Sivilizasiyaları bir
araya gətirən missiya
"İslam həmrəyliyi ili"
həm də
mədəniyyətimizi dünyaya
nümayiş etdirdi
Sivilizasiyaları bir araya gətirməyə
yönələn missiya
o qədər də asan məsələ deyil. Lakin fəxr və qürurla deyə bilərik ki, Azərbaycan son illərdə üzərinə
götürdüyü öhdəlikləri
layiqincə yerinə yetirməyə qadir olduğunu bu il növbəti
dəfə də təsdiqlədi.
2017-ci ilin
“İslam həmrəyliyi
ili” elan olunması çox böyük siyasi uzaqgörənliklə irəli
sürülən ideyadır. Azərbaycan dövlətinin
tarixinə “İslam həmrəyliyi ili” kimi yazılan 2017-ci ildə ölkənin ictimai-siyasi, eləcə də sosial-mədəni həyatında silinməz
izlər buraxan hadisələr oldu. Bir çox beynəlxalq elmi, mədəni, eləcə də idman tədbirləri həyata keçirildi.
Möhtəşəm IV İslam Həmrəyliyi
Oyunları da buna nümunə idi. Əslində, bu oyunlar mədəniyyətimizin təbliği,
uğurlarımızın təsdiqiydi.
Oyunların Təşkilat
Komitəsinin sədri
Mehriban xanım Əliyeva hazırlıqların
yekun mərhələsinə
həsr edilən iclasında demişdir: “Azərbaycanda idmanın, Olimpiya hərəkatının
inkişafına dövlətimizin
verdiyi dəstək bütün dünya tərəfindən çox
yüksək qiymətləndirilir.
Aparılan siyasətin nəticəsi
isə göz qabağındadır. İlk növbədə,
bu, əlbəttə,
Azərbaycan idmançılarının
son illər ərzində
əldə etdikləri
nailiyyətlərdir. Ötən
il Rio Yay
Olimpiya Oyunlarında idmançılarımız 18 medal qazanaraq medalların sayına görə müsəlman ölkələri
sırasında birinci
yeri tutmağa nail olmuşlar. Siz yaxşı xatırlayırsınız
ki, I Avropa Oyunları zamanı bizim yığma komandamız 56 medal qazanaraq
ikinci yeri tutmuşdur. Əlbəttə, belə nəticələrlə
bütün xalqımız
fəxr edir və bu, Azərbaycan
dövlətinin potensialının,
Azərbaycan xalqının
qabiliyyətinin göstəricisidir”.
Prezident İlham Əliyevin təşəbbüsü, himayəsi
və dəstəyi, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən
regional və beynəlxalq
layihələr ölkəmizin
qlobal səviyyədə
nüfuzunu daha da artırıb. Azərbaycanı xalqları, dövlətləri,
sivilizasiyaları bir araya gətirməyə yönəlmiş mühüm
bir missiyanı həyata keçirən multikultural və tolerant dövlətə çevirib.
IV İslam Həmrəyliyi
Oyunlarının keçirilməsi
də bunun növbəti əyani və uğurlu sübutu idi.
Bu ilin may ayının 6-da yekun vurulan “Mədəniyyətlərarası
dialoqun inkişafı:
İnsan təhlükəsizliyi,
sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda təşkil olunan IV Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatı, Avropa
Şurası, ISESCO-nun tərəfdaşlığı
ilə reallaşdı.
Böyük Britaniyanın
Koventri Universitetinin İnam, Sülh və Sosial Əlaqələr Mərkəzinin
icraçı direktoru,
professor Mayk Hardi bu beynəlxalq tədbirin əhəmiyyətindən
danışarkən bildirdi
ki, forumda sülh və inkişafa nail olmaq məqsədilə mədəniyyətlərarası
anlaşma və mədəni müxtəliflik
məsələləri, qloballaşma
dövründə mədəniyyətlərin
qarşılıqlı təsiri
və sintezi, sürətlə dəyişməkdə
olan dünyada sivilizasiyalararası əlaqələrin
əhəmiyyəti və
etnik münaqişələrin
qarşısının alınması,
turizmin inkişafı
və digər məsələlərə toxunuldu.
