Zamanın tələbindən yaranan partiya

 

Azərbaycanın aparıcı siyasi qüvvəsi olan, xalqın dəstəyini qazanmış Yeni Azərbaycan Partiyasının yaranmasından 25 il ötür. Cənubi Qafqazın ən böyük siyasi partiyası olan YAP bu müddət ərzində Azərbaycanın inkişafına, dünyada yerinin və rolunun artmasına, eləcə də möhkəmlənməsinə mühüm töhfələr vermişdir. YAP-ın yaranma tarixinə nəzər salsaq görərik ki, həmin dövrdə Azərbaycan ağır duruma düşmüşdü, ölkə siyasi və iqtisadi böhran keçirirdi.

Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqilliyini bərpa edən Azərbaycanda müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başlamışdı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi-siyasi və mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq böhran vəziyyətinə çatdırdılar. Ölkəni bürümüş dərin siyasi-iqtisadi və sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları və tanınmış insanları son dərəcə narahat edirdi. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri Heydər Əliyevin ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, ulu öndər Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lərin müraciəti” kimi daxil olmuş həmin sənəd, əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Bu səbəbdən də Heydər Əliyevin rəhbərliyi altında yeni siyasi partiya yaratmaq istəyi ilə 1992-ci ilin oktyabrında ziyalılar mətbuatda ona müraciət ünvanladılar. 21 noyabr 1992-ci ildə Naxçıvanda partiyanın təsis konfransı 550 nəfər nümayəndənin iştirakı ilə keçirildi və Heydər Əliyev YAP-ın sədri seçildi. Həmin dövr barədə Azərbaycan Prezidenti İlham Əliyev demişdir ki, 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisə idi. Çünki hamımız yaxşı xatırlayırıq ki, müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçmişdir: “Ovaxtkı iqtidar ölkəni uçuruma aparırdı. Səriştəsiz, bacarıqsız, biliksiz insanlar, demək olar ki, Azərbaycanın dövlət müstəqilliyinə böyük zərbə vurmuşdular. Ona görə də Heydər Əliyevin ətrafında birləşən insanlar ilk növbədə çox böyük cəsarət göstərmişdilər. Çünki ovaxtkı iqtidar imkan vermədi ki, partiyanın təsis qurultayı Bakıda keçirilsin. Digər tərəfdən, onlarda olan vətən sevgisi onların bu hərəkətlərini şərtləndirdi”.

Yeni Azərbaycan Partiyasının yaradılmasından az sonra ulu öndər xalqın çağırışı ilə Azərbaycanda hakimiyyətə gəldi. Bu, elə bir vaxta təsadüf edirdi ki, ölkənin müstəqilliyi təhlükə altında idi, iqtisadi böhran hökm sürürdü, əhalinin sabaha olan inamı sarsılmışdı. Bunları həyata keçirmək çətin olsa da, Heydər Əliyev hakimiyyətə gələndən sonra uzaqgörən, müdrik siyasəti ilə çətinlikləri və böhranlı vəziyyəti aradan qaldıra bildi. Sonrakı dövrlərdə dövlət quruculuğu siyasətinin ardıcıl surətdə həyata keçirilməsi və Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun artırılması istiqamətində addımlar atıldı. Uğurların əldə olunması üçün Azərbaycan xalqı birmənalı mövqe ortaya qoymaqla ulu öndərin ətrafında sıx birləşmişdi.

Fəaliyyətini dövlət və milli maraqlar əsasında quran YAP hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu ideyalarını həyata keçirmək və hər bir Azərbaycan vətəndaşının təminatlı rifahı uğrunda mübarizə aparır. Yeni Azərbaycan Partiyasının 2001-ci ilin noyabr ayının 21-də keçirilən II qurultayı təşkilatın həyatında taleyüklü qərarlar qəbul etmişdir. Partiyanın nizamnaməsinə dəyişikliklər edilmiş və yeni təsis olunan sədrin birinci müavini vəzifəsinə yekdilliklə İlham Əliyev seçilmişdir. 2003-cü ilin oktyabr ayının 15-də keçirilən prezident seçkilərində YAP sədrinin birinci müavini, Azərbaycan Respublikasının Baş naziri İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi partiyanın ölkənin ictimai-siyasi həyatında hansı nüfuza sahib olmasını əyani şəkildə təsdiqlədi. 2004-cü ilin dekabr ayının 17-də bələdiyyə, 2005-ci ilin noyabr ayının 6-da Milli Məclisə seçkilərdə YAP yenidən qələbə çalaraq həm yerli özünüidarəetmə orqanlarında, həm də qanunvericilik orqanında daha çox təmsil olunan partiya kimi növbəti uğura imza atdı. Yeni Azərbaycan Partiyasının 2005-ci ilin mart ayının 26-da keçirilən III qurultayında Azərbaycan Respublikasının Prezidenti, YAP sədrinin birinci müavini İlham Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının sədri seçildi.

