23 illik uğurlu tərəfdaşlıq

 

Azərbaycan-NATO əməkdaşlığı möhkəm təməl üzərində qurulub

 

“Bizim NATO ilə əməkdaşlığımızın böyük potensialı var və əməkdaşlığın tarixi bunu nümayiş etdirir. Bu gün mənim NATO-nun mənzil-qərargahına səfərim artıq altıncı səfərdir. Beləliklə, bu, əməkdaşlığımızın çox güclü olduğunu nümayiş etdirir. Biz regionumuzda sülhü, təhlükəsizliyi və sabitliyi təmin etmək üçün tərəfdaşlığımızı davam etdiririk”.

Bu fikirləri Belçika Krallığında işgüzar səfərdə olan Prezident İlham Əliyev NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi görüşdən sonra mətbuata bəyanatla çıxışında səsləndirib.

 

Azərbaycanın NATO-nun missiyalarında fəal rolu var

 

Azərbaycan Prezidenti vurğulayıb ki, ölkəmizlə NATO arasında əməkdaşlığın yaxşı tarixi var. Azərbaycan NATO-nun bir çox əməliyyatlarında - KFOR-da, İSAF-da iştirak edib. İndi isə Azərbaycan Qətiyyətli Dəstək Missiyasına öz töhfəsini verir. Əfqanıstanda təhlükəsizliyi və sülhü təmin etmək üçün 94 hərbi qulluqçumuz NATO hərbçiləri ilə çiyin-çiyinə xidmət edir. Azərbaycan, həmçinin koalisiya qüvvələri üçün multimodal tranzit və ərazimiz üzərindən uçuş imkanlarını təmin edir. Azərbaycan Əfqanıstan ordusunun Milli Etimad Fonduna töhfə verib. Bununla yanaşı, Azərbaycan bu ölkədə sülh, təhlükəsizlik və sabitliyə daha da artıq töhfə vermək üçün hərbi qulluqçularının sayını artıracaq.

2004-cü ildən bəri Azərbaycanın Fərdi Tərəfdaşlıq Fəaliyyət Planına qoşulduğunu xatırladan Prezident qeyd edib ki, atrıq ölkəmiz dörd tsikli bitirib. Beşinci tsikl hazırda icra olunmaqdadır. Bu, həmçinin əməkdaşlığın vacib elementidir.

 

Ölkəmizin ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır

 

Dövlət başçısı bütün toplantılarda, konfranslarda olduğu kimi, Belçikadakı görüşündə də regional təhlükəsizlik məsələsinə toxunub. Regional təhlükəsizlik üçün ən böyük təhlükənin Ermənistan və Azərbaycan arasında həll edilməmiş münaqişənin olduğunu söyləyən Prezident uzun illərdir ki, ərazilərimizin erməni işğalı altında olduğunu, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıldığını və hələ də vəziyyətin dəyişməz olaraq qaldığını diqqətə çatıdırb: “ATƏT-in Minsk qrupuna üzv olan ölkələrin prezidentlərinin status-kvonun qəbuledilməzliyi və dəyişməli olduğu ilə bağlı bəyanatlarına rəğmən Ermənistan status-kvonu mümkün qədər çox saxlamaq istəyir. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul edib. Ermənistan iyirmi ildən artıqdır ki, bu qətnamələri icra etmir. Münaqişə BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır”.

Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına qoşunlar, tranzit imkanları və Əfqanıstan milli təhlükəsizlik qüvvələrinə maliyyə dəstəyi formasında Azərbaycanın verdiyi davamlı dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıq edən NATO-nun baş katibi Yens Stoltenberq qeyd edib ki, Cənubi Qafqazda həll olunmamış Dağlıq Qarabağ münaqişəsi narahatlığa səbəb olan məsələdir. Münaqişənin hərbi yolla həll olunması imkanının olmadığını deyən baş katib NATO-nun bu məsələdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin işini dəstəklədiyini vurğulayıb: “Ermənistan prezidenti ilə bərpa etdiyiniz dialoq barədə eşitdiyim xəbər məni ruhlandırdı. Biz münaqişənin həllinin danışıqlar yolunun davam etdirilməsini və vəziyyətin gərginləşməsinə yol verilməməsini dəstəkləyirik”, - deyə Yens Stoltenberq qeyd edib.