Həmçinin mədəni müxtəliflik
üçün ictimai
dəstəyin göstərilməsinə
dair maraqlı təkliflər irəli sürüldü.
IV Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən ölkələrin sayı
40-dan 123-dək artıb ki,
bu da həmin
beynəlxalq tədbirin
əhəmiyyətinin göstəricisidir.1500
nəfərdən çox
iştirakçının təxminən 800-nün xaricdən
olması isə forumun qlobal xarakterli mövzulara həsr edildiyini təsdiqləyir. Forum müddətində
200 məruzəçinin çıxışı
dinlənildi, 40 müxtəlif
tədbir, o cümlədən
sessiya, “dəyirmi masa” və s. təşkil edildi. Habelə 47 beynəlxalq təşkilatın
rəhbərləri bir
araya gələrək
müzakirələr apardılar.
Onu da xatırladaq ki, “İslam həmrəyliyi ili”ndə
ilk dəfə olaraq Bakıda qadın voleybolçular arasında
Avropa çempionatının
final mərhələsi də
keçirildi. Bununla yanaşı, bu
ilin təqviminə
“Formula-1” üzrə Azərbaycan
Qran-prisinin də adı yazıldı.
2017-ci ildə son olaraq Azərbaycan 41-ci dünya Skaut konfransına və
13-cü Dünya Skaut
Gənclər Forumuna da evsahibliyi etdi. Avqustun 7-dən
10-dək Qəbələdə keçirilən konfransda dünyada gedən proseslərə, bir çox kataklizmlərə,
müxtəlif ölkələrdə
baş verən fəlakətlərə baxmayaraq,
Azərbaycanın bütün
bunlardan həm iqtisadi, həm də mədəni-mənəvi
müstəvidə ləyaqətlə
keçdiyi və öz varlığını,
möhtəşəm tarixini
bir daha ortaya qoyduğu vurğulandı.
“İslam
həmrəyliyi ili”ndə
paytaxt Bakıda və regionlarda yerləşən tarix-mədəniyyət
qoruqları, müxtəlif
profilli muzeylər və xüsusi hazırlanmış turizm
marşrutları üzrə
ekskursiya xidmətləri
təşkil olundu. Muzey və qalereyalar ölkəmizdə olan turistlərə daha uzun müddətdə xidmət göstərməsi
üçün iş
rejimlərini uzatdılar.
Mövsüm boyu maraq doğuran xidmətlərdən
biri də “Sirli Bakı” idi. Xüsusi texnologiyaya əsaslanan
bu proqram Bakının tarixi irsini sakinlərə və şəhərin qonaqlarına tanıtmaq məqsədi daşıyırdı.
Proqramın tətbiq olunduğu hər bir cihazla tarixi
abidələrin qarşısında
quraşdırılmış informativ stendləri “skan” etməklə ziyarətçilər üç
dildə (Azərbaycan,
rus, ingilis) müfəssəl məlumat
əldə edə bilirdilər. Bunlar isə təbii
ki, ölkəmizin son
illər qazandığı
nailiyyətlərin bir
hissəsi idi.
Müsəlman aləminin ayrılmaz hissəsi olan Azərbaycan İslam ölkələri ilə əlaqələrini dostluq,
qardaşlıq, qarşılıqlı
hörmət əsasında
qurur və bu sahədə böyük uğurlara
nail olur. Əfsuslar olsun ki, bir sıra müsəlman
ölkələrində müharibə
gedir, yeni münaqişələr, təhlükələr
yaranır.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bildirdiyi kimi, bütün müsəlman aləminin bir araya gəlməsi,
dostluq, qardaşlıq,
sülh, əməkdaşlıq
amilləri ətrafında
birləşməsi həm
də böyük bayrama çevrilir. Bunun isə
müsəlman ölkələri
arasında olan əməkdaşlığın möhkəmlənməsinə öz töhfəsini verəcəyi şəksizdir.
Ölkəmizin paytaxtında
və bölgələrində
bir sıra qlobal xarakterli beynəlxalq tədbirlərin
keçirilməsi də
“İslam həmrəyliyi
ili”nin dünya
ictimaiyyətinin yaddaşında
qalacağına inam yaradır.
