırda cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib. Buna baxmayaraq, biz həmişə qabağa baxmalıyıq və əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Uğurlarımızın səbəblərindən biri də məhz ondan ibarətdir ki, əldə edilmiş uğurlar bizə əlavə stimul verir. Çatışmayan cəhətləri aradan qaldırmaq, sosial ədaləti daha da böyük dərəcədə bərqərar etmək üçün biz bundan sonra da fəal çalışmalıyıq”. Təbii ki, dövlət başçısının yubiley tədbirindəki dərin məzmunlu nitqi partiyanın hər bir rayon və şəhər təşkilatı, sıravi üzvü üçün mükəmməl fəaliyyət proqramı kimi dəyərləndirilməlidir.

Bu gün YAP 25 illik yubileyini güclü, mütəşəkkil, cəmiyyətdə böyük nüfuza malik partiya kimi qeyd edir. Bunu şərtləndirən başlıca amillərdən biri də ötən müddət ərzində partiyanın əldə etdiyi böyük nailiyyətlərdir. Prezident İlham Əliyev praqmatik lider kimi ötən 14 ildə Azərbaycanın regionda güclü və qüdrətli dövlətə çevrilməsini təmin etmişdir. Ölkədə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasətin yeridilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təşkili, dövlətçilik ənənələrinin zənginləşdirilməsi, ölkəmizin dinamik iqtisadi inkişaf magistralına çıxması, onun beynəlxalq nüfuzunun sürətlə artması məhz cənab İlham Əliyevin şəxsi liderlik keyfiyyətləri sayəsində mümkün olmuşdur. Əminliklə söyləyə bilərik ki, Azərbaycan Qərb dövlətlərinin onilliklər boyu adladığı inkişaf mərhələlərini qısa zamanda keçərək iqtisadi sahədə keçid dövrünü inamla başa vurmuşdur. Dövlət başçısının söylədiyi kimi, son 14 il ərzində iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə yoxdur.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2017.-21 noyabr.- S.1; 6.