 

NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

 

NATO-nun Şimali Atlantika Şurasının iclasındakı çıxışında da Prezident İlham Əliyev bir daha münaqişənin həlli istiqamətində aparılan danışıqlara geniş şəkildə toxunub. Ermənistanın işğal edilmiş torpaqlarımızda törətdikləri hərbi cinayətlər, Xocalı soyqırımı, günahsız insanların qətlə yetirilməsi və etnik təmizləməyə məruz qalması barədə ətraflı danışan dövlət başçısı ATƏT-in faktaraşdırıcı missiyalarının da işğal olunmuş ərazilərdə dağıntıları qeydə aldıqlarını bildirib.

Prezident bir daha qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən 4 qətnaməsi icra edilmir və Ermənistan status-kvonu saxlamaq niyyətindədir. Dövlət başçısı NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

 

Avropanın etibarlı qaz təminatçısı, mühüm tranzit qovşağı

 

Son 14 ildə Azərbaycanın uğurlu xarici siyasəti, həyata keçirilən siyasi-iqtisadi islahatlar, infrastruktur, nəqliyyat və digər sahələrdə əldə olunan uğurlardan danışan Prezident Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu qeyd edib, “Cənub qaz dəhlizi”, TANAP və TAP layihələrinin uğurla icra edildiyini bildirib. Prezident Azərbaycanın uzun illər bundan sonra da Avropanın etibarlı qaz təminatçısına çevriləcəyini söyləyib. Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini qeyd edən dövlət başçısı bu yolun Asiya ilə Avropa arasında ən qısa yol olduğunu vurğulayaraq Azərbaycanın Şimalla Cənub, Şərqlə Qərb arasında mühüm tranzit qovşağına çevrildiyini diqqətə çatdırıb.

 

Azərbaycan - NATO münasibətlərinin tarixi

 

Azərbaycanla NATO arasındakı ilk əlaqələrin tarixi ölkəmizin bir sıra Mərkəzi və Şərqi Avropa dövlətləri ilə birlikdə NATO-nun yeni yaradılmış məşvərətçi forumuna - Şimali Atlantika Əməkdaşlıq Şurasına (1997-ci ildən Avratlantik Tərəfdaşlıq Şurası) qoşulduğu 1992-ci ilin mart ayına təsadüf edir. Azərbaycanla NATO arasında məzmunlu tərəfdaşlığın əsası isə ümummilli lider Heydər Əliyevin 4 may 1994-cü il tarixində Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədinin imzalanması ilə qoyulub.

Azərbaycanın NATO ilə tərəfdaşlığı onun Avratlantik strukturlara inteqrasiya məqsədinə xidmət edir. Ölkəmizin NATO ilə tərəfdaşlığında əsas istiqamətlər siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatları, meydana gələn təhlükəsizlik təhdidləri və əsas vurğusu müdafiə məsələlərinə yönələn genişspektrli məsələlər üzrə praktiki əməkdaşlıqdan ibarətdir. Qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırılmasında Azərbaycanın qarşılıqlı maraqlar əsasında NATO ilə əməkdaşlıq məsələsi Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasında və Hərbi Doktrinasında öz əksini tapıb.

Azərbaycan fərdi tərəfdaşlıq məsələlərini özündə ehtiva edən əsas sənədlərdə əks olunmuş məqsəd və prinsiplərin yerinə yetirilməsi üçün NATO-nun müvafiq tərəfdaşlıq mexanizmlərindən fəal istifadə edir. Respublikamızın

NATO ilə fərdi tərəfdaşlığının məqsəd və prinsipləri əsas etibarilə Azərbaycanın SNT Təqdimat Sənədi (1996), Planlaşdırma və Analiz Prosesi (1997) və Fərdi Tərəfdaşlıq Əməliyyat Planında (2004) öz əksini tapıb. Bu sənədlərdə Azərbaycanın müdafiə və təhlükəsizlik sektoru islahatı, hərbi qüvvələrin NATO standartlarına uyğun inkişaf etdirilməsi,

NATO əməliyyatlarında iştirak, enerji təhlükəsizliyinin təmini, fövqəladə hallara hazırlıq, meydana çıxan təhlükəsizlik çağırışları ilə mübarizə, eləcə də ətraf mühit və ictimai diplomatiya sahələrində əməkdaşlıq niyyətini ifadə edib.

