“İpək yolu qurman karnavalı”nda Azərbaycan pavilyonu böyük marağa səbəb olub

 

Çin Xalq Respublikasının paytaxtı Pekində “İpək yolu qurman karnavalı” adlı qida festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, İpək Yolu Şəhərləri və Beynəlxalq Qastronomiya alyanslarının təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycan da daxil olmaqla 14 ölkə, habelə onlarca yerlixarici şirkət iştirak edib.

Azərbaycanın Çindəki səfirliyinin hazırladığı pavilyonda milli mədəniyyətimizi əks etdirən müxtəlif eksponatlar, o cümlədən ənənəvi geyim nümunələri, müxtəlif suvenirlər, əl işləri, Bakının tariximüasir memarlıq nümunələrinin fotoları, kitab və jurnallar nümayiş etdirilib. Milli mətbəximizin təamlarından olan yarpaq dolması, kükü, paxlava, Azərbaycan istehsalı olan şərab və kompotlar təqdim olunub.

Rəsmi açılış mərasimindən sonra tədbirin fəxri qonağı olan İtaliyanın keçmiş baş naziri Massimo D'Alema Azərbaycan pavilyonuna baş çəkib. Qonağa milli pavilyonda nümayiş etdirilən Azərbaycanın tarixi və mədəniyyətinə dair eksponatlar barədə məlumat verilib. Fəxri qonaq Azərbaycan istehsalı olan şərab və kompotun dadına baxıb və bəyəndiyini bildirib. Qeyd edək ki, gün ərzində minlərcə yerli sakinxarici qonaq, o cümlədən diplomatlar, Çinin qida sənayesi şirkətlərinin təmsilçiləri, Pekin sakinləri festivala qatılıb. Azərbaycan pavilyonu festival iştirakçılarının böyük marağına səbəb olub. Təsadüfi deyil ki, milli mətbəximizin təamlarını dadmaq istəyənlərin növbəsi yaranıb.

Çinin nüfuzlu kütləvi informasiya vasitələri, o cümlədən Sinxua agentliyinin, Çin Mərkəzi Televiziyasının (CCTV), Çin Beynəlxalq Radiosunun müxbirləri festival barədə hazırladıqları reportajlarda Azərbaycan pavilyonunda nümayiş olunan yemək və qidalar barədə məlumatları qeyd ediblər.

Tədbir çərçivəsində keçirilən forumda tarixi İpək yolunun müxtəlif ölkələrin mətbəx mədəniyyətinə təsiri, qida sənayesində innovasiyalar mövzularında məruzələr dinlənilib.

 

Azərbaycan.- 2017.-22 noyabr.- S.8.