O, Azərbaycan neft sənayesinin ən
səriştəli mütəxəssislərindən idi
Natiq
Əliyev - 70
Yaşasaydı, bu gün 70 yaşı tamam olacaqdı. Təəssüf ki, ölkəmizdən beynəlxalq aləmə ünvanlanan, respublikamızın təşəbbüsü ilə regionu, bütün Avropanı əhatə edən qlobal enerji layihələrinin geniş vüsət aldığı bir vaxtda dünyasını dəyişdi. Bu il iyunun 9-da həyatdan getmiş Natiq Əliyev həmin layihələrin, müstəqil Azərbaycanın neft-qaz strategiyasının uğurla həyata keçirilməsinin fəal iştirakçılarından biri idi. Ümummilli lider Heydər Əliyevin böyük müdrikliklə işləyib hazırladığı, Prezident İlham Əliyevin qətiyyətlə gerçəkləşdirdiyi neft və qaz strategiyasının təntənəsi üçün ona etibar edilmiş sahələrdə var qüvvə ilə çalışır, bu zaman Azərbaycanın milli maraqlarının təmin olunmasını özünün başlıca vəzifəsi sayırdı.
Natiq Əliyevi təkcə Azərbaycanda deyil, Türkiyədən, Rusiyadan ABŞ-a, Böyük Britaniyaya qədər dünyanın bir çox ölkələrində də yaxşı tanıyırdılar. Onun adı Azərbaycan nefti, “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, məşhur “Şahdəniz” layihəsi ilə qırılmaz surətdə bağlıdır. O, bilikli neft mütəxəssisi idi, neft işinin bacarıqlı təşkilatçısı, Azərbaycanın neft-qaz strategiyasının əsas simalarından biri kimi tanınmışdı.
Respublikamızın ictimaiyyəti, dünyanın neft-qaz mərkəzləri Natiq müəllimi Dövlət Neft Şirkətinin prezidenti olandan sonra tanımışdılar. Mən isə onu Azərbaycan Neft və Kimya İnstitutunu bitirdiyi vaxtdan tanıyırdım. Natiq müəllimin həyat və fəaliyyətinin təxminən yarım əsrlik bir dövrü mənim gözlərimin qabağında keçmişdi.
Natiq Əliyev 1947-ci il noyabr ayının 23-də Bakıda anadan olmuşdu. Orta məktəbi bitirdikdən sonra 1965-1970-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində) dağ mühəndisi-geoloq ixtisası üzrə ali təhsil almışdı.
Onunla ilk görüşümü bu gün də yaxşı xatırlayıram. 1970-ci il idi. O vaxt “Xəzərdənizneftqazsənaye” Ümumittifaq İstehsalat Birliyi baş direktorunun müavini-baş geoloq vəzifəsində çalışırdım. Bu birlik elə həmin il yaradılmışdı. SSRİ Neft Sənayesi Nazirliyi İranla sərhəddən başlayaraq, Xəzər dənizinin bütün sektorlarında geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar işlərinin və digər işlərin görülməsini bizə - Azərbaycan neftçilərinə həvalə etmişdi. Qarşımızda dənizin özü boyda geniş bir fəaliyyət meydanı açılmışdı. Buna görə də bizim neftçi peşəsini qəlbən sevən bilikli və cəsarətli gənc mütəxəssislərə ehtiyacımız var idi.
Günlərin birində mənə dedilər ki, Neft və Kimya İnstitutunun istedadlı məzunlarından biri əmək fəaliyyətinə bizim birlikdə başlamaq istəyir. İxtisasını soruşdum, cavab verdilər ki, mühəndis-geoloqdur. Dedim, çağırın, gəlsin, tanış olaq, görək biliyi, bacarığı necədir. Gəldi, söhbət etdik. Gördüm ki, kifayət qədər bilikli, savadlı və diribaş oğlandır. Xeyir-dua verib onu “Azərdənizneftkəşfiyyat” trestinin Kompleks Dəniz Geoloji-Kəşfiyyat Kontoruna göndərdim. O vaxt heç ağlıma da gəlməzdi ki, illər ötəcək və həmin bu gənc mühəndis-geoloq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti, daha sonra ölkənin energetika naziri olacaq, görkəmli dövlət xadimi kimi tanınacaq.
Natiq Əliyev Kompleks Dəniz Geoloji-Kəşfiyyat Kontorunda çox yaxşı işləyirdi, amma bir müddətdən sonra elmlə məşğul olmaq istədiyini bildirdi. Azərbaycan Elmlər Akademiyası Geologiya İnstitutunun aspiranturasında təhsil almağa başladı. 1974-cü ildə dissertasiya müdafiə edib, geologiya-mineralogiya elmləri namizədi, daha sonra böyük elmi işçi oldu. 1979-cu ildə isə yenidən bizim birliyə qayıtdı və Kompleks Geoloji-Kəşfiyyat Kontorunun geologiya şöbəsinin rəisi təyin edildi.
