Azərbaycanın mərhum energetika
naziri Natiq Əliyevin
xatirəsi anılıb
Noyabrın 23-də SOCAR-da Azərbaycanın mərhum energetika naziri Natiq Əliyevin
xatirəsi anılıb.
AZƏRTAC xəbər
verir ki, əvvəlcə SOCAR-ın,
Energetika Nazirliyinin və müxtəlif dövlət qurumlarının
rəhbərliyi II Fəxri
xiyabana gələrək
ictimai-siyasi xadim, mərhum energetika naziri, “Şöhrət” ordenli, Əməkdar Mühəndis Natiq Əliyevin məzarı önünə əklil və güllər qoyaraq onun xatirəsini
dərin ehtiramla yad ediblər.
Anım tədbirində çıxış
edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, bu gün
mərhum energetika naziri Natiq Əliyevin
70 illik yubileyidir. R.Abdullayev Natiq
Əliyevin Azərbaycanın
neft-qaz strategiyasının
uğurla həyata keçirilməsinin fəal
iştirakçılarından biri olduğunu deyib.
O qeyd edib ki, Natiq
Əliyevin adı “Əsrin müqaviləsi”,
Bakı-Tbilisi-Ceyhan ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, “Şahdəniz”
layihəsi ilə qırılmaz surətdə
bağlıdır: “O, bilikli
neft mütəxəssisi
idi, neft işinin bacarıqlı təşkilatçısı, Azərbaycanın neft-qaz strategiyasının əsas
simalarından biri kimi tanınmışdı”.
R.Abdullayev Natiq Əliyevin Dövlət Neft Şirkətinin ilk prezidenti
kimi hər zaman yad ediləcəyini
və xatirəsinin daim əziz tutulacağını bildirib. Deyib ki,
bacarıqlı təşkilatçı
və təvazökar
insan Natiq Əliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə
yaşayacaq.
SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə isə deyib: “Ulu öndər
Heydər Əliyev
1993-cü il avqustun 9-da Natiq Əliyevə böyük
etimad göstərərək
onu Dövlət Neft Şirkətinin prezidenti təyin edib. Bu dövrdə
Azərbaycan neftinin taleyi ilə bağlı işlərin
ağırlığı Dövlət
Neft Şirkətinin prezidenti kimi Natiq Əliyevin üzərinə düşmüşdü.
Natiq Əliyevin Dövlət Neft Şirkətinə rəhbərlik etdiyi dövrdə 24 mühüm
müqavilə imzalanıb”.
Akademik qeyd edib ki, Natiq
Əliyevi təkcə
Azərbaycanda deyil, Türkiyədə, Rusiyada,
ABŞ-da, Böyük
Britaniyada, dünyanın
bir çox ölkələrində də
yaxşı tanıyırdılar.
“O, daim sadə, səmimi və mehriban bir insan kimi
xatirələrdə qalacaq.
Sadəlik onun həyat
tərzi idi. Natiq Əliyevi tanıyanların
qəlbində o həmişə
bu cür də yaşayacaq”, - deyə X.Yusifzadə əlavə edib.
Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov da Natiq Əliyevlə
bağlı xatirələrini
bölüşüb. O, Natiq Əliyevin həmişə
Azərbaycanın maraqları
uğrunda çalışdığını
deyib. Qeyd edib ki, Natiq Əliyev hər kəsin qəlbində xalqına, dövlətinə şərəflə
xidmət etmiş şəxs kimi qalacaq.
Sonra tədbir iştirakçıları
“CBC” kanalının hazırladığı
və mərhum energetika naziri Natiq Əliyevə həsr edilən sənədli filmi izləyiblər.
Xatırladaq ki, Natiq Əliyev bu il iyunun 9-da, ömrünün
70-ci ilində həyatdan
köçüb.
Azərbaycan.-
2017.-24 noyabr.- S.4.