Brüssel Sammitinin Birgə Bəyannaməsində
Şərq Tərəfdaşlığı dövlətlərinin
ərazi bütövlüyü və suverenliyi bir daha dəstəklənib
Ermənistan
tərəfinin bu sənədə onun işğalçı
maraqlarına uyğun maddələrin əlavə edilməsi
cəhdləri puça çıxıb
Noyabrın 24-də Avropa
İttifaqının Brüsseldə keçirilən Şərq
Tərəfdaşlığı Sammitində Birgə Bəyannamə
qəbul edilib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Ermənistan nümayəndə heyətinin çoxsaylı cəhdlərinə baxmayaraq, Birgə Bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir daha dəstəklənib. Xüsusi vurğulanmalıdır ki, Birgə Bəyannamədə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Qlobal Strategiyasına istinad edilib. Xatırladaq ki, bu Qlobal Strategiyada Avropa İttifaqının üzv və qonşu dövlətlərinin ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində qeyd edilib.
Birgə Bəyannamənin digər bəndində Şərq Tərəfdaşlığı ölkələrinin ərazilərində baş verən bütün münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması vurğulanıb.
Ermənistan tərəfinin bu bəndə onun işğalçı maraqlarına cavab verən maddələrin əlavə edilməsi cəhdləri puça çıxıb. Birgə Bəyannamədə Azərbaycan Respublikasının fəal iştirakı ilə həyata keçirilən nəqliyyat və enerji layihələrinə xüsusi dəstək qeyd edilib, təşəbbüskarı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olan “Cənub Qaz Dəhlizi” layihəsinin Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Sənəddə Azərbaycan Respublikasının iştirakı ilə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri ilə həyata keçirilən ikitərəfli və çoxtərəfli layihələrə xüsusi diqqət yetirilib. Gələcək illər üçün Şərq Tərəfdaşlığı ölkələri ilə həyata keçiriləcək birgə əməkdaşlıq istiqamətləri sırasında Azərbaycan Respublikasının Avropa İttifaqı ilə vizasız gediş-gəliş sənədlərinin işlənməsi xüsusi yer alıb.
Həmçinin sənəddə Azərbaycanın iştirak etdiyi digər beynəlxalq əməkdaşlıq sahələri də qeyd edilib.
Bir
sıra mütəxəssislərin fikrincə, Brüssel Sammitində qəbul edilən Birgə
Bəyannamə mahiyyətinə görə beynəlxalq hüquqa əsaslanan və strateji
əhəmiyyət daşıyan sənəd kimi
qiymətləndirilməlidir.
Azərbaycan.-
2017.-25 noyabr.- S.1.