 

Genişspektrli məsələlər üzrə aparılan siyasi dialoq

 

1996-cı il SNT Təqdimat Sənədi əsasında hazırlanan Fərdi Tərəfdaşlıq və Əməkdaşlıq Proqramı çərçivəsində Azərbaycan hər il 200-dən artıq tədbirdə iştirak edir. Fərdi Tərəfdaşlıq və Əməkdaşlıq Proqramı NATO-ya üzv və bəzi tərəfdaş ölkələr tərəfindən təşkil edilən, təcrübə mübadiləsi, hazırlığın artırılması, həmçinin ekspert müzakirələrinə xidmət edən tədbirlərdə iştiraka şərait yaradır.

Azərbaycanın 2004-cü ildə qoşulduğu Fərdi Tərəfdaşlıq Əməliyyat Planı (FTƏP) ikitərəfli tərəfdaşlığı sistemləşdirməyə və eləcə də qarşılıqlı maraq doğuran istənilən məsələ ilə bağlı əməkdaşlıq tədbirini razılaşdırmağa imkan verir. Ölkəmiz Sülh naminə Tərəfdaşlığın prinsiplərinə əsaslanmaqla NATO ilə ortaq maraq kəsb edən genişspektrli məsələlər üzrə siyasi dialoq aparır. Müxtəlif formatlarda və səviyyələrdə aparılan dialoq çərçivəsində tərəfdaşlıq, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, əməliyyatlarda iştirak, Əfqanıstana töhfə, meydana gələn təhlükəsizlik təhdidləri və s. aktual məsələlər müzakirə olunur, eləcə də praktiki əməkdaşlığın vəziyyətinə qiymət verilir. Qarşılıqlı anlayışa əsaslanan, yüksəksəviyyəli siyasi dialoq praktiki əməkdaşlıq sahəsində inkişafı təşviq edir.

Azərbaycan Avratlantik məkanda təhlükəsizliyin bölünməzliyi prinsipindən çıxış edərək BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə sanksiyalaşdırılmış NATO-nun rəhbərlik etdiyi sülhü dəstəkləmə əməliyyatlarında iştirak edir.

1999-2008-ci illərdə NATO-nun Serbiyanın Kosovo əyalətindəki əməliyyatında, 2003-cü ildən Əfqanıstandakı əməliyyatlarda, eləcə də Əfqanıstanda sülh və sabitliyin bərqərar olunması üzrə NATO çərçivəsində və digər beynəlxalq siyasi proseslərdə ölkəmizin yaxından iştirakı bunun təsdiqidir. Bununla yanaşı, Azərbaycan 2014-cü ildən sonrakı dövrdə NATO-nun Əfqanıstandakı yeni təlim, məsləhət və dəstək missiyasına da öz töhfəsini bəyan edib.

 

Fəal aktor və regional güc

 

Müfəssəl xarakterə malik Azərbaycan-NATO tərəfdaşlığı hərbi məsələlərlə yanaşı, elm, təhsil, ekologiya və humanitar məsələləri də əhatə edir. Azərbaycan hökuməti Avratlantik inteqrasiya strateji məqsədinə, o cümlədən, NATO ilə tərəfdaşlığına ictimaiyyətin dəstəyinin əldə edilməsi məsələsinə böyük əhəmiyyət verir və bu baxımdan ictimai diplomatiya Azərbaycanın NATO ilə praktiki əməkdaşlığında mühüm yer tutur.

Onu da qeyd edək ki, Azərbaycan müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara, o cümlədən, Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı, İslam Konfransı Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və çoxlu sayda digər təşkilatlarla fəal əməkdaşlığı durmadan inkişaf etdirir. Azərbaycan həm də GUAM regional qrupunun təsisçilərindən biridir. Bu təşkilatlarda və regional təşəbbüslərdə iştirakı ilə Azərbaycan öz milli maraqlarını gerçəkləşdirir.

Bu gün Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına, transmilli layihələrin reallaşdırıcısı tək qlobal təhlükəsizlik məsələlərinə, Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verən fəal aktor və regional güc kimi qəbul edilməkdədir.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2017.-25 noyabr.- S.1; 3.