Göy göl” ansamblının yaradıcısı

 

Musiqi xadimləri

 

Onun barmaqları ən ülvi duyğuları, bədii-estetik düşüncəni, sevinci, kədəri, mübarizəni pərdələrdə dilləndirir, ruhumuzu ehtizaza gətirir... Azərbaycanın xalq artisti, tanınmış tarzən Fikrət Verdiyev haqqında düşünərkən ağlıma ilk gələn bu fikirlərdir.

Yetmişini haqlayan Fikrət Verdiyev ömrünün böyük bir hissəsini musiqi sənətinə həsr edib, düz əlli beş ildir ki, bu sənətlə yol gəlir.

O, 1947-ci ildə Gəncə şəhərində anadan olub. Fikrət Verdiyev uşaqlıqdan ruhunun diktəsi, qəlbinin hökmü ilə musiqiyə bağlanıb. Tar ifaçısı olmaq istəyi onu 1957-ci ildə Gəncə şəhərindəki 1 saylı musiqi məktəbinə aparıb. Məktəbin tar sinfinə daxil olub. 1962-ci ildə məktəbi uğurla bitirib. Bu illərdə yalnız tarzənliyi öyrənməyib, həm də öz könül dünyasında musiqinin yerini anlayıb. Yəqin edib ki, bütün həyatı bu sənətlə birlikdə davam etməlidir. Bunun üçün isə ilk növbədə onu incəliklərinə qədər öyrənməlidir. Musiqi təhsilini davam etdirmək qərarını verən Fikrət Verdiyev Qənbər Hüseynli adına Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə daxil olub. Orada oxuduğu müddətdə Gəncədə fəaliyyət göstərən Pioner və Məktəblilər Sarayında, Mədəniyyət evinin bədii özfəaliyyət kollektivlərində çıxış edib, bir müddət isə onların rəhbəri olub.

On üç yaşından səhnədə həm solo, həm də müşayiətçi kimi ansambllarda çıxış edən Fikrət Verdiyev müstəqil ansambl yaratmaq fikrinə düşüb və göstərdiyi əzmkarlıq nəticəsində arzusuna çatıb. 1961-ci ildə Bakıda respublika üzrə pioner və məktəblilər sarayı kollektivləri arasında keçirilən müsabiqədə onun rəhbərlik etdiyi kollektiv birinci yerə layiq görülüb.

İlk uğur həm də arzuların, zəhmətin və iradənin ilk qələbəsidir. Qazandıqları birincilik Fikrət Verdiyevin də qarşısında yeni üfüqlər açıb. O, daha böyük həvəslə, ümidlərlə arzuları yolunda irəliləməyə başlayıb.

1966-cı ildə Qənbər Hüseynli adına Gəncə orta-ixtisas musiqi məktəbini bitirib. Fikrət Verdiyev 1967-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Tar-dirijor fakültəsinə daxil olub. Konservatoriyada görkəmli bəstəkar, gözəl pedaqoq Adil Gərayın sinfində təhsil alıb. Tar ifaçılığının sirlərinə dərindən bələd olub. Təhsilini başa vurduqdan sonra o, doğma Gəncə şəhərinə qayıdaraq böyük coşqu ilə musiqi fəaliyyətinə başlayıb.

Tükənməz yaradıcılıq arzularını həyata keçirmək həvəsi gənc ifaçını bir an belə tərk etməmişdi. Tezliklə özü kimi istedadlı beş gənc dostu və həmkarı ilə birləşən Fikrət Verdiyev sonralar həyatında böyük rol oynayanGöy göl” ansamblını yaradıb. O, bu ansambla fasilələrlə 50 ilə yaxın rəhbərlik edib. “Göy göl” ansamblı Fikrət Verdiyevin sənət yolunda böyük bir mərhələ olub. Qısa zamanda respublikada tanınan ansamblın şöhrəti getdikcə Azərbaycanın sərhədlərini aşıb. Fikrət VerdiyevGöy göl” ansamblı ilə dünyanın bir çox ölkələrinin ən nüfuzlu konsert salonlarında çıxış edib. Azərbaycan tarının ölkə hüdudlarından kənarda da şöhrətlənməsində, bənzərsiz musiqilərimizin təbliğ olunmasında əvəzsiz xidmətlər göstərib. “Göy göl” ansamblı hansı ölkədə çıxış edibsə, oradan fəxri fərman, diplommükafatlar, ən əsası isə sonsuz tamaşaçı sevgisi, alqışları qazanaraq geri dönüb. Bu sevgi, bu alqışlar Fikrət Verdiyevin rəhbərlik etdiyiGöy göl” ansamblının kollektivinin simasında bütün Azərbaycan xalqına, onun qədim olduğu qədər də təkrarsız, əzəmətli musiqi sənətinə ünvanlanıb.

