Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XIII Yüksəksəviyyəli
Afina Toplantısı başa
çatıb
VI Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Yunanıstanın paytaxtı Afinada keçirilən “Avro-Aralıq dənizi Tərəfdaşlığının humanitar problemlərinin həlli” mövzusunda XIII Yüksəksəviyyəli Toplantı noyabrın 23-də işini yekunlaşdırıb.
AZƏRTAC xəbər verir ki, panel iclaslarda Avro-Aralıq dənizi Tərəfdaşlığı çərçivəsində XXI əsrdə sülh üçün humanist cəmiyyətlər, multikulturalizm və mədəniyyətlərarası dialoqa nail olmaq məqsədilə Ortaq Fəaliyyət Planı müzakirə olunub. İclaslarda Avro-Aralıq dənizi Tərəfdaşlığının tarixi haqqında məlumat verilib, tərəflərin müxtəlif sahələrdə əməkdaşlığından bəhs olunub, mədəniyyətlərarası dialoqun vacibliyi vurğulanıb. Kimlik məsələsinin əsas problemlərdən olduğunu vurğulayan natiqlər “Avropada yaşamaq yox, onun mədəniyyətini, tolerantlığını qəbul etməklə avropalı olmaq mümkündür”, - deyə bildiriblər.
Miqrasiya axınına gəlincə, qeyd olunub ki, Avro-Aralıq dənizi Tərəfdaşlığına daxil olan ərazilər Şərq və Qərb arasında strateji mövqedə olduğundan miqrasiya axınları ilə bağlı problemlər bu ərazilərdə daha çox baş verir. İclaslarda problemin həlli yolları ilə bağlı təkliflər və ideyalar səsləndirilib. Böhranın aradan qaldırılması üçün Avropanın konkret mexanizm qəbul etməsinin vacibliyi vurğulanıb, dövlətlərin, təşkilatların və insanların verə biləcəyi töhfələr diqqətə çatdırılıb.
Müzakirələrdə Aralıq dənizi ölkələrinin hələ də bir çox problemlərin qarşısında aciz qaldığı, narkotik klanları ilə mübarizənin davam etdiyi bildirilib. Miqrant axınları ilə bağlı problemlərin yaranma səbəbi kimi bəzi Avropa ölkələrində hələ də qaçqınlara qarşı stereotiplərin qalması göstərilib.
Tədbirdə dünyada yeni yaradılan enerji layihələrinin əhəmiyyəti, Azərbaycanın bu sahədə verdiyi böyük töhfələr barədə də danışılıb.
Qeyd edək
ki, toplantı Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin Marianna V.Vardinoyannis Fondu ilə əməkdaşlığı
çərçivəsində keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər
üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə
Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Avropa
İttifaqı və Aralıq dənizi hövzəsi ölkələrinin
nüfuzlu dövlət və siyasi xadimləri, Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin İdarə Heyətinin
üzvləri və digər qonaqlar iştirak ediblər.
Azərbaycan.-
2017.- 24 noyabr.- S.3.