Akademik Vasim Məmmədəliyev İslam dəyərlərinin düzgün yozulmasında böyük xidmətlər göstərib
22 Noyabr 2017
Akademik Vasim Məmmədəliyev müsəlman Şərqinin müdrikliyini özündə birləşdirərək İslam dininin, İslam dəyərlərinin təbliğində, geniş yayılmasında və düzgün yozulmasında böyük xidmətlər göstərib.
AZƏRTAC xəbər verir ki, bu fikir noyabrın 22-də Bakı Dövlət Universitetində (BDU) dünya şöhrətli alim, akademik Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunan elmi-praktik konfransda səsləndirilib.
Tədbirdə universitetin rektoru, akademik Abel Məhərrəmov görkəmli şərqşünas alimin bütün həyatını xalqımızın mənəviyyatının zənginləşməsinə həsr etdiyini deyib. Bildirilib ki, V.Məmmədəliyev halal zəhməti, intellekti, zəkası, dərin düşüncəsi ilə elmin yüksək pilləsinə ucalmış görkəmli elm xadimidir. Böyük alim nəinki Azərbaycanda, onun hüdudlarından çox-çox kənarda da millətimizə həmişə başucalığı gətirir. O, İraq Elmlər Akademiyasının, Suriya İslam Elmləri və Ərəb Filologiyası Akademiyasının, İslam Konfransı Təşkilatının İslam Hüququ Akademiyasının həqiqi üzvü kimi şərəfli adlar daşıyır. Alimin indiyədək yüzlərlə elmi əsəri, o cümlədən bütün dünya şərqşünaslarının istifadə etdikləri 30 kitabı nəşr olunub. Ərəb dilçiliyi və ədəbiyyatşünaslığının müxtəlif problemlərinə həsr edilən, İslam, şəriət, fiqh, musiqi və ədəbiyyata dair məqalələri V.Məmmədəliyevin yüksək elmi potensialının, hərtərəfli intellektinin bəhrəsidir.
Rektor, həmçinin bildirib ki, sovet hakimiyyəti dövründə keçmiş SSRİ-nin bütün respublikalarında olduğu kimi, Azərbaycanda da ateizm siyasəti nəticəsində dini dəyərlərimizə böyük zərbə vurulanda, bir sıra adət-ənənələrimiz yasaq ediləndə xalqımız V.Məmmədəliyev kimi böyük alimlərdən nümunə götürərək Allah eşqini, Allah sevgisini müqəddəs əmanət kimi qoruyub saxlayıb, onu nəsildən-nəslə ötürüb. V.Məmmədəliyevi universitetin sütunlarından hesab edən rektor onun BDU-dan elmin zirvələrinə ucaldığını, elm və xalq qarşısındakı böyük xidmətlərinə görə “Əməkdar Elm Xadimi” fəxri adına və Prezident təqaüdünə, “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görüldüyünü, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü seçildiyini xatırladıb. Çıxışının sonunda rektor BDU-da V.Məmmədəliyev kimi dünya şöhrətli alimin, ziyalının çalışmasından qürur hissi keçirdiyini deyib.
“Mənalı alim ömrü” mövzusunda məruzə ilə çıxış edən, BDU-nun şərqşünaslıq fakültəsinin dekanı, professor Elxan Əzizov akademikin həyat və fəaliyyətindən, yaradıcılığından bəhs edib, İslam dininə verdiyi töhfələrdən danışıb.
Sonra AMEA-nın prezidenti, akademik Akif Əlizadə görkəmli alimin Azərbaycan şərqşünaslıq elminin inkişafında, bu sahədə elmi kadrların hazırlanmasında müstəsna xidmətlərindən danışıb. O, V.Məmmədəliyevin universal dünyagörüşü və çoxcəhətli elmi-pedaqoji fəaliyyəti ilə digər alimlərdən fərqləndiyini söyləyib. Akademik V.Məmmədəliyevin ərəb dilçiliyi ilə bağlı əsərlərinin keçmiş sovetlər məkanında elmi hadisə səviyyəsində qəbul olunduğu, onun hələ 32 yaşında müdafiə etdiyi “Müasir ərəb ədəbi dilinin felin zaman, şəxs və şəkil kateqoriyaları” mövzusunda doktorluq dissertasiyasının ərəb dilçilik aləmində birinci sistemli tədqiqat kimi dəyərləndirildiyi vurğulanıb. Diqqətə çatdırıb ki, alimin elmi axtarışlarından ərəb dilçiliyi və ümumi dilçilik sahələrində, islamşünaslıqda, ərəb-Azərbaycan ədəbi-mədəni əlaqələrində geniş istifadə olunur. 1991-ci ildə müsəlmanların müqəddəs kitabı “Qurani-Kərim”in mərhum akademik Ziya Bünyadov və akademik Vasim Məmmədəliyev tərəfindən Azərbaycan dilinə tərcümə edilməsi ölkəmizin və bütövlükdə İslam dünyasının elmi-mədəni həyatında mühüm hadisə idi.
Təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə, Milli Məclisin mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov, Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov, Sumqayıt Dövlət Universitetinin rektoru, professor Elxan Hüseynov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Xalq Şairi Nəriman Həsənzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, akademik Teymur Bünyadov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru Qəzənfər Paşayev və başqaları yubilyarı təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıblar.
Daha sonra A.Məhərrəmov M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, akademik Nərgiz Paşayevanın yubilyara ünvanlanmış təbrik məktubunu oxuyub.
Sonda akademik V.Məmmədəliyev tədbirin təşkilatçılarına
və iştirakçılarına təşəkkürünü
bildirib.
Azərbaycan.-
2017.- 23 noyabr.- S.6.