Ötən 25 il müddətində böyük inkişaf yolu keçən YAP Prezident İlham Əliyevin sədrliyi ilə inkişafının yeni mərhələsini yaşayır. Bu gün Azərbaycanın bütün regionlarında dövlət siyasətinin həyata keçirilməsində ən fəal qüvvə YAP-ın təmsilçiləridir. Ulu öndər Heydər Əliyevin ən böyük tarixi xidmətlərindən biri də xalqına cənab İlham Əliyev kimi sadiq davamçı bəxş etməsidir. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin ölkədə həyata keçirdiyi daxili və xarici siyasət məhz ulu öndər Heydər Əliyev siyasətinin davamıdır. Hazırda dünyanın inkişaf etmiş, demokratik prinsiplərinə sadiq, hüquqi dövlətlər sırasında mühüm yeri olan Azərbaycanın müstəqilliyinin qorunmasında və inkişaf etdirilməsində YAP-ın xidmətləri danılmazdır. Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında addımlamağı əsas hədəf kimi qarşıya qoyub. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə YAP bundan sonra da ölkənin qüdrətinin artması, iqtisadiyyatının yüksəlməsi, insanların rifah halının yaxşılaşması kimi şərəfli bir vəzifəni öz çiyinləri üzərində daşımaq iqtidarındadır. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bir çox sahələrdə uğurlar qazanıb. Azərbaycan Respublikasının uğurlu inkişafı göz önündədir. Azərbaycan güclü dövlətdir, dünyada nüfuzlu ölkə kimi tanınır, regionun lideridir. Bu regionda Azərbaycanın razılığı olmadan hər hansı bir layihəni həyata keçirmək mümkün deyil. Bu yaxınlarda ulu öndərin şah əsərlərindən olan “Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər uzadılması barədə saziş imzalanandan sonra oktyabrın 30-da dünyanın möhtəşəm layihələrindən olan Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirildi. Noyabrın 1-də isə Azərbaycan, Rusiya və İran prezidentlərinin iştirakı ilə dövlətlərarası əlaqələrin inkişafına mühüm töfhə verəcək zirvə görüşü oldu. Azərbaycan indiyədək “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, “Cənub qaz dəhlizi” layihələri ilə dünyanın diqqətini çəkib.Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi”nin işə salınması üçün artıq addımlar atılmaqdadır. Noyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin Tehrana səfəri zamanı İran İslam Respublikasının Prezidenti Həsən Ruhani və Rusiya Prezidenti Vladimir Putinlə keçirilən görüşdə “Şimal-Cənub Nəqliyyat Dəhlizi”nin qısa zamanda istifadəyə verilməsi barədə müzakirələr aparılmışdır. Bu, növbəti ildə layihənin istismara veriləcəyinə əminlik yaradır. Bir çox beynəlxalq təşkilatların böyük tədbirləri Azərbaycanda keçirilir. Bütün bu kimi layihələrin, görüşlərin keçirilməsi Azərbaycanın və onun Prezidenti İlham Əliyevin gücünün və qüdrətinin nəticəsidir. Azərbaycan regionun sabitliyinə və inkişafına töhfələr verməklə yanaşı, daxili inkişafına da xüsusi diqqət göstərir. Bunun nəticəsidir ki, kənd və qəsəbələrimiz, şəhərlərimiz uğurla inkişaf edir. Quruculuq-abadlıq işləri ölkəmizin hər bir guşəsində aparılır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür, yeni iş yerləri açılır, yollar, körpülər, məktəblər, tibb ocaqları tikilib istifadəyə verilir.

Müasir dövrümüzdə Yeni Azərbaycan Partiyası Heydər Əliyev ideyalarına əsaslanır və bu ideyalar əsasında Azərbaycan cəmiyyətinin inkişafının əsas istiqamətlərini müəyyənləşdirir. 25 illik tarixi gedişdə Yeni Azərbaycan Partiyasını daim uğurlar və nailiyyətlər müşayiət edib. Əldə olunan bu uğurlar ümumilikdə ölkənin inkişafında və tərəqqisində özünü təsdiqləyən və əks etdirən uğurlardır. Bu inkişafa və tərəqqiyə Yeni Azərbaycan Partiyasının 700 mindən artıq üzvünün hər biri öz töhfəsini verməkdədir. MDB məkanında ən böyük siyasi təşkilat olan YAP ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edən gəncləri ətrafında birləşdirən mükəmməl qurulmuş siyasi sistemə çevrilib. Gənclərin seçdiyi bu partiyanın ölkəmizin müstəqillik tarixində oynadığı rol, ölkəmizdə hüquqi dövlət quruculuğu sahəsində gördüyü işlər və əldə edilən böyük nəticələr hər kəsi qürurlandırır. YAP gəncliyin inkişafına xüsusi diqqət yetirir və onların bilik və bacarıqlarını ifadə etmək üçün hər cür şərait yaradır. Məhz bu səbəbdəndir ki, Azərbaycan gəncliyi öz siyasi taleyini YAP-la bağlayaraq onun sıralarına qoşulur. İnam və etibar ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin bu gün ölkə Prezidenti, YAP sədri İlham Əliyevin apardığı məqsədyönlü və müdrik siyasət nəticəsində mümkün olub. Ulu öndər Heydər Əliyevin qurucusu olduğu YAP, söz yox ki, bundan sonra da fəaliyyətini xalqa, dövlətə xidmət və milli maraqların keşiyində durmaq üzərində quracaq.

 

Misirxan VƏLİYEV,

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü,

partiyanın İcra Katibliyinin baş məsləhətçisi

 

Azərbaycan.- 2017.-21 noyabr.- S.6.