Qubaya turistlər qışda da həvəslə
gəlirlər
Qeyri-neft sektorunun inkişaf etdirilməsi, paytaxtda və regionlarda sosial-iqtisadi infrastrukturun yenidən qurulması qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün münbit zəmin yaradıb. Bu şərait turizm sektorunun da müasir tələblər səviyyəsində formalaşmasını təmin edən amillərdir. Təsadüfi deyil ki, ötən illərlə müqayisədə ölkəmizə gələn turistlərin sayı artıb. İstər yerli, istərsə də əcnəbi turistlərin Quba bölgəsinə marağı böyükdür. İlin bütün fəsillərində bu zonaya turist axını səngimir: yay və qış turizmi üçün təbiəti ilə münasib olan bölgədə turizm infrastrukturu, obyektləri, eləcə də xidmət mədəniyyəti müasir tələblərə cavab verəcək səviyyəyə qalxmaqdadır.
Quba və Qusar rayonları arasındakı məsafə qısa olduğundan bir rayonu seçib gələn turist mütləq digərinə də üz tutur. Qusar daha çox qış, Quba isə yay turizmi imkanları ilə qonaqları cəlb edir. Buna rəğmən, hər iki rayonda ilin bütün fəsilləri üçün təkliflər var. Qubanın universal imkanları burada turizm mövsümünün fasiləsiz və bütünlüklə bölgəni əhatə etməsini mümkünləşdirir.
Elə bu səbəbdən yay turizm mövsümü sona çatsa da, Qubaya üz tutanların sayı hələ də çoxdur. Turizm obyektləri istirahətə gələn qonaqlara payız və qış fəsillərinə münasib mövsümi layihələr təklif edirlər. Beləcə, faktiki Qubadakı turizm obyektləri ilin bütün fəsillərində fəaliyyət göstərir. Doğrudur, sırf qış turizmi baxımından Qubanın imkanları Qusara nisbətən məhduddur: Qusarda artıq dünyaca məşhur qış turizmi obyektləri var. Bununla belə, Qubanın əsrarəngiz təbiəti - meşələrin, dağların, çayların təkrarsız vəhdəti, füsunkar gözəlliyi, saf havası, o cümlədən insanlarının qonaqpərvərliyi, istiqanlığı qışın ən sərt dövründə belə bu yerlərə turist cəlb edir. Qubaya gələn bu diyarı sevib gedir və mütləq bir daha, özü də hər fəsildə bura dönməyə can atır.
Belə demək mümkünsə, artıq turizmdə Quba brendi yaranıb. Mütəxəssislərin fikrincə, Qubanın turizm potensialı əslində daha böyükdür və bu imkandan maksimum yararlanmaq lazımdır. Əlaqədar təşkilatların əsas vəzifəsi də bu potensialı realizə etmək, turizm biznesinin, mühitinin tərəqqisi naminə zəruri olan bütün tədbirləri görməkdir.
Qubada turizm məkanlarında Azərbaycan mətbəxi ilə yanaşı Avropa və Asiya mətbəxi də təklif olunur. Qubanın özünəməxsus mətbəxi isə qonaqları bura cəlb edən xüsusi cəhətlərdəndir. Turizm obyektləri daha çox turist gələn ölkələrin təmsilçilərinin mənəvi komfortu, rahatlığı naminə onların istəkləri əsasında fəaliyyətlərini qururlar. Şübhəsiz, əcnəbi turistlər fərqli mədəniyyətləri təmsil etdiklərindən, onların zövqləri, tələbatları da müxtəlif olur. Biznesdə, o cümlədən turizmdə müştərilərin arzu və istəkləri, maraqları xidmət təklifini formalaşdırır. Turizmlə məşğul olan sahibkarlar bu nüansları da nəzərə almaq məcburiyyətindədirlər. Çünki əsas məqsəd təkcə turistin məmnun qalmasını deyil, eyni zamanda bir daha bura geri qaytımasına zəmin yaratmaq və onun təəssüratı, sonradan başqaları ilə bölüşəcəyi rəyi əsasında başqalarını da bura cəlb etməkdir. Bu, turizm biznesinin dinamosudur.