Fikrət Verdiyev hər zaman özünə və rəhbərlik etdiyi kollektivin üzvlərinə qarşı tələbkar olub. “Göy göl” ansamblının böyük həssaslıqla tərtib olunan repertuarına istedadlı bəstəkarların musiqiləri, sevilən mahnıları daxil edilib. Ansamblın ifasında Fikrət Əmirov, Cahangir Cahangirov, Emin Sabitoğlu, Ələkbər Tağıyev, Ramiz Mirişli, Faiq Sücəddinov və digər görkəmli bəstəkarların mahnıları səslənib. Bu kollektivin müşayiəti ilə şöhrətli sənətkarlar - Şövkət Ələkbərova, Gülağa Məmmədov, İslam Rzayev, Arif Babayev, Zeynəb Xanlarova, Nəzakət Məmmədova, Canəli Əkbərov, Məmmədbağır Bağırzadə, Elmira Rəhimova, Baba Mahmudoğlu və başqaları ən gözəl mahnılarını ifa ediblər.

Həmin illərdə Fikrət Verdiyevin musiqi sənətimizdə xidmətləri bununla da bitməyib. Onun təşəbbüsü ilə 1970-ci illərdə Rusiyadan Mixail Boyarski, Türkiyədən Müşərrəf Akay, Yuqoslaviyadan Radimila Karaklaiç kimi sənətkarlar Gəncəyə dəvət olunublar. Onlar Gəncənin musiqi mühiti ilə yaxından tanış olub və konsertlər veriblər.

1972-ci ildən ansamblın müşayiətilə SSRİ xalq artisti Zeynəb Xanlarovanın konsertlər verməsi “Göy göl” ansamblının şöhrətini daha da artırıb. 1982-ci ildə Fikrət Verdiyev Zeynəb Xanlarovanın yaratdığı “Əfsanə” ansamblına dəvət olunub. Fikrət Verdiyev həmin ansambla konsertmeysterlik etdiyi dövrdə bu görkəmli sənətkarla gözəl yaradıcılıq əlaqəsi quraraq Azərbaycan musiqisinin daha da zənginləşməsi və təbliği istiqamətində böyük əmək sərf edib. Onlar Azərbaycanda, eləcə də keçmiş Sovet İttifaqının bir çox respublikalarında, o cümlədən Amerika, Kanada, Türkiyə, Yunanıstan, İraq, Yəmən, Əlcəzair, Tunis kimi xarici ölkələrdə konsert proqramları ilə çıxış ediblər.

Azərbaycan musiqi sənətini qorumaqyaşatmaq, onu daha da inkişaf etdirmək, dünyada tanıtmaq əsl musiqiçilərimizin hər zaman həyat amalına, sənət qayəsinə çevrilib. Onlar ən böyük qələbəni də, misilsiz şöhrəti də bunda görüblər. Fikrət Verdiyev də Azərbaycan musiqi sənətinə sevə-sevə xidmət edib. Bu yolda biliyini, bacarığını, əməyini əsirgəməyib.

2000-ci ildə Dövlət Neft Şirkətinin tərkibində “Neftçi” adlı mahnı və rəqs ansamblı yaradılıb. Fikrət Verdiyev uzun illər həmin ansambla rəhbərlik edib. Həm “Göy göl”, həm də “Neftçi” mahnı və rəqs ansamblı vasitəsilə Rövşən Behcət, Könül Xasıyeva, Samir Cəfərov, Aygün Bəylər, Feyruz Səxavət, Cabir Abdullayev, Babək Niftəliyev kimi tanınmış müğənnilər öz yaradıcılıqlarını inkişaf etdiriblər. Ansamblın ifasında milli musiqi, muğamlar, eyni zamanda bəstəkar əsərləri və rəqslər təqdim edilib.

Prezident İlham Əliyevin 2014-cü il fevralın 13-də imzaladığı sərəncamla tanınmış tarzən Fikrət Verdiyev Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülüb.

Əlli beş illik səhnə fəaliyyəti boyunca o, həm də yeni musiqiçilərin yetişməsində öz bilik və bacarığını əsirgəməyib. F.Verdiyev uzun illərdir ki, pedaqoq kimi çalışır. Gənc tarzənlər ondan dərs alaraq yalnız tar sənətinin sirlərinə bələd olmurlar. Yetirmələri Fikrət Verdiyevdən Azərbaycan xalqının ən böyük mənəvi dəyərlərindən olan musiqi sənətinin vurğunu, cəfakeşi və təəssübkeşi olmağı öyrənirlər.

Bu gün xalq artisti, tarzən Fikrət Verdiyev yenə də əvvəlki gənclik həvəsi ilə fəaliyyət göstərir. O, həyat yoldaşı, böyük muğam ustası Xan Şuşinskinin qızı, Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Cavanşirova-Verdiyevanın rəhbərlik etdiyi fondun işində də yaxından iştirak edir, Azərbaycan muğamının həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda təbliği üçün yorulmadan çalışır.

 

Gülhüseyn KAZIMLI,

filologiya üzrə fəlsəfə doktoru

 

Azərbaycan.- 2017.- 25 noyabr.- S.7.