Bu ilin əvvəlindən bütün
İslam dünyasının
nəbzi, təbii ki, Azərbaycanda döyünürdü. Digər əlaqədar
qurumlarla yanaşı,
respublikamızın mədəniyyət
müəssisələri də
“İslam həmrəyliyi
ili”nə ciddi hazırlaşmışdılar. Bir-birindən maraqlı konsert
proqramları ilə göstərilən mədəni
xidmət əcnəbi
qonaqların yaddaşından
silinməyəcəyinə şübhə yeri qoymadı. Proqramların məzmunu daha
çox İslam dünyasının və
Azərbaycan xalqının
ənənəvi mədəniyyətinin
təqdim edilməsindən
ibarət idi.
Heydər Əliyev
Sarayında mayın
13-dən etibarən həm
dövlət rəqs ansamblının çıxışları,
həm də xalq artisti Alim
Qasımovun əməkdar
artist Fərqanə Qasımova
ilə birgə təşkil edilən konsertləri, qardaş Türkiyənin tanınmış
rəqs ansamblı - “Anadolu atəşi”nin rəngarəng çıxışları,
Azərbaycan Dövlət
Musiqili Teatrında Üzeyir bəy Hacıbəylinin əsərlərinin
oynanılması, eyni
zamanda, Azərbaycan mədəniyyətinin və
incəsənətinin yalnız
İslam aləminə
deyil, dünyaya nümayişi və sözün əsl mənasında, təbliği
idi. Təbii ki, bu sıraya
Beynəlxalq Muğam Mərkəzində təşkil
edilən “Muğam axşamı”, Natiq Şirinovun “Natiq ritm qrupu”nun, caz ifaçılarının
xüsusi konsertləri
də əlavə olunmalıdır. May ayının
20-dən etibarən Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrında, həmçinin Opera və
Balet Teatrında Üzeyir bəy Hacıbəylinin “Leyli və Məcnun” və “Arşın mal alan” əsərləri
əsasında hazırlanan
tamaşalar da məhz “İslam həmrəyliyi ili”nin şərəfinə təşkil
edilmişdi.
Tədbirlərin keçirildiyi günlərdə və ondan sonra istər paytaxt - Şərqlə Qərb sivilizasiyalarının qovuşduğu Bakıda, istərsə də respublikanın müxtəlif bölgələrində təşkil edilən mədəni-kütləvi tədbirlərə qatılan əcnəbi qonaqlar Azərbaycan musiqisini doğma bilərək onları dinləməkdən xüsusi zövq aldılar. Qəbələ və Şəkidə keçirilən beynəlxalq musiqi və teatr festivalları çərçivəsində təşkil edilən milli incəsənət əsərlərimizin təqdimi onlarda xüsusi təəssürat yaratdı ki, bunu da müsahibə və söhbətlərində gizlətmədilər. Azərbaycan muğamının ecazkarlığının canlı şahidinə çevrilən turistlər bir daha xalqımızın zəngin mədəniyyətə malik olduğunu dərk etdilər. Həmin tədbirlərdə yalnız milli musiqimiz deyil, eyni zamanda, ulu tarixə malik incəsənətimizin ayrı-ayrı qolları nümayiş etdirildi. Qonaqlarımız min illiyin yaşıdı olan xalçalarımızla yaxından tanış oldular.
Bu il oktyabrın 20-də İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında keçirilən IX Zirvə görüşündə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı diqqəti xüsusi olaraq bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb edərək vurğuladı ki, Ermənistan 25 ildən artıqdır Azərbaycanın tarixi torpaqlarını işğal edib: “Təəssüf ki, özünü müsəlman ölkələrinin dostu kimi qələmə verməyə çalışan Ermənistan Dağlıq Qarabağ və ətraf bölgələrdə məscidləri və dini abidələri dağıdıb. Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz”.
“İslam həmrəyıliyi ili”ndə bir sıra beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi, həm də mədəniyyətimizin təbliği deməkdir. Ona görə də mədəniyyət və incəsənət xadimləri də tədbirlərin yüksək səviyyədə, yaddaqalan keçirilməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdilər.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.-
2017.- 23 noyabr.- S.1; 4.