Quba tarixi yerləri, abidələri, ümumiyyətlə, Azərbaycan mədəniyyətinin hər sahəsinə aid zəngin irs daşıyıcısı olduğundan da turizm üçün əlverilşidir. Rayona gələn turistlərin əksəriyyəti Xınalığa qalxmağa, bu qədim yaşayış məskəni, orada yaşayan insanların mədəniyyəti ilə tanış olmağa can atır. Ora çatanadək isə Qubanın füsunkar və təkrarsız təbiətindən məftun qalırlar. Yol boyu da müasir turizm obyektlərinin xidmətlərindən yararlanırlar.
Quba qədim və incə çalarları ilə seçilən zəngin xalçaçılıq məktəbi ilə də tanınır. Bu da turizmə təkan verən amillərdir. Turistlər xalça nümunələrinə tamaşa etməklə yanaşı, toxuculuq prosesini izləməyi də xoşlayırlar. Milli adət-ənənələrimizlə maraqlanır, mənəvi irsimizi öyrənirlər.
Rayonda turizm artıq keyfiyyətcə yeni, daha yüksək mərtəbəyə yüksəlib. Əvvəllər turizm obyektlərində çalışanlar arasında sırf turizm ixtisasları üzrə təhsil alanlar azlıq təşkil etsə də, indi belə ixtisaslı mütəxəssislərin sayı artıb. Şübhəsiz, bu hal xidmətin təşkilində və servisdə də özünü göstərib: xidmətdən narazı qalanların sayı xeyli azalıb.
Təsadüfi deyil ki, ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin iştirakçıları da Quba zonasını gəzməyə gəlirlər. Böyük idman yarışlarının - I Avropa və IV İslam Həmrəyliyi oyunlarının, eləcə də beynəlxalq forumların, digər tədbirin iştirakçıları Qubaya gəlmiş, tarix-diyarşünaslıq və xalça muzeylərində olmuş, eyni zamanda Quba Soyqırımı Memorial Kompleksini ziyarət etmişlər.
Dövrümüz texnologiyalar, kompüter,
internet əsridir. Müasir kommunikasiya sistemləri
turizmin tərəqqisi
və böyüməsində
müstəsna əhəmiyyət
daşıyır. İndi beynəlxalq
internet sistemləri vasitəsilə
dünyanın istənilən
yerindən əvvəlcədən
bron etməklə (istər fərdi, istər qrup şəklində) turist səfərlərini planlaşdırmaq
mümkündür. Vaxtilə
bir neçə istirahət mərkəzi olan Qubada indi
turizm obyektlərinin sayı
40-a yaxındır. Lakin müasir
texnologiyalardan istifadə
edən obyektlər hələ də azdır. Qubanın cəmi bir necə turizm obyekti beynəlxalq sistemlərə qoşulub.
Doğrudur, əksəriyyətinin internet saytları yaradılıb.
“Məstərgah”, “Cənnət bağı”,
“Şahbulaq” istirahət
mərkəzlərinin, “Şane”
hotelinin ayrıca saytları fəaliyyət
göstərir.
Müşahidələr onu göstərir ki, potensial müştərilər
saytlardan yer (obyekt) haqqında dolğun məlumat əldə etdikləri halda xidmətlərin qiyməti ilə bağlı dəqiq informasiya ala bilmirlər. Nədənsə obyektlər qiymətlərdə
şəffaflığı təmin etmir, eyni zamanda bunun
üzərindən təşviqedici
kampaniyalar keçirmirlər.
Nəzərə almaq lazımdır
ki, nabələd turist, yad qonaq
bir yerə getməzdən öncə
ilk növbədə həm
də büdcəsini,
xərclərini hesablayıb
planlaşdırır. Doğrudur, Qubanın adlı-sanlı
turizm, istirahət obyektləri müştəri
sarıdan korluq çəkmir. Görünür, elə bu səbəbdən
də qiymət siyasətində şəffaflığa
meyil göstərilmir.
Amma maraqlıdır, böyümək,
daha çox qazanmaq da istəmirlər?
Deməli, onları buna
təşviq etmək
üçün rəqabət
mühiti bir qədər də genişləndirilməli, Qubanın
turizm potensialından daha geniş istifadə olunması naminə bu sferada kiçik sahibkarlığın inkişafı
üçün zəruri
tədbirlər görülməlidir.
Beləcə, turizm obyektlərinin
sayı artar, rəqabət şəraitində
qiymətlər aşağı
düşər, buna baxmayaraq, maliyyə dövriyyələri böyüyəcəyindən
sahibkarların gəlirləri
və dövlət büdcəsinə daxilolmalar
da çoxalar.
Akif ƏLİYEV
Azərbaycan.-
2017.- 25 noyabr.- S.6.