O vaxt biz SSRİ Neftçıxarma Sənayesi Nazirliyinin nəzdində fəaliyyət göstərirdik və buna görə də hər il Xəzər dənizində apardığımız geoloji-kəşfiyyat işlərinin nəticələri barəsində Moskvada hesabat verir, gələcək işlərimizi razılaşdırırdıq. Moskvaya ezamiyyətə gedərkən mən rəhbərlik etdiyim mütəxəssislər qrupuna Natiq Əliyevi də daxil etdirdim. Rus dilini yaxşı bildiyi üçün İttifaq nazirliyində mənə çox kömək edirdi. Lakin birgə işimiz çox da uzun sürmədi. 1984-cü ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsindən zəng edib dedilər ki, MK-nın Neft və kimya şöbəsinə təlimatçı lazımdır. Savadlı, təcrübəli, təşəbbüskar bir adam axtarırıq. Kimi məsləhət görə bilərsiniz?
Baxmayaraq ki, Natiq Əliyev birliyimizin özünə də lazım idi, mən bu yüksək hazırlıqlı gənc mütəxəssisin gələcək inkişafını nəzərə aldım. Çox fikirləşmədən elə o saat Natiq Əliyevin adını çəkdim və əlavə etdim ki, onu dəvət etsəniz, peşman olmazsınız.
10-15 gündən sonra Natiq Əliyev Mərkəzi Komitənin Neft və kimya şöbəsində çalışmağa başladı, daha sonra sosial-iqtisadi inkişaf şöbəsinin bölmə müdiri oldu. Mərkəzi Komitədə işlədiyi illərdə də Natiq Əliyev neftçi həmkarları ilə yaxından əlaqə saxlayır, işlərimizlə maraqlanır, müəyyən çətinliyimiz olanda köməyini əsirgəmirdi.
Sonra Sovet İttifaqı dağıldı. Azərbaycan
müstəqillik əldə etdi. Lakin respublikada vəziyyət yaxşı deyildi. Çox gərgin
və mürəkkəb
bir dövr idi. Ölkədə
qeyri-sabitlik hökm sürürdü, maliyyə
və texniki təchizat məsələlərinin
nə vaxt həll ediləcəyini heç kim
bilmirdi. İqtisadiyyatın digər sahələri
kimi, neft və qaz sənayesi
də ağır böhran keçirirdi.
Buna görə də hələ 1979-cu,
1985-ci və 1987-ci illərdə
kəşf olunmuş
“Günəşli” yatağının
dərinsulu hissəsində,
“Çıraq”, “Azəri”
yataqlarında işləmək
mümkün deyildi.
Yalnız “Günəşli” yatağının suyun dərinliyi 200 metrə qədər olan hissəsinin işlənilməsi
mümkün idi.
İkinci dəfə hakimiyyətə
gələn ümummilli
lider Heydər Əliyev respublikanın neft sənayesinin bərpası və inkişafı ilə yaxından məşğul
olmağa başladı. 1993-cü il avqustun 9-da Natiq Əliyevə böyük etimad göstərərək onu
Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin prezidenti təyin etdi.
O vaxt “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının
dərinsulu hissəsinin
ehtiyatlarının mənimsənilməsi
üçün iki variantdan birini seçmək lazım idi: ya ölkəmizin
maliyyə-iqtisadi vəziyyətinin
düzəlməsi üçün
30-40 il gözləməli,
ya da Azərbaycana
xarici neft şirkətlərini dəvət
etməli idik.
Lakin bir sıra qüvvələr
xarici neft şirkətlərinin ölkəmizə
sərmayə qoymasına
qarşı çıxırdı. Bu həm respublikanın özündə, həm də xaricdə fəaliyyət göstərən
qüvvələr idi.
Belə bir vəziyyətdə ulu öndər neftçi mütəxəssisləri
ətrafına toplayıb,
onlarla məsləhətləşdi.
Prezidentin və neftçilərin
fikirləri üst-üstə
düşdü və
xarici neft şirkətlərini ölkəmizə
dəvət etmək qərara alındı.
Beləliklə də
Azərbaycanın ulu öndər Heydər Əliyev tərəfindən
işlənib hazırlanmış
yeni neft strategiyasına start verildi.
Bu dövrdə
Azərbaycan neftinin taleyi ilə bağlı işlərin
ağırlığı SOCAR-ın prezidenti kimi Natiq Əliyevin
üzərinə düşdü.
Azərbaycan Prezidentinin sərəncamı
ilə “Azəri-Çıraq-Günəşli”
yataqlarının işlənilməsi
üzrə tender elan olundu. 1994-cü ilin martında Bakıda xarici şirkətlərlə
danışıqlara başlandı.
Sonra danışıqlar Türkiyənin
İstanbul şəhərində
davam etdirildi. Danışıqların həlledici mərhələsi
isə ABŞ-ın Hyüston şəhərində
oldu.
Danışıqlar çox gərgin keçirdi. Bəzən iş o həddə gəlib çatırdı
ki, ya tərəfdaşlarımız,
ya da biz acıq edib, danışıqlar zalını
tərk edirdik. Lakin nəticə uğurlu oldu. Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin prezidenti Natiq Əliyevin rəhbərlik
etdiyi mütəxəssislər
qrupu üzvlərinin
- o vaxt SOCAR-ın xarici əlaqələr üzrə vitse-prezidenti vəzifəsində çalışan
cənab İlham Əliyevin, şirkətin
xarici sərmayələr
idarəsinin rəisi Valeh Ələsgərovun,
SOCAR-ın digər əməkdaşlarının və
mənim iştirakımla
bir ay yarım davam edən danışıqlarda Azərbaycan
tərəfi öz milli maraqlarının təmin edilməsinə
nail oldu. Nəhayət,
1994-cü il sentyabrın
20-də AÇG yataqlarının birgə işlənilməsi
və Hasilatın Pay Bölgüsü haqqında
sonralar dünyanın
müasir neft tarixinə “ Əsrin müqaviləsi “ kimi düşmüş məşhur
saziş imzalandı.Bu
sazişlə də Azərbaycan özünün
yeni inkişaf dövrünə qədəm
qoydu.
Natiq Əliyev 1994-cü ildən
“Azəri-Çıraq-Günəşli”
yataqlarının işlənməsi
layihəsi Rəhbər
Komitəsinin sədri,
2002-ci ildən Bakı-Tbilisi-Ceyhan Şirkəti Direktorlar Şurasının
sədri oldu. “Əsrin müqaviləsi”ndən
sonra imzalanmış
34 müqavilənin hər
birində onun böyük əməyi
var. Bu müqavilələrin 24-ü onun Dövlət Neft Şirkətinə rəhbərlik etdiyi dövrdə imzalanıb.
Natiq Əliyev digər müqavilələrin hazırlanması
prosesində də yaxından iştirak edir, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
böyük enerji siyasətinin, o cümlədən
məşhur neft və qaz layihələrinin
müvəffəqiyyəti üçün əsl peşəkarlıq göstərirdi.
Natiq Əliyev həm də istedadlı tədqiqatçı-alim, elmlər
doktoru idi. O, Xəzər
dənizində neft-qaz
yataqlarının axtarışı
və kəşfiyyatına,
enerji sektorunun ayrı-ayrı məsələlərinin
öyrənilməsinə dair
100-dən çox elmi
əsərin müəllifi
kimi tanınmışdı.
2005-ci ildə
Prezident İlham Əliyevin sərəncamı
ilə Natiq Əliyev nazir vəzifəsinə təyin
olundu. Nazirliyə rəhbərlik etdiyi
illərdə Azərbaycanın
neft və qaz strategiyası çərçivəsində çox işlər gördü. “Şahdəniz” layihəsi
onun bilavasitə iştirakı ilə həyata vəsiqə almış möhtəşəm
layihələrdən biridir.
Enerji təhlükəsizliyi üzrə
qlobal layihə kimi tanınan “Cənub qaz dəhlizi” üzrə əməkdaşlığın qurulmasında və layihənin həyata keçirilməsi işində
də onun xidmətləri heç vaxt unudulmayacaq.
Beynəlxalq enerji siyasəti sahəsində
nüfuzlu mütəxəssislərdən
olan Natiq Əliyev bu vəzifədə də Azərbaycanın sosial-iqtisadi
yüksəlişi və
enerji təhlükəsizliyinin
təmin olunması, enerji resurslarından istifadənin səmərəliliyinin
artırılması işlərinin
əlaqələndirilməsi, neft sənayesinin və energetikanın inkişafı üçün
bütün bilik və təcrübəsini
səfərbər etmişdi.
Natiq Əliyevin ölkəmiz və xalqımız qarşısında xidmətləri
yüksək qiymətləndirilmişdir. O, müstəqil
Azərbaycan Respublikasının
“Şöhrət” ordeninə,
“Əməkdar mühəndis”
fəxri adına,
bir sıra xarici ölkələrin mötəbər mükafatlarına
layiq görülmüşdür,
doğma xalqının
nəzərində bir
vətənpərvər mütəxəssis
və rəhbər işçi kimi ucalmışdır. O, daim
sadə, səmimi və mehriban bir insan kimi
xatirələrdə qalacaq.
Sadəlik onun həyat
tərzi idi. Natiq Əliyevi tanıyanların
qəlbində o həmişə
bu cür də yaşayacaq.
Xoşbəxt YUSİFZADƏ,
Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik