Əfsanəvi partizanın övladı

 

Milli qəhrəmanlarımız

 

Mikayıl Əhmədiyyə oğlu Cəbrayılov - Şəkidə doğulub, orta məktəbi bitirəndən sonra sıravi polis işçisi kimi işə başlayıb. Təhsilini davam etdirmək üçün Bakıdakı Polis Akademiyasına daxil olub, leytenant rütbəsi alıb. Yenidən Şəkiyə qayıdıb, sahə müvəkkili kimi işə başlayıb. Bütün bunlar 1990-cı ilə qədər olanlardır. Sonra hər şey dəyişib. Erməni quldurlarının azğın hərəkətləri Azərbaycana qarşı torpaq iddiaları Mikayılı də hiddətləndirib. Dörd nəfər polis işçisi ilə birlikdə Qarabağa ezam olunub. Cəbhəyə yola düşəndə atası Əhmədiyyə kişidən xeyir-dua alıb. Böyük Vətən müharibəsi illərində Əhmədiyyə kişinin də xidmətləri az olmayıb. Əfsanəvi partizan kimi tanınan cəsur azərbaycanlı övladı müxtəlif şəhərlərin düşmənlərdən azad olunmasında axıradək inadkarlıqla döyüşüb. Fransa xalqı onu bu gün də xatırlayır. Əfsanəvi partizanın adını əbədiləşdirmək üçün ona Fransanın Milli Qəhrəmanı adı verilib. Belə bir atanın övladı ailə ənənələrini şərəflə doğrultmaq üçün ən çətin döyüşlərin iştirakçısı olub. Cəmillinin, Kosaların müdafiəsi uğrunda gedən döyüşlərdə cəsarətlə vuruşub.

Ağır döyüşlərin biri Kosalar kəndində baş vermişdi. Bu kənddə düşmən mühasirəsində qalan adamları və ehtiyat taxılı təhlükəsiz yerə çatdırmaq nə qədər çətin olsa da, Mikayıl bu işin öhdəsindən bacarıqla gəlib. Əhalinin ərzaqla təminatına xeyli kömək edib.

1990-cı il dekabrın 15-də əsir düşən döyüş dostlarını xilas etmək üçün axıradək mübarizə aparan Mikayıl düşmənə sarsıdıcı zərbələr endirir. Onun davamlı hücumlarına dözüm gətirə bilmirlər. Son anda Mikayıl yenə məqsədinə nail olur, çətin vəziyyətə düşən dostlarını xilas edir. Onun döyüş yolunda belə fraqmentlər çoxdur. Mikayıl hər bir tapşırığı yerinə yetirəndə bir qədər mənəvi yüngüllük keçirirdi, amma qətiyyən yorulmaq bilmirdi. Ona görə ki, düşmən hər fürsətdən istifadə edirdi. Qüvvələr nisbəti nə qədər fərqli olsa da, bütün bunlar cəsur döyüşçünü qorxutmurdu. Deyirdi ki, biz düşmənə kimliyimizi sübut etməliyik. Sübut etməliyik ki, əzəli torpaqlarımıza göz dikənlərin niyyəti heç vaxt baş tutmayacaq.

Onu tanıyanlar, əhatəsində olan adamlar deyirlər ki, Mikayıl qorxuolduğunu bilməzdi. Düşmənə gözlənilməz mövqelərdən zərbə vurardı, cəsarəti ilə seçilərdi. Amma heç vaxt böyük uğurları ilə öyünməzdi. Qarşıda onu gözləyən döyüşlərin nəticəsi barədə düşünürdü. Bütün bunlar onun cəbhə gündəliyində ardıcıllıqla yazılıb. Qeydlərinin birində oxuyuruq: “Qorxu olan yerdə insanın qabiliyyəti üzə çıxmır, hər şeyi zərrə-zərrə məhv olur. Qorxu hissi insanın şərəf və heysiyyətini, mənlik və mərdlik kimi nəcib hisslərini təhlükədə saxlayır”. Bütün bunları son həddə qədər dərk edən Mikayıl döyüşlərdə də əqidəsindən dönmür. Bütün məqamlarda düşməni vahimədə saxlaya bilir, çevik hərəkətləri ilə əməliyyatlarda sona qədər iştirak edirdi.

Mikayılın öz gücünə, qabiliyyətinə daxili inamı böyük idi. Əgər nəyi isə qarşısına məqsəd qoyurdusa, hədəfə çatana qədər yorulmaq bilmirdi. Bunu komandirləri də dönə-dönə qeyd edirdilər. Ona görə də cəsur döyüşçünü ən çətin əməliyyatlara göndərirdilər. Bilirdilər ki, etimadı layiqincə doğruldacaq.

Mikayıl öz cəbhə gündəliyində atası Əhmədiyyə kişinin öyüdlərinə, nəsihətlərinə də yer ayırıb. Yazırdı ki, atam mənə çox şey öyrədib - halal yaşamağı, dostluqda bütövlüyü, əyilməzliyi, ən başlıcası, el-oba sevgisini...

Mikayıl Cəbrayılovun gərgin döyüş yolu bir daha sübut edir ki, o, atasından öyrəndiyi mənəvi dəyərləri əxlaqi sərvət kimi qoruya bilib. Təhlükədə olan torpaqlarımızı xilas etmək üçün son məqamda canından keçib. Əməliyyatların birində ölümlə üz-üzə qalsa da, döyüş meydanını tərk etməyib, düşməni geri çəkilməyə məcbur edib. Nə qədər çətin olsa da, sonuncu döyüşdə özünü xilas edə bilməyib. Mikayıl özü deyirdi ki, şərəfli ölüm dəyərsiz yaşamaqdan qat-qat üstündür, mənalıdır. Elə atasına yazdığı sonuncu məktubda da bütün bunları etiraf edir: “Nə yaxşı ki, siz məni belə böyütdünüz. Mən yadigar övladıma da belə bir yol seçməyi məsləhət görürəm. Qoy keçmişini, varisi olduğu ailənin ənənələrini yaxşı öyrənsin. Onda dünənindən xəbəri olacaq. Atasının da, babasının da hansı amallar uğrunda döyüşdüyünü anlayacaq...”

Mikayıl Cəbrayılov hələ ölümündən bir qədər əvvəl cəbhə gündəliyində yazırdı: “Gec-tez müharibə bitəcək, biz qalib gələcəyik. Tanrı da ədalətli tərəfə kömək olur. Erməni quldurları və onların havadarları məqsədlərinə çata bilməyəcəklər. Müharibənin ağır illərində küncdə-bucaqda gizlənənlər, uzaq diyarlarda daldalananlar üzə çıxacaq. Vicdan mühakiməsində belələri çoxdan uduzub. Axı, qorxu olan yerdə insan hər şeydən məhrum olur. Vətənə olan bir doyumluq sevgisiniitirir”.

Öz yaşıdları arasında belə düşüncə ilə yaşayanlar o qədər çox olmasa da, Mikayılın əhatəsində belə dostları qədərincə idi. O, dostlarına güvənirdi, arxalanırdı, çətin anlarda ürəyindən keçənləri deyə bilirdi. Belə yaşamaq vərdişi uşaqlıqdan başlamışdı və davam edirdi. Deyirdi ki, erməni quldurlarına əsir düşməkdənsə, döyüş meydanında sonuncu gülləni özünə qıymaq daha şərəflidir. Mən başqa seçim tanımıram...

Mikayıl Cəbrayılov o qədər şərəfli bir ömür yaşayıb ki, ondan təkcə öz övladı yox, nəsillər nümunə götürəcək. Əslində, belə yaşamaq o qədər də asan deyil. Mikayıl kimi təpərli övladların keçdiyi yol öz xalqının şərəf tarixinə yazılır. Bu yol onun keçmişi ilə gələcəyi arasında bir körpü yaradır...

Mikayılın cəbhə gündəliyində maraqlı qeydlər çoxdur. Oxuduqca adamın yaddaşında qəhrəmanlıq salnaməsinin izləri bir-birinə calanır, çox şeylər xatırlanır. Onun cəsarətinin, qələbəyə inamının şahidi oluruq. Hər kiçik uğursuzluqdan ruhdan düşmürdü. Əksinə, yeni döyüşlər üçün planlar cızır, yollar arayırdı. Heç vaxt düşmənə əsir düşmək haqqında düşünmürdü. Deyirdi ki, əgər döyüşlərdə həlak olsam, məni birbaşa öz kəndimizə - Şəkinin Oxut qəbiristanlığına aparın, doğmalarımın uyuduğu yerə. O yerlər mənə o qədər əzizdir ki, çox vaxt yuxularıma gəlirdi. Açığını deyim ki, bu güno yerlər üçün qəribsəmişəm...

O yerlərə qayıtmaq, doğmaları ilə görüşmək Mikayıla qismət olmadı. Amma Azərbaycanın Milli Qəhrəmanı arzuladığı yerdə dəfn edildi. Onun adına Şəkidə bir küçə verildi. Həmin küçədən ötənlər onu cəsarətli, cəsur bir vətən övladı kimi xatırlayırlar. Belə xatırlanmaq hər kəsə nəsib olmasa da, Mikayıl bu taleyi yaşaya bildi. O özü belə arzulayırdı. Arzulayırdı ki, həm atasının, həm də əhatəsində olduğu adamların etimadını doğrulda bilsin. Mikayıl son məqama qədər şərəfli bir ömür yaşadı. Vətənə əsl övlad kimi borcunu qaytardı.

 

Bəşir ŞƏRİFLİ

 

Azərbaycan.- 2017.- 24 noyabr